Əsası
ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş
milli təhsil siyasəti ölkəmizdə uğurla davam
etdirilir. Azərbaycan Respublikasında ümumi
təhsilin Konsepsiyası (Milli Kurikulum) milli və
ümumbəşəri dəyərləri, ümumi inkişaf, meyil və
maraqları nəzərə alaraq daha çox şagirdlərdə
şəxsiyyətin formalaşdırılmasına, həyati
bacarıqların yaradılmasına xidmət göstərə
bilməsi ilə fərqlənir.
Kurikulum islahatı təlimin təşkili formalarının
təkmilləşdirilməsini və yeni məzmun
standartlarına uyğun müasir dərs strukturunun
yaradılmasını tələb edir. Ümumtəhsil
məktəblərində ana dilinin tədrisi milli maraqlar
və dövlətçilik baxımından vacib məsələlərdən
biridir. Firudin bəy Köçərlinin təbirincə desək,
"Ana dili millətin mənəvi diriliyidir. Ananın
südü bədənin mayəsi olduğu kimi, ana dili də
ruhun qidasıdır".
Ana dilinin öyrənilməsi şagirdlərin ünsiyyət
imkanlarını genişləndirir, nitq fəaliyyətini
artırır, düşünmə, öyrənmə, danışma bacarıqlarını
da formalaşdırır.
İbtidai siniflərdə ana dili fənninin məqsədi
şagirdlərə oxu və yazını öyrətməklə yanaşı,
oxuduqları və dinlədiklərinə münasibət bildirmək,
dilimiz, tariximiz, mədəniyyətimiz, adət-ənənələrimizə
yiyələnmək və onlarda vətənpərvərlik hisslərini
aşılamaqdan ibarətdir. Dil insanları bir-birinə
bağlayan ən mühüm və əsas vasitədir. Ana dili
isə bu vasitənin tərbiyəvi formasıdır.
2008-2009-cu tədris ilindən respublikanın
ümumtəhsil məktəblərində fənn kurikulumları
əsasında hazırlanmış yeni dərslik
komplektlərinin istifadəsinə başlanmışdır və
hazırda bu iş IV siniflərdə davam
etdirilməkdədir.
Əsas təhsil bazasında hələlik kurikulum tətbiq
edilməsə də, kurikulumla bağlı kitab və
jurnallarla tanış olur, iş təcrübəsi qazanmağa
çalışıram. Azərbaycan dili və ədəbiyyatını
tədris edən, daim yeniliyə və öyrənməyə can atan
müəllim kimi ibtidai siniflərdə kurikulumla bu
fənnin necə tədris olunması məndə xüsusi maraq
doğurur. Bu səbəbdən III sinif "Azərbaycan dili"
dərsliyi ilə tanış oldum, dərs prosesini izlədim.
Kitabın ənənəvi təhsil proqramı ilə fərqli və
oxşar cəhətlərini, üstünlüklərini gördüm. Fəal
təlimin ənənəvi təlimdən ən üstün cəhəti
şagirdlərin problemli situasiya zamanı idraka
əsaslanaraq müstəqil şərh yürütmək
bacarıqlarıdır. Qruplarla iş forması da bu
təlimin ən üstün formasıdır. Bu formada
şagirdlər əməkdaşlıq edərək bir-birindən öyrənir
və onların kollektivdə işləmək, birgə fəaliyyət
bacarıqları inkişaf edir.
Şagirdin dərs materialını daha yaxşı mənimsəməsi,
keçilən mövzunun dərk edilməsi üçün dərsliyin
müxtəlif bölmələrə ayrılması da təqdirəlayiqdir.
Hər bir mövzuya uyğun kiçik mətnlər, şeir
parçaları və məzmuna müvafiq əlavə tapşırıqlar
verilmişdir ki, bu da şagirdlərdə düşünmə və
yaradıcılıq qabiliyyətini daha da artırır. "Söz
ehtiyatı", "Sözlük" hissələrində şagirdlərin
yeni-yeni sözlərlə tanış olmaları onların söz
ehtiyatını artırır və zənginləşdirir. Bu da
şagirdlərin əsas təhsil bazasında təhsil
aldıqları zaman mədəni nitq vərdişlərinə
yiyələnmələrinə, irihəcmli mətnləri müstəqil
şəkildə şərh edib, fikir yürütmələrinə stimul
yaradır.
Dərsliyin "Tarixi şəxsiyyətlər" bölməsi,
xüsusilə maraqlı və dəqiq işlənmişdir. İlk
səhifədə ulu öndərin uşaqlarla şəkli verilmişdir,
mətnin sonunda isə "Biz hamımız bu torpağın -
Azərbaycanın övladıyıq. Doğma yurdumuzun
tarixini bilmək isə hamımızın borcudur!" ifadəsi
bir manifest kimi səslənir və kiçikyaşlılarda
vətənə məhəbbət, torpağa bağlılıq hisslərini
aşılayır. "Xeyirxahlıq və xeyriyyəçilik bizə
babalarımızdan əmanətdir" kəlamı "Hacı
Zeynalabdin" və "Bahalı xalça" mövzularının
ideyası kimi səslənir. Əlbəttə, şagirdlər bu iki
mövzuda da oxşar söz və ifadələrin fərqli
cəhətlərini görəcək və xalqına xeyirli övlad
kimi böyümələrinə cəhd göstərməyə çalışacaqlar.
M.Ə.Sabir, S.Vurğun, C.Cabbarlı kimi məşhur
sənətkarları hələ kiçik siniflərdən tanıyacaq,
əsərləri barədə məlumat əldə edib, fikir
yürüdəcəklər. Bu siniflərdə motivasiyanın
qurulması da əsas şərtdir. Çünki məhz problemli
situasiyanın düzgün qoyulması şagirdin idrak
fəallığını artırır.
Ümumiyyətlə, III sinif "Azərbaycan dili"
dərsliyində verilmiş mövzu və mətnlər,
çalışmalar, test tapşırıqları şagirdlərin yaş
səviyyəsinə uyğun seçilmiş və onların anlayıb
başa düşəcəyi formadadır.
Kəmalə ŞEYDAYEVA,
Şabran şəhər, R.Yusifov adına 2 nömrəli orta
məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi
|