Rays
Universiteti
(Rice University) ABŞ-ın Texas ştatının Hyuston
şəhərində yerləşən özəl elmi-tədqiqat
müəssisəsidir.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Rays
Universiteti 100 ən yaxşı ali məktəb arasında
100-cü yerdə olub. 2010-cu il üzrə dünyanın ən
nüfuzlu universitetləri arasında Rays
Universiteti "Times Higher Education World
University Rankings"in apardığı araşdırmaya
əsasən 47-ci, "QS World University Rankings"in
açıqlamasına görə isə 115-ci yerdə qərarlaşıb.
2011-2012-ci tədris ilində Rays Universiteti
"Times Higher Education World University
Rankings"in apardığı araşdırmaya əsasən 72-ci
yerdə dayanır.
Tarixi
Rays
Universitetinin tarixi Massaçusets ştatından
olan biznesmen Uilyam
Marş
Raysın adı ilə bağlıdır. Texas ştatında pambıq
satışı ilə məşğul olan Rays yüksək məbləğdə
vəsait əldə edir. 1891-ci ildə Rays Hyuston
şəhərində öz adını daşıyan müstəqil təhsil
müəssisəsi yaratmaq qərarına gəlir. 1900-cü il
sentyabrın 23-də Rays qəflətən vəfat edir və
ölümündən sonra onun vəsiyyətnaməsi ətrafında
mübahisələr yaranır. Sonradan Raysın vəkili
Albert Patrikin vəsiyyətnamədə saxtakarlığa yol
verdiyi məlum olur və o, həbs edilir.
1907-ci ildə yeni yaradılacaq ali təhsil
müəssisəsinin Qəyyumlar Şurası Prinston
Universitetində Riyaziyyat və astronomiya
kafedrasının müdiri olan Edqar Odell Lovetti
Rays İnstitutuna rəhbər təyin etmək qərarına
gəlir. 1908-ci ildə Lovett təklifi qəbul edir və
1912-ci il oktyabrın 12-də rəsmi olaraq Rays
İnstitutun prezidenti təyin olunur. Bu vəzifənin
icrasına başlayan E.O.Lovett 1908-1909-cu illər
ərzində dünyanın 78 ali təhsil müəssisəsinə baş
çəkir və tədqiqatlar aparır. Səfərləri zamanı
Pensilvaniya Universitetinin estetik
gözəlliyini,
Kembric Universitetinin yataqxana kolleclərini
bəyənən
Lovett gördüklərini
rəhbərlik etdiyi ali məktəbdə tətbiq etmək
qərarına gəlir. Lovett yüksək səviyyəli, liberal
və texniki təhsil verən ali məktəb yaratmaq
niyyətində olur. 1911-ci ildə Rays İnstitutunun
hazırda Lovett Holl kimi tanınan inzibati binası
tikilir. 1912-ci il sentyabrın 23-də, Raysın
ölümünün ildönümündə universitetin Uilyam Marş
Rays adına Ədəbiyyat, Dəqiq və Humanitar
Elmlərin İnkişafı İnstitutu fəaliyyətə başlayır.
İnstitutda 48 oğlan, 29 qız tələbə təhsil alır
və yarandığı gündən institutda qızlarla
oğlanların birgə təhsil almalarına icazə verilir.
3 həftə sonra həmin institutda dünyanın
diqqətini çəkəcək beynəlxalq akademik festival
təşkil olunur. 1916-cı ildə institutun 35 nəfər
tələbəsinə bakalavr, 1 nəfərə isə magistr
dərəcəsi verilir. Onu da qeyd edək ki,
universitetdə ilk doktorluq dərəcəsi 1918-ci
ildə verilib.
1930-cu ildə Lovett Hollun yaxınlığında Uilyam
Marş Raysın əyləşmiş şəkildə böyük tunc heykəli
qoyulur. İkinci Dünya müharibəsi dövründə Rays
İnstitutu "Milli V-12 Donanma Kollec Tədris
Proqramı"nda iştirak edən 131 ali məktəbdən biri
olur. İnstitutun prezidenti Lovettin təklif
etdiyi yataqxana kolleclərinə uyğun olaraq
1958-ci ildə buradakı İst Holl Beyker, Sout Holl
Uill Rays, Uest Holl Hanszen, Uiess Holl isə
Uiess kolleci adlandırılır.
1960-cı ildə Rays İnstitutu rəsmi olaraq Uilyam
Marş Rays Universiteti adlandırılır. 1962-ci
ildə ABŞ prezidenti Con Kennedi Rays stadionunda
çıxış edərək 60-cı illərin sonunadək ABŞ-ın Aya
kosmik gəmi göndərəcəyini və dünyanın ən nəhəng
kosmik dövlətə çevriləcəyini bəyan edir.
