Lev Landau - Sovet fizika elminə əbədi şöhrət
gətirmiş alim
XX
əsr Sovet fizika elmi tarixində, dünya elmində
öz yeri olan məşhur fizika alimləri çox olub.
Lakin onların arasında 1908-ci il yanvarın 22-də
Bakıda anadan olmuş Lev Landaunun xüsusi yeri
var. Landau Sovet fizikləri arasında əfsanəvi
fiqur hesab olunur. O, elmi istedadı, maraq
dairəsinin genişliyi, dərin zəkası, gözəl və
aydın danışıq qabiliyyəti ilə çoxlarını valeh
edirdi.
Landau bir sıra Sovet mükafatları və xarici
dövlətlərin medalları ilə təltif olunub.
Görkəmli Sovet nəzəri-fiziki, SSRİ EA-nın
akademiki (1946) Nobel mükafatına (1962) və Maks
Plank adına medala layiq görülüb. 3 dəfə Stalin
mükafatı, 1954-cü ildə Sosialist Əməyi Qəhrəmanı
adını almış alim London Kral Akademiyasının,
Danimarka Elmləri Akademiyasının, Amerika Milli
Elmlər Akademiyası və Amerika İncəsənət Elmləri
Akademiyasının, Fransa Fizika Cəmiyyətinin və
London Fizika Cəmiyyətinin üzvü seçilib.
Landaunun elmi irsi o qədər böyük və
rəngarəngdir ki, bir adamın özünün qısa həyatı
ərzində bu qədər işləri görməyə müvəffəq
olmasını təsəvvür etmək belə çox çətindir.
1908-ci il yanvarın 22-də Bakılı neft mühəndisi
David Lvoviç Landau və onun arvadı Lyubov
Veniaminovanın ailəsində doğulub. 1915-cı ildən
Bakı yəhudi gimnaziyasında oxuyub. Onun anası bu
gimnaziyada təbiətşünaslıq fənnini tədris edib.
Qeyri-adi riyazi istedada malik olan Lev Landau
zarafatla özü haqqında deyirdi: "İnteqrasiya
olunmağı 13 yaşımda öyrəndim, fərqlənməyi isə
həmişə bacardım". 14 yaşında Landau Azərbaycan
Dövlət Universitetinə qəbul olunub, o eyni
zamanda həm kimya, həm də fizika-riaziyyat
fakültələrində təhsil alıb. Xüsusi qabiliyyətinə
görə onu Leninqrad Universitetinə göndəriblər.
1927-ci ildə Leninqrad Universitetinin fizika
fakültəsini bitirən Landau aspiranturaya daxil
olub. Cəmi 12 yaşı vardı, lakin onun hesabında
artıq 4 dərc olunmuş elmi iş, eləcə də "İkiatomlu
molekulların spektrlərinə dair nəzəriyyə"
məqaləsi vardı.
Daha
sonra o, Leninqrad Fizika-Texnika İnstitutunun
əməkdaşı olub. 1926-1927-ci illərdə nəzəri
fizikaya dair ilk əsərini çap etdirib. O
zamanlar Rusiyada nəzəri fizika yeni-yeni
inkişaf edirdi, lakin bu sahədə hamı tərəfindən
qəbul olunan, tanınan və nüfuz sahibi olan
mütəxəssis yox idi. Məhz gənc Lev Landau bu
sahədə Sovet elmində ilk elmi tapıntı idi.
1929-cu ildə təhsilini davam etdirmək üçün
Almaniyada, Danimarkada dahi fizik Nils Borun
yanında, İngiltərədə və İsveçrədə elmi
ezamiyyətlərdə olub. Avropada Landau Nils Bor da
daxil olmaqla bir sıra aparıcı nəzəri fiziklərlə
çalışıb. Məhz bu illərdə Landau Boru özünün
yeganə müəllimi və dostu hesab edib. Müəllim və
şagird arasında dostluq Lev Landaunun həyatının
son günlərinə qədər davam edib. 1932-ci ildə
Landau Xarkovda Ukrayna Fizika-Texnika
İnstitutunun nəzəri fizika şöbəsinə rəhbərlik
edib. 1937-ci ildən başlayaraq Landau son
günlərinə qədər SSRİ EA Fizika Problemləri
İnstitutunda çalışıb, nəzəri fizika şöbəsinə
rəhbərlik edib. Onu nəzəri fizikanın bir sıra
problemləri maraqlandırırdı. O, ulduzların
enerji mənbəyini, səslərin dispersiyasını,
yüksəkkeçiricilik, materialların maqnit
xassələri, maye heliumun xassələrini öyrənirdi.
