Təhsil sistemi
Danimarkada
təhsilin ilkin təşəkkül tarixi IX əsrə təsadüf
edir. XII-XIII əsrlərdə kilsənin nəzdində
qrammatika məktəbləri yaradılıb. I Kral Kristian
Roma Papasının icazəsi ilə 1479-cu ildə
Kopenhagen Universitetini inşa etdirib.
Kopenhagen Universiteti 400 ilə yaxın müddətdə
yeganə təhsil müəssisəsi kimi fəaliyyət göstərib.
Yalnız XIX əsrdə bir sıra ixtisaslaşmış
institutlar təşəkkül tapıb. Bununla da ölkənin
təhsil sistemi inkişaf etməyə başlayıb.
Şimali Avropada yerləşən, konstitusiyalı
monarxiya idarə üsuluna malik olan Danimarkada
ibtidai təhsil müstəqil təhsil pilləsi deyil.
İbtidai təhsilin daxil olduğu əsas təhsil
pilləsi 9 və ya 10 il davam edir. Təhsil əsasən
Danimarka dilində aparılır.
Ölkə əhalisinin 99 faizi savadlıdır. 1971-ci
ildə icbari təhsil dövrü 7 ildən 9 ilə
qaldırılıb. Hazırda 10 illik təhsil icbari
xarakter daşıyır. Tam orta təhsil 11 il davam
edir. Dövlət tərəfindən maliyyələşdirilən təhsil
ödənişsiz əsaslarla aparılır və hər bir
vətəndaşa bərabər təhsil almaq imkanı yaradılır.
Danimarka 1999-cu ildə Boloniya bəyannaməsini
imzalayan 29 ölkədən biridir. Avropada ali
təhsilin pulsuz olduğu Danimarkada 17 dövlət
universiteti, 17 universitet kolleci və 50
institut var. İngilisdilli ali məktəblərə qəbul
olmaq üçün TOEFL imtahanından 80, IELTS
imtahanından isə 6 bal toplamaq tələb olunur.
Müxtəlif
təhsil müəssisələri ayrı-ayrı nazirliklər
tərəfindən idarə olunur. Təhsil Nazirliyi
ibtidai, orta və orta təhsilin yuxarı pilləsi,
peşə təhsili və təlimi, eləcə də yaşlıların
təhsili üzrə cavabdehlik daşıyır. Bağçalar və
məktəbəqədər təhsil müəssisələri Sosial İşlər
Nazirliyinə, universitetlər, elmi-tədqiqat
müəssisələri Elm, Texnologiya və İnnovasiya
Nazirliyinə, incəsənət, kitabxanaçılıq,
arxitektura üzrə mütəxəssislər hazırlayan tədris
ocaqları Mədəniyyət Nazirliyinə, hərbi təhsil
müəssisələri isə Müdafiə Nazirliyinə tabedir.
Bütün pillələrdə təhsilalanlara müstəqil
şəxsiyyət kimi yanaşılması, müzakirə və
diskussiyalarda onların rəyinin dinlənilməsi
kimi məsələlərə xüsusi diqqət yetirilir.
Şagirdlər, tələbələr fərdi, eləcə də qrup
daxilində öz bilik səviyyələrinə uyğun layihələr
və təqdimatlar hazırlayırlar. Danimarka təhsil
sisteminin əsas xüsusiyyəti yüksək standartlara
cavab verməsi, ömürboyu öyrənmə prinsipinin
qorunması, fənlərarası inteqrasiyanın təmin
olunması məsələləri ilə xarakterizə edilir.
Ölkənin əmək bazarı öyrənilərək yaşlıların
təhsilinə xüsusi diqqət yetirilir. Hazırda
Danimarkada yaşlıların təhsili və fasiləsiz
təlim xidmətləri göstərən bir sıra tədris
müəssisələri fəaliyyət göstərir. Onlardan Özəl
Əmək Bazarı Təlim mərkəzləri, Yaşlıların Təhsili
mərkəzləri, Xalq Ali məktəbləri, Danimarka Dil
mərkəzlərinin adlarını çəkmək olar. Yaşlıların
Peşə Təhsili və Təlimi üzrə Milli Şura əmək
bazarının real tələbatını öyrənməklə Təhsil
Nazirliyinə, eləcə də müvafiq təlim və təhsil
komitələrinə mütəmadi tövsiyələr verir.
