Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 Noyabr 2011 - ¹45

 

Milli pedaqogikanın metodoloji əsaslarına dair

 

Dövlət müstəqilliyinin bərpasının milli pedaqogikanın formalaşması üçün ilkin metodoloji şərt olması. Azərbaycanda dövlət müstəqilliyinin bərpası ilə tamam yeni dövr başlamışdır. Həyatımızın bütün sahələrində, o cümlədən təhsil sahəsində geniş miqyasda islahatlara keçilmişdir. Bütün bunlar təhsil məsələlərini öyrənən pedaqoji elmlərdə də əks-səda vermişdir: pedaqoji kateqoriya və məfhumların mahiyyətinə dair anlayışların yeniləşdirilməsi zərurəti yaranmışdı. Əslində yeni pedaqogikanı - rus imperiyası ideologiyasına əsaslanan ənənəvi pedaqogikaya alternativ olan pedaqogikanı - milli pedaqogikanı formalaşdırmaq zərurəti ilə üz-üzə qalmışdıq. Respublikanın  aparıcı pedaqoqlarından rəhmətlik Y.Talıbov, Ə.Ağayev və bu sətirlərin müəllifi  işə başladıq. Milli pedaqogika yaratmağın zəruriliyinə aid məqalə də çap etdirildi.

Pedaqoji hadisələrin birtərəfli deyil, hərtərəfli nəzərdən keçirilməsi. Pedaqoji kateqoriya və pedaqoji məfhumların şərhində ənənəvi pedaqogikanın uğursuzluqlarının səbəblərindən biri həmin hadisələri, məsələn, təlimi, təhsili və ya tərbiyəni hərtərəfli deyil, birtərəfli öyrənməyə cəhd etməsi olmuşdur. Belə olduqda həmin hadisələrin bir cəhəti və ya tərəfi qabardılır, ön plana çəkilir, digər cəhətlər və ya tərəflər diqqətdən yayınır, nəticədə mahiyyət açılmamış qalır.

Pedaqoji hadisələrin, məsələn, təlimin ənənəvi pedaqogikada hərtərəfli deyil, birtərəfli nəzərdən keçirilməsinə misal:

Pedaqoqların böyük bir qrupu "Təlim - müəllimin rəhbərliyi altında şagirdlərin  bilik, bacarıq və vərdişlərə yiyələndikləri pedaqoji prosesdir" deyir.

Azərbaycan pedaqoqlarının əksəriyyəti "Təlim - bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir", - fikrini qəbul edir.

Ənənəvi pedaqogikanın həmin anlayışları üçün ümumi olan nöqsanlar:

1. Təlim biliklərin, bacarıq  və  vərdişlərin  öyrədilməsi  ilə məhdudlaşdırılır.

2. Təlimdə müəllim fəaliyyətinin xüsusiyyətləri unudulur.

3. Öyrənilən biliklərin xarakteri qeyd edilmir.

4. Təlimin tərbiyəvi imkanları nəzərə alınmır.

5. Təlimdə şagirdlərin psixoloji qüvvə

lərinin inkişafı imkanları müəllimin diqqətindən yayınır.

Ənənəvi anlayışlara xas olan həmin nöqsanlar aradan qaldırıldıqda təlimin başlıca əlamətlərini müəyyənləşdirmək mümkün olmuşdur:

1. Müəllimin məqsədyönlü, planlı və mütəşəkkil rəhbərliyi, köməkliyi, istiqaməti;

2. Sistemləşdirilmiş bilikləri, bacarıq və vərdişləri şagirdlərin fəal mənimsəmələri;

3. Təlimdə şagirdlərin tərbiyə olunmaları;

4. Təlim zamanı onlarda psixoloji qüvvələrin inkişaf etdirilməsi.

Göstərilən xüsusiyyətlər hərtərəfli nəzərə alınaraq təlim milli pedaqogikada belə dəyərləndirilir: Təlim - müəllimin məqsədyönlü, planlı və mütəşəkkil rəhbərliyi ilə şagirdlərin sistemləşdirilmiş milli və ümumbəşəri dəyərləri mənimsəmələri, bu zaman onların tərbiyə olunmaları və psixoloji cəhətdən inkişaf etmələri prosesidir.

