"Demə
Səməd Vurğun gəldi-gedərdi"... Yazımızı
Azərbaycan xalqının dahi və unudulmaz şairi
Səməd Vurgunun özünün misrası ilə başlamağımız
heç də təsadüfi deyil. Ona görə ki, o, sözün
həqiqi mənasında gəldi-gedər yox, xalqının
sevimli, unudulmaz şairi olaraq qəlblərdə
əbədiyaşarlıq tapıb. Ötsə də neçə illər,
qərinələr, əsrlər yenə də "Şairin andı" , "Mən
tələsmirəm", "Azərbaycan" şeirləri, "Bəsti",
"26-lar", "Bakının dastanı", "Muğan", "Zəncinin
arzuları", "Talıstan", "Komsomol poeması", "Aygün"
poemaları, "Vaqif" dramı və s. dillər əzbəri
olan əsərləri ilə xalqının yaddaşında əbədi
yaşayacaq və böyük məhəbbətlə xatırlanacaq...
Ulu öndər Heydər Əliyev sevimli şair haqqında
demişdir: "Səməd Vurğunu biz təkcə şair kimi,
alim kimi, yazıçı kimi yox, eyni zamanda böyük
bir ictimai-siyasi xadim kimi həmişə
xatırlayırıq və o, xatirəmizə belə daxil olub".
Bəli, Azərbaycanın ilk xalq şairi olan Səməd
Vurğunun keçdiyi şanlı ömür yoluna işıq salmaq
üçün elə bu günlərdə şairin oğlu, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət
xadimi, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu
(Vəkilov Vaqif Səməd oğlu) ilə "Azərbaycan
müəllimi" qəzeti redaksiyasında görüşdük...
Tanınmış xalq şairi Vaqif Səmədoğlu Azərbaycan
oxucusuna unikal şeirləri, komediyaları,
publisistik məqalələri ilə yaxşı tanışdır.
Söhbət əsnasında onun atası haqqında danışdığı
unudulmaz xatirələri oxucularımızın da
diqqətinə çatdırmaq istəyirik.
- Vaqif müəllim, istərdik ki, əvvəlcə atanızın
keçdiyi həyat yolu və müəllimlik fəaliyyəti
barədə oxucularımıza qısaca məlumat verəsiniz.
- Atamın atası Yusif ağa şöhrətli bir nəslə
mənsub olsa da, ömrünün axırlarında yoxsullaşıb.
Anası Məhbubə xanım isə şair təbiətli bir qadın
olub. Atam altı yaşında anasını, on altı yaşında
isə atasını itirib.
İlk
təhsilini doğulduğu kənddə beş sinifli
"rus-tatar" məktəbində alıb. 1918-ci ildə
ailələri ilə birlikdə kənddən Qazaxa köçüblər.
1920-ci ildə atam Qazax seminariyasına qəbul
olub və 1924-cü ildə Qazax Müəllimlər
Seminariyasını bitirib. Elə əmək fəaliyyətinə də
müəllim kimi başlayıb. O, həm riyaziyyatdan,
ədəbiyyatdan dərs deyib, həm də coğrafiyadan.
Qazaxın Köçəskər kəndində riyaziyyatdan, Qubada
isə coğrafiya dərsi deyib. Qazax Müəllimlər
Seminariyası, məşhur Qori Seminariyasının tatar
- Azərbaycan şöbəsi o vaxt Firudin bəy Köçərli
tərəfindən Qazaxa köçürülmüşdü. Mən bu
seminariyanın müəllimlərinin əksəriyyətinə əmi
deyirdim. Bu Qazax Seminariyası, vallah
şişirtmək olmasın, bəlkə də Oksford, Kembric,
Harvard universitetləri verən savadı o dövr üçün
verib. Həmin seminariyanı bitirmiş və ömrünü
riyaziyyatçı kimi başa vurmuş bir insan, atamın
yaxın dostu Mirqasım Əfəndiyev Tofiq Fikrəti də,
Sabiri də əzbər bilirdi. O zaman osmanlı
ədəbiyyatı ilə bizim ədəbiyyat arasında heç bir
ayrı-seçkilik yox idi. Onu da deyim ki, Səməd
Vurğun bu seminariyada skripka, tar, saz, tütək
çalmağı da öyrənib.
