Naxçıvan Müəllimlər İnstitutunda "Heydər Əliyev
və Naxçıvan" mövzusunda növbəti lektoriya
keçirilmişdir. Lektoriyanı ali təhsil ocağının
rektoru, pedaqoji elmlər doktoru, professor Oruc
Həsənli açmışdır. İnstitutun tarix müəllimi
Ələkbər Cabbarlı mövzu ilə bağlı geniş məruzə
etmişdir. Qeyd olunmuşdur ki, 1990-cı illərin
əvvəllərində Naxçıvan çox ağır, çətin günlər
keçirirdi. Sərhədyanı kəndləri ermənilər
tərəfindən hücuma məruz qalan, dincliyi əlindən
alınan Naxçıvan taleyin ümidinə buraxılmış tənha
bir adanı xatırladırdı. Tale Heydər Əliyevi
Naxçıvana göndərməklə bu qədim diyarı Dağlıq
Qarabağı və Azərbaycanın digər rayonlarını
gözləyən acı aqibətdən xilas etdi. Dahi insan
1990-1993-cü illərdə bu qədim torpağı siyasi
mərkəzə çevirdi, dünyanın nəzər-diqqəti buraya
yönəldi. Ulu öndər o vaxtlar nəinki Naxçıvanı
qorudu, yaşatdı, eyni zamanda Azərbaycan üçün də
çox önəmli işlər gördü. Dövlət müstəqilliyimizin
vacib atributları qəbul olundu, milli ordu
quruculuğuna başlandı. Naxçıvan camaatı da bu
proseslərdə möhtərəm Heydər Əliyevə dayaq oldu,
ona böyük hörmət və ehtiram göstərdi. Xalqla
rəhbərliyin qırılmaz tellərlə bir-birinə
bağlılığı Naxçıvanı yaşadıb inkişaf etdirdi.
Azərbaycanın bu qədim torpağını xilas edən
Heydər Əliyev özünə Naxçıvan boyda əbədi,
həmişəyaşar abidə ucaltdı.
Qeyd olundu ki, bu gün müstəqilliyin yolları ilə
inamla addımlayan Azərbaycanda ulu öndərin amal
və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı,
hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi
ilə bütün sahələrdə yeni-yeni uğurlara imza
atır. Ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan
da böyük tərəqqi yolunda olmaqla əsl intibah
dövrünü yaşayır. Blokada şəraitinin yaratdığı
çətinliklərə baxmayaraq, qədim diyarımız gündən-günə
çiçəklənir, həyata keçirilən böyük quruculuq
işləri muxtar respublikamızın hərtərəfli
inkişafına təkan verir.
Naxçıvan Müəllimlər
İnstitutunun Mətbuat xidməti |
|