| 
								
								 Məktəbə 
								ilk addımlarını atan şagirdlərdə - birincilərdə 
								oxumağa həvəs yaratmaq və düşünmək qabiliyyətini 
								formalaşdırmaq üçün nə etmək lazımdır? 
								
								Müəllimin qarşısında duran əsas vəzifələrdən 
								biri şagirdlərdə verilən məsələləri həlletmə 
								həvəsi  yaratmaqdan və oxuduqlarını dərk 
								etdirməkdən ibarətdir. Axı oxumaq və bilmək, 
								hələ başa düşmək deyil! 
								
								Müasir təlim texnologiyalarından və yeni təlim  
								metodlarından müntəzəm istifadə olunsa və ən 
								əsası uşaqlara  öz ağlını məşq etdirmək vərdişi 
								aşılansa, düşünmə qabiliyyətinin  inkişafında  
								mütləq ürəkaçan nəticələr olacaq. 
								
								Müəllim hər dəfə sinfə girəndə çalışmalıdır ki, 
								uşaqlarda sabah üçün yeni-yeni arzular oyatsın 
								və onlar tədrisdə və həyatda  baş verənlərə 
								tamaşaçı kimi baxmasınlar, baş verənləri 
								obyektiv şəkildə dərk edib düşünə bilsinlər. Bu 
								dərketmə bacarığı və düşünüb nəticə çıxartma 
								qabiliyyəti onlara daha  sonra müstəqil həyatda- 
								hər an dəyişən dünyada öz layiqli yerini tapmağa 
								kömək edəcək. Keçilən dərs və məşğələlərin əsas 
								məqsədi bu olmalıdır. 
								
								Mövzuları parlaq rənglərlə izah etmək, yeni 
								nağıl, yeni oyun formaları tapmaq  və möcüzəli 
								dünyanı onlar üçün  yenidən kəşf etmək də 
								müəllimin ümdə vəzifələrindən biridir. 
								
								Müəllim tədris üçün nəzərdə tutulan proqramlara 
								uşaqların bir-biri ilə qarşılıqlı ünsiyyət 
								yaratması  elementlərini-vərdişlərini də əlavə 
								etməlidir. Çünki uşaq hələ erkən yaşlarından 
								başqaları ilə normal münasibət yarada bilmirsə, 
								bu problem onu ömürboyu müşayiət edəcək. 
								
								Uşaqların fəal olması üçün dərslər maraqlı, 
								mövzular cəlbedici olmalıdır. Belə dərslərdən 
								birini mən dərs dediyim Milli Konservatoriyanın 
								tərkibində İncəsənət Gimnaziyasının 1-ci 
								sinfində keçirmişəm. "İntellektual marafon" adlı 
								rubrikada İnternetdən istifadə olundu və "skayp" 
								vasitəsiylə 160 nömrəli məktəbin 1-ci sinfi ilə  
								telekörpü yaradıldı. 
								
								Məşğələnin əvvəlində "Bədən tərbiyəsi 
								mədəniyyəti" mövzusunu da maraqlı və mənalı 
								etmək üçün müxtəlif oyunlardan istifadə olundu. 
								Bayraq yelləmək, futbol fanatı kimi hərəkətlər 
								etmək, himn oxunan vaxt əlini ürəyinin üstünə 
								qoymaq və hər uğurlu hərəkəti  sonda alqışlarla 
								qarşılamaq kimi  gimnastik hərəkətləri yerinə 
								yetirmək də uşaqların həvəslə icra etdikləri  
								tapşırıqlardan oldu.  
								
								Dərsin əsas xüsusiyyəti tərbiyəvi və 
								maarifləndirici xarakterli olması idi. Dərsdə 
								istifadə olunan "Nə dəyişdi?", "Tap!", "Düşün!", 
								"Qanunauyğunluğu təyin et!" və s. şagirdlərin 
								düşüncə tərzini inkişaf etdirən oyunlardan 
								ibarət idi. Hər sinfə suallar verildi. Cavabları 
								müəllimlərdən və ekspertlərdən ibarət münsiflər 
								qiymətləndirdi. Əsas məqsəd dərsin mümkün 
								strukturuna və  onun keçirilmə şəraitinə 
								yeniliklər əlavə etməklə uşaqlarda dərsə həvəs 
								oyatmaq idi. Həmin dərsin keçirilmə metodu yeni 
								texnologiyalardan istifadə olunmasını zəruri 
								etdi. 
								