Atam 1929-cu ildə Moskva Dövlət Universitetinin
ədəbiyyat fakültəsinə daxil olaraq təhsilini
davam etdirir. Amma Moskvadakı təhsilini
axıradək davam etdirmək ona müyəssər olmur.
1931-ci ildə Bakıya qayıdır, burada Azərbaycan
Pedaqoji İnstitutunda ali təhsilini davam
etdirir və institutun aspiranturasında oxuyur...
- Atanızın Abdulla Şaiqlə qohumluğu olub. Bu
barədə nəyisə xatırlayırsınızmı?
- Bəli, Abdulla Şaiq atamla bacanaq olub. Atam
Bakıya gələndən sonra Abdulla Şaiqin evinə tez-tez
gedib-gəlib. Onlarda keçirilən bir məclisdə
anamı - Xavəri görüb bəyənib. Atam bu barədə
Hüseyn Cavidə danışıb. Birlikdə elçi gediblər,
sonra da ki, ailə qurublar...
Onu
da yaxşı xatırlayıram ki, Abdulla Şaiqin məşhur
"Tıq-tıq xanım", "Tülkü həccə gedir" və s.
nağıllarını mən çənəmi dizimin üstünə dayayıb
onun öz ağzından eşitmişəm... O, əsl ziyalı bir
insan idi. Özü də çox qəribə, alicənab, mehriban
xasiyyəti vardı. Milçəyi əli ilə tutardı,
öldürməzdi, nəfəsliyi açıb oradan bayıra
buraxardı...
- Bildiyimizə görə siz konservatoriyada təhsil
almısınız...
- Atam 1946-cı ildə mənim əlimdən tutub apardı
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyası nəzdindəki orta musiqi
məktəbinə. O zaman məktəbin direktoru professor
Kövkəb xanım Səfərəlibəyova idi. O, çox məşhur
adam idi. SSRİ Ali Sovetinin deputatı da olmuşdu...
Həmin məktəbdə məni yoxlayıb birinci sinfə qəbul
etdilər. Orada oxudum, ali təhsil də aldım. Əsas
sənətim də pianoçudur...
- Səməd Vurğunun övladlarına verdiyi tərbiyə
barədə nə deyə bilərsiniz?
- Onun övladlarına verdiyi tərbiyə yalnız öz
nümunəsi idi. O, bizimlə təkcə valideyn kimi yox,
həm də yaxın bir dost kimi davranırdı. Hər hansı
bir problemimiz olanda onu yalnız əmin-amanlıq
şəraitində yoluna qoyardı. Arzu və istəklərimiz
olanda, onu öz dəyərli tövsiyələri ilə başa
salar, həll edərdi. Bizi düşündürən məsələlər
barədə onunla məsləhətləşər və xeyirini də
görərdik.
- Yəni deyirsiniz ki, atanız sizi heç
cəzalandırmayıb?
-
Dərs oxumaq üstündə yox, amma bir dəfə mənə bir
şillə vurub. On yaşım tamam olandan sonra atam
məni özü ilə ova aparırdı. Mənə bir tüfəng də
almışdı. Tapşırmışdı ki, adam, mal-qara olan
səmtə heç bir vaxt güllə atma. Tüfəngin
gülləsinin gücünü, barıtın yanmaq, pistonun
alışmaq prinsipini mənə çox dəqikliklə başa
salmışdı. Mən artıq bilirdim ki, patronda olan
hansı qırmanın öldürməyə qadir olan qüvvəsi neçə
metrdir. Bir dəfə kəklik ovuna getmişdik. Mənim
də tüfəngimdə beş nömrə qırma vardı. Onun da
maksimum öldürmək qabiliyyəti 50-60 metrdir.
Həmin vaxt biz Ağsu tərəfdə ovda idik. Mən ən
azı bizdən bir kilometr aralı olan insanları
görürdüm. Bu anda bizim "Reks" adlı tulamız
kəkliyi qaldırdı, mən də atdım. Bax, onda atam
mənə bir şillə vurdu. Dedi ki, axı sənə demişəm
ki, adam olan səmtə güllə atma. Mən də dedim ki,
axı onlar çox uzaqdadır. Dedi ki, dəxli yoxdur...