Danimarkada ümumi milli xərclərin 15,6 faizi
təhsil sahəsinə ayrılır. 2012-ci il üçün nəzərdə
tutulan maliyyə aktında təhsil sahəsinə ayrılan
büdcə vəsaiti 2,6 milyard kron artırılıb. Belə
ki, gələn il orta təhsilin yuxarı pilləsinə 19
milyard kron, ali təhsil sahəsinə 6 milyard kron
ayrılıb. 18 milyard kron isə qrant və kreditlər
üçün nəzərdə tutulub.
Məktəbəqədər təhsil
Danimarkada
məktəbəqədər təhsil müəssisələrinin dörd növü
var. Ölkədə 3 yaşına qədər olan körpələr üçün
nəzərdə tutulan gündəlik uşaq bağçaları, dövlət
məktəblərinin nəzdindəki könüllü məktəbəqədər
hazırlıq sinifləri və 3 aylığından 14 yaşına
qədər uşaqlara xidmət göstərən inteqrasiya
edilmiş təhsil müəssisələri fəaliyyət göstərir.
Məktəbəqədər təhsil müəssisələrində davamiyyət
icbari xarakter daşımır.
Uşaq bağçaları, uşaq qayğı mərkəzləri və
hazırlıq sinifləri dövlət tərəfindən yerli
qurumlara ayrılmış vəsaitlər hesabına
maliyyələşir. Bələdiyyələr daxilində fəaliyyət
göstərən məktəbəqədər hazırlıq siniflərinin
maliyyə xərclərini yerli özünüidarəetmə
qurumları ödəyirlər. Lakin özəl məktəbəqədər
müəssisələr üçün ödəniş tələb olunur.
Danimarkada ilk məktəbəqədər təhsil
müəssisəsinin yaradılması 1820-ci ilə təsadüf
edir. 1850-ci ildən 1900-cü ilə qədər yarım
günlük iş qrafiki ilə işləyən özəl təhsil
müəssisələri fəaliyyət göstərirdi.
Elm, Texnologiya və İnnovasiya Nazirliyi və
Təhsil Nazirliyi məktəbəqədər təhsil
müəssisələrinin işinin daha səmərəli təşkili
üçün müxtəlif qrant proqramlarını həyata
keçirirlər. Məktəbəqədər təhsil müəssisələrinə
baş müəllimlər rəhbərlik edir. Uşaqlar
məktəbəqədər təhsil müəssisələrinə-körpələr
evinə 6 aylıqdan, inteqrasiyalı təhsil
müəssisələrinə 1 yaşdan, uşaq bağçalarına 3
yaşdan, məktəbəqədər siniflərə 5-6 yaşdan
etibarən qəbul olunur.
1993-cü
ildən məktəbəqədər təhsildə uşaqbaşına
maliyyələşmə mexanizmi tətbiq edilir.
Məktəbəqədər təhsil müəssisələri həftənin 5 günü
işləyir. Dərs cədvəlini müəyyən etmək
məktəbəqədər təhsil müəssisələrinin ixtiyarına
verilir.
Məktəbəqədər təhsil müəssisələrində dil və ifadə
vasitələri, təbiət və təbiət elmləri anlayışı,
musiqi, idman, ictimai bacarıqlar, əməkdaşlıq
kimi mövzular tədris olunur. Onu da qeyd edək ki,
məktəbəqədər təhsil müəssisələrində işləyən
müəllimlərə tədrisin məzmunu, təlim üsulları və
didaktik materialları seçmək baxımından tam
sərbəstlik verilir.
Məktəbəqədər təhsil müəssisəsində tədris uşaqlar
üçün oyun və digər inkişafetdirici tapşırıqlar
üzərində qurulur. Uşaqlara oturmaq, fikrini
ifadə etmək və şəkil çəkmək kimi bacarıqlar
aşılanır.
