Naxçıvan Özəl Universitetində Tələbə Gənclər
Həftəsi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə ali təhsil ocağının rektoru, professor
İsmayıl Əliyev çıxış edərək bildirmişdir ki,
ümummilli liderimiz Heydər Əliyev hər zaman
gənclərə malik olduqları qabiliyyət və
intellektual imkanları müqabilində geniş
meydan verməyin tərəfdarı idi. Ulu öndər
gənclərlə iş məsələsini həmişə diqqət mərkəzində
saxlamış, onların sağlam böyüməsinə, təhsilinə,
həyatda layiqli yer tutmalarına qayğı ilə
yanaşmışdır. Bu siyasət bu gün ölkə başçısı
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlətimizin gənclərə göstərdiyi diqqət və
qayğı regionumuzda da ən yüksək səviyyədədir.
Gəncliyə göstərilən hərtərəfli dövlət qayğısının
nəticəsidir ki, muxtar respublika gəncliyinin
səsi artıq dünyanın inkişaf etmiş ölkələrinin
ali təhsil ocaqlarından gəlir. Hər il yüzlərlə
gənc ən yüksək ballarla məşhur universitetlərin
tələbəsi adına layiq görülür, həyata hazırlanır,
ölkəmizin adını yüksəklərə qaldırır, göstərilən
etimadı doğrultmağa çalışır. Gəncliyin sağlam,
vətənpərvərlik ruhunda yetişməsi, onların
cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını
təmin etmək üçün də regionumuzda hər cür şərait
var. Son illər muxtar respublikada gənclər
dövlət strukturlarına daha fəal şəkildə cəlb
olunmağa başlamışlar. Artıq doğma diyarımızda
bir çox məsul vəzifələrdə gəncliyin
nümayəndələri çalışaraq müstəqil dövlətin
qurulması və möhkəmlənməsinə öz töhfələrini
verirlər.
O da vurğulanmışdır ki, bu gün Azərbaycan
gəncliyi fəxr oluna biləcək səviyyədədir.
Azərbaycan gəncləri ölkə daxilindəki
nailiyyətləri ilə yanaşı, Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun daha da artmasında
mühüm rol oynayır.
Tədbirdə tədris və elmi işlər üzrə prorektor,
tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli
çıxış etmiş, tələbələr tələbə həyatına həsr
olunmuş şeirlər söyləmişlər.
Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin Mətbuat xidməti |
|