Landau E.M.Livşits ilə "Nəzəri fizika kursu"
kitabını yazıb.
Landau repressiya illərində
Landau Sovet və dünya elmində özünəməxsus iz
qoyub. Kvant mexanikası, bərk cismlər fizikası,
maqnetizm, aşağı temperaturlar fizikası, kosmik
şüalar fizikası, hidrodinamika, sahənin kvant
nəzəriyyəsi, atom nüvəsinin fizikası, fiziki
plazma və elementar hissəciklər fizikası -
bunlar müxtəlif vaxtlarda Landaunun diqqətini
cəlb etmiş elm sahələrinin tam siyahısı deyil.
Onun haqqında deyirdilər ki, "XX əsrin nəhəng
fizika binasında onun üçün bağlı qapılar yoxdur".
Landau isə deyirdi: "Bəli, mən hər şeylə məşğul
olmuşam və bundan sonra da məşğul olacam, mənim
xarakterim belədir".
Yuxarıda
qeyd etdiyimiz kimi, 1932-1937-ci illərdə Landau
Xarkovda Ukrayna Fizika-Texnika İnstitutunda
çalışıb. İnstitutda istefa verdikdən və 1937-ci
ilin fevralında universitet fiziklərinin
qiyamından sonra Landau akademik Pyotr
Kapitsanın dəvətini qəbul edərək Moskvada Fizika
Problemləri İnstitutunda nəzəri fizika şöbəsinə
rəhbərlik etməyə razılıq verir. Landaunun
Ukraynanı tərk etməsindən sonra 1937 -ci ilin
fevralında "NKVD" orqanları tərəfindən Xarkov
Fizika-Texnika İnstitutu dağıdılır və xarici
mütəxəssislər A.Vaysberq, F.Xoutermans, L.V.Rozenkeviç
(Landaunun həmmüəllifi), Şubnikov, V.S. Qorskiy
həbs olunurlar, noyabrda onları güllələyirlər.
1938-ci ilin aprelində Landau M.A.Korents
tərəfindən yazılmış və Stalin rejiminin
devrilməsinə çağıran vərəqi redaktə edir. Bu
vərəqdə Stalin faşist diktatoru elan olunur.
Vərəqin mətninin 1 may bayramı ərəfəsində poçt
vasitəsilə yayılması üçün Stalin əleyhinə olan
tələbələrə verilir. Lakin bu işin üstü SSRİ
dövlət təhlükəsizlik orqanları tərəfindən açılır
və Landau, Korents və Y.B.Rumer antisovet
təbliğatına görə aprelin 28-də həbs olunurlar.
1938-ci il mayın 3-də Landau fizika
institutundan kənarlaşdırılır. Landau həbsdə bir
il qalıb. Stalin rejimi onu faşist Almaniyasına
işləməkdə ittiham edirdi. Landaunu Danimarka
fiziki Nils Borun müdafiə məktubu və onu
zaminliyə götürmüş akademik Kapitsanın
müdaxiləsi əsasında azad edirlər. O zaman Sovet
elmi dairələrində böyük nüfuz sahibi olan
Kapitsa Kremlə gedir və bəyan edir ki, əgər
Landaunu azad etməsələr, rəhbərlik etdiyi
institutu buraxacaq. Akademik Kapitsa Stalinə
ünvanladığı məktubunda yazırdı: "O, dalaşqan və
öcəşkəndir, başqalarında səhv axtarmağı sevir.
Xüsusən də bizim akademiklərin səhvini tapanda
saymazyana onları qıcıqlandırır. Bununla da o
özünə çoxlu düşmən qazanıb. O gəncdir, elmdə
hələ çox işlər görə bilər. Heç kim, heç bir
başqa alim bütün bunlar barədə yaza bilmir, buna
görə də bunları mən sizə yazıram. Şübhə yoxdur
ki, Landaunu bir alim kimi itirməyimiz həm sovet,
həm də dünya elmi üçün izsiz ötüşməyəcək və onun
yeri güclü hiss olunacaq. Onun hədsiz istedadını
nəzərə alaraq sizdən işinə diqqətlə baxılması
üçün müvafiq göstəriş verməyinizi xahiş edirəm".
Kapitsa "NKVD"-nin sədri Lavrenti Beriyaya
ünvanladığı məktubunda yazırdı: "Xahiş edirəm,
həbs olunmuş fizik, professor Lev Davidoviç
Landaunu mənim şəxsi zaminliyim altında azad
edəsiniz. "NKVD" qarşısında öhdəlik götürürəm
ki, Landau mənim institutumda hər hansı bir əks-inqilabi
fəaliyyətlə məşğul olmayacaq və mən özümdən
asılı olan tədbirləri görəcəm ki, o, institutdan
kənarda da hansısa əks-inqilabi iş aparmayacaq.