Pedaqoji yeniliklərin müqayisə yolu ilə üzə çıxarılıb sübut edilməsi. Müqayisə oxşar pedaqoji hadisələrdə fərqi, fərqli pedaqoji hadisələrdə isə oxşarlığı müəyyənləşdirməyin ən etibarlı yollarından biridir.

Nisbi mənada müstəqil özünü göstərən təlim, tərbiyə, təhsil və psixoloji inkişaf kateqoriyaları arasında oxşarlıq o qədər güclüdür ki, onların spesifikasını ənənəvi pedaqogika nümayəndələrindən heç kəs müəyyənləşdirə bilməmişdir. Niyə? Çünki həmin kateqoriyalar müqayisə edilməmişdir. Təhsil kateqoriyasına dair ənənəvi pedaqogika anlayışı nümunəsində  fikrimizi konkretləşdirək.

Məsələn, 1975-ci ildə Moskvada çapdan çıxmış "Vvedeniye v pedaqoqiku"da yazılır: "Təhsil sistemləşdirilmiş biliklər, bacarıq və vərdişlərdir"  (səh. 22).

B.Lixaçov yazır: "İnsanın təlim və təhsili hissələr kimi tərbiyəyə daxildir" (Pedaqoqika. Kurs leksiy. 1998, səh. 7).

Eyni fikri gah tərbiyəyə, gah təhsilə aid etmək halları da var: "Yeni nəsilləri ictimai həyata və məhsuldar əməyə hazırlamaq məqsədi ilə ictimai tarixi təcrübənin onlara verilməsi tərbiyədir" (Ped. Ensikl. T.I, Moskva, 1960, səh. 184) və ya "...Sosial mahiyyətli təcrübənin əvvəlki nəsil tərəfindən sonrakı nəsillərə mütəşəkkil və normalaşdırılmış şəkildə verilməsi prosesi təhsildir".

Ənənəvi pedaqogikada təhsil kateqoriyasına dair bu cür  anlayışları müqayisə edəndə məlum olmuşdur ki, həmin anlayışlar üçün ümumi olan nöqsanlar var:

1. Təhsilin sosial-iqtisadi həyatla əlaqəli olduğu unudulur;

2. Təhsilin tədris müəssisələrindən ayrılmaz olduğu nəzərə alınmır;

3. Təhsilin təlimə çevrilə bilməsi qeyd edilmir;

4. Təhsilin məzmunu və gedişində tərbiyə və psixoloji qüvvələrin inkişafı imkanlarının olduğu  yada  düşmür.

Nöqsanları nəzərə alaraq milli pedaqogikada təhsil kateqoriyasının mahiyyəti belə dəqiqləşdirilmişdir: "Təhsil sosial-iqtisadi həyatın tərkib hissəsi olub, müvafiq tədris müəssisəsində, müəyyən müddətə həyata keçirilən, bir halda təlimin zəruri şərti, digər halda gedişi, üçüncü halda nəticəsinə çevrilən, tərbiyəvi və psixoloji inkişaf imkanları olan milli və ümumbəşəri dəyərlərin məcmusudur".

Kateqoriyalar müqayisə edildikdə məlum olur ki, onların dördünün də daha geniş həcmə malik olan pedaqoji proses kateqoriyasından diferensiasiya edilmək (ayrılmaq) və inteqrasiya olmaq (qovuşmaq) imkanları  var; bu səbəbdən də təlim, tərbiyə, təhsil və psixoloji inkişaf həm ortaq xüsusiyyətlərə, həm də fərqli xüsusiyyətlərə malik olur.

Pedaqoji hadisələrin qarşılıqlı əlaqədə nəzərdən keçirilməsi. Ənənəvi pedaqogika  ideyaları əsasında  yazılan dərs vəsaitlərinin əksəriyyətində bölmələr arasında məntiqi əlaqəyə toxunulmur.

Öz tədqiqat sahəsinə sadiq qalan milli pedaqogikada isə dərsliklər pedaqoji prosesdən qidalanır, pedaqoji prosesin tərkib hissələri olan əvvəl təlim, sonra təhsil, arxasınca tərbiyə və nəhayət, psixoloji  qüvvələrin  inkişafı   əlaqəli şəkildə oxucuya təqdim edilir. Sonda isə pedaqoji prosesə hansı  qurumların  necə xidmət etdiyi açıqlanır.

Nəinki pedaqoji kateqoriyalar arasında, hətta kateqoriyaların əhatə dairəsində  olan  pedaqoji məfhumlar arasında da qarşılıqlı əlaqə təmin edilir.

