Naxçıvan Dövlət Universitetində fəaliyyət
göstərən Heydər Əliyev Universitetinin 150-ci
məşğələsi keçirilmişdir. Məşğələni giriş sözü
ilə açan universitetin rektoru, akademik İsa
Həbibbəyli 1997-ci ildən fəaliyyət göstərən
Heydər Əliyev Universitetinin tələbə gəncliyin
ümummilli liderin parlaq ideyalarına sədaqət,
vətənpərvərlik, dövlətçilik ruhunda yetişməsində
mühüm rol oynadığını vurğulamışdır. Buradakı
zəngin kitabxana və videoteka, arxiv
materialları, eləcə də dünyanın və respublikanın
tanınmış ictimai-siyasi xadimlərinin, elm
adamlarının iştirakı ilə keçirilən məşğələlər
ulu öndərin həyat və fəaliyyətinin, siyasi
irsinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Rektor Heydər Əliyev Universitetinin gələcək
fəaliyyət istiqamətlərindən də danışmışdır.
Sonra universitetin tərbiyə işləri üzrə
prorektoru, fəlsəfə elmləri doktoru, professor,
əməkdar elm xadimi Məmməd Rzayev "Heydər Əliyev
və Azərbaycanda ali təhsil", YAP Universitet
şəhərciyi ərazi ilk təşkilatının sədri,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar
müəllim Kamal Camalov "Heydər Əliyev və tələbə
gənclik siyasəti" mövzusunda məruzələr etmişlər.
Məruzələrdə Heydər Əliyevin hər iki hakimiyyəti
dövründə təhsilin inkişafına göstərilən qayğı,
milli təhsilin beynəlxalq səviyyədə inkişafı,
təhsilə ayrılan dövlət sərmayəsinin ilbəil
artması, bu sahədə aparılan uğurlu islahatlardan
bəhs olunmuşdur. Qeyd olunmuşdur ki, bir çox
təhsil və elmi-tədqiqat müəssisələrinin
istifadəyə verilməsi, milli pedaqoji fikir
tarixinin öyrənilməsi, milli intellektual
potensialın formalaşması məhz ulu öndərin tarixi
xidmətləridir. Məhz Heydər Əliyevin şəxsi
təşəbbüsü sayəsində 1970-1980-ci illərdə 5 yeni
ali məktəb yaradılmış, 15 mindən artıq gənc
keçmiş SSRİ-nin 170-dən çox tanınmış ali
məktəblərində təhsil almış, təhsil işçiləri ən
yüksək fəxri adlara və dövlət mükafatlarına
layiq görülmüşdür. 1993-2003-cü illərdə təhsil
işçilərinin əməkhaqqı 9 dəfə artırılmış, 6 yeni
akademiya təsis edilmiş, çoxsaylı məktəb binası
istifadəyə verilmişdir. Ümummilli liderin təhsil
siyasəti bu gün də uğurla davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin təsdiq etdiyi "2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı"na əsasən milli
təhsilin dünya təhsil sisteminə inteqrasiyası,
ölkənin yüksək ixtisaslı kadrlara olan
tələbatının ödənilməsi istiqamətində böyük
uğurlar qazanılmaqdadır. Təkcə Naxçıvan Muxtar
Respublikasında son 20 ildə 189 ümumtəhsil
məktəbi binası, ali və orta təhsil müəssisələri
üçün 20-dən artıq təhsil korpusu və obyektləri,
17 uşaq bağçası, 21 uşaq musiqi məktəbinin
tikilərək və ya yenidən qurularaq istifadəyə
verilməsi, təhsil ocaqlarının müasir informasiya-kommunikasiya
texnologiyaları ilə təchiz olunması buna parlaq
sübutdur.
Məşğələnin sonunda Yeni Azərbaycan Partiyası
sıralarına yenicə daxil olmuş bir qrup gəncə
üzvlük vəsiqələri təqdim olunmuşdur.
Mehriban SULTAN |
|