Azyaşlı uşaqların təlim bacarıqları əsasən qeyri-rəsmi
müşahidə və müvafiq monitorinq əsasında
qiymətləndirilir. Valideynlərin iştirakı ilə
mütəmadi valideyn məsləhətləşmə saatları
keçirilir. Bu məsləhətləşmələr zamanı uşaqların
güclü və zəif cəhətləri, onların digər uşaqlarla
münasibətləri müəyyənləşdirilir, valideynlərin
fikir və təklifləri dinlənilir.
Orta təhsil
Danimarkada
orta təhsil digər ölkələrdə olduğu kimi, ibtidai
və orta təhsil səviyyələrinə bölünmür. Orta
təhsil icbari xarakter daşıyır. 6-7 yaşdan 16
yaşına qədər danimarkalıların hamısı icbari orta
təhsil almalıdırlar. Dövlət məktəbləri 11 il
müddətinə icbari təhsilin tam dövrünü əhatə edir.
Dövlət məktəbləri 1 illik hazırlıq sinfindən və
9 illik orta təhsil dövründən ibarətdir. Dövlət
məktəblərində məktəbəqədər təhsil dövrü
ödənişsiz əsaslarla həyata keçirilir.
Dövlət məktəbləri ilə yanaşı, ödənişli əsaslarla
fəaliyyət göstərən özəl təhsil müəssisələri də
mövcuddur. Valideynlər uşaqlarının təhsil
almaları üçün öz bələdiyyələri daxilində
istənilən məktəbi seçməkdə sərbəstdirlər. Ümumi
kurikulum və təlimatlar Təhsil Nazirliyi
tərəfindən müəyyənləşdirilir. Kurikulum üç fənn
bloku-humanitar fənlər, praktiki və incəsənət
fənləri, eləcə də təbiət elmləri bölmələrindən
ibarətdir. Şagirdlər maraq göstərdikləri
müxtəlif fənn bölməsini seçə bilərlər.
Orta təhsil pilləsini başa vuran şagirdlər 10
fənn üzrə buraxılış imtahanı verirlər. Orta
məktəbin sonunda bütün şagirdlərə tədris olunan
fənlərin siyahısı və qiymətləri qeyd olunmuş
buraxılış vərəqəsi təqdim edilir. Şagirdlərin
VII sinfə qədər bütün fənlərə dair qiymətləri
haqqında valideynlərə məlumat verilir. VIII
sinifdən etibarən isə yalnız o fənlər
qiymətləndirilir ki, şagirdlər X sinfi bitirəndə
həmin fənlərdən buraxılış imtahanı verəcəklər.
İcbari
orta təhsil dövründən sonra orta yuxarı təhsil
və orta yuxarı təhsildən sonrakı dövr gəlir.
Ümumi orta təhsil dövrü gimnaziyalarda da davam
etdirilə bilər. Gimnaziyalarda təhsil 3 il davam
edir və şagirdlər sonda imtahan verirlər.
Gimnaziyanı bitirən məzunlar ali təhsil
istiqaməti baxımından bir növ ixtisaslaşırlar.
Ölkədə təxminən 1605 bələdiyyə məktəbində 595573
şagird təhsil alır. Hər sinifdə orta hesabla
19,6 şagird təhsil alır. Müəllim şagird nisbəti
isə 1:10,7-dir. Orta məktəbdə tədris ili 40
həftə və ya 200 gün davam edir.
Bələdiyyə məktəblərində şagirdbaşına
maliyyələşmə sistemindən istifadə olunmur.
Bələdiyyələr öz məktəbləri üçün hansı
maliyyələşmə sistemini seçmək məsələsində
sərbəstdirlər. Lakin bütün məktəblər Təhsil
Nazirliyi tərəfindən müəyyən olunmuş minimum
tələblər əsasında fəaliyyət göstərir.
VII və IX siniflərdə ikinci xarici dil kimi
alman və fransız dilləri tədris olunur. Seçmə
fənlər və mövzular əsasən VIII-IX siniflərdə
tədris edilir. X sinifdə şagirdlərə əlavə olaraq,
latın dili öyrədilir, riyaziyyat və ingilis dili
icbari fənlər kimi həftədə 14 saat keçirilir.