Məsələn, milli pedaqogika ruhunda yazılmış "Məktəb pedaqogikası"nın birinci bölməsində pedaqoji proses və pedaqoji elm arasında qarşılıqlı əlaqə işıqlandırılır.

İkinci bölmədə təhsilin ümumi məsələləri, Azərbaycanda təhsil sistemi, təhsil sisteminin əsasında duran prinsiplər, təlimin ümumi məsələləri, təlimin qanunauyğunluqları və qanunları, təlimin prinsipləri, təlimin mərhələləri və üsulları və s. məsələlər şərh olunur.

Üçüncü bölmədə tərbiyənin nəzəri məsələləri, dördüncü bölmədə tərbiyənin tərkib hissələri olan ağıl tərbiyəsi, ideya-siyasi tərbiyə, əxlaq tərbiyəsi, əmək tərbiyəsi, fiziki tərbiyə, estetik tərbiyə, tərbiyənin digər hissələri aydınlaşdırılır.

Sonuncu, beşinci bölmədə isə yuxarıda deyildiyi kimi, pedaqoji prosesə xidmət məsələləri araşdırılır.

Nəticə etibarilə, bir-biri ilə qırılmaz tellərlə bağlanan pedaqoji kateqoriyalar və pedaqoji məfhumlar arasında  monolit bir sistem alınmış olur.

Formal məntiqə deyil, dialektik məntiqə üstünlük verilməsi. Formal məntiqə  görə, müəllimin  başlıca vəzifəsi bilik və  bacarıqları öyrətməkdir; şagirdlərin vəzifəsi isə bilik və bacarıqları öyrənməkdir. Bu məntiq təlimdə digər növ öyrənmələri, o cümlədən şagirdlərin nisbi mənada müstəqil öyrənmələrini istisna edir. Milli pedaqogikada uğurla sınaqdan keçirilmişdir ki, öyrənməni iki mərhələdən ibarət  təşkil  etmək nəinki mümkündür, hətta bir çox cəhətdən  faydalıdır. Müəllim sillabus əsasında hər növbəti məşğələdə öyrənilməli mövzunu elan  edir, onun  planını  verir, istifadə edəcəkləri mənbəyi, tədris  vəsaitlərini  göstərir; yardımçı  tapşırıqlar  verir  və  deyir: "mövzunu  tam  müstəqil  öyrənərsiniz!".

Növbəti dərsdə şagirdlərdən bir qismi növbə ilə, plan  üzrə məsələlərin şərhinə başlayır; qalanları diqqətlə qulaq asmalı olurlar; nəyin  düzgün  şərh  olunduğunu, nəyin  unudulduğunu, nəyin  dəqiq deyilmədiyini bildirirlər. Müəllim müzakirədə mümkün qədər bütün şagirdlərin fəallığını təmin edir, zəruri hallarda düzəlişlər verir. Şagirdlərin müəllimə verdikləri  suallara, adətən, sinifdən cavab almağa çalışılır; bu mümkün olmadıqda isə müəllimin özü həmin suala aydınlıq  gətirir.

Bu təcrübənin  təhlili  nəticəsində  müəyyənləşdirə bilmişik  ki, burada biri  digərini tamamlayan və inkişaf  etdirən  iki  mərhələ  var: mövzuya  şagirdlərin  müstəqil  hazırlaşmaları  və  dərsdə  onların hazırlıq səviyyəsinin müzakirəsi. Birinci  mərhələdə  müəllimin göstərişi əsasında  şagirdlər öyrənməyi müstəqil öyrənirlər; ikinci  mərhələdə isə onlar  öyrənməyi nə dərəcədə öyrəndiklərini müstəqil nümayiş etdirirlər. Başqa  sözlə, öyrənməyi öyrənmək birinci halda şagirdlər (tələbələr) tərəfindən fərdi qaydada, müəllimin bilavasitə iştirakı olmadan, onun tapşırığına əsasən dərsə qədər həyata keçirilir; ikinci halda isə dərs zamanı, müəllimin rəhbərliyi altında sinifdəki bütün şagirdlərin fəal iştirakı ilə baş verir: kimin öyrənməyi nə dərəcədə öyrəndiyi müəyyənləşdirilir.

