Noyabrın
25-də Şuşa Humanitar Kollecində Birləşmiş
Millətlər Təşkilatı yanında Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının müxbir üzvü,
Azərbaycan Respublikasının əməkdar elm xadimi və
əməkdar mədəniyyət işçisi, Bakı Dövlət
Universitetinin kafedra müdiri, tarix elmləri
doktoru, professor, "Şöhrət" ordenli Abuzər
Xələfovun 80 illik yubileyi təntənəli qeyd
edilib.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının
humanitar işlər üzrə müavini Vüsalə Fətəliyeva,
BDU-nun müəllimləri - fəlsəfə doktoru, dosent
Knyaz Aslan, baş müəllim Akif Cəfərov,
şair-publisist Hacı Loğman, kollecin müəllim və
tələbə kollektivi iştirak ediblər.
Yığıncağı giriş sözü ilə açan kollecin direktoru
Rəsul İsmayılov yubilyarı müəllim və tələbə
kollektivi, həmçinin Şuşa ictimaiyyəti adından
təbrik edib, ona tutduğu bu müqəddəs yolda uzun
ömür və yeni nailiyyətlər arzulayıb.
Tədbirdə çıxış edən Vüsalə Fətəliyeva, Knyaz
Aslan, Akif Cəfərov, Hacı Loğman, kollecin
müəllimlərindən Lalə Vəliyeva, Yeganə Əliyeva,
İlhamə Fərəcova və başqaları yubilyarın keçdiyi
ömür yolundan, Azərbaycanda kitabşünaslığın
inkişafına verdiyi töhfələrdən, bir ağsaqqal,
bir elm adamı kimi işlədiyi kollektivdə və
ictimai mühitdə nüfuzlu ziyalı kimi
tanınmasından, əməyinin dövlət tərəfindən
layiqincə qiymətləndirilməsindən söz açıblar.
Abuzər Xələfovun Azərbaycanda və keçmiş SSRİ-də
kitabxanaçı kadrların hazırlanmasında
cəfakeşliyi və kitabxana işi tarixini əhatəli
qaydada araşdıran, bu sahədə hərtərəfli
tədqiqatlar aparıb elmi şəkildə sistemləşdirən
ilk elmlər namizədi və ilk elmlər doktoru
olduğu diqqətə çatdırılıb. Çıxış edənlər
professor Abuzər Xələfovun ümummilli lider
Heydər Əliyevin əsərlərinin biblioqrafiyasının
hazırlanması sahəsində xüsusi xidmət göstərərək
"Heydər Əliyevin biblioqrafik məlumat kitabı"
adlı əsərini çap etdirdiyindən söz açıblar.
Professor Abuzər Xələfov çıxışında yaşayaraq
arxada qoyduğu illərin hədər getməməsindən qürur
duyduğunu, vətəninə və xalqına vicdanla xidmət
etdiyi üçün bu gün mənəvi rahatlıq tapdığını
diqqətə çatdırıb. Kitabı millətin dünəni, bu
günü və sabahı adlandıran yubilyar mütaliənin
insan üçün nə qədər önəmli olduğundan, oxucunun
nitqinin inkişafına, dünyagörüşünə, mənəvi və
əxlaqi tərbiyəsinə çox müsbət təsirindən söz
açıb. Ümummilli liderimiz Heydər Əliyevin memarı
və qurucusu olduğu müstəqil Azərbaycan
Respublikasına layiq yüksək intellektli gənclər
kimi yetişməyi tələbələrə tövsiyə edib.
Yubilyara kollecin rəhbərliyi və tələbələri
adından gül dəstələri və hədiyyələr təqdim
edilib. Sonda kollecin müəllim və tələbələrindən
ibarət ansambl maraqlı konsert proqramı ilə
çıxış edib.
Nizami MİRZƏ |
|