Giriş yerinə
1904-cü
ildə Rusiya Yaponiya ilə apardığı savaşda böyük
bir yenilgiyə uğradı və 1905-ci ildə ölkədə
meydana gələn inqilab nəticəsində monarxiya
topluma bəzi hüquqlar verilməsinə məcbur olaraq
konstitusiya idarəsinə keçdi. Dövlətin təbəəsi
olan qeyri-rus millətlərə də bu çərçivədə bəzi
hüquqlar tanındı. Rusiyada yaşayan Türklərin
türkcə gündəlik qəzet çıxarmaq və ana dillərində
təhsil verəcək məktəblər açmaq təşəbbüsü uğurlu
oldu.
Azərbaycanda bu işləri gerçəkləşdirmək üçün
Bakıda "Nəşri-maarif" cəmiyyəti qurularaq, fəxri
sədrliyə haqlı olaraq "millət atası"
adlandırılan milyonçu Hacı Zeynalabdin Tağıyev
gətirildi (bu cəmiyyətin tarixi hörmətli alim
Nüşabə xanım Məmmədovanın 2005-ci ildə Bakıda "Elm"
nəşriyyatında basılmış "Nəşri-maarif"
cəmiyyətinin yaranması və fəaliyyəti" adlı
dəyərli monoqrafiyasında genişliklə
işıqlandırılmışdır). Məktəblər açılmazdan qabaq
burada çalışacaq müəllimlərin yetişdirilməsi
üçün öncəliklə bir müəllim məktəbi, yəni
darülmüəllimin (o zaman kişi müəllimlər
hazırlayan məktəb "darülmüəllimin", qadın
müəllimlər hazırlayan məktəblərsə "darülmüəllimat"
adlanırdı) yaradılması gərəkdi. Lazım olan
vəsait hazırlandıqdan sonra Darülmüəlliminin
başına Türkiyədən bir müdir seçmək üçün Bakıda
ilk məktəblərdə müəllimlik etməkdə olan Axısqalı
Hafiz Məhəmmədəmin Şeyxzadə İstanbula göndərildi.
Şeyxzadənin adı XX yüzilin başlarında Azərbaycan
mətbuatında din xadimi kimi sıx-sıx
çəkilməkdədir. O və onun yerlisi Ömər Faiq
Nemanzadə Şəki və Şamaxı şəhərlərində ilk "üsuli-cədid"
məktəbləri açmışlar. H.M.Şeyxzadənin qızı,
sonralar görkəmli Azərbaycan aydını kimi ad
qazanmış Şəfiqə xanım Əfəndizadə/Şeyxzadə və
həyat yoldaşı Gövhər xanım 1898-ci ildə
Azərbaycanda qızlara məxsus ilk məktəb
yaratmışlar. İstanbuldakı "Bürhani-tərəqqi"
məktəbi müdiri Haqqı bəy onunla birlikdə işləyən
Müəllim Məhəmməd Cövdəti Darülmüəllimin müdiri
kimi Hafiz Məhəmmədəmin Şeyxzadəyə tövsiyə
etmişdir. Osmanlı Maarif Nazirliyi də icazə
verəndən sonra tərəflər arasında ayda 172 manat
maaş verilməsi haqqında anlaşma imzalanmışdır.
Müəllim Cövdətin kimliyi haqqında
Müəllim
Məhəmməd Cövdət İnancalp (Müəllim Cövdət)
(1883-1935) Azərbaycanda ya heç tanınmadığı, ya
da çox az tanındığı üçün bu görkəmli şəxs
haqqında bir qədər geniş bilgi vermək zorundayam.
O, Türk fikir həyatında qısa sayıla biləcək
ömrünü yalnız elmə həsr etmiş, 40-50 cild əsər
təşkil edəcək qədər qeydlər və sənədlər, əsərlər
qoyub getmiş görkəmli bir elm adamıdır.
Onun ailəsi Rumelidə qalan Niş şəhərindəndir.
