Noyabrın
24-də təhsil naziri Misir Mərdanov İordaniya
Krallığının
ali
təhsil və elmi
tədqiqatlar
nazirinin
müavini Mustafa Əl Advan ilə görüşüb.
Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq
duyduğunu ifadə edən Misir Mərdanov öncə
Azərbaycanla İordaniya arasında mövcud olan
əlaqələrin son illər daha da inkişaf etdiyini,
hər iki ölkə rəhbərinin səmimi münasibətlərinin
bütün sahələrdə əməkdaşlığa təkan verdiyini
bildirib. Nazir İordaniya ilə təhsil
əlaqələrinin genişləndirilməsində ölkəmizin
maraqlı olduğunu nəzərə çatdırıb, İordaniya
tərəfinin Azərbaycanla bağlı hər bir məsələyə
xüsusi diqqət yetirməsini yüksək dəyərləndirib.
Azərbaycanın ali məktəblərində İordaniyadan 22
tələbənin təhsil aldığını vurğulayan nazir
tələbə mübadiləsi istiqamətində əlaqələrin
genişləndirilməsinin vacibliyinə toxunub. Misir
Mərdanov, həmçinin İordaniyaya səfəri zamanı bu
ölkənin ali məktəbləri, onların yüksək tədris
şəraiti ilə tanış olduğunu bildirib. Bir sıra
ixtisaslar üzrə azərbaycanlı tələbələrin
İordaniya universitetlərinə göndərilməsinin
mümkünlüyünü qeyd edən təhsil naziri bu baxımdan
İKT, tibb və digər sahələrə üstünlük
verilməsinin zəruriliyini nəzərə çatdırıb.
İordaniya Krallığının
ali
təhsil və elmi
tədqiqatlar
nazirinin müavini Mustafa Əl Advan səmimi qəbul
üçün təhsil naziri Misir Mərdanova təşəkkür
edərək İordaniya-Azərbaycan əlaqələrinin bütün
sahələrdə inkişaf etdiyini vurğulayıb.
İordaniyanın təhsil sistemində qazanılan
uğurlara diqqət çəkən qonaq tələbə və müəllim
mübadiləsi, elm sahəsi üzrə əməkdaşlıqda maraqlı
olduqlarını bildirib. Mustafa Əl Advan ölkəsinin
Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini
və bu baxımdan təhsil sahəsindəki əlaqələrin
prioritet təşkil etdiyini vurğulayıb.
Təhsil naziri Misir Mərdanov İordaniyanın orta
məktəblərində İKT-nin tətbiqi üzrə təcrübənin
öyrənilməsinin əhəmiyyətini qeyd edib, iki ölkə
arasında "Qardaşlaşmış məktəblər" layihəsinin
reallaşdırılması, ali təhsil sahəsində
əlaqələrin səmərəliliyinin artırılmasının
vacibliyini bildirib. Qarşılıqlı əməkdaşlığın
genişləndirilməsində birgə simpozium və
konfransların keçirilməsinin səmərəli olacağına
inamını ifadə edən nazir Azərbaycan-İordaniya
təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi
məqsədilə ölkələrimiz arasında müvafiq sazişin
imzalanması təklifini irəli sürüb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər
məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə İordaniya Krallığının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad
Adaileh də iştirak edib. |