Noyabrın
11-də Qafqaz Universitetində Heydər Əliyev
İrsini Araşdırma Mərkəzinin Azərbaycanın dövlət
müstəqilliyinin Türkiyə Respublikası tərəfindən
tanınmasının 20 illiyi münasibətilə türk dilində
hazırlayıb çap etdirdiyi "Heydər Əliyev:
Azərbaycanın dövlət müstəqilliyi əbədidir"
kitabının təqdimatı oldu. Təqdimat mərasimində
Mərkəzin əməkdaşları, millət vəkilləri,
universitetin müəllim və tələbələri iştirak
edirdilər.
Tədbir iştirakçılarını salamlayan Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç
nəşri yüksək qiymətləndirib, onu Türkiyənin
Azərbaycanı tanımasının 20-ci ildönümü
ərəfəsində türk oxucularına dəyərli töhfə
saydığını bildirdi. Qeyd etdi ki, bir millət və
iki dövlət olan Türkiyə və Azərbaycanın
müstəqillik qazanmasında, iki qardaş xalq və
ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin
daha da inkişafı və möhkəmlənməsində Mustafa
Kamal Atatürkün və ulu öndər Heydər Əliyevin
böyük xidmətləri olmuşdur. Nəsillərə örnək olan
hər iki liderin nəzəri irsinin dərindən
öyrənilməsinin zəruri olduğunu vurğulayan rektor
bu istiqamətdə atılan hər bir addım kimi Heydər
Əliyev İrsini Araşdırma Mərkəzinin təşəbbüsünü
də yüksək dəyərləndirdi və kitabın araya-ərsəyə
gəlməsində zəhməti olanlara təşəkkürünü çatdırdı.
Kitabın elmi redaktoru və ön sözün müəllifi,
millət vəkili, Azərbaycanın AVRONEST Parlament
Assambleyasındakı nümayəndə heyətinin rəhbəri
Elxan Süleymanov çıxış edərək Heydər Əliyev
İrsini Araşdırma Mərkəzinin yaranma tarixi və
fəaliyyəti, Mərkəzin həyata keçirdiyi layihələr,
təqdimatı keçirilən kitab haqqında ətraflı
məlumat verdi, ulu öndər Heydər Əliyevin
xalqımız qarşısındakı tarixi xidmətlərindən söz
açdı. Bildirildi ki, 2004-cü il mayın 10-da ulu
öndərin ad günündə yaradılmış Heydər Əliyev
İrsini Araşdırma Mərkəzinin əsas məqsədi
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin zəngin irsinin öyrənilməsi və
təbliğidir.
Ulu öndərin zəngin irsini 49 dildə İnternet
vasitəsilə dünya oxucularına çatdıran Mərkəzin
fəaliyyətinin mühüm istiqamətlərindən biri kitab
nəşridir. Mərkəzin nəşriyyat qrupu tərəfindən
müxtəlif dillərdə onlarla kitab, broşür və
buklet nəşr edilib.
Mərkəzin növbəti nəşri "Heydər Əliyev:
Azərbaycanın dövlət müstəqilliyi əbədidir"
kitabı Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin Türkiyə Respublikası tərəfindən
tanınmasının 20 illiyinə həsr edilib. Kitabın
türk dilində tam versiyası, ingilis dilində isə
bütün sənədlərin qısa məzmunu təqdim olunub.
Kitabda ümummilli lider Heydər Əliyevin
tərcümeyi-halı, 1993-2003-cü illəri əhatə edən
52 çıxış və müraciəti, Azərbaycan-Türkiyə
münasibətləri haqqında tarixi arayış, məlumat-soraq
materialları və fotostendlər yer alıb.
Nəşrdə, habelə AzərTAc-ın, Azərbaycan
Respublikası Prezidentinin rəsmi saytının
materiallarından, eləcə də Azərbaycan Prezidenti
mətbuat xidmətinin fotomateriallarından istifadə
olunub.
Kitabın işıq üzü görməsində Heydər Əliyev İrsini
Araşdırma Mərkəzinin Nəşrləri seriyasının
məsləhətçisi, akademik Asəf Nadirovun, yaradıcı
qrupun rəhbəri Fuad Babayevin böyük xidmətləri
olmuşdur.
E.Süleymanov Mərkəzin nəzdində yaradılmış
beynəlxalq Elektron Kitabxananın fəaliyyətinə də
toxunaraq hazırda dünyanın 150 ölkəsindən
kitabxanaya müraciətlər daxil olduğunu söylədi.
Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri
Riza Kağan Yılmaz, Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin
rəisi Cavanşir Məmmədov, kitabın türkcə
redaktoru, Qafqaz Universiteti Tərcümə və
Araşdırma Mərkəzinin rəhbəri Abdul Kerim Üregen,
millət vəkili Aqil Abbas çıxış edərək çox vacib
kitab adlandırdıqları nəşrin yaranma zərurəti və
məziyyətlərindən söz açdılar, ümummilli lider
Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər
ərzində göstərdiyi titanik fəaliyyətin bəzi
məqamlarını, Türkiyə-Azərbaycan əlaqələrinə
verdiyi böyük önəmi, bu istiqamətdə atdığı əməli
addımları diqqətə çatdırdılar, ulu öndəri
Türkiyə oxucularına daha yaxından tanıtdırmaq
üçün göstərilmiş təşəbbüsü yüksək
qiymətləndirdilər.
Tədbirin sonunda Mərkəzin kitabı hazırlayan
yaradıcı qrupunun rəhbəri Fuad Babayevə Qafqaz
Universitetinin plaketi təqdim olundu.
Yusif ƏLİYEV |