Noyabrın
23-də Akademik Milli Dram Teatrında Azərbaycan
Texniki Universitetinin 60 illik yubileyinə həsr
olunmuş təntənəli mərasim keçirildi. Tədbirdə
Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanov, millət vəkilləri, ali məktəblərin
rektorları, Təhsil Nazirliyinin məsul
əməkdaşları, tanınmış alimlər və ziyalılar, bir
sıra idarə və təşkilatların nümayəndələri,
universitetin professor-müəllim heyəti,
tələbələr və KİV təmsilçiləri iştirak edirdilər.
Təhsil naziri Misir Mərdanov iştirakçıları
salamlayaraq tədbiri açıq elan etdikdən sonra
Azərbaycan Respublikasının Dövlət himni səsləndi.
Misir Mərdanov təhsil ocağının kollektivini,
müəllimləri, tələbələri dövlət başçısı cənab
İlham Əliyevin adından yubiley münasibətilə
təbrik edərək onlara cansağlığı və gələcək
fəaliyyətlərində uğurlar arzuladı.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin universitetin əməkdaşlarının
mühəndis kadrların hazırlanması və texniki
elmlərin inkişafındakı xidmətlərinə görə
müxtəlif fəxri adlar, orden və medallarla təltif
olunması ilə bağlı 4 noyabr 2011-ci il tarixli
sərəncamlarını təhsil və elm sahəsinə göstərilən
diqqətin növbəti təzahürü kimi dəyərləndirən
nazir ölkənin bütün təhsil ictimaiyyəti adından
dövlət başçısına minnətdarlığını bildirdi. Misir
Mərdanov bunun təhsil ocağında çalışan hər bir
kəsin əməyinə verilən yüksək qiymət olduğunu
qeyd etdi və kollektivin bu şərəfə layiq
fəaliyyət göstərməsinin, öz işinə daha
məsuliyyətlə yanaşmasının zəruriliyini vurğuladı.
Nazir universitetin əməkdaşlarından bir qrupunun
Təhsil Nazirliyinin yüksək mükafatlarına layiq
görüldüyünü diqqətə çatdırdı.
AzTU-nun rektoru Havar Məmmədov yubiley
mərasiminin iştirakçılarını salamladı və yüksək
dövlət mükafatlarına layiq görüldüklərinə görə
ölkə Prezidenti cənab İlham Əliyevə rəhbərlik
etdiyi kollektiv adından hörmət və ehtiramını
bildirdi.
Rektor daha sonra geniş məruzə ilə çıxış etdi.
Məruzədə təhsil ocağının yaranma tarixi,
fəaliyyət istiqamətləri, maddi-texniki bazası,
beynəlxalq əlaqələri, uğurları və s. haqqında
ətraflı məlumat verildi.
Qeyd olundu ki, universitet iqtisadiyyatın
müxtəlif sahələrində uğurla çalışan çoxsaylı
məzunları - ixtisaslı kadrları ilə Azərbaycanın
inkişafında böyük izlər qoymuş, özünəməxsus elm
və təhsil ənənələri formalaşdırmışdır.
Azərbaycan Texniki Universiteti müstəqil ali
məktəb kimi fəaliyyət göstərməyə başladıqdan
sonrakı dövr ərzində müxtəlif ixtisaslar üzrə 90
min nəfərdən çox mühəndis, bakalavr və magistr
hazırlanmışdır. AzTU-nun auditoriyalarında
yetişmiş intellektual səviyyəli, vətənpərvər
ziyalılar onun nüfuzunu daim qoruyub saxlamışlar.
Hazırda universitetdə 9 fakültə, 47 kafedra, 1
elmi mərkəz, 18 elmi-tədqiqat laboratoriyası,
550 min kitab fonduna malik əsaslı kitabxana
fəaliyyət göstərir. Burada 26 istiqamət və 68
ixtisas üzrə bakalavr və magistr hazırlanır.
Təhsil ocağında 633 nəfər professor-müəllim, o
cümlədən 70 nəfərdən çox elmlər doktoru,
professor, 330 nəfər elmlər namizədi, dosent 7
mindən çox tələbənin təlim-tərbiyəsi ilə məşğul
olur.
Universitetin kadr potensialının formalaşmasında
onun öz məzunlarının böyük xidmətləri var. Belə
ki, AzTU-nun 360 nəfər məzunu hazırda burada
elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Bunların 45
nəfəri elmlər doktoru, professor, 270 nəfəri
elmlər namizədi, dosentdir.
AzTU-nun fəaliyyətini səciyyələndirən mühüm
cəhətlərdən biri də tədrisin, elmi-tədqiqat
işlərinin istehsalatla sıx əlaqələndirilməsidir.
Burada metallurgiya, maşınqayırma, nəqliyyat,
avtomatika, energetika, və s. sahələr üzrə mühüm
elmi-tədqiqat işləri aparılır və alınan
nəticələrin istehsalata tətbiqi ilə bağlı əməli
işlər görülür.
Mərasimdə çıxış edən Milli Məclis sədrinin
müavini Bahar Muradova, AMEA-nın birinci
vitse-prezidenti Arif Həşimov, Bakı Dövlət
Universitetinin rektoru Abel Məhərrəmov,
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman
Əmiraslanov, Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru Şəmsəddin Hacıyev,
Azərbaycan Dövlət Neft Akademiyasının rektoru
Siyavuş Qarayev, Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rektoru Gülçöhrə Məmmədova,
Lənkəran Dövlət Universitetinin rektoru Asəf
İsgəndərov, rabitə və informasiya
texnologiyaları nazirinin müavini İltimas
Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr
müavini Şaiq Əsgərov, Yasamal RİH-in başçısı
İbrahim Mehdiyev və başqaları Azərbaycan Texniki
Universitetinin professor-müəllim heyəti və
tələbələrini yubiley münasibətilə təbrik
etdilər.
Hicran ƏKBƏROVA |
|