Noyabrın
25-də Şərur rayon Çomaxtur kənd tam orta
məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov açılış mərasimində iştirak
etmişdir.
Tədbirdə çıxış edən Şərur Rayon İcra
Hakimiyyətinin başçısı İbrahim Məmmədov rayonun
inkişafına göstərilən diqqət və qayğıya, eləcə
də yeni sosial obyektlərin istifadəyə
verilməsinə görə rayon ictimaiyyəti adından
minnətdarlığını bildirmişdir.
Müəllim Məlahət Şıxəliyeva yeni məktəb binasının
istifadəyə verilməsi münasibətilə pedaqoji
kollektiv adından minnətdarlıq etmiş, təhsil
uğurlarını daha da artırmaq üçün bütün
imkanlardan maksimum istifadə edəcəklərinə,
şagirdləri ümummilli liderimiz Heydər Əliyevin
ideyalarına sadiq və bilikli vətəndaş kimi
yetişdirəcəklərinə söz vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov Çomaxtur kənd tam orta
məktəbinin yeni binasının istifadəyə verilməsi
münasibətilə kollektivi təbrik etmiş, ulu öndər
Heydər Əliyevin "İnsan təhsilin əsasını orta
məktəblərdə alır. Ona görə də təhsil sisteminin
inkişafında orta məktəblərə qayğı xüsusi yer
tutmalıdır" fikrini xatırladaraq demişdir: "ümummilli
liderimizin siyasi xətti bu gün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Təhsil
sahəsində də uğurlu islahatlar həyata keçirilir,
yeni məktəb binaları tikilir. Çomaxtur kənd tam
orta məktəbində müasir tədris şəraiti
yaradılmışdır".
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4
mərtəbədən ibarət olan məktəb binası 468 şagird
yerlikdir. Burada 26 sinif otağı, kimya,
biologiya, fizika və hərbi kabinetlər, elektron
lövhəli 2 sinif, 2 kompüter otağı, müəllimlər
otağı, kitabxana və idman zalı vardır. Məktəb
zəngin kitabxanaya malikdir. Yaradılan bu cür
şərait imkan verəcəkdir ki, burada təhsil alan
hər bir gənc gələcəkdə müxtəlif ixtisaslar üzrə
təhsilini davam etdirə bilsin. Bunlar dövlətin
təhsilə, gənc nəslə göstərdiyi qayğıdır.
Məktəbin ötən tədris ilində qazandığı
nailiyyətlər qənaətləndiricidir. Ötən tədris
ilində məktəbi 24 şagird bitirmiş, onlardan
16-sı ali məktəblərə sənəd vermişdir. Sənəd
verən məzunlardan 10-u tələbə adını qazanmış,
məktəbin 2 şagirdi Heydər Əliyev adına Hərbi
Liseyə, bir şagirdi isə IX sinif təhsil
bazasından orta ixtisas təhsili müəssisəsinə
daxil olmuşdur. Qazanılan bu uğurlar müəllim
zəhmətinin və şagird çalışqanlığının bəhrəsidir.
Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin
layiqincə yerinə yetiriləcəyinə, yaradılan
şəraitdən düzgün istifadə olunacağına əminliyini
bildirmiş, bu yolda müəllim və şagird
kollektivinə uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsilmiş, məktəb binasına
baxış olmuşdur.
AzərTAc |