Babası Səid əfəndi Niş qalasının bir az
bərisində, Nişava çayı kənarında bulunan bir
təkkənin şeyxi, atası Məhəmmədsədi əfəndi isə
hərbçidir. M.Cövdət ailəsinin 1876-cı ildə
köçdüyü Boluda 1883-cü ildə dünyaya gəlmişdir.
İlk və orta məktəbi Boluda, liseyi Kastamonuda
oxumuşdur. 1901-ci ildə İstanbula gələrək
İstanbul Darülmüəlliminin ədəbiyyat şöbəsinə
girmişdir. Bu məktəbdən qabaq bir il Hüquq
Məktəbində oxumuş, atası rahatsız olduğuna görə
şagirdinə tam bir sarı altın (qızıl) təqaüd
verən Darülmüəlliminə keçmişdir. Bu məktəbdə ən
çox fransız dili və pedaqogika üzərində çalışmış,
ərəbcə öyrənmişdir. İlk müəllimliyini "Darüşşəfəqə"
məktəbində edib (yeri gəlmişkən, bir çox
Azərbaycan müəllimləri də burada təhsil alıb).
Bir cəmiyyət tərəfindən özəl olaraq idarə edilən,
o tarixdə Maarif Nazirliyinə bağlı həmin
məktəbdə türkcə və ərəbcə dərsləri gecə
müzakirəçiliyinə və bir müddət sonra müəllimliyə
təyin edilmişdir. Maaşıyla bağlı haqsızlığa görə
iki il sonra bu məktəbdən ayrılmışdır. "Darüşşəfəqə"
müəllimlərindən dağıstanlı Hacı Xalis əfəndidən
xüsusi "Riyazi-şəhir"i, Gələnbəvi mərhumun "Bürhan"ını,
islam fəlsəfəsi haqqında Qazı Adudun "Məvafıq"i
ilə Mavərdinin "Hüququ idarə" adlı məşhur
əsərlərini oxumuşdur. Rəsmi məktəblərdə iş tapa
bilmədiyinə görə evlərdə özəl dərs vermiş,
müəllimlərinə rəsmi məktəblərdən daha az maaş
verən Şəmsülməkatip və Bürhani-tərəqqi kimi
xüsusi məktəblərdə çalışmışdır. Sonrakı illərdə
Robert Kollec, İstanbul Darülmüəllimini,
İstanbul Kişi Liseyi, Gələnbəvi orta məktəbi,
Çənbərlidaş orta məktəbi, Ərənköy Qız Liseyində
müxtəlif fənlərdən dərs demişdir. 1926-1930-cu
illərdə çalışdığı Robert Kollecdə Türk dili və
tarixindən dərs demiş, eyni zamanda dini,
ictimai, əxlaqi və tarixi konfranslar vermişdir.
Müəllimlikdən başqa, İstanbul Kitabxanaları
Təsnif Heyətinin rəisi olmuş, Başbakanlık Dövlət
Arxivində təsnif çalışmalarında bulunmuşdur.
1931-ci ildə məsuliyyətsiz məmurların qəflətiylə
Bolqarıstana havayı deyiləcək qədər ucuz qiymətə
kilo ilə satılan bəzi arxiv materiallarının
göndərilməsini bir qəzetdə verdiyi məqalə ilə
dayandırmağı bacarmışdır. Bolqarlar aldıqları
200 bağlama sənəddən ancaq 51 bağlamasını
qaytarmışlar (Bolqarıstanda kommunist rejimi
sona yetdikdən sonra Başbakanlık Dövlət
Arxivləri Genəl Müdirliyi bu ölkəyə satılan
arxiv materiallarının surətini ala bilmişdir).
Müəllim
Cövdətin yazdığı çoxlu əsərləri var: "Zamanımızda
üsuli-inşa və Müabərə", "Müdərris Əhməd Nəim", "Tarixi
sözlük", "Şahnamə Şərq İliadası", "Hərbi din
dərsləri", "İbni Bətutəyə zeyl", "İdman ruhu".