1960-cı ildən Rays Universiteti NASA ilə
əməkdaşlığa başlayır və bu günədək həmin
əlaqələr davam etməkdədir.
1974-cü ildə Rays Universitetində Cess Cons
İdarəetmə Ali Məktəbi və Şeferd Musiqi Məktəbi
yaradılır. 1979-cu ildə universitetin Rays
Sosial Elmlər Məktəbi fəaliyyətə başlayır.
Büdcəsi və təhsil haqqı
2011-ci ildə Rays Universitetinin əməliyyat
gəlirləri ümumilikdə 526408000 ABŞ dolları olub.
Bu vəsaitin 111339000 ABŞ dollarını federal
qrant və sazişlər, 107145000 ABŞ dollarını
təhsil haqqı və təhsil sazişləri, 24623000
ABŞ
dollarını yardım və hədiyyələr, 39817000 ABŞ
dollarını
köməkçi müəssisələr,
qalanlarını isə digər vasitələr hesabına əldə
olunan gəlirlər təşkil edib.
Həmin tədris ilində ali məktəbin ümumi xərcləri
525442000 ABŞ dolları olub. Bu vəsaitin əsas
hissəsini əməkdaşların əməkhaqqı, amortizasiya
xərcləri, tələbələrin təqaüdü və yardımlar,
eləcə də digər əməliyyat xərcləri təşkil edib.
2011-ci ildə Rays Universitetinin İanə fondunun
gəlirləri təxminən 4500000000 ABŞ dolları olub.
2011-2012-ci tədris ilində Rays Universitetində
tələbələrin təhsil haqqı 34900 ABŞ dolları
təşkil edir.
Rays Universitetində tələbələrə əlavə olaraq
yataqxana və qidalanmaq üçün 12270, kitab və
digər dərs ləvazimatları üçün 800, şəxsi xərclər
üçün isə 1550 ABŞ dolları lazım gəlir.
Universitet bu gün
Rays Universitetinin kampusu meşəlikdən
ibarətdir və Hyuston şəhərində
1,15 km2
(285 akr) ərazini əhatə edir. Kampus 5 küçədən (Qrinbraye,
Rays Bulvar, Sanset Bulvar, Universitet Bulvar
və Meyn Strit) ibarətdir. Son illər kampus
yaxınlığında yeni-yeni binalar tikilsə də,
universitetin inzibati və akademik binaları əsas
kampusda yerləşir. Magistr və doktorantlar üçün
yataqxanalar, Qrinbraye, Uiess binaları
universitet şəhərciyindən kənarda yerləşir. Rays
Universitetinin kampusu gözoxşayan yaşıllığı ilə
diqqəti cəlb edir, şəhərcikdə 4000 ağac və
kolluq, eləcə də digər bitki növləri mövcuddur.
Universitetin ilk prezidenti Edqar Odell Lovett
bu təhsil müəssisəsinin memarlıq üslubuna və
estetik gözəlliyinə xüsusi diqqət ayırdığından
kampus gözəlliyi ilə seçilir. Şəhərciyin
binaları əsasən Bizans üslubunda, qum və çəhrayı
kərpicdən inşa edilib. Kampusun ərazisindəki ən
möhtəşəm bina Lovett Holldur. Kampusdakı binalar
dördbucaq formasında tikilib.
Rays Universitetində aşağıdakı məktəb və
fakültələr fəaliyyət göstərir:
Memarlıq Məktəbində Memarlığın tarixi,
Şəhərsalma və regional planlaşdırma, Memarlıq və
dizayn, Təsviri incəsənət proqramları təklif
olunur. Məktəb 1912-ci ildə yaradılıb.
Syuzanna Qlasskok Fasiləsiz Təhsil Məktəbi
Liberal tədqiqatlar, İngilis dili ikinci dil
kimi departamentlərindən ibarətdir.
Corc Braun Texniki Məktəbində Biomühəndislik,
Kimya və biomolekulyar mühəndislik, Vətəndaş və
ekologiya mühəndisliyi, Hesablama və tətbiqi
riyaziyyat, Kompüter elmləri, Elektrotexnika və
hesablama texnikası, Maşınqayırma və
materialşünaslıq, Statistika məktəbləri
mövcuddur.
Humanitar Elmlər Məktəbi nəzdində Qədim Aralıq
dənizi sivilizasiyası, İncəsənətin tarixi,
Xarici dillər, Qadın, gender və cinsi fərqlilik,
Klassik tədqiqatlar, İngilis, Fransız, Alman,
İspan tədqiqatları, Tarix, Humanitar tədqiqatlar,
Kineziologiya,
Dilçilik, Fəlsəfə, İlahiyyat,
Vizual və dramatik incəsənət departament və
mərkəzləri fəaliyyət göstərir.
