Noyabrın 15-də Bolqarıstan Prezidentinin təhsil,
elm və iqtisadi inkişaf məsələləri üzrə müşaviri,
Sofiya Milli və Dünya Təsərrüfatı
Universitetinin rektoru Borislav Borisov
Azərbaycan Dövlət İqtisad Universitetində
olmuşdur.
AzərTAc xəbər verir ki, görüşdə hər iki ali
təhsil müəssisəsi arasında əməkdaşlığın
perspektivləri müzakirə edilmişdir. İqtisad
Universitetinin rektoru Şəmsəddin Hacıyev
bildirmişdir ki, bu təhsil ocağı tələbələrin
sayına görə respublikamızın ikinci böyük təhsil
müəssisəsidir. Yaxınlarda universitet fəaliyyətə
başlamasının 80 illiyini təntənə ilə qeyd
etmişdir. Universitetdə iki minə yaxın pedaqoji
işçi çalışır, dörd dildə tədris aparılır,
dünyanın müxtəlif ölkələrinin vətəndaşları
təhsil alır.
Sofiya Milli və Dünya Təsərrüfatı
Universitetinin rektoru Borislav Borisov təhsil
müəssisəsində olmaqdan məmnunluğunu
bildirmişdir. Qonaq söyləmişdir ki, Sofiya
Universiteti də dünyanın aparıcı ölkələrinin ali
məktəbləri ilə sıx əməkdaşlıq edir. Azərbaycan
Dövlət İqtisad Universiteti ilə əməkdaşlığın da
uğurlu olacağına inanır. Azərbaycan Dövlət
İqtisad Universiteti ilə Sofiya Milli və Dünya
Təsərrüfatı Universiteti arasında imzalanan
əməkdaşlıq haqqında saziş bunu söyləməyə əsas
verir. Qonaq, həmçinin Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru Şəmsəddin Hacıyevə
"Stefan Bobçek" medalını təqdim etmişdir.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim
olunmuşdur. |