Misir
Mərdanov qonaqları səmimi salamlayaraq onları
Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə
edib. Şimali Kipr Türk Respublikası ilə
qarşılıqlı əlaqələrin mövcudluğunu diqqətə
çatdıran nazir son illər təhsil sahəsində
əməkdaşlığın daha da inkişaf etdiyini qeyd edib.
Nazir qonağın Azərbaycana gəlişini bu əlaqələrin
bariz nümunəsi kimi dəyərləndirib və təhsil
sahəsi üzrə qurulmuş əlaqələrin səmərəliliyinin
artırılmasının əhəmiyyətini vurğulayıb.
Uşaqların rifahının yüksəldilməsinin ölkə
Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın
daim diqqət mərkəzində olduğunu nəzərə çatdıran
Misir Mərdanov bu istiqamətdə aparılan işlərdən
söz açıb. Təhsil naziri qonağın "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi (De-institusionalizasiya)
və alternativ qayğı Dövlət Proqramı"
çərçivəsində "2011-ci ilin yekunları və qarşıda
duran vəzifələr" mövzusunda keçiriləcək
beynəlxalq konfransa qatılmasının önəmini qeyd
edib. Eyni zamanda nazir müvafiq proqram
çərçivəsində mütəxəssislərin qarşılıqlı
səfərlərinin təşkil edildiyini deyib.
Şimali Kipr Türk Respublikası Baş nazirinin
xanımı Gülin Küçük öncə səmimi qəbul üçün təhsil
naziri Misir Mərdanova təşəkkürünü bildirib və
Şimali Kipr Türk Respublikası Baş nazirinin
salamını çatdırıb. Qonaq Azərbaycanla Şimali
Kipr Türk Respublikası arasında yaradılan
əlaqələrdə təhsil sahəsinin xüsusi yeri olduğunu
bildirib. Təhsil sahəsində ikitərəfli
əməkdaşlığın daha da inkişaf etdirilməsinin
əhəmiyyətindən danışan Gülin Küçük birgə
əlaqələrin yüksək töhfələr verəcəyinə inamını
ifadə edib. Şimali Kipr Türk Respublikasının
Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki
Qazioğlu qeyd edib ki, iki ölkə arasında təhsil
sahəsindəki əlaqələr son illər daha da
genişlənib. Zəki Qazioğlu Şimali Kipr Türk
Respublikasının ali məktəblərində təhsil alan
azərbaycanlı gənclərin sayının artmasını müsbət
dəyərləndirdiklərini diqqətə çatdırıb və
bildirib ki, ötən il həmin gənclərin sayı 407
olduğu halda, cari ildə isə bu göstərici 600-ə
yüksəlib.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı
istiqamətində fikir mübadiləsi aparılıb. |