Təhsil sistemi
Cənubi
Amerikada yerləşən Argentina 23 əyalətdən və
muxtar statusa malik Buenos-Ayres şəhərindən
ibarətdir. Şəhər və əyalətlərin öz
konstitusiyası olsa da, ölkədə federal idarəetmə
sistemi tətbiq edilir.
Argentinada I-IX siniflərdə şagirlərin təhsilə
cəlb olunması icbari xarakter daşıyır. Təhsilin
bütün səviyyələri hamı üçün pulsuzdur və
əhalinin 97 faizi savadlıdır.
Latın Amerikası ölkələri arasında Argentina
təhsil və savadlılıq səviyyəsinin ən yüksək
göstəriciyə malik olması ilə seçilir. Ölkənin
təhsil sistemi məktəbəqədər, ibtidai, orta,
texniki peşə və ali təhsil pillələrindən
ibarətdir.
Orta təhsil müəssisələrində şagirdlər ali
məktəblərə, kolleclərə daxil olmaq üçün
hazırlaşır və yaxud da texniki peşə təhsili
alırlar. Texniki peşə təhsilinin müddəti üç ilə
qədər davam edir. X-XII siniflər orta təhsilin
yuxarı sinifləri hesab olunur.
Özəl
orta məktəblərə də kifayət qədər ehtiyac duyulur.
Dini təhsil dövlət təhsilindən ayrı olsa da,
bəzi bölgələrdə kilsə orta məktəb təhsilinə
təsir göstərir.
Dövlət təhsil müəssisələri ilə yanaşı, təhsilin
bütün səviyyələri üzrə özəl tədris ocaqları-uşaq
bağçaları, orta məktəb, gimnaziya və
universitetlər də fəaliyyət göstərir. Dövlət
məktəblərində bütün səviyyələr üzrə təhsil
ödənişsiz əsaslarla həyata keçirilir.
Ölkədə lisenziya verilmiş 85 universitet
fəaliyyət göstərir. Kordoba Universiteti, La-Plata
Universiteti, Rozario Milli Universiteti və
Milli Texnologiya Universiteti ən məşhur ali
məktəblər sırasındadırlar. 2006-cı ildə
Argentinanın ali məktəblərində 1,5 milyon tələbə
təhsil alıb.
Ən böyük ali məktəb Buenos-Ayres Universiteti
hesab olunur. Ən qədim ali məktəb isə Sidroba
universitetidir. Bu universitet 1613-cü ildə
ispanlar tərəfindən təsis olunub.
Universitetlərin nəzdində təxminən 70-ə yaxın
institut fəaliyyət göstərir. Onlar milli, dövlət
və özəl institutlara bölünür.
Məktəbəqədər təhsil
Argentinada uşaqlar 4 yaşından məktəbəqədər
təhsil müəssisələrinə cəlb olunur. Lakin bu,
icbari xarakter daşımır.
I sinfə daxil olmazdan əvvəl uşaqların
məktəbəqədər təhsil müəssisələrində fəaliyyət
göstərən hazırlıq qruplarına cəlb olunması daha
geniş vüsət alıb. Məktəbəqədər müəssisələrdə 5
yaşlı uşaqların təhsili icbaridir.
İbtidai təhsilə hazırlıq üzrə tədris
proqramlarında uşaqların ümumi inkişafı əsas
istiqamətlərdən birini təşkil edir.
Orta təhsil
Argentinada orta təhsil müəssisələrinin
formalaşması XV əsrə təsadüf edir. Bu dövrdə
1000 nəfərdən artıq əhalisi olan hər bir şəhər
və ya kənddə ibtidai məktəblərin fəaliyyətə
başlaması təmin edilirdi. 1883-cü ildə 6-13
yaşlı uşaqların yalnız 30 faizi məktəblərə cəlb
olunmuşdusa, 1914-cü ildə bu göstərici 50,
1931-ci ildə isə 75 faiz təşkil edirdi.
Argentinada orta təhsil ibtidai və ümumi təhsil
pilləsinə bölünür. Ümumi təhsil pilləsi iki
mərhələdən ibarətdir. Birinci mərhələ VII-IX,
ikinci mərhələ isə X-XII sinifləri əhatə edir.