Göründüyü kimi, şagird (tələbə) təlimdə müəllimin bilavasitə rəhbərliyi olmadan öyrənməyi nəinki öyrənə bilir, hətta bu, çox gözəl nəticə verir.

Öyrənməyi öyrənmək isə formal məntiqə sığmır. Formal məntiqə görə öyrənilən bilik və bacarıqlardır. Dialektik məntiqdə öyrənməni öyrənmək və bilikləri öyrənmək rahatlıqla uyuşur. Ziddiyyətli və uyuşmaz görünən iki cəhəti professor S.Seyidovun "Fenomenoloqiya tvorçestva" adlı əsərində təsvir etdiyi qəribə  ziddiyyətlərə (paradokslara) bənzətmək olur. Səməd Seyidov ziddiyyətləri belə yekunlaşdırır: "İnsanın  həm  daxilində, həm  də  xaricində  baş  qaldıran  ziddiyyətlərdən  istifadə  edə  bilmək  imkanına  malik  olması  yaradıcılıqdır" (səh. 139).

Müasirliyin  tarixiliklə  vəhdətdə  nəzərdən  keçirilməsi.  Pedaqoji  elmin  nəzəri  problemlərinə  nisbətən onun  arxivlə  bağlı olan tarixi  daha  ətraflı  öyrənilib. Halbuki, Azərbaycan  xalqının  müasir  dövrümüz  üçün  aktuallığını  itirməyən  zəngin  adət  və  ənənələri, fikirləri  vardır.

Milli  pedaqogika  azı  iki  istiqamətdə  keçmiş  pedaqoji  irsimizdən: atalar   sözlərindən, elm  və  mədəniyyət  xadimlərimizin  çox  dəyərli  fikirlərindən qidalanır.

Sovet  dövründə  hər  hansı  fikrin  qaynağını  axtaranda  Rusiyaya  və  ya  Avropa  ölkələrinə  üz  tutardıq.

Dövlət  müstəqilliyi  şəraitində  məlum  olmuşdur  ki, axtardığımız  fikirlərin  kökləri  neçə  əsr  avropalılardan  əvvəl yazıb-yaratmış olan Əbül  Həsən  Bəhmənyar, Əfzələddin  Xaqani  Şirvani,  Nəsirəddin  Tusi  və  b.  mütəfəkkirlər tərəfindən  deyilmişdir.

Məsələn, qanunauyğunluq  məfhumunun  mahiyyətinə  dair ilk dəfə məhz N.Tusi yazmışdır: "Hər  bir  mürəkkəb  varlığın özünəxas  olan  səciyyəvi  ümumi  qanunauyğunluq, xüsusiyyət  və  sistemi  vardır  ki, bu  onun  tərkibinə  daxil  olan  ünsür  və  elementlərdə  ayrı-ayrılıqda  təsadüf  edilməz, insan  cəmiyyətində  də  elə  bir  qanunauyğunluq, xüsusiyyət  və  quruluş  və  sistem  vardır  ki, o, ayrı-ayrı, tək  adamda  ola  bilməz".

Dəyərlərdən  istifadədə  bəşəriliyə  nisbətən  milliliyə  üstünlük  verilməsi.  Əvvəla, bəzi  yeni  pedaqoji  ideyaların  qaynaqlarını  Rusiyada  və  ya  Avropada  deyil, özümüzdə - Azərbaycanda, xalqımızın  uzaq  və  yaxın  keçmişində  axtarıb  tapmağa  çalışmışıq.

İkincisi, hər  hansı  pedaqoji  kateqoriyanı  və  ya  pedaqoji  məfhumu  səciyyələndirən  zaman  milli  dəyərləri  önə  çəkirik. Məsələn, ilkin  tərbiyədə olduğu kimi: "Davranışla  əlaqədar  olan, ailə  və  cəmiyyət  üçün  faydalı  hesab  edilən  milli  və  ümumbəşəri  mənəvi  keyfiyyətlərin  adamlarda  formalaşdırılması  prosesi  ilkin  tərbiyədir".

Üçüncüsü, milli  pedaqogikada  belə  bir  strateji  məqsəd  ifadə  olunmuşdur: "Sistemləşdirilmiş  milli  və  ümumbəşəri  dəyərlərin  gənc  nəsil  tərəfindən  mənimsənilməsi  yolu  ilə  Azərbaycanın  dövlət  müstəqilliyini, ərazi  bütövlüyünü, sərhədlərinin  toxunulmazlığını  qorumağa  və  respublikamızı  inkişaf  etmiş  demokratik  dövlətlər  səviyyəsinə  qaldırmağa  qadir  olan  fəal  vətəndaşlar  yetişdirmək  təhsilin  uzaq  strateji  məqsədidir".