Texniki peşə təhsili
Ölkədə
peşə təhsilinin ilkin təşəkkül tarixi orta
əsrlərə təsadüf edir. Həmin dövrdə hər bir peşə
sahəsi ilə məşğul olan sənətkarlar, onların
şagirdləri və xırda sexlər fəaliyyət göstərirdi.
XIX əsrdə kapitalizm quruluşunda baş verən
dəyişikliklər usta sexlərinin və müstəqil
fəaliyyət göstərən ustaların sayının azalmasına
səbəb oldu. Bununla da müstəqil peşə təlimi
qurumlarının yaranması zərurəti meydana çıxdı.
Əmək bazarının tələbatının daha dolğun şəkildə
ödənməsini təmin etmək məqsədilə 1999-cu ildə
Danimarka parlamenti tərəfindən yeni Peşə
Təhsili və Təlimi Aktı qəbul edildi. Qanun
qüvvəyə mindikdən sonra bu sahədə əsaslı
dəyişikliklər baş verdi. Bu dəyişiklik əsasən
kommersiya xarakterli Peşə Təhsili Proqramında
özünü göstərir. Kommersiya xarakterli Peşə
Təhsili Proqramı üzrə aparılan islahatlar və
prinsiplər hazırda texniki proqramlarda aparılan
islahatların əsasını təşkil edir.
Ölkənin texniki peşə təhsili müəssisələrində
çoxsaylı ixtisaslar üzrə mütəxəssislər
hazırlanır. İxtisaslardan asılı olaraq təhsil
müddəti 1,5-5,5 il arasında dəyişir.
Peşə kolleclərində nəzəri və praktik biliklərin
inteqrasiyası əsasında tədris aparılır. Bu zaman
əmək bazarının tələbatına uyğun bilik və
bacarıqlara üstünlük verilir.
Ali təhsil
Danimarkada
müxtəlif ali təhsil müəssisələri fəaliyyət
göstərir. Ali təhsil müəssisələri-universitet
kollecləri, universitetlər, universitet
səviyyəli institutlara bölünür. Hər bir ali
təhsil müəssisəsinə tələbə qəbulu prosesində
sərbəstlik verilir. Akademik təhsil ili
sentyabrın 1-də başlanır və iyulun 1-də başa
çatır.
Peşəyönümlü ali təhsil akademiyaları biznes,
texnologiya və informasiya-kommunikasiya
texnologiyaları sahəsində mütəxəssislər
hazırlayır. Universitet kollecləri və
ixtisaslaşmış kolleclərdə biznes, təhsil,
mühəndislik və tibb bacısı ixtisasları verilir.
Təhsil müddətində əsasən tələbələrin müvafiq
nəzəri və praktik biliklər qazanması
məsələlərinə diqqət yetirilir.
Danimarka universitetlərinin, demək olar ki,
hamısı tədqiqatyönümlü təhsil proqramları təklif
edir. Bakalavriat səviyyəsini bitirən məzunlar
müəyyən peşə sahəsində ixtisaslaşmış mütəxəssis
hesab olunur.
Universitet səviyyəli institutlar Danimarka
Mədəniyyət Nazirliyi tərəfindən idarə edilir. Bu
tədris ocaqlarında əsasən arxitektura, dizayn,
musiqi, təsviri incəsənət kimi sahələr üzrə
dərəcə proqramları təklif edilir. Məzunlara
topladıqları kreditlərə uyğun olaraq bakalavr,
magistr və fəlsəfə doktoru dərəcələri verilir.
Fiziki cəhətdən qüsurlu tələbələr üçün xüsusi
tədris qrupları təşkil edilir.
Ali təhsil müəssisələri adambaşına maliyyələşmə
sistemi üzrə fəaliyyət göstərir. Bu qayda ilə
ayrılmış vəsait fənn sahəsindən və təhsil
səviyyəsindən, o cümlədən tələbələrin tədris
uğurlarından asılı olaraq dəyişə bilər.
Danimarkanın nüfuzlu ali təhsil müəssisələri
sırasında Kopenhagen, Cənubi Danimarka, Aolborq,
Roskild universitetlərinin adlarını çəkmək olar.
Bu universitetlər əsasən incəsənət və təbiət
elmləri sahəsində mütəxəssis hazırlayırlar.