Basılmış məqalələrinin böyük bir qismi bir kitab
həcmindədir. Bunlardan başqa, yazmağı nəzərdə
tutduğu əsərlər də vardır: "Türkiyədə təlim və
tərbiyə tarixinə mədxəl", "Səlçuqilər, Moğollar,
Timurilər və Osmanlılar dövrlərində divani və
siyaqət xətləri tarixinə mədxəl", "Aşıqpaşazadə
tarixinə mədxəl", "İbni Xaldunun Müqəddiməsinə
mədxəl", "Katib Çələbinin həyat və əsərlərinə
mədxəl", "Misirdəki Türk alim və müvərrixləri",
"Oğuznamə ilə İliada haqqında mütaliələr", "Oxmeydanı
təkkəsi və oxçuluq tarixinə mədxəl" və b.
Yazdığı əsərlə islamiyyəti mənfi biçimdə tanıdan
Cürci Zeydana zeyl (əlavə) yazacağını
bildirmişdir.
Müəllim Məhəmməd Cövdətin İstanbul həyatında az
sayda dostundan ibarət dar bir çevrəsi olmuşdur.
Bu çevrənin mərkəzində təsəvvüf əhli Balıkəsirli
Əbdüləziz Məcdi Tolun dururdu. İstanbul
Universiteti tibb fakültəsi tibb tarixi
institutunun başqanı Prof. Dr. Əhməd Süheyl
Ünver, bələdiyyəçilik və Türk maarif tarixi
haqqında ölməz əsərlərin müəllifi olan Osman
Nuri Ergin, Ədirnə sarayı haqqında
araşdırmalarıyla tanınan Dr. Osman Rifat, kitab
sərrafı Raif Yelkənci bu çevrənin mənsublarıdır.
Bu insanları bir-birinə bağlayan və həyatlarının
sonunadək kəsintisiz davam edən səmimi
münasibətlərinin mayasında dini, təsəvvüfi
görüşləri dayanır.
Təbabətlə yanaşı, Türkün tarix və sənətini də
həyatının sonunadək araşdıran və 1800-dən artıq
kitab və məqalə yazan Ünver eyni zamanda klassik
Türk rəsm sənətiylə də məşğul olmuşdur. O,
M.Cövdətdən çox şey öyrənmişdi. Məsələn,
M.Cövdət kimsəyə öyrətmədiyi siyaqət xəttinin
yazılış və oxunuş incəliklərini yalnız Ünverə
mənimsətmişdi. Bu xətt Osmanlı dövlətinin rəsmi
və xüsusən maliyyə yazışmalarında, vəqf
dəftərlərində geniş işlədilirdi. Müəllim Cövdət
bütün qeydlərini və əlyazma kitablarını
vəsiyyətnaməylə Ə.S.Ünverə buraxmışdır. Cövdətin
qədirbilən dostları (başda Osman Ergin olmaqla)
onun adına bir kitabxana qurunca Ünver də
M.Cövdətdən ona qalmış hər şeyi bu kitabxanaya
bağışlamışdır. M.Cövdətin irsi 970-i əlyazma
olmaqla 8753 kitabdır. İstanbulda 1929-cu ildə
vali və bələdiyyə başqanı Muhiddin Üstündağın
sədrliyi altında dönəmin önəmli ziyalılarının
yer aldığı bir heyət tərəfindən Şişli "Atatürk
Evi"ndə toplanmağa başlanan bu qiymətli
kolleksiya 1931-ci ildə II Bayəzid Mədrəsəsinə
daşındı və 1939-cu ildə Bələdiyyə Muzeyi və
Kitabxanası olaraq xalqın üzünə açıldı. Sonralar
satın alınmış və bağışlanılmış kitablar
sayəsində çox genişlənən kitabxana üçün 1981-ci
ildə Təqsimdə ayrıca bina tikildi və o,
bugünədək Atatürk Kitabxanası adı altında xalqa
xidmət etməkdədir. İndi həmin xəzinədə 200
mindən artıq kitab var.
Müəllim
Cövdətin kolleksiyasında kitablardan başqa çox
dəyərli sənədlər də bulunmaqdadır. Bu vəsiqələr
ən çox tarixə və Türk dilinə aiddir. Bunların
arasında çox məşhur xəttatların yazıları ilə hər
növ xətlə yazılmış bir çox lövhələr var. O,
qəzet və dərgilərdə ədəbi, tarixi və dilçilik
dəyəri olan nə oxumuş, nə görmüşsə toplamışdır.
Cövdət bəy 3 dekabr 1935-ci ildə vəfat etmişdir.
Yaxın dostu Ünver onun yarımçıq qalmış bəzi
məqalələrini tamamlayaraq nəşr etdirmişdir.
Ünver M.Cövdətdən topladığı tarixi bilgiləri
içinə alan bir silsilə dəftəri onun vəfatından
sonra hazırladığı "Cövdət arxivi"ndə topladı.
Cövdətin Azərbaycandakı çalışmaları ilə bağlı bu
dəftərlərdə olan qeydlərinin ortaya çıxarılması
öz araşdırıcısını gözləməkdədir.
Azərbaycan oxucusunda mövzunun önəmi haqqında
təsəvvür yaratmaq məqsədiylə qələmə aldığımız bu
kiçik yazıdan da görüləcəyi kimi, Müəllim
Cövdətin qardaş ölkədəki fəaliyyəti həm Türkiyə,
həm Azərbaycan təhsil tarixinin, həm də
bütövlükdə Türkiyə - Azərbaycan qardaşlığının
çox dəyərli bir səhifəsidir. Açığı, şərəf
duyuram ki, Azərbaycan mətbuatında bu haqda ilk
yazı Cövdət bəyin öz əlyazmalarına və Türkiyənin
ən çeşidli arxivlərindən əldə etdiyim bəlgələrə
dayanaraq hazırladığım bu məqalədir, ancaq bu
qiymətli səhifənin tarixini daha da incələyərək
ortaya çıxarmaq indiki nəslin boynuna düşən
mühüm vəzifədir.
Azərbaycanda
Anlaşma imzalandığına və 1907-ci il oktyabr
ayının başlanğıcında Hacı Zeynalabdin Tağıyevdən
teleqram alındığına görə, Müəllim Cövdət pasport
çıxarmış, Maarif Nazirliyindən gərəkli izni
aldıqdan sonra İstanbuldan Qafqaza yetişmək üçün
Batuma gedən bir alman vapuruna (paroxoda)
minmişdir. Batumda iki gün qaldıqdan sonra o,
qatarla Tiflisdən keçərək Bakıya çatmış və
Tağıyevin evində onun qonağı olmuşdur. Hacının
evinin çox dəbdəbəli bir saray olduğunu,
İstanbuldakı Bəyoğlunun ən böyük otellərinin
belə süslülük və mükəmməllikdə ondan geri
qaldığını anasına yazdığı məktubda bildirmişdir.
Görüləcək
işləri dərindən müzakirə etmişlər və müəllimin
keçici olaraq "İslamiyyə" mehmanxanasında (həmin
binanı 1918-ci ilin martında ermənilər yandırıb)
qalması qərarlaşdırılmış və bütün məsrəflərin
Tağıyev tərəfindən ödəniləcəyi bildirilmişdir.
Cövdət bəy 16 oktyabr 1907-ci il tarixində
anasına yazdığı məktubda deyir: "Şəhər çox
gözəldir. İstanbulda belə təmiz, geniş küçələr
yoxdur. Şəhərin xalqı dörddə üç islam, bir qismi
rusdur. Dil Anadolu türkcəsi kimidir.
Əlhəmdülillah, islam mərkəzindəyəm, firəng
içində bulunmuram".
Darülmüəllimin üçün "Məzarlıq" caddəsində (Türkiyə
qaynaqlarında belə göstərilib, rusca qaynaqlarda
küçənin adı eyni anlamlı "Kladbişşenski"dir)
Axundovun evi ayrılıb. Prof. Dr. Əhməd Cəfəroğlu
isə bu məktəbin Çəmbərəkənddə açıldığını yazır.
Bakıda olduğum zaman öyrəndim ki, Məzarlıq
küçəsi elə keçmiş Çəmbərəkənddə yerləşirmiş.
Müəllim Cövdət yeni vətəninə tez isinişmişdir.
O, boynuna götürdüyü bütün vəzifələri
artıqlamasıyla yerinə yetirmişdir. Əskidən
tələskən təbiətli olmasına baxmayaraq böyük
səbrlə bütün çətinlikləri yenmiş, daim ciddi,
ağırbaşlı və sakit davranışıyla ətrafındakıların
dərin məhəbbətini qazanmışdır. Yerlilərin
vəsaitindən yararlanmağı bacarmış, ona qarşı
çıxanlarla öcəşməmiş, tam əksinə, onları
oxşayaraq özünü sevdirmişdir. Mürəbbiliyin
sirrinə vaqifliyi onun Darülmüəllimində də uğur
qazanmasını təmin etmişdir.
"Füyuzat"
adı verilmiş Darülmüəllimini-islamın proqramını
M.Cövdət hazırlamışdır. O, İstanbuldan özünə
yardımcı olaraq Bəha Səid və "Darüşşəfəqə"ni
bitirmiş Beşikdaşlı Kiçik Fuad kimi dəyərli
yoldaşlar gətirmişdi. Görkəmli Azərbaycan
aydınları Əhməd bəy Ağaoğlu ilə Əli bəy
Hüseynzadə (Turan) də ona yardımçı olmuşlar. "Nəşri-maarif"
cəmiyyətinin sədri Hacı Zeynalabdin Tağıyev və
üzvlər: Axund Mirzə Əbutürab, Axund Molla Ağa (Məhəmmədəmin
Rəsulzadənin atası), Ağahüseyn Tağıyev, Əliağa
Həsənzadə, İsgəndər bəy Məlikov, Məhəmmədhəsən
Əfəndiyev və Məhəmmədcavad Sadıqovdan ibarət
məclisində M.Cövdətin oxuduğu təlim
proqramındakı hesab, tarix, coğrafiya, kimya,
fizika dərslərinin adından sonra "Türkcə sərf və
nəhv" ("sərf" - morfologiya, "nəhv" - sintaksis
deməkdir) sözlərini eşitcək, yuxulamaqda olan
Axund Əbutürab hirslənərək: "Sus, cahil!
Ərəbcədən başqa heç bir dilin sərf və nəhvi ola
bilməz" deyərək şiddətlə etiraz etmişdir.
Məclisdə bulunan Əhməd Ağaoğlu bu iddiaya cavab
vermək istədikdə ətrafdakılar qaş-göz işarəsiylə
onu susdurmuşlar. Axundun etirazı üzündən türkçə
sərf və nəhv proqramdan çıxarılsa da, məktəb
açıldıqdan sonra müntəzəm öyrədilmişdir.
"Füyuzat" Darülmüəllimini-islamı öncə yatılı və
gündüzlü olaraq açılmışdı. Proqram altıaylıq
kurs mahiyyətində hazırlanmışdı. Kursun ilk
müəllimləri Türk kənd məktəblərində dərs
keçənlərdi. Bunlar əski üsulla Türk uşaqlarına
Quran surələrini ehtiva edən "çərəkə" adlı
kitabçalar oxudurdular. Bu yeni məktəbsə
müəllimləri yeni tədris üsuluna alışdıraraq
onlar vasitəsilə Türk kəndlərinə yeni ruh və
yeni bilgilər aşılamalıydı. Bu baxımdan ona çox
böyük vəzifə və önəm verilmişdi. Müəllim Cövdət
bu çətin işdən qaçmayaraq Bakıdakı irəliçi
müəllimləri hərəkətə gətirərək bunlardan bir
təlim komandası yaratmağı bacardı. Bir müddət
sonra öz şagirdləri arasından ən zəkalıları
seçərək öz nəzarəti altında onlara dərs
verdirmişdir. Yeni məktəbin ehtiyac duyduğu
kitabları onun istəyinə əsasən cəmiyyət yetərli
sayda İstanbuldan gətirərək müəllim və
şagirdlərə paylamışdır. Onun təklifiylə
İstanbuldan gətirilən kitablar dəfələrlə Bakıda
yenidən nəşr edilərək Azərbaycan məktəblərinin
onlara ehtiyacı ödənilmişdir.
Müəllim
Cövdət həm özünün, həm də Azərbaycan Türkünün
bilgisindən istifadə etmişdir. Əlyazısı ilə
hazırladığı tərcümeyi-halında ərəbcə və farsca
bilgisinin artmasında ona yardımçı olan mühitlər
arasında Bakını da saymış, burada təmas etdiyi
axundların və bir neçə Dağıstan müdərrisinin
onun üzərində təsiri olduğunu göstərmişdir.
Bunlarla ərəbcə və farsca danışmağa və ara-sıra
xəbərləşməyə məcbur olduğunu, İstanbul
müdərrislərinin əksəriyyətlə ərəbcə və farsca
danışmağı və yazmağı bacarmadığını qeyd etmişdir.
O, daha çox Azərbaycanın xalqı, dili və tarixi
üzərində çalışdığını, ərəbcə bir çox tarixi
əsərlər oxuduğunu əlavə etmişdir. Bakıda ruscanı
da öyrənmişdi, ancaq sonrakı illərdə işlətmədiyi
üçün onu unutmuşdur. Əhməd bəy Ağaoğlunun
çıxardığı qəzetdə (bu, yəqin ki, "İrşad"dır)
məqalələr dərc etdirmiş, konfranslar vermişdir.
"Nəşri-maarif" cəmiyyətinin tarix və ədəbiyyat
şöbələrinə başçılığı öz üzərinə götürmüş və
onların işini yürütmüşdür. "Nəşri-maarif"də
birlikdə çalışdığı, sonralar görkəmli ictimai-siyasi
xadim kimi tanınmış Abbasqulu Kazımzadənin
bildirdiyinə görə, Cövdət bəy qarşısındakı
məqsədə çatmaq üçün hər kəslə xoş davranmağa
çalışmışdır.
Onun çalışmaları nəticəsində Darülmüəllimində:
1) gənclər və xüsusən uşaqlar Osmanlıca
danışmağa başlamış, iki Türk ləhcəsi arasındakı
fərq, demək olar ki, qalmamışdır, 2)
Azərbaycanda təliq pozması olan xətlər öz yerini
bütünlüklə rüqəyə vermişdir, 3) məzhəb ayrılığı
üzündən bir-birinə əl verməyən xalqın uşaqları
bir yerdə oxumağa başlamışlar.
Cövdətin təhsil sahəsində qazandığı uğurlar,
Türk dilini yayacaq və yaşadacaq işlər görməsi
rus hökumətinin diqqətini çəkmiş və onun Bakıdan
uzaqlaşdırılması "Nəşri-maarif" cəmiyyəti
mənsublarına "tövsiyə" edilmişdir. Rejimin bu
basqısı qarşısında cəmiyyət Məhəmməd Cövdət
bəyin üçaylıq maaşını artıqlamasıyla vermək
şərtiylə imzalanmış anlaşmanı pozmaq
məcburiyyətində qalmış, şagird azlığı gərəkcə (səbəb)
göstərilərək cəmiyyətin möhürü basılmış, məclis
üzvlərinin imzaları çəkilmiş 3 noyabr 1908
tarixli bir yazı ilə durum özünə çatdırılmışdır.
Həmin bəlgədə oxuyuruq: "Qafqasyada ən parlaq
bir mərkəzi-müslimin olan Bakıda keçən il bir
Darülmüəllimini-islam açmaq təşəbbüsündə
bulunmuş və bunun üçün İstanbula vəkil
göndərərək Darülmüəllimini-Osmani məzunlarından
ibn Sədi Məhəmməd Cövdət bəy cənablarını şəhərə
yüz yetmiş iki rublə müdirlik maaşı ilə dəvət
etmişdik. Bu müəssisəyi açmaqdan məqsədimiz əlan
Qafqasya, bilxassə Bakıda mərəzi-sari kimi
müntəşir olan cəhalət və səfahətin təzayüdünü
mən etmək və yaxşı ibtidai müəllimlər
yetişdirərək, cabəca usuli-cədidə üzrə məktəblər
küşadilə tərbiyeyi-övladi-vətən eyləməkdi. Ancaq
hər şeyin bir şərti-münasibi olmaq qaidəsincə
məzkur Darülmüəllimin əvvəlcə iki-üç il tərbiyə
görmüş və müsəlmanca məlumatı artmış şagirdlər
bulduqdan sonra açılmaq lazım idi. Lakin bir
xəta əsəri olaraq vaxtsız küşad edildi. Mücərrəd
bu səbəbdəndir ki, küşadında lazım olduğu qədər
qabiliyyətli, savadlı şagirdan tədarük edilmədi.
Darülmüəlliminin mövcud iki ehtiyat şöbəsindəki
az şagirdlə dari-məzkurun birinci sinfini açmaq
mümkün olmadı. Buna binaən məclis son ictimaında
bu iki şöbənin ayda yüz yetmiş iki rublə alır
bir müdirlə idarəsi qabil olmadığına görə
müdirliyinin ləğviylə cənab ibn Sədi Məhəmməd
Cövdət bəyin İstanbula övdətinə və özünə üç
aylıq fəzlə məvacib ətasıyla tərziyəsinə qərar
verdi. Mumileyh Cövdət bəy cənablarının məktəb
namına səy və qeyrətindən məclis umumən razı və
şu iftiraqi- zərurisindən naşi mütəəssifdir".
M.Cövdət Azərbaycanda ikən məktəblərin tətil
zamanındamı, yoxsa işinə son verildikdən sonramı
qəti bilinməyən bir zamanda Xəzər dənizindən
qarşıya keçərək Orta Asiyaya getmək, oradakı
Türklərlə təmas etmək istədiyində dərhal
yaxalanmış, dörd-beş saat tutuqlu qaldıqdan
sonra geriyə göndərilmişdir.
Şamaxılı olan, sonradan Türkiyədə təhsil alaraq
orada çalışan Məhəmmədşərif Əfəndizadə əmisi
oğlu Əbdürrəhman Tofiqin Cövdət bəyin müdir
olduğu Darülmüəllimində müdir yardımçısı olması
səbəbindən məktəbə etdiyi ziyarətlər sırasında
müdirlə tanış olmuş, ilk vaxtlar onun əsəbi
təbiətindən dolayı çox yaxınlaşa bilmədiklərini,
sonra dost olduqlarını, onun başında fəslə yola
çıxdığında bir çoxlarının Türkiyədən bir Türk
görə bilmək üçün ona baxmağa çıxdıqlarını deyir.
M.Əfəndizadə M.Cövdətin Bakıda müəllimlik və
qəzetçilik edən Əli bəy Hüseynzadə və Əhməd
Kamal Akünal qədər Azərbaycan maarifinə xidmətdə
buluna bilməməsini inqilabçı xasiyyətinin
yoxluğuna bağlayır.
Onun Azərbaycandakı xidmət müddəti iki tərəfin
də arzu etdiyi qədər olmamaqla bərabər, əldə
etdiyi pul Avropaya pedaqoji sahəsində incələmə
gəzintisinə çıxmasına yardımçı olmuşdur. Bu
səyahətə Azərbaycanda işə başladığı birinci ilin
yay tətilində də çıxmışdır. Avropa və Rusiyanı
dolaşmış, Moskvada İsgəndər bəy Məlikov
vasitəsilə Lev Tolstoyu ziyarət etmişdir. Bir
yazısında Bakıda bulunduğu vaxtlar bir
səyahətində məşhur şərqşünas Bartoldla da
görüşdüyünü qeyd etmişdir.
Müəllim Cövdət bəyin arxivi diqqətlə incələnərsə,
orada Azərbaycanın təhsil tarixiylə bağlı başqa
çoxlu yeni bilgilərin də ortaya çıxacağına
əminik.
Ömər ÖZCAN,
Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyi
Təlim və Tərbiyə Kurulu üzvü |
|