Dördüncüsü, təhsilin  məzmununda  Azərbaycanla, onun  tarixi, təbiəti, elmi  və  mədəniyyəti  ilə  əlaqədar  olan  məlumatlar  gücləndirilmişdir. Fizika, riyaziyyat, kimya, biologiya  və  s.  fənlər  sahəsində  Azərbaycan  alimlərinin  fəaliyyətlərindən  söz  açılır.

Elmi həqiqəti tam açmaq üçün ənənəvi pedaqogika müddəalarının tənqidi təhlilinin aparılması. Pedaqoji elmin  tədqiqat  mövzusundan  tutmuş kateqoriyaları və aparıcı  məfhumlarınadək   anlayışlarının  tənqidi  təhlil  süzgəcindən  keçirilməsinə  və dəqiqləşdirilməsinə böyük ehtiyac  var idi. Fikrimizi  ənənəvi  pedaqogikanın  tədqiqat  mövzusu məfhumuna dair anlayışlarda  konkretləşdirək. Mütəxəssislərdən biri üçün pedaqogika uşaqların təlim-tərbiyəsini  öyrənir; digərinə  görə, bu  elm  şagirdlərin  təlim-tərbiyəsini  öyrənməlidir; üçüncü  qrupun  əqidəsincə, pedaqogika  gənc  nəslin  təlim-tərbiyəsini  diqqət  mərkəzində  saxlamalıdır; insanların  təlim-tərbiyəsi  məsələlərini  öyrənməyi  tövsiyə  edənlər  də var; tərbiyə  məsələsini  deyil, təhsili  pedaqogikanın  tədqiqat  sahəsinə  aid  edənlər  də  mövcuddur. Tərbiyəni  pedaqoji  elmin  tədqiqat  sahəsi  kimi  nəzərdən  keçirən  və  buna  əsas  kimi  əksəriyyətin  qəbul  etdiyini  deyənlər  də  var. 

Pedaqoji elmin tədqiqat mövzusu barədə B.P.Lixaçov milli pedaqogika  mövqeyinə tərəf daha bir addım atmışdır: "Pedaqoji fəaliyyət  və  pedaqoji  proses  pedaqoji  elmin  predmetidir".

Lixaçovun yuxarıdakı fikrini milli pedaqogikaya doğru atılan addım kimi ona görə qiymətləndiririk ki, o, ənənəvi pedaqoqlar arasında ilk dəfə pedaqoji prosesi pedaqoji elmin tədqiqat sahəsinə aid edənlərdən biri olmuşdur. Bununla belə, pedaqoji fəaliyyəti pedaqoji prosesdən ayırmağın, onların arasında "və" yazmağın yolverilməz olduğunu da qeyd etməliyik.

Deməli, başlıca pedaqoji kateqoriya və məfhumların qısa təhlili göstərir ki, getdikcə mütəxəssislər pedaqoji prosesi pedaqoji elmin tədqiqat sahəsi kimi qəbul etməyə meyillənməyə başlamışlar.

Psixoloji qüvvələrin inkişafının nisbi mənada müstəqil pedaqoji kateqoriya kimi qəbul edilməsi. Yuxarıda deyildiyi kimi, ənənəvi pedaqogikada heç kəs psixoloji qüvvələrin nə özlərini, nə də təlim zamanı onların inkişafını pedaqoji kateqoriya kimi dilə gətirməmişdir. Buna baxmayaraq, psixoloqlar arasında psixoloji qüvvələrin təlimdə rolu barədə mübahisələr getmişdir. Bəziləri sübut etməyə çalışmışlar ki, psixoloji inkişaf təlimdən öndə getməlidir; digərləri isə əksinə, düşünmüşlər ki, təlim psixoloji inkişafı qabaqlamalıdır.

Psixoloqların fərqli tədqiqatlarından alınan nəticələrin ikisi də milli pedaqogikada nəzərə alınır. Çünki real həyatda psixoloji qüvvələr təlimi qabaqlaya da, təlimin gedişində də, təlimin nəticəsində də iştirak edə bilir. Belə olduqda psixoloji qüvvələr təlimin də, tərbiyənin də, təhsilin də ayrılmaz tərkib hissəsinə çevrilir.

