Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar:
496-34-82; 496-37-61; e-mail ünvanı:
qaynar-xett@edu.gov.az) 2011-ci ilin oktyabrında
2256 müraciət daxil olub. Müraciətlərdən 1992-si
telefonla, 264-ü isə elektron poçt vasitəsilə
qəbul edilib.
Qeyd edək ki, ötən ay sorğu xarakterli
müraciətlər çoxluq təşkil edib. Sorğularda
məktəbəqədər, ümumi təhsil, ilk peşə-ixtisas
təhsili müəssisələrinə, orta ixtisas və ali
məktəblərə dair məsələlərdən, müəllimlərin
müsabiqə yolu ilə işə qəbulu, məktəblilərin
dərsliklərlə təminatı, təhsil müəssisələrində
yaş senzinin tətbiqi, özəl ali məktəblər, təhsil
sənədlərinin tanınması, məktəbli forması və
digər mövzulardan bəhs olunur.
Bir sıra müraciətlərdə məktəbəqədər, ümumi
təhsil, ilk peşə-ixtisas təhsili müəssisələri,
orta-ixtisas və ali təhsil müəssisələrindəki
nöqsan və problemlər əksini tapıb. Bu qəbildən
olan 140 müraciət əsasında araşdırmalar aparılıb,
problemlərin aradan qaldırılması istiqamətində
müvafiq tədbirlər həyata keçirilib.
Hesabat ayında Bakı şəhərindəki məktəbəqədər
təhsil müəssisələrindən 7 şikayət daxil olub.
Həmin müraciətlərdə yeməklərin verilmə vaxtı,
keyfiyyəti, eləcə də uşaqların bağçaya qəbulu və
digər bu kimi problemlərdən bəhs edilir.
Ötən ay "Qaynar xətt" xidmətinə daxil olan
şikayət məzmunlu müraciətlərin 70-i Bakı, 3-ü
Gəncə, 2-si Sumqayıt şəhərlərindəndir.
Abşerondan 5, Cəlilabad və Yardımlı rayonlarının
hər birindən 4, Şəki, Bərdə və Lerik
rayonlarının hər birindən 3, Kürdəmir, Göygöl,
Daşkəsən, Neftçala, Tovuz rayonlarının hər
birindən 2, İmişli, Masallı, Cəbrayıl, Ağstafa,
Kəlbəcər, Şabran, Şəmkir, Xaçmaz və Ağsu
rayonlarının hər birindən 1 müraciət daxil olub.
"Qaynar xətt" xidmətinə daxil olan müraciətlər
əsasında fəaliyyətində nöqsan aşkarlanmış təhsil
müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar
verilib. Araşdırma aparılan məktəblərin
direktorlarına rəhbərlik etdikləri təhsil
müəssisəsində mənəvi-psixoloji mühitin
sağlamlaşdırılması, əmək intizamına nəzarətin
artırılması tövsiyə olunub. İşdə yol verilmiş
nöqsanlara görə bir neçə nəfərə inzibati cəza
tətbiq edilib. Belə ki, Bakı şəhərindəki 74
nömrəli məktəbin müəlliminə töhmət elan edilib,
işə üzrsüz səbəbdən çıxmadığına görə 249 nömrəli
məktəbin müəllimi ilə bağlanmış əmək
müqaviləsinə xitam verilib.
Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili
müəssisələri tələbələrinin təqaüdünün
gecikdirilməsi, dövlət sifarişi ilə təhsil alan
tələbələrin təhsil haqqının müvafiq dövlət və
özəl ali məktəblərinə, xaricdə təhsil alan
tələbələrin təqaüdlərinin xarici ölkələrin
təhsil müəssisələrinə köçürülməsi ilə bağlı "Qaynar
xətt"ə daxil olmuş 17 şikayət də aidiyyəti
struktur bölmələrə yönəldilib, qaldırılan bütün
məsələlər vaxtında həllini tapıb. |
|