Kopenhagen Biznes Məktəbi, Metropolitan
Universitet Kolleci, Kapital Universitet Kolleci,
Lillbelt Universitet Kolleci, Silənd Universitet
Kolleci, Cənubi Universitet Kolleci, Qərbi
Yutlandiya Universitet Kolleci isə əsasən biznes
və peşəyönümlü mütəxəssis hazırlığını həyata
keçirirlər.
Ölkənin
ən qədim ali təhsil müəssisələrindən biri
Aarhhus Universiteti hesab edilir. 1928-ci ildə
yaradılmış universitetdə 32000-dən artıq tələbə
təhsil alır. Bu ali məktəb dünyanın ən yaxşı 100
universiteti siyahısındadır. Hər il 1000-dən çox
əcnəbi tələbə bu universitetə üz tutur.
Onu da qeyd edək ki, Danimarkada təhsil almağa
gələn əcnəbilərdən yaşayış vizası tələb olunur.
Yaşayış vizasını əldə edən əcnəbi tələbələr ali
təhsil proqramları, gənclərin təhsili
proqramları üzrə və dövlət məktəblərində təhsil
ala bilərlər. Skandinaviya ölkələrindən olan
əcnəbi tələbələr isə vizasız Danimarkada yaşamaq,
təhsil almaq və işləmək imkanına malikdirlər.
Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Elm,
Texnologiya və İnnovasiya Nazirliyi ali təhsilin
idarə olunmasını birgə həyata keçirirlər.
Danimarka Qiymətləndirmə İnstitutu təhsil
sisteminin bütün səviyyələrində tədris və
təlimin keyfiyyətinə nəzarət edir. Bu institut
müstəqil bir qurum kimi həm fərdi təşəbbüsü, həm
də hökumət, nazirliklər, məsləhət şuraları və
yerli qurumların sifarişi əsasında təhsilin
keyfiyyətini qiymətləndirir.
Danimarkanın ali təhsil müəssisələrində
bakalavriat pilləsi üzrə təhsil almaq istəyən
əcnəbilərdən TOEFL və IELTS imtahanları vermək
tələb olunur. Danimarka dilində olan
proqramlarda təhsil almaq üçün bu dil üzrə bilik
səviyyəsini müəyyənləşdirən imtahandan keçmək
lazımdır. Magistr proqramlarında təhsil almaq
istəyənlər isə beynəlxalq səviyyədə tanınmış
bakalavr dərəcəsinə sahib olmalı, ingilis və
Danimarka dilini bilməlidirlər.
Digər Avropa ölkələrində olduğu kimi,
universitetlərdə 3 illik bakalavr proqramı, 2
illik kandidatura-magistr proqramı və 3 illik
fəlsəfə doktoru proqramları təklif olunur. 2003-cü
ildə qəbul edilmiş müvafiq qanunvericilik aktına
uyğun olaraq, universitetlər dövlət tərəfindən
maliyyələşdirilir.
Danimarka ali təhsil müəssisələrində akademik
təhsil və ali peşə təhsili arasında müəyyən
fərqlər mövcuddur. Ali təhsildə ingilis dilinə
yer verilsə də, əsas tədris dili Danimarka
dilidir.
Ölkədə 2007-ci ildən fəaliyyət göstərən
akkreditasiya sistemi Təhsil üzrə Akkreditasiya
Agentliyinin aktı əsasında tənzimlənir. Bu aktın
tələblərinin yerinə yetirilməsinə Elm,
Texnologiya və İnnovasiya Nazirliyi nəzarət edir.
Akkreditasiya aktına əsasən Akkreditasiya Şurası
ali təhsil proqramlarının akkreditasiyası ilə
bağlı qərarlar qəbul edir. Universitetlərdə
tədris olunan təhsil proqramları da Elm,
Texnologiya və İnnovasiya Nazirliyi tərəfindən
təsdiq olunur.
Elmi
tədqiqatlar
Elmi tədqiqatlar sahəsinə xüsusi diqqət yetirən
Danimarkada elmi araşdırmalar əsasən
universitetlərdə aparılır. 2007-ci ildə aparılan
islahatlardan sonra dövlət elmi tədqiqat
sifarışlərini əsasən universitetlərə verir.