Əgər mən Landau tərəfdən Sovet hakimiyyəti
əleyhinə yönəlmiş hansısa fəaliyyət müşahidə
edərəmsə, bu barədə dərhal "NKVD" orqanlarını
xəbərdar edəcəm". İki gün sonra Landau fizika
institutunun əməkdaşları sırasına bərpa olunub.
Həbsdən azad olunduqdan sonra həyatının son
günlərinə qədər Landau Fizika Problemləri
İnstitutunda çalışıb. Alim müharibə dövründə
yanma və partlayış hadisələrini tədqiq edib. O,
Sovet İttifaqında atom bombasının yaradılmasında
iştirak edib.
Dau erası
Landau 1962-ci il yanvarın 7-də Dmitriyevsk
şosesində Moskva-Dubna yolunda avtomobil
qəzasına düşüb. Çoxsaylı sınıqlar, qan itirməsi
və baş zədələri nəticəsində Landau 59 gün koma
vəziyyətində qalıb. Həkimlər dəfələrlə alimin
vəziyyətinin ümidsiz olduğunu bildiriblər.
Kanadadan Moskvaya bütün dünyada məşhur olan
neyrocərrah, London Kral Cəmiyyətinin üzvü
Penfild gəlib. Dünyanın ən məşhur fizikləri
onun həyatının xilas olunmasında iştirak ediblər.
Onlar dahi fizikin çarpayısı başında gecə-gündüz
növbə çəkiblər. Çatışmayan dərmanlar təyyarə
vasitəsilə Amerka və Avropa ölkələrindən
gətirilib. Çox ciddi yaralara baxmayaraq, bu
tədbirlər nəticəsində Landaunun həyatını xilas
etmək mümkün olub.
Landaunun şüuru bərpa olunsa da, onun əqli
qabiliyyəti çox gec bərpa olunurdu və o, beləcə
elmi yaradıcı işə qayıda bilmədi... Lakin onun
arvadının və oğlunun fikrincə, Landau tədricən
özünün normal vəziyyətinə qayıdıb və 1968-ci
ildə fizika ilə məşğul olmağa yaxın olub.
Landau bağırsaq keçilməzliyinin aradan
qaldırılması əməliyyatından cəmi bir neçə gün
sonra vəfat edib. Ona mezenterial damarların
trombozu diaqnozu qoyulub. Ölüm tromboz
arteriyaların tıxanması nəticəsində baş verib.
Landaunun arvadı öz memuarlarında ərini müalicə
etmiş bəzi həkimlərin səriştəsinə şübhələrini
ifadə edib.
1962-ci ildə Lev Landau Nobel mükafatına layiq
görülür. Alim Stokholma mükafatın təqdim olunma
mərasiminə gedə bilməyib. Mükafatı alimə
Moskvada İsveçin SSRİ-dəki səfiri təqdim edib.
Nobel və Lenin mükafatları laureatı, Sosialist
Əməyi Qəhrəmanı 1968-ci il aprelin 1-də vəfat
edib. Dahi alimin vəfat etməsi ilə nəzəri fizika
elmində böyük bir epoxa - Dau erası başa çatıb.
Xoşbəxtlik nəzəriyyəsi
Uşaqlıqdan elmə həvəs göstərən Landau özünə söz
verib: "siqaret çəkməyəcək, içməyəcək və
evlənməyəcək". O hesab edirdi ki, nikah sevgi
ilə heç bir ümumi əlaqəsi olmayan kooperativdir.
Lakin o, kimya fakültəsinin məzunu olan Kora
Drobansevlə görüşüb. Kora onu heç bir qadına
qısqanmayacağını vəd edib. 1934-cü ildən onlar
mülki nikahda yaşayıblar. Landau hesab edirdi ki,
nikahı daha çox yalan və xəyanət dağıdır. Onlar
arasında rəsmi nikah 1946-cı ildə, onların oğlu
İqor doğulduqdan sonra bağlanıb. İqor sonralar
MDU-nun fizika fakültəsini bitirib, o, aşağı
temperaturlar fizikası sahəsində mütəxəssisləşib.
Landaunun yeganə, fizika ilə heç bir əlaqəsi
olmayan nəzəriyyəsi xoşbəxtlik nəzəriyyəsi olub.
O hesab edirdi ki, hər bir insan xoşbəxt, özü də
hökmən xoşbəxt olmalıdır. Bunun üçün o özündə 3
parametri birləşdirən sadə formul irəli sürüb:
iş, sevgi və insanlarla ünsiyyət.