Ölkədə orta təhsil I-IX siniflərdə icbari və
ödənişsiz əsaslarla aparılır. X-XII siniflərdə
isə tam orta təhsil verilir. Bu təhsil mərhələsi
məktəblərin statusundan asılı olaraq ödənişli və
ya ödənişsiz ola bilər. X-XII siniflərdə
şagirdlərə texniki peşənin müxtəlif sahələri də
öyrədilir. Argentinada orta məktəblər dövlət (ödənişsiz),
özəl və dini təhsil müəssisələrinə ayrılır.
Məktəblərin hamısında tədris səviyyəsi, demək
olar ki, eynidir.
1993-cü ildə aparılan islahatlardan sonra əsas
təhsil bazası 9 ilə çatdırıldı və əsas ümumi
təhsil adlandırıldı. Əsas ümumi təhsil
məktəblərində tədris olunan fənlər bütün təhsil
müəssisələri üçün eynidir. Polimodal
adlandırılan tam orta məktəbdə şagirdlərin
təbiət elmləri, ekologiya və təşkilat, humanitar
və ictimai elmlər,dizayn, rabitə, mal və xidmət
sənayesi sahələri üzrə ixtisaslaşması əsas
götürülür.
Bəzi əyalətlərdə isə I-VI siniflər əsas orta
təhsil dövrü kimi qəbul olunub. Bundan sonra
VII-VIII siniflərdə Polimodal mərhələdə oxuyan
şagirdlərə natamam orta təhsil haqqında diplom
verilir. Bu diplom vasitəsilə məzunlar texniki
peşə məktəblərində təhsillərini davam etdirə
bilərlər. Tam orta təhsil pilləsini başa vuran
məzunlar isə ali təhsil müəssisələrinə qəbul
olmaq imkanı qazanırlar.
Ali təhsil
Argentinada ilk ali məktəb olan Kordoba Milli
Universitetinin əsası 1613-cü ildə qoyulub.
1966-cı ildən etibarən milli universitetlər Elm,
Texnologiya və Produktiv İnnovasiya Nazirliyinin
idarəçiliyi altında fəaliyyət göstərir.
Ali məktəblərə ümumi imtahan sistemi vasitəsilə
qəbul yoxdur. Universitetlərə qəbul hər bir
təhsil müəssisəsinin özü tərəfindən aparılır.
Bununla belə, qəbul imtahanlarının keçirilməsi
üçün müvafiq meyarlar və vahid qiymətləndirmə
mexanizmi tətbiq olunur. Bəzən ali məktəblərə
qəbul imtahanları olmadan, orta məktəbin yüksək
qiymətlərlə bitirildiyini təsdiq edən sənəd
əsasında aparılır.
Ölkədə ali təhsil 3 mərhələyə bölünür.
İxtisaslardan asılı olaraq ali təhsil müddəti
3-6 il arasında dəyişir. Bir sıra əlavə xərclər
istisna olmaqla ali təhsil ödənişsizdir.
Ölkə üzrə 39 dövlət universiteti və 46 özəl
universitet fəaliyyət göstərir. Ali təhsil müəssisələri
arasında Buenos-Ayres Universiteti ən
yaxşılarından biri hesab edilir. Universitet
birbaşa dövlət tərəfindən maliyyələşdirilir və
yüksək təhsil keyfiyyəti ilə seçilir. 2004-cü
ildə bu ali məktəbdə 308000 tələbə təhsil alıb.
Dövlət ali məktəblərində təhsil ödənişsiz
əsaslarla həyata keçirilsə də, tələbələrin
yalnız 10 faizdən bir az çox hissəsi təqaüdlə
təmin olunur. Tələbələrin əksəriyyəti zəruri
xərclərini ödəmək üçün işləyirlər.
Ən böyük dövlət universitetlərindən Milli
Texnologiya Universiteti, Kordoba Milli
Universiteti, La-Plata Universiteti, Rozario
Universiteti, Şimal-Şərqi Universitet, Tukuman
Universiteti, Santa-Fe Universiteti, Lomas de
Samora və Mendosa Universitetinin adlarını
sadalamaq olar.
Ən yaxşı özəl ali məktəblər sırasına
El-Salvador, Belqrano, Maymonides, Palermo, San
Andres və Turkuato-di-Telya universitetləri
daxildir. Özəl ali məktəblərin əksəriyyəti
katolik kilsəsinə məxsusdur.
Argentinada ali təhsil müəssisələri Elm,
Texnologiya və Produktiv
İnnovasiya
Nazirliyinin nəzarəti altında fəaliyyət göstərir.
Elm, Texnologiya və Produktiv İnnovasiya
Nazirliyi isə 2007-ci ildən fəaliyyət göstərir.
Dövlət və özəl universitetlər arasında
əməkdaşlıq, dərəcə və diplomların tanınması kimi
məsələlər CİN-Universitetlərarasi Milli Şura
tərəfindən tənzimlənir. 2006-cı ilin statistik
məlumatlarına görə, ümumi dövlət xərclərinin 17
faizi ali təhsil sahəsinə sərf olunur.
1995-ci ildə "Ali təhsil haqqında" qanun qəbul
edilib. Bu qanunun əsas üstünlükləri sırasında
Universitetləri Qiymətləndirmə və
Akkreditasiyası üzrə Müstəqil Milli Şurasının (CONEAU)
yaradılması, institutlara muxtariyyət hüququnun
verilməsi və təhsil investisiyalarına qoyulmuş
qadağaların ləğvi özünəməxsus yer tutur.
Universitet təhsili üç pillədən-bakalavriat,
magistratura və doktorantura təhsil
səviyyələrindən ibarətdir. Universitetlərdə
iqtisadiyyatın
inkişafını
nəzərə alan və bazarın tələblərinə uyğun elmi
tədqiqat işləri də aparılır.
Universitetlərdə tədris milli tədris nümunəsinə
uyğun olaraq ispan dilində aparılır.
Peşə təhsili
Argentinada orta texniki peşə təhsilini 2 və ya
3 illik kurslar vasitəsilə əldə etmək mümkündür.
Belə peşə kursları dar çərçivədə ixtisaslaşmaya
imkan verir. Bu kursların diplomları əmək
fəaliyyəti ilə müstəqil məşğul olmağa dövlət
lisenziyası vermir. İşləyənlər texniki peşə
təhsili məktəblərində gecə də təhsil ala
bilərlər.
Ölkədə Milli Texniki universitetlərin nəzdində
də peşə məktəbləri şəbəkəsi fəaliyyət göstərir.
Həmin məktəblərin diplomu ilə daha praktiki
peşələrdə çalışmaq və əmək bazarına daxil olmaq
mümkündür.
Elmi tədqiqatlar
Argentinada universitetlər əsas tədqiqat
işlərinin aparıldığı təhsil müəssisələri hesab
olunur. Elmi tədqiqat işləri tibb, nüvə fizikası,
biotexnologiya, nanotexnologiya, səma və raket
texnologiyası, o cümlədən əsas iqtisadi
sahələrlə əlaqədar olan bir sıra istiqamətləri
daha çox əhatə edir. Hökumətin qərarı ilə
1958-ci il fevralın 5-də təsis olunmuş Milli Elm
və Texniki Tədqiqat Şurası-CONICET bütün ali
təhsil müəssisələrində elmi tədqiqat işlərini
istiqamətləndirir
və əlaqələndirir. CONICET müstəqil şura
tərəfindən idarə olunur, Argentina və digər
ölkələrdən olan 8500 tədqiqatçı üçün təqaüd
proqramları ayırır.
Ölkədə 5 elmlər akademiyası fəaliyyət göstərir.
Bu sıraya 1909-cu ildə yaradılmış Kənd
Təsərrüfatı və Baytarlıq Elmləri Akademiyası,
1874-cü ildə yaradılmış Dəqiq, Fiziki və Təbiət
Elmləri Akademiyası, 1822-ci ildə yaradılmış
Tibb Elmləri Akademiyası, 1869-cu ildə
yaradılmış Kordoba Milli Elmlər Akademiyası və
1935-ci ildə yaradılmış Buenos-Ayres Akademiyası
daxildir. Kənd təsərrüfatı, tibb, sənaye, elmi
və texniki tədqiqat fəaliyyəti ilə məşğul olan
çoxsaylı institutlar da vardır.
Argentina dünyaya bir sıra görkəmli həkimlər,
alimlər və ixtiraçılar bəxş edib. Tədqiqatçılar
ürək və xərçəng xəstəliklərinin müalicəsi
sahəsində müxtəlif forma və üsulların
hazırlanması sahəsində xeyli nailiyyətlər
qazanıblar.
Alimlərdən Dominqo Liota 1969-cu ildə kəşf
etdiyi ilk süni ürəyi insana köçürüb. 5 alim-Karlos
Saavedra Lamas, Adolfo Perez Eskkvel, Bernardo
Hussey, Luis Federiko Leloyr və Sezar Milste
elmin müxtəlif sahələri üzrə Nobel mükafatına
layiq görülüblər.
Təhsilin idarə olunması
Argentinanın Elm, Texnologiya və Produktiv
İnnovasiya Nazirliyi ölkənin təhsil siyasətinin
həyata keçirilməsinə əsas məsul orqandır. Elm,
Texnologiya və Produktiv İnnovasiya Nazirliyinin
əsas məsləhət orqanı Elm və Texnologiya üzrə
Federal Şura hesab olunur. 1996-cı ildə
yaradılmış Elm və Texnologiya üzrə Federal Şura
ilə yanaşı, CICYT, CNEA, INTA, INA, ANLIS, CRUP
və İNPİ təşkilatları kimi digər məsləhət
şuraları da fəaliyyət göstərir.
1993-cü
ildə
Argentinada genişmiqyaslı təhsil islahatlarına
başlanıldı. Bu islahatlar nəticəsində mərkəzi
hökumət tərəfindən idarə olunan bir sıra
institutlar yerli idarəetmə orqanlarının
tabeliyinə verildi. Bu islahatlar sayəsində
institutların idarə edilməsinin səmərəli
təşkilinə və ali təhsilin keyfiyyətinin
yüksəldilməsinə nail olundu.
1993-cü il islahatları əsas (məktəbəqədər və
ibtidai) və orta təhsil sisteminin də
yeniləşməsi ilə nəticələndi. 7 illik icbari
təhsil 10 illik icbari təhsillə əvəz edildi.
Yeni sistemə əsasən, 5 yaşından etibarən
birillik erkən uşaqlıq təhsilinin ardınca 3
illik ibtidai və daha sonra isə orta təhsil
mərhələsinin yuxarı dövrü gəlir. 1 illik
məktəbəqədər təhsil də icbari təhsil dövrünə
daxildir.
Beynəlxalq əməkdaşlıq
Argentinanın təhsil və elm sahəsində beynəlxalq
əməkdaşlığının əsas istiqamətləri fəza, nüvə
enerjisindən dinc məqsədlərlə istifadə, kənd
təsərrüfatı, tibb və ətraf mühit kimi sahələri
əhatə edir.
Dünya Bankının 240 milyon dollar məbləğində
maliyyə dəstəyi ilə təhsil sahəsində bir sıra
struktur dəyişiklikləri aparılıb. Bütün bu
maliyyə vəsaiti Ali Təhsil üzrə İslahat
Proqramının icrasına yönəldilib. Elmi əməkdaşlıq
həmçinin institutlar, laboratoriyalar və Elmi
Texniki Tədqiqat Şurasının tədqiqatçıları
tərəfindən davam etdirilir.
Argentina təhsil və elm üzrə dünya arenasındakı
nüfuzunu və yüksək reytinqini qorumaq məqsədilə
Təlim Xidməti üzrə Latın Amerikası Mərkəzinin
CLAYSS 4 Proqramının fəal iştirakçısıdır.
Təsadüfi deyil ki, hər il dünyanın müxtəlif
ölkələrindən on minlərlə tələbə yüksək səviyyəli
ali təhsil almaq üçün məhz Argentinanı seçir.
Bəşarət MƏMMƏDOV,
Dilrubə BAYRAMOVA
Yazının hazırlanmasında Argentinanın Elm,
Texnologiya və Produktiv İnnovasiya Nazirliyinin
və Elmi Texniki Tədqiqat Şurasının rəsmi
materiallarından istifadə olunub. |