Bax belə, yenə də təkrar edirəm ki, o, bizə
xüsusi tərbiyə vermirdi, yalnız öz nümunəsi ilə
bizi tərbiyə edirdi.
Bilirsiniz ki, yazıçıların arasında müəyyən
anlaşılmazlıqlar, intriqalar olurdu. Amma həmin
söhbətlərin heç biri bizim evdə danışılmazdı.
Mən yaşa dolandan sonra bilmişəm ki. Səməd
Vurğunun filankəslə münasibəti pisdir, yaxşıdır...
- Müəllimlərinizi xatırlayırsınızmı?
- Əlbəttə, xatırlayıram. Mənim fizika müəllimim
Əziz müəllimlə atamın dostluq əlaqəsi var idi.
İxtisas müəllimim var idi. Anna Yakovlevna
fortepianodan mənə dərs deyirdi. Onu atam öz
qızı kimi çox istəyirdi.
Bizim müəllimlərimizin məişət problemləri o
zaman da çox idi. Onların məişət problemlərinin
həllində atam çox aktiv iştirak edirdi. O, həm
SSRİ Ali Sovetinin deputatı kimi, həm də öz
adından, nüfuzundan istifadə edib ev və başqa
məişət məsələlərində onlara çox böyük kömək
edirdi. Bax, bütün bunlar dərs zamanı mənə
verilən, Yusifə verilən, Aybənizə verilən
qiymətlərə təsir eləməzdi. O zaman bu, bizim
dövrün müəllimlərinin qüruruydu. Əksinə, atam
məni imtahandan kəsən müəllimə ev məsələsində
kömək edirdi.
- Səməd Vurğunu bir valideyn kimi övladlarının
dəcəlliyinə, yaxud da hansısa bir probleminə
görə məktəbə çağırırdılarmı?
- Əlbəttə, çağırırdılar. Bəzən biz özümüzü
məktəbdə müəllimlərlə antipedaqoji apardığımıza
görə çağırırdılar.
Bir dəfə atam ovda nəhəng bir erkək qaban
vurmuşdu. Erkək qabanın da böyük alt dişləri
olur. Həmin dişlərdən birini gətirib rəhmətlik
qardaşım Yusifə vermişdi. Yusif də məktəbdə
dalaşır. Sən demə həmin dişi özü ilə məktəbə
aparıbmış. Dalaşdığı oğlanı yerə yıxıb həmin
dişlə də onun bədəninə vurub... Məktəbin
direktoru Kövkəb xanım da bu hadisəni görüb,
Yazıçılar Birliyinə-atama zəng vurub, Yusifdən
ona şikayət edib.
- Vaqif müəllim, deyəsən bir dəfə də atanızı
bacınız Aybəniz xanıma görə məktəbə çağırıblar?
- Aybəniz musiqi məktəbində 7 il oxuduqdan sonra
artıq qət etmişdi ki, o, musiqiçi olmayacaq.
Atam onu 132 nömrəli məktəbə keçirmişdi. Burada
oxuyan zaman bir gün gəlib atama deyir ki, səni
məktəbə çağırırlar. Atam o dəqiqə soruşur ki,
məktəbdə neynəmisən? Aybəniz də cavab verir ki,
heç bir pis iş görməmişəm, yalnız dərslərimlə
bağlı məsələdir.
Atam səhərisi gün gedir məktəbə, onun riyaziyyat
müəllimi Sadiq Sadiqovla söhbət edir. Məlum olur
ki, o, riyaziyyat, fizika, kimya fənlərindən
zəif oxuyur. Əgər belə getsə, sinifdə qala bilər.
Nə isə, ona evdə müəllim tuturlar, gündə iki
saat əlavə məşğul olur. Həmin fənlərdən
qiymətlərini düzəldir...
Gördüyünüz kimi, təhsilə münasibət o qədər ciddi
idi ki, valideynlərin kimliyinə heç bir fərq
qoyulmurdu. Heç kəs təsəvvürünə belə gətirmirdi
ki, Aybəniz Vəkilova, yaxud Vaqif Vəkilov adlı
şagirdə Səməd Vurğunun qızı, oğlu olduğuna görə
layiq olmadığı yüksək qiymət yazılsın. Bunu heç
kim ağlına belə gətirməzdi. O vaxt yalnız
müəllim və şagird münasibətləri var idi...
Onu da qeyd edim ki, biz oxuyan məktəbin bir çox
problemləri - təmiri, yeni lazımi avadanlıqların
alınması və s. məsələlərdə valideynlərin çox
böyük köməyi olurdu. Bu məsələlərin həllində
xüsusilə də Səməd Vurğun, Mirzə İbrahimov...
daha çox fəallıq göstərirdi.
- Sizin sinifdə tanınmış insanlardan kimlərin
övladları oxuyurdu?
- Bizim sinifdə Mirzə İbrahimovun qızı, Cəfər
Xəndanın oğlu, Osman Sarıvəllinin oğlu, Sabit
Rəhmanın qızı oxuyurdu. Bu uşaqlarla yay
istirahətimiz də bir yerdə keçirdi. Biz əsasən
Kislovodskidə, Şuşada, Hacıkənddə istirahət
edirdik.
- Bu istirahət zonalarına atanız da sizinlə
gedirdimi?
- Gedirdi, amma o, bizə, məsələn, Kislovodskidə
ev tuturdu. Özü isə Yesentuki sanatoriyasında
dincəlirdi. Mən Üzeyir bəyi də elə ilk dəfə
Yesentukidə mədə-bağırsaq sanatoriyasında gördüm.
O vaxt atam bizi Kislovodskidən Yesentukiyə
gəzməyə gətirmişdi. Özü dincəldiyi sanatoriyada
qarğıdan hörülüb düzəldilmiş bir kresloda Üzeyir
bəy əyləşmişdi. Ona yaxınlaşanda atam dedi ki,
Üzeyir bəyin əlindən öpün. Biz ona yaxınlaşdıq,
Yusif öpdü, Aybəniz öpdü, mən öpəndə Üzeyir bəy
başımı sığalladı...
- Sizin evdə olmuş tanınmış insanlardan, yazıçı
və şairlərdən kimləri xatırlayırsınız?
- O zaman Azərbaycana gələn qonaqlar, təkcə
ədəbiyyat sahəsində yox, məsələn, Şimal qütbünü
fəth edənlərdən biri Otto Yuriyeviç Şmit
Papaninlə birlikdə -ilk Sovet İttifaqı
Qəhrəmanları Bakıya gəlmişdilər. Onda mənim 4-5
yaşım olardı, müharibə vaxtı idi.
Sonra İran şahının bacısı, Fadeyev, Konstantin
Simonov da bizim evdə qonaq olub. Bunlarla
bərabər həm də Qazaxın, Ağstafanın, Borçalının,
Sadaxlının çobanları olurdu...
Süleyman Rüstəm çox zarafatcıl bir insan idi. O,
bizim evin çox qonaq-qaralı olduğunu görüb ad
qoymuşdu "kolxoz kostinsası"...
- Siz atanızla rayonlarda, kəndlərdə görüşlərdə
olurdunuzmu?
- Çox görüşlərdə olmuşuq. Özü də bu görüşlərə
ancaq mənimlə birlikdə gedirdi. Quba, Qusar
rayonlarında lap çox olmuşuq. Ona görə ki, Səməd
Vurğun SSRİ Ali Sovetinə həmin bölgədən deputat
seçilirdi. O zaman müharibədən yenicə çıxmış
camaatın əsas neftə, çaya, şəkərə, qaloşa çox
böyük ehtiyacı var idi. Atam hər iki aydan bir
sudabekir maşını öz hesabına aldığı ərzaq və
başqa mallarla doldurub o rayonların əhalisinə
göndərərdi.
Biz Kəlbəcərdə, İstisuda da görüşlərdə olurduq.
Orada atam Aşıq Şəmşirlə görüşərdi. Həmin
ərazidə yaşayan insanlar da Səməd Vurğunun adını
eşidib onunla görüşə gəlir, maraqlı söhbətlər
edir, birlikdə şəkillər çəkdirirdilər.
Eyni zamanda biz bir çox rayon
məktəblərində-Ağdaşda, Göyçayda, Şamaxıda,
Cəlilabadda, Qubada olurduq. Atam bu məktəblərin
şagirdləri ilə görüşürdü, söhbətlər edirdi,
şeirlərini söyləyirdi...
- Atanız təkcə şair kimi deyil, həm də
ictimai-siyasi xadim və alim kimi, xeyirxah bir
insan kimi geniş şöhrət qazanmışdı...
- Bəli, 1945-ci ildə Azərbaycan Elmlər
Akademiyası yarananda ilk akademiklərdən biri
atam olub. Ömrünün son illərində isə
akademiyanın vitse-prezidenti vəzifəsində
çalışırdı.
Həmin vaxt Püstəxanım Əzizbəyovanın, Sara
Aşurbəyovanın Elmlər Akademiyasına gəlib
çalışmaları Səməd Vurğunun adı ilə bağlıdır.
Eyni zamanda dilçi alimlərdən Vaqif Aslanov,
Türkan Əfəndiyeva, tarixçi Mahal Məmmədov və bir
çoxlarının elmə gəlməsi də atamın təklifi ilə
olub. O, həqiqətən çox xeyirxah, əliaçıq adam
idi. Başqa ölkələrə oxumağa göndərilənlərə,
imkansız ailələrə yardım edərdi.
Yaxşı yadımdadır, xaricə oxumağa göndərilən bir
gənc oğlan bizə gəlmişdi. O, maddi vəziyyətinin
ağır olduğunu, buna görə də oxumağa gedə
bilməyəcəyini atama danışdı. Atam ona: "Sən
narahat olma, get təhsilini davam elə. Sənə hər
ay pul göndərərəm", - dedi. Sonra stolun
daxılından bir qundaq pul götürüb gəncə verib "Üç
aylıq təhsil haqqının puludur, bir aylıq pulla
özünə əyin-baş, kostyum alarsan. İki aydan sonra
sənə yenə pul göndərəcəyəm"-dedi və hər ay
yardım etdiyi adamların siyahısını oğlana
göstərdi. Onda gələcəyə böyük inam yaradaraq
hörmətlə yola saldı, yaxşı təhsil alıb vətənə
dönməyi tövsiyə etdi.
- Qobustan qayalarının tarixi abidə kimi qorunub
saxlanılmasında Səməd Vurğunun misilsiz xidməti
olub. Həmin hadisənin şahidi kimi siz nə deyə
bilərsiniz?
- 1954-cü ildə mən akademiyada atamın
kabinetində əyləşmişdim. Bu ara atama zəng oldu.
O zaman Respublika Ali Soveti Rəyasət Heyətinin
sədri Mirzə İbrahimov idi. Mirzə müəllim nə isə
dedi, hər ikisi yüksək səslə, əsəbi halda
danışdılar. Atam "tez maşını göndər" dedi. Mirzə
müəllimin də boz rəngdə ZİM maşını var idi.
Maşın gəldi, biz mindik. Respublika prokuroru da
bizimlə Qobustana getdi. Gördük ki, qayaları
buldozerlə uçururlar. Biz ora çatanda, atam
prokurorun tapançasını alıb maşından yerə düşən
kimi havaya dalbadal iki dəfə atəş açdı. Sonra
da əsəbi halda "ayə... neyləyirsiniz" deyib
onların üstünə qışqırdı. Buldozerdən düşməyi
tələb etdi... Əraziyə baxdılar, məlum oldu ki,
artıq üzərində qədim rəsmlər olan bir neçə qaya
uçurulub. Atam bu vəziyyətə çox təəssüfləndi...
Ondan sonra dəqiq inventarlaşma getdi. Rəsmli
qayalar qoruq, rəsmsiz qayalar isə daş karxanası
oldu.
Beləliklə, atam xalqın bu qədim tarixi abidəsini
dağıtmaga imkan vermədi. Bu hadisədən sonra da
atam arxeoloqlarla tez-tez ora getdi və
Qobustanın tarixi qoruq kimi qorunub
saxlanılmasında əlindən gələni əsirgəmədi.
Həqiqətən, əgər Səməd Vurğun belə etməsəydi, bu
gün Qobustan olmayacaqdı...
- Bacınız Aybəniz xanımın bir xatirəsində
oxumuşam ki, hardasa bir çinarı kəsmək
istəyiblər, ondan sonra Səməd Vurgun "Çinarın
şikayəti" adlı şeirini yazıb...
- Hə, o da yadımdadır. Bir dəfə atama xəbər
verirlər ki, bəs Gəncədə böyük bir çinar ağacını
kəsmək istəyirlər. Atam da təcili ora gedib bu
işin qarşısını alıb. Bax, elə ondan sonra
ürəkağrısı ilə həmin "Çinarın şikayəti" adlı
şeirini yazıb. Belə hadisələr çox olub. Məsələn,
müharibə vaxtı Qazaxda olan "Hacı Mahmud əfəndi"
türbəsini də dağıtmaq istəyiblər. Atam böyük
cəsarətlə, qorxmadan onun da qarşısını alıb.
Yeri gəlmişkən onu da deyim ki, Neftçilər
prospektində, indiki Neft Şirkətinin böyründəki
beş çinar ağacını atam əkmişdi...
- Deyirlər, Səməd Vurğunun şeirlərində həyat
eşqi, gurlayan dağ çayının səsi var. Sizcə, onun
şeirlərinin ən üstün keyfiyyəti nədə idi?
- Səməd Vurğunun şeirlərinin ən üstün keyfiyyəti
dilidir. Çox axıcı, səlist dildə yazırdı.
Mikayıl Rəfili bir dəfə ona deyir ki, sənin
dilin məndə olsaydı, bu saat Azərbaycan yox,
dünya şairi idim. Səməd Vurğun da cavab verir ki,
elə olanım budur, ondan başqa nəyim var ki?..
- Bildiyimiz kimi, Səməd Vurğun təzyiqlərə də
məruz qalırdı...
- Onu deyim ki, o dövrdə kimlərə təzyiqlər
olmurdu ki? Tanınmış insanları bir-birinə qarşı
qoyurdular ki, başları özlərinə qarışsın.
Başqaları kimi atam da otuzuncu illərdə təqib
olunur, millətçilikdə ittiham edilirdi. Xalqın
keçmişi ilə bağlı yazdığı əsərləri ona baha
otururdu. Həmin illər DTK-da atam üçün xüsusi
qovluq açılıb və haqqında olan yalan məlumatları
o qovluğa yığaraq onu "vurmaq" üçün məqam
axtarıblar.
O dövrdə belə haqsızlıqlar çox olub. Amma
görünür elə atamın etdiyi xeyirxahlıqlar,
yaxşılıqlar onu belə bəlalardan qoruyub...
- Səməd Vurğunun "Xalq şairi" adını aldığı günü
xatırlayırsınızmı?
- Yaxşı xatırlayıram. Atamın 50 illiyi
münasibəti ilə "Xalq şairi" fəxri ad təsis
edildi və bu ad ilk olaraq atama verildi. Bu ada
çox sevinsə də, ölüm yatağında olduğu üçün bu
adın ləzzətini və şöhrətini duymaq ona nəsib
olmadı. O, dünyadan vaxtsız köçsə də, bu gün
xalqın qəlbində yaşayır...
- Bəli, Vaqif müəllim, özü də əbədi yaşayır.
Atanızın özünün bir şeirində yazdığı kimi:
Demə Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni...
- Eşitmişik ki, atanız haqqında xatirələr
yazırsınız.
- Yazırdım, xəstələndim. Ürəyimdən əməliyyat
olundum. Ona görə bu iş bir qədər ləngidi.
- Taleyinizdən razısınızmı?
- Razı olsam, bir dənə də misra yaza bilmərəm.
- Vaqif müəllim, çox sağ olun ki, gəlib bizim
sualları cavablandırdınız. Atanız, dahi şairimiz
Səməd Vurğunu birlikdə xatırladıq... Sizə bundan
sonra da möhkəm cansağlığı, yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq.
- Siz də sağ olun!
Söhbətləşdi:
Ədalət DAŞDƏMİRLİ |