Landau belə deyirdi...
Elmi işlərdən əlavə, Landau həm də zarafatları
ilə məşhur olub. Onun elmi zarafatlarda
xidmətləri böyükdür. İncə, iti zəkalı və gözəl
natiq olan Landau həmkarları arasında hər bir
zarafatı dəstəkləyib. O, "Landau belə deyirdi"
termini yaradıb və özü də müxtəlif yumoristik
hadisələrin qəhrəmanı olub. Xarakterik cəhət
odur ki, zarafatlar fizika və riyaziyyatla o
qədər də bağlı olmayıb. O, tələbələrinə maksimum
sərbəstlik vermişdi. O, yumoru və gülüşü çox
qiymətləndirirdi. Hətta tələbələr ona dostluq
şarjları da həsr etmişdilər. Bu şəkillərin
altında "Dau deyib" ifadəsi yazılardı.
Landau minimumları
1934-cü ildə SSRİ Elmlər Akademiyası Lev
Landauya dissertasiya müdafiə etmədən fizika-riyaziyyat
elmləri doktoru elmi dərəcəsi verir. Landaunun
bu ada təqdim olunması arayışında onun bir alim
kimi çox vacib keyfiyyəti - mürəkkəb məsələlərin
həllində riyazi metodları virtuozcasına tətbiq
etməsi göstərilirdi. O vaxt Xarkov şəhəri nəzəri
fizikanın mərkəzinə çevrilir. Alim çox gözəl
elmi məktəb yaradır, bu məktəbə düşmək olduqca
çətin idi. Landau bir sıra tələblər işləyib
hazırlamışdı ki, buna da o vaxtlar "Landau
minimumları" deyilirdi. Landaunun tələbələri
adına layiq görülmək üçün onun müəyyən etdiyi 9
nəzəri imtahan vermək tələb olunurdu, tələbələr
əvvəlcə riyaziyyatdan, sonra fizikadan Landauya
imtahan verməli idilər. O tələbələrindən nəzəri
fizikanın bütün bölmələri üzrə biliklər tələb
edirdi. Mərkəzə düşmək arzusunda olanlar çox
olsa da, 30 illik fəaliyyəti dövründə cəmi 43
nəfər Landau məktəbində dərs ala bilib. Alim
istedadlı gənclərə çox diqqətlə yanaşırdı,
onlara məşğul olmaq istədikləri tədqiqat
mövzusunu seçməkdə müstəqillik verirdi və birgə
eksperimentlərin aparılmasına vaxtını
əsirgəmirdi. Tələbələri və müəllim həmkarları
hörmətlə onu "Dau" çağırırdılar. Əslində alim
özü tələbələrindən "məni Lev Davidoviç yox,
sadəcə Dau çağırın" tələb edirdi. Landaunun
tələbələrindən və birgə elmi işlərin həmmüəllifi
və ən yaxın dostlarından biri Yevgeni
Mixayloviç Livşits idi. 1935-ci ildə Landau və
Livşits nəzəri fizikaya dair bir neçə elmi
dərsliklər çap etdirirlər. Dərsliklər bir çox
dillərə tərcümə olunub və klassik mənbə hesab
olunub. Bu işlərə görə nəzəriyyəçi fiziklər
1962-ci ildə Lenin mükafatına layiq görülüblər.
"Tədqiqatları mən iş adlandırmazdım. Bu, ən
yüksək zövqdür, məmnunluqdur, böyük sevincdir,
onu heç nə ilə müqayisə etmək olmaz", - deyə
Landau bildirirdi.
Aforizmləri
Elmdə təkrarsız dərinlik yoxdur.
Nəzəriyyələrin əksəriyyəti - yalnız köhnə
fikirlərin yeni terminologiyaya
tərcüməsidir.
Mədəniyyətdə zirvə əsas rol oynayır.
Çıxışlar yoxdur, yalnız keçidlər var.
Əgər yaxın adama nəyisə izah etmək lazımdırsa,
onda izah etmək lazım deyil.
Siyasətdə əks-səda gözlənilən hadisələrdən xəbər
verir.
Ölümdən güclü yalnız sevgidir. Lakin o, həyatdan
güclü ola bilərmi?
Əgər nəzəriyyə hər şeyi izah edirsə, onda o, bir
şeyə yaramır.
Satirik - gülməli olanı onu olmadığı yerdə də
görə bilən yazıçıdır.
Fizikada ən başlıcası laqeyd olmamağı
bacarmaqdır.
Sadə ədədlər çoxalma üçün yaradılıb.
Heç nədən elə heç nə yaranıb.
Hazırladı: Oruc MUSTAFAYEV |