								Dərsdə tapşırıqların həlli üçün müxtəlif 
								metodlardan, habelə kiçikyaşlı şagirdlərin həyat 
								təcrübəsinin azlığı nəzərə alınaraq xalq 
								yaradıcılığından, folklordan, müdrik kəlamlardan, 
								atalar sözlərindən və məsəllərdən, "Bizi əhatə 
								edən dünya" adlı  əyani vəsaitdən və digər 
								materiallardan geniş istifadə olundu. 
								
								"Ədədlər və fiqurlar dünyası" adlı məşğələdə   
								hərflərin əmələ gəlməsi tarixinə də maraqlı 
								səyahət olundu və rəqəmlərin insan həyatındakı 
								rolu faktlarla göstərildi. İnsan anadan olandan 
								ədədlərin əhatəsinə düşür-anadan olma tarixindən 
								başlayaraq hər yerdə və hər zaman  rəqəmlərdən 
								istifadə olunur (dərsin başlama vaxtı, dərsin 
								keçirilmə müddəti, mobil telefon, televizorun 
								pultu, saat, avtomobillərin nömrəsi, sürəti, 
								temperaturun, təzyiqin ölçülməsi və s.). Dərs 
								boyu şagirdlərə məsələlərin həllində diqqətcil 
								və məntiqli olmaq tövsiyə olunurdu."Günəş", "Göy 
								qurşağı" və "Ulduz" adlı üç komandaya verilən 
								tapşırıqlarda məqsəd şagirdlərin buradakı söz və 
								rəqəmlərin mənalarını dərk eləmələri idi. 
								Uşaqlar həvəslə çalışdılar və tapşırıqların 
								öhdəsindən lazımınca gəldilər. 
								
								İki müxtəlif məktəbin iki eyni sinfi arasında  "skayp" 
								vasitəsiylə yaranmış  teleyarışmada hər iki 
								tərəfə müxtəlif qiymətlər verilsə də, axırda 
								dostluq qalib gəldi.Yarışın sonunda bütün 
								iştirakçılara simvolik hədiyyələr, ən fəal 
								şagirdlərə isə prizlər verildi. Dərsdən sonra 
								uşaqlarla birlikdə 160 nömrəli məktəbə-yeni 
								dostların yanına qonaq getdik. Həmin sinfin 
								müəllimi və məktəbin direktoruna teleyarışmanın 
								yüksək səviyyədə keçirilməsi üçün göstərdikləri 
								köməyə və yaratdıqları şəraitə görə təşəkkür 
								etdik. Uşaqlar belə tanışlıqdan çox razı 
								qaldılar. 
								
								Qeyd edim ki, bu dərsin telekörpü vasitəsi ilə 
								aparılması tədris praktikasında yenilik idi və 
								ilk dəfə keçirilirdi. 
								
								Dərsi keçirməkdə məqsəd birinciləri yeni 
								texnologiyalarla - İnternet, telekörpü və s. 
								tanış etmək və məsələləri kollektiv halında həll 
								etməklə yanaşı, onlarda öz yaşıdları ilə 
								münasibət yaratmaq vərdişinin aşılanması idi. 
								Həmin dərsin evdə və məktəbdə uzun müddət 
								müzakirə mövzusu olması onu deməyə əsas verir ki, 
								bu dərs onların düşüncələrində və xatirələrində 
								əbədi həkk olunub.  
								
								
								Leyla ƏSGƏROVA,Azərbaycan Milli Konservatoriyasının tərkibində 
								İncəsənət Gimnaziyasının
 ibtidai sinif müəllimi
 |