Təhsil
nazirinin müavini Qulu Novruzov öncə qonaqları
səmimi salamlayıb və onları Təhsil Nazirliyində
görməkdən məmnunluğunu ifadə edib. Q.Novruzov
bildirib ki, ölkə Prezidentinin müvafiq
sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil
Nazirliyi və Belarus Respublikasının Təhsil
Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq
üzrə Sazişin 2010-2011-ci illərdə həyata
keçirilməsi barədə Protokol təsdiq edilib. Həmin
Protokola əsasən hər iki ölkənin peşə və orta
ümumtəhsil sistemi ilə tanışlıq məqsədilə
qarşılıqlı səfərlərin təşkil edilməsinin və
birgə layihənin həyata keçirilməsinin nəzərdə
tutulduğunu bildirən nazir müavini bununla bağlı
işçi qruplarının yaradıldığını, pilot olaraq ilk
peşə-ixtisas təhsili müəssisəsinin seçildiyini
diqqətə çatdırıb.
Son illər ölkəmizdə ilk peşə-ixtisas təhsilinin
inkişaf etdiyini söyləyən Q.Novruzov dövlət
başçısının sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında texniki peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı (2007-2012- ci illər)"
çərçivəsində ilk peşə-ixtisas təhsili
müəssisələrinin maddi-texniki bazasının
gücləndirilməsi və əsaslı təmiri istiqamətində
görülmüş işlər barədə məlumat verib.
İqtisadiyyatın inkişafında bu sahənin mühüm
rolunu vurğulayan Q.Novruzov hazırda bir sıra
ölkələrlə peşə təhsili üzrə birgə layihələrin
həyata keçirildiyini bildirib. Nazir müavini
müvafiq istiqamət üzrə Belarus Respublikası ilə
əlaqələrin də əhəmiyyətli olacağına inamını
ifadə edib.
Belarus Respublikası Təhsil Nazirliyinin Texniki
Peşə Təhsili İdarəsinin müdiri Eduard Qançar
səmimi qəbul üçün təşəkkürünü bildirib. Belarus
Respublikasında peşə təhsili üzrə mövcud
vəziyyət və bu sahədə atılan addımlar barədə
ətraflı məlumat verən qonaq birgə layihənin
reallaşdırılması istiqamətində lazımi dəstək
göstəriləcəyini nəzərə çatdırıb.
Daha sonra Belarus Respublikası Peşə Təhsili
İnstitutunun rektoru Arkadi Şklyar peşə təhsili
üzrə kadr hazırlığından, müvafiq dərsliklərdən,
elmi-metodik vəsaitlərdən və rəhbəri olduğu
təhsil müəssisəsindəki resurs mərkəzinin
fəaliyyət istiqamətlərindən söz açıb. A.Şklyar
peşə təhsili istiqamətində birgə layihənin
həyata keçirilməsi ilə bağlı təkliflərini
bildirib, pilot müəssisədə tədris ediləcək
ixtisaslar barədə fikirlərini diqqətə çatdırıb.
Görüşdə ölkəmizdə pilot olaraq yaradılacaq ilk
peşə-ixtisas təhsili müəssisəsində tədris
ediləcək peşələrin müəyyənləşdirildiyi qeyd
olunub və gələcək əməkdaşlığın inkişaf
perspektivləri müzakirə edilib. Eyni zamanda
həmin müəssisənin konsepsiyasının, təhsil
proqramlarının hazırlanması, mühəndis-pedaqoji
heyətin yenidən hazırlanması və qarşılıqlı
səfərlərin təşkili istiqamətində fikir
mübadiləsi aparılıb. |