Lids
Universiteti
(University of Leeds) İngiltərənin Qərbi
Yorkşir vilayətinin Lids şəhərində yerləşir və
Böyük Britaniyanın ən
nüfuzlu təhsil ocaqlarından biridir. Universitet
tələbə sayının çoxluğuna görə ölkənin ikinci ən
böyük ali məktəbidir.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Lids
Universiteti 100 ən yaxşı ali məktəb arasında
99-cu yerdə olub. "Times Higher Education World
University Rankings"in 2010-cu il üzrə dünyanın
ən nüfuzlu universitetləri arasında apardığı
araşdırmaya əsasən, Lids Universiteti 168-ci, "QS
World University Rankings"in açıqlamasına görə
isə 85-ci yerdə qərarlaşıb. "QS World University
Rankings"in 2011-2012-ci tədris ili üçün
açıqladığı reytinq cədvəlində Lids Universiteti
93-cü, "Times Higher Education World University
Rankings"in cədvəlində isə 133-cü yerdə dayanır.
Lids Universiteti Rassell, Avropa
Universitetləri, Birlik Ölkələri Universitetləri
assosiasiyalarının, Beynəlxalq Universitetlər,
Santander şəbəkələrinin, Ağ Qızılgül Universitet
Konsorsiumunun üzvüdür.
Tarixi
1831-ci
ildə Lids şəhərində fəaliyyət göstərən 5 tibb
müəssisəsinin ehtiyaclarını ödəmək məqsədilə
şəhərdə Lids Tibb Məktəbi yaradılır. Bu
məktəbdən başqa həmin dövrdə Yorkşir Dəqiq
Elmlər Kolleci də fəaliyyət göstərirdi. 1851-ci
ildən başