Xalq
musiqimizi qorumaq, yaşatmaq, onu təbliğ etmək
hamımızın vətəndaşlıq borcudur. Milli
muğamlarımıza, təsniflərimizə, xalq
mahnılarımıza üz tutan, onu tamaşaçılara tanıdan,
gələcək nəsillərə ötürən incəsənət xadimlərimiz,
mədəniyyətimizin, musiqimizin inkişafı yolunda
misilsiz xidmətlər göstərirlər. Belə ustad
sənətkarlarımızdan biri özünəməxsus ifa tərzi
ilə seçilən, məlahətli və bənzərsiz səs sahibi
Arif Babayevdir. İllərlə el şənliklərində
məşhurlaşan, opera və tamaşalarda səsi ilə
ürəkləri titrədən sənətkar, həm də təcrübəli
pedaqoqdur. Azərbaycanın xalq artisti, Milli
Konservatoriyada Muğam və xalq çalğı alətləri
kafedrasının müdiri, professor, Prezident
təqaüdçüsü Arif Babayevlə elə rəhbərlik etdiyi
Muğam kafedrasında söhbət etdik. Arif müəllimin
həmişəki kimi danışığı sərrast, nitqi sanballı,
ölçülü-biçilidi. İllər boyu oynadığı tamaşalarda
obrazdan-obraza dəyişsə də, şəxsi həyatında
təkcə bir obraz yaradıb - Arif Babayev obrazı.
- Neçə illərdir sizi tanıyıram: ağır təbiətli,
təmkinli, səbirli bir insan kimi yeriniz var
yaddaşımda.
- Ellada xanım, səbir, təmkin, əxlaq
yaranışından bəri insanın yaraşığıdır. Mən
ağdamlı məşhur Səməd bəyin nəvəsiyəm.
Deyilənlərə görə, çox səxavətli, mərd adam olub
babam. Hərdən elə istəyirəm ki, kaş bütün
sənədlərimdə o kişinin adı yazıla, olam "Arif
Səmədbəyli". Düzdür, xalq məni "Babayev" kimi
tanıyıb, amma bu "yev" sonluğu həmişə mənə rus
hegemonluğunu xatırladır...
- Məktəb illəriniz harada keçib?
-
Ağdamın Sarıhacılı kəndində, 1938-ci il fevralın
20-də dünyaya gəlmişəm. Yeddiillik kənd
məktəbini Əhmədavarda, 5 nömrəli orta məktəbi
isə Ağdam şəhərində bitirmişəm. Sonra Bakıya
gəlib 1962-ci ildə İncəsənət İnstitutuna qiyabi
daxil olmuşam.
- Bəs nə vaxtdan xanəndəliyə başladınız?
- Ağlım söz kəsəndən oxuyuram. El toylarına çox
getmişəm. Bəziləri şan-şöhrətə çatandan sonra bu
barədə demir, gizlədir, amma mən bunu etiraf
etməkdə bir əskiklik, bir qəbahət görmürəm. Bizi
el şənlikləri məşhurlaşdırıb, tanıdıb.
Balalarımızı da eldən gələn halal qazancımızla
böyütmüşük. Həqiqəti hər zaman demək lazımdır.
Tarixən də sənətkarları el dolandırıb.
- Yenə əvvəlki qədər toylara dəvət alırsınız?
- İndi məsələ belədi: mənim öz istədiklərim var.
Məni də istəyənlər çoxdu. Yenə də seçim eləyirəm.
Səviyyə olan yerlərə ürəknən gedirəm.
- Sizdən başqa da ailənizdə oxuyan olub?
-
Ailədə iki bacı, dörd qardaşdıq. Kiçik qardaşım
Şahin xanəndədi.
- Bir neçə verilişdə baxmışam, səsi xoşuma gəlib,
amma nəsə...
- Bilirsiniz, Şahin efirə elə də can atmır.
Qardaşıq deyə demirəm, insafən yaxşı səsi var,
buradan daha çox İranda tanınır Şahin. Çox
tez-tez İran toylarına dəvət alır.
- Öz övladlarınızdan davamçınız olmayıb deyəsən...
- Yox, özləri də meyil eləmədi, mən də istəmədim.
İki qızım var, bir oğlum. Böyük qızım Ruqiyyə
həkimdi, anamın adını vermişəm ona. Kiçiyim Lalə
müəllimdi. Oğlum Yaşar da iki institut bitirib,
həm iqtisadçıdı, həm də hüquqşünas.
- Bəs nəvələr?
- Çoxdan baba olmuşam, altı nəvəm var, üçü qızdı,
üçü oğlan... Böyük nəvəmin 19, ən kiçiyinin 6
yaşı var. Bizim ailədə iki Arif var. Oğlumun
oğlu Arif 4-cü sinifdədir, güman edirəm ki,
riyaziyyatçı olacaq. Arifin kiçik qardaşı Aqil
isə bu il hazırlığa gedir. Aqil xalq mahnılarına
meyillidi, səsi də bir az var, bəlkə də mənim
yolumnan o gedəcək.
- Arif müəllim, "Şöhrət" ordenli, "İstiqlal"
ordenli incəsənət xadimisiniz. Prezident
təqaüdünə layiq görülmüsünüz. Böyük tamaşaçı,
dinləyici auditoriyanız var... Xoşbəxt həyat
üçün, təminatlı yaşamaq üçün nail olduqlarınız
sizə qəlb rahatlığı gətirirmi?
- "Şöhrət" ordenini mənə 19 fevral 1998-ci ildə
ümummilli liderimiz Heydər Əliyev özü təqdim
etmişdi, Allah ona qəni-qəni rəhmət eləsin. "İstiqlal"
ordenim isə 19 fevral 2008-ci ildə cənab
Prezidentimiz İlham Əliyevin sərəncamı ilə
verilib.
2002-ci ildən Prezident təqaüdü alıram.
70 illik yubileyim münasibəti ilə 2008-ci ildə
ölkəmizin birinci xanımı, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın dəstəyi ilə bütün
külliyyatımla birgə böyük albom nəşr edilib. Sağ
olsunlar. Bütün bunlar sənətə, sənətkar əməyinə
verilən yüksək qiymətdir.
Amma oturub fikirləşəndə ki, mən hərtərəfli
xoşbəxtəmmi, deyirəm, yox! Ən xoşbəxt günüm,
daha dəqiqi, hamımızın xoşbəxt günü qabaqdadı
hələ... Biz elliklə o vaxt xoşbəxt olarıq ki,
torpaqlarımızı əsirlikdən çıxardaq, düşmənin
xarabaya çevirdiyi rayon və şəhərlərimizi
gülüstana çevirək.
- Bir bayatımız var ey, illər öncə Akif
İslamzadə oxuyardı:
Bura Vətəndi,
Gülü bitəndi,
Səsim çatandı,
Ünüm yetəndi -
Bura Vətəndi...
- Ağdamsız səsiniz hara qədər çatır, Arif
müəllim?
- Dünyanın 50-dən çox ölkəsində Azərbaycanı
təmsil etmişəm. Minlərlə əcnəbi tamaşaçı
Azərbaycan musiqisini ayaqüstə alqışlayıb. Amma
bunlar Ağdamsızlığımın yanında gözümdə deyil.
Yəqin yaşdandı... hər gecə yuxumda elə hey
Ağdamı görürəm, Şuşada gəzirəm. Ayılıram, yuxum
qaçır, qəhər boğur məni, torpaq zilləti çəkən
adamın gecə yuxusu olmaz... hərdən oturub
ağlayıram ki, ürəyim boşalsın, səbir eləməyə tab
gətirsin.
Deyirlər, kişi ağlamaz. Baxır harada, nə vaxt?
Mənim yozumum belədi:
Kişi düşmən qabağında ölər, amma ağlamaz...
Kişi vəzifə üçün ağlamaz.
Kişi mənafeyi üçün, qarnı üçün ağlamaz.
Amma Vətəni üçün ağlamayan gözlər qoy kor olsun.
Əgər bu yaşımda mən ata-baba yurduma gedə
bilmirəmsə, atamın-anamın qəbri üstündə bir
Quran oxuda bilmirəmsə, ürəyim həsrətdən qövr
eliyir axı?! Torpaq elə bir möcüzədir ki, uzaq
düşdükcə daha çox çəkir, çağırır adamı, illah da
yaşlananda.
- Və... əlimiz çatmayan, ünümüz yetməyən
illərdən təkcə xatirələr qalır bizə...
- Mənim Ağdamla birgə bütün uşaqlıq, gənclik
illərim, köklü-köməcli xatirələrim əsirlikdədi
elə bil. Əlim çatmır heç birinə.
- Tələbə yoldaşlarınızdan ən çox yadınızda kim
qalıb?
- Bir zərdablı balası vardı - Mürşüd Abbasov,
həm tələbə yoldaşı idik, həm də yaxın dost. Bal
kimi səsi vardı Mürşüdün. Xan əmi Zərdabda toyda
olanda bəyənmişdi onun səsini, Habil müsabiqədə
onu seçmişdi. Çox təkrarsız, şirin səsi vardı,
həm də ürəyitəmiz, saf, mərd adamdı. 1975-ci
ildə təyyarə qəzasında həlak oldu. Yaşasaydı,
indi necə məşhur olardı!..
- Müəllimlik fəaliyyətinə nə vaxtdan başladınız?
- 1981-ci ildə Bülbül adına Orta İxtisas Musiqi
Məktəbinin Muğam sinfinə müəllim dəvət olundum.
1984-cü ildən isə Musiqi Akademiyasının Muğam
kafedrasında çalışdım. Hazırda Milli
Konservatoriyanın Muğam və xalq çalğı alətləri
kafedrasının müdiriyəm.
İndi o vaxtkı tələbələrimin əksəriyyəti xalq
artisti, əməkdar artist kimi tanınır. Amma
birinin adını çəksəm, gərək hamısını xatırladam,
yoxsa inciyərlər.
- Bu gün muğamlarımıza yüksək dövlət qayğısı
var...
- Bakıda "Muğam" Mərkəzinin tikilməsi Mehriban
xanım Əliyevanın xidmətidir. Beynəlxalq Muğam
Müsabiqəsinin iki dəfə məhz Bakıda keçirilməsi
böyük hadisədir. Milli muğamlarımızı bütün
dünyaya tanıtmaq yolunda Mehriban xanım
təqdirəlayiq işlər görüb və görür.
- Səsi həzin, bir az da kövrək gənc Arif Babayev
və eşqindən zəbanə çəkən Məcnun obrazı... O
tamaşaları xatırlayanda, hərdən mənə elə gəlir
ki, "Aşiqi-Məcnun" o səsin sahibi özüydü? Zaman
keçdi, Arif müəllim, bəs illər o Leyliləri hara
apardı?
- Mənim Leylilərim hamısı güclü sənətkarlar olub.
Zeynəb Xanlarova - mən ona cansağlığı
arzulayıram. Rübabə Muradova, Nəzakət Məmmədova
- hamısı Leylini gözəl, səviyyəli oynayırdı.
Amma Nəzakəti tez-tez xatırlayıram, onun özü də
gözəliydi, səsi də, ürəyi də. Nəzakət xanıma da,
Rübabə xanıma da Allah rəhmət eləsin...
- Arif müəllim, sabahlar açıla, xeyir gətirə...
- Allah ağzınızdan eşitsin, Ellada xanım. Onu da
deyim ki, müharibəni udmaq, torpaqlarımızı geri
qaytarmaq tək bir nəfərin vəzifəsi deyil ha,
hamılıqla bir vətəndaş kimi əlimizdən gələni
əsirgəməməliyik. Mənim ümidim var ki, bizim
Prezidentimiz gec-tez nə yolnan olursa-olsun, bu
qondarma Qarabağ problemini həll edəcək.
Gecə-gündüz Allaha da, zamana da yalvarıram ki,
nə qədər ömür yaşayıramsa-yaşayım, amma o ömür
payımın içində azad olmuş torpaqlarda gəzə
bilmək payım da olsun.
- Amin.
Mənim də arzularımın üzü güllə səsi gələn tərəfə
- yurd yerlərimizədi.
Gözlərim cığırlarını ot basmış, təkər səsini
yaddan çıxarmış yollara yol çəkir.
Arzu, dilək insanı sabaha, irəliyə ötürən yol
bələdçisidi.
Və bu yolların sonuncu dayanacağı Vətəndi...
Sonuncu dayanacaqda görüşənə kimi... hələlik,
Arif müəllim...
Söhbəti yazdı: Ellada UMUDLU |