2011-ci ilin dekabr ayında Azərbaycanın tanınmış
ictimai-siyasi xadimi və publisisti, əməkdar
jurnalist Nəsrulla Əsəd oğlu İmanquliyevin
anadan olmasının 100 ili tamam olur.
Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə
xüsusi yeri olan Nəsrulla İmanquliyev
mətbuatımızın inkişafında əvəzsiz xidmətlər
göstərmişdir. O, cəmiyyət həyatının ən müxtəlif
sahələrini əks etdirən sanballı yazıları ilə
mətbuat tariximizə layiqli töhfələr vermişdir.
Onun jurnalistika sahəsində zəngin pedaqoji
fəaliyyəti Azərbaycan jurnalistlərinin böyük bir
nəslinin formalaşmasında mühüm rol oynamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
Azərbaycan jurnalistikasının inkişafında
təqdirəlayiq xidmətlər göstərmiş Nəsrulla
İmanquliyevin 100 illik yubileyinin
keçirilməsini təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
və Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Mətbuat Şurasının və
Azərbaycan Jurnalistlər Birliyinin təkliflərini
nəzərə almaqla, əməkdar jurnalist Nəsrulla
İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 23 noyabr 2011-ci il |