Nəticə olaraq, ənənəvi pedaqogikada qətiyyən yada düşməyən psixoloji qüvvələrin inkişafı milli pedaqogikada müstəqil kateqoriya kimi  təlim, tərbiyə və təhsil səviyyəsinə qaldırılaraq pedaqoji prosesin tərkibinə  daxil edilmişdir. Bu anlam müəllimə imkan verir ki, məktəblərimizdə təlim-tərbiyə işinin səviyyəsini daha da yüksəklərə qaldırsın.

Zərurət yarandıqda dərsliyə  müasir mövzuların salınması. Respublikanın dövlət müstəqilliyi şəraitinin tələblərindən birisi vətəndaşlarının ağıllı olmasıdır; yəni hər hansı addımı atmazdan əvvəl, hər hansı sözü deməzdən əvvəl hansı nəticələr verəcəyini qabaqcadan ətraflı düşünmək tələb olunur. Bu səbəbdən də dərsliyə "Ağıl tərbiyəsi" mövzusu daxil edilmişdir.

Ənənəvi pedaqogikaya aid  dərs vəsaitlərində olmayan mövzulardan biri də müəllimin pedaqoji prosesdə öz emosionallığını idarə etməyi bacarmasıdır. Təcrübə göstərir ki,  bəzi müəllimlərimiz təlim-tərbiyə zamanı bu və ya digər üzrlü, yaxud üzrsüz səbəbdən əsəbiləşir, əsəblərini cilovlaya bilmir, şagirdi (tələbəni) təhqir edir, kobud hərəkətə və ya sözə yol verir, sonradan üzr istəməsi az səmərəli olur. Bu səbəbdən də "Pedaqoji prosesdə müəllimin öz emosionallığını idarə etməyi bacarması" adlı mövzu dərsliyə daxil edilmişdir.

Pedaqoji prosesin qanunauyğunluqları məsələsinin gücləndirilməsi. Məlum olduğu kimi, bütövlükdə pedaqoji elmin, xüsusən pedaqogikadan dərslik və dərs vəsaitlərinin ən zəif işlənmiş sahələrindən biri pedaqoji prosesin qanunauyğunluqları məsələsidir. Vəziyyəti nəzərə alaraq çalışmışıq ki, pedaqoji qanunauyğunluqların açılmamış, qaranlıq qalan cəhətlərinə aydınlıq gətirək.

Aparıcı sovet pedaqoqlarından M.A.Danilov və M.N.Skatkinin "Didaktika sredney şkolı" adlı kitabında təlimin qanunauyğunluğu belə ifadə olunmuşdur: "Təlim və tərbiyədə şagirdlərin fəallığı". Yaxud, "Pedaqogika" adlı kitabın 213-cü səhifəsində qanunauyğunluqlardan biri belə təqdim edilir: "Tərbiyədə fəaliyyət və ünsiyyət ayrılmazdır". Qanunauyğunluqların bu cür qeyri-müəyyən formada ifadəsini nəzərə alaraq milli pedaqogikada nəinki ümumiyyətlə qanunauyğunluq, nəinki pedaqoji qanunauyğunluq məfhumlarının mahiyyətinə aydınlıq gətirilmiş, hətta ilk dəfə pedaqoji qanunauyğunluqlar dörd qrupa ayrılmışdır: 1. Pedaqoji elmin inkişaf qanunauyğunluqları; 2. Pedaqoji  prosesin ümumi qanunauyğunluqları; 3. Təlimin qanunauyğunluqları; 4. Tərbiyənin qanunauyğunluqları.

Pedaqoji prosesin 7 ümumi qanunauyğunluğu, təlimin və tərbiyənin hərəsinə xas olan 13 qanunauyğunluq "Məktəb pedaqogikası"nda şərh olunmuşdur.

Pedaqoji qanunauyğunluq nədir - sualına orada belə cavab verilir: "Pedaqoji hadisələr arasında davamlı təkrar olunan səbəb-nəticə əlaqələrinin mahiyyətinin aydın və dəqiq ifadəsi pedaqoji qanunauyğunluqdur". 

Nurəddin KAZIMOV,
pedaqoji elmlər doktoru, professor,
əməkdar elm xadimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov