Noyabrın 30-da Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan
jurnalistlərinin qlobal iqlim dəyişikliyini
işıqlandırmaları sahəsində peşəkarlığının
artırılması məqsədi ilə tədris proqramının
hazırlanması" layihəsi əsasında hazırlanmış "Ekoloji
stabillik və iqlim dəyişmələri mövzusu müasir
mətbuatda" tədris proqramının təqdimatı
keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Mətbuat
Şurasının (MŞ) UNESCO-nun Moskva ofisi ilə birgə
hazırladığı proqramın təqdimat mərasimində hər
iki qurumun təmsilçiləri, ölkəmizin ictimai rəyə
təsir göstərən kütləvi informasiya vasitələrinin
rəhbərləri, media ekspertləri iştirak etmişlər.
Toplantıda layihə çərçivəsində görülmüş işlərdən
danışan MŞ-nin sədri Əflatun Amaşov bildirmişdir
ki, UNESCO-nun dəstəyi ilə icra olunan layihənin
rəhbəri Azərbaycan Mətbuat Şurası, icraçı
tərəfdaşlar isə UNESCO-nun Azərbaycan Milli MaB
(İnsan və Biosfer) Komitəsi və Beynəlxalq
Avrasiya Mətbuat Fondudur.
Yaxın vaxtlarda proqramın Təhsil Nazirliyi
tərəfindən təsdiq olunacağını söyləyən MŞ-nin
sədri demişdir ki, bu vəsait çap, elektron
media, teleradio jurnalistləri, həmçinin ali
məktəblərin jurnalistika fakültələrinin
tələbələri üçün nəzərdə tutulmuşdur.
Azərbaycanda ilk dəfə hazırlanmış bu proqram
UNESCO-ya üzv ölkələrdə də yayılacaqdır.
Sonra UNESCO-nun Moskva ofisinin kommunikasiya
və informasiya üzrə müşaviri Svetlana Knyazyeva,
layihənin əlaqələndiricisi, Beynəlxalq Avrasiya
Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu,
proqramın ekspertləri - Təhsil Nazirliyinin
İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram
Hüseynzadə, UNESCO-nun Azərbaycan Milli MaB
(İnsan və Biosfer) Komitəsinin sədri, akademik
Urxan Ələkbərov, Bakı Dövlət Universiteti
jurnalistika fakültəsinin kafedra müdiri,
professor Cahangir Məmmədli və başqaları ekoloji
mövzuda media təhsilinin müxtəlif
istiqamətlərini əhatə edən tədris
proqramının spesifik cəhətlərindən və
əhəmiyyətindən söhbət açmışlar.
Ekoloji mövzunun mətbuatda işıqlandırılması
xüsusiyyətlərindən bəhs edən natiqlər
bildirmişlər ki, insanların ətraf mühitə
vurduqları ziyan çox vaxt məlumatsızlıqdan irəli
gəlir. Bu baxımdan əhalini ekoloji problemlər,
iqlim dəyişmələrini törədən səbəblər haqqında
məlumatlandırmaq xüsusi əhəmiyyət daşıyır. Bu
işdə mətbuatın olduqca böyük rolu vardır.
Təsadüfi deyil ki, UNESCO 2009-cu ilin
sentyabrında Parisdə ekoloji problemlərin
həllində yayım mediasının roluna həsr olunmuş
toplantı keçirmişdi. Toplantıda qəbul edilmiş
Paris Deklarasiyasında yayım mediasına iqlim
dəyişmələri haqqında aparılan təbliğat və
maarifləndirmə işlərinin gücləndirilməsi tövsiyə
olunmuşdur. Azərbaycanda hazırkı təlim
proqramının hazırlanması bu istiqamətdə atılan
addım sayılmaqla, ekoloji mövzuda yazan
jurnalistlərə kömək edəcəkdir.
Sonra tədris proqramı ətrafında müzakirələr
aparılmışdır. |