Hökumətin tədqiqat institutları universitetlərin
daxilində fəaliyyət göstərir. Tədqiqat işləri
əsasən Kopenhagen Universiteti, Aarhhus
Universiteti, Aalborq Universiteti, Cənubi
Danimarka Universiteti, Roskilde Universiteti,
Danimarka Texniki Universiteti, Kopenhagen
İnformasiya-Kommunikasiya Texnologiyaları
Universiteti və Kopenhagen Biznes
Universitetində aparılır.
Danimarkada universitetlərlə yanaşı, müxtəlif
nazirliklərin nəzdində fəaliyyət göstərən
çoxsaylı elmi-tədqiqat institutları və mərkəzlər
də mövcuddur. Onlardan Enerji Nazirliyinin
tabeliyindəki Meteorologiya İnstitutunu, Elm,
Texnologiya və İnnovasiya Nazirliyinin
nəzdindəki Elmi Kompüterləşdirmə üzrə Danimarka
Mərkəzini və Səhiyyə Nazirliyinin elmi-tədqiqat
mərkəzlərini göstərmək olar.
Aparılan elmi tədqiqatlar işləri dövlət
siyasətinin düzgün müəyyənləşdirilməsi,
texnoloji imkanların artırılması, biznes
mühitinin müəyyənləşdirilməsi, bəşəriyyətin
tədqiqi və ölkə əhalisinin rifahının
yüksəldilməsi kimi məsələləri əhatə edir. Bundan
əlavə, mühüm elmi kəşfləri və innovasiyaları
həyata keçirən bir sıra elmi-tədqiqat mərkəzləri
də fəaliyyət göstərir. Bu mərkəzlərdə sosial-siyasi
məsələlər, tibbi diaqnoz, profilaktika, müalicə,
genetika, infeksion xəstəliklər, bioloji
təhlükələrin qarşısının alınması, anadangəlmə
xəstəliklərin müalicəsi, əqli zəiflik, görmə
orqanlarının xəstəlikləri təhlil edilir və
müvafiq istiqamətlərdə tədqiqatlar aparılır.
Beynəlxalq əməkdaşlıq
Danimarkada təhsil sahəsində beynəlxalq
əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilir.
Beynəlxalq əməkdaşlığın əsas məqsədi qloballaşan
dünyanın tələb və ehtiyaclarının ödənilməsi
baxımından yüksək ixtisaslı mütəxəssis hazırlığı
işinin səmərəliliyini artırmaqdan ibarətdir.
Bütün bunlara mədəniyyətlərarası anlaşma, bilik
mübadiləsi, o cümlədən dünyadakı qabaqcıl
təcrübənin ümumi təhsil sisteminə tətbiq
edilməsi vasitəsilə nail olmaq mümkündür.
Ölkə hökumətinin əsas məqsədi Danimarkanı
bilikyönümlü iqtisadiyyata qovuşdurmaq,
cəmiyyətin inkişaf dinamikasını yüksəltmək və
dünya miqyasında rəqabətyönümlü təhsil
proqramları təklif etməkdən ibarətdir. Danimarka
vətəndaşları üçün ən yaxşı təhsil imkanlarının
yaradılması, beynəlxalq aləmdə ölkə haqqında
düzgün təsəvvürün formalaşdırılması, təhsil
sistemini gücləndirməklə istedadlı tələbələrin
və tədqiqatçıların ölkəyə cəlb edilməsi də
qarşıda duran ən vacib hədəflərdəndir.
Hökumət Avropa İttifaqı, Avropa Şurası, İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatı, YUNESKO və bir
sıra digər nüfuzlu beynəlxalq təşkilatlarla
təhsil sahəsində əlaqələri inkişaf etdirir.
Danimarka institutları və digər ali məktəblər
həm Avropa daxilində, həm də bütün dünyada
beynəlxalq əməkdaşlıq və mübadilə proqramlarında
fəal tərəfdaş kimi tanınıblar.
Bəşarət MƏMMƏDOV,
Dilrubə BAYRAMOVA
Yazının hazırlanmasında Danimarka Krallığının
Təhsil, Elm, Texnologiya və İnnovasiya
nazirliklərinin rəsmi materiallarından istifadə
olunub. |