Cess Cons Ali Biznes Məktəbi Rays sahibkarlıq,
Rays icraedici təhsil, MBA, Rəhbər işçilər üçün
MBA, Peşəkarlar üçün MBA, Biznes üzrə PhD
proqramları təklif edir.
Şeferd Musiqi Məktəbi 1974-cü ildə yaradılıb və
ölkənin ən böyük musiqi məktəblərindən biridir.
Məktəbdə orkestr və opera musiqisinin
oyrənilməsinə xüsusi diqqət ayrılır.
Uiess Təbiət Elmləri Məktəbinə Biokimya və
hüceyrə biologiyası, Kimya, Ekologiya və təkamül
biologiyası, Yer Elmləri, Riyaziyyat, Fizika və
astronomiya departamentləri daxildir.
Sosial Elmlər Məktəbi Antropologiya, Koqnitiv
elmlər, İqtisadiyyat, İdarəetmə tədqiqatları,
Siyasət tədqiqatları, Siyasi elmlər, Psixologiya,
Şell sabit inkişaf, Sosiologiya
departamentlərindən, Kinder Şəhər Tədqiqatları,
İctimai Elmlər Elmi-Tədqiqat institutlarından,
Hobbi Texasın Öyrənilməsi Mərkəzindən ibarətdir.
Rays Universiteti yuxarıda sadalanan
ixtisaslardan əlavə, Hərbi-hava qüvvələri
elmləri, Tətbiqi fizika, Koqnitiv elmlər,
Hesablama elmi və texnikası, Təhsilin
sertifikatlaşması, Ekologiya, Rays Liderlik,
Hərbi, Hərbi-dəniz elmləri və s. proqramlar
təklif edir.
Rays Universitetinin məşhur məzunları arasında
101 Fulbrayt, 20 Marşall, 12 Rodos elmi
mükafatçıları, minlərlə alim, iş adamı və digər
nüfuzlu şəxslər vardır. 2004-cü ildən bu günədək
professor Devid Libron universitetin
prezidentidir. Ali məktəbin rektoru isə
professor Corc Maklendondur. Universitetdə 650
akademik, 2152 inzibati işçi çalışır.
Universitetdə ümumilikdə 6100-ə qədər tələbə
təhsil alır. Tələbələrin 4000-ə qədəri bakalavr,
qalanları isə magistr və doktorantlardır.
Tələbələrin 48 faizini qızlar təşkil edir.
Rays Universitetində 11 yataqxana fəaliyyət
göstərir. Bunlar Beyker, Braun, Dunkan, Hanszen,
Cons, Lovett, Martel, MakMartri, Uill Rays, Sid
Riçardson, Uiess yataqxana-kollecləridir. ABŞ-ın
digər universitetlərində olduğu kimi, Rays
Universitetində də idmanın bütün növlərinə
xüsusi diqqət ayrılır və bu sahədə Rays
Universitetinin əsas rəqibi Hyuston
Universitetidir.
Rays Universiteti beynəlxalq şöhrətə malik olan
özəl təhsil ocağıdır. Burada dünyanın 83
ölkəsindən əcnəbi tələbələr təhsil alır. Digər
ölkələrdən olan tələbələrin oxumasına üstünlük
verən universitet, eyni zamanda istedadlı və
savadlı müəllimlərin cəlb edilməsinə də xüsusi
diqqət ayırır. Şüarı "Yazı, elm, incəsənət" olan
Rays Universiteti gənclərin arzuladıqları
təhsili ala biləcək ən mükəmməl elm ocaqlarından
biridir.
Universitetin məşhur məzunları
|
Ceyms Beyker |
ABŞ-ın sabiq dövlət katibi |
|
|
Alberto Qonzales |
ABŞ-ın sabiq baş prokuroru |
|
|
Ennis Parker |
Hyuston şəhərinin sabiq meri |
|
|
Roy Hofhaynz |
Hyuston şəhərinin sabiq meri |
|
|
Robert Vudro Vilson |
fizika üzrə Nobel mükafatı laureatı,
kosmik mikrodalğalı fon şüalanmasının
yaradıcısı |
|
|
Riçard Smolli |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Herman Cozef Meller |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Larri MakMertri |
Pulitser və Oskar mükafatları
laureatları |
|
|
Peqqi Uitson |
NASA-nın astronavtı |
|
|
Con Bull |
NASA-nın astronavtı |
|
|
Hovard Hages |
ABŞ aviatoru, mühəndis və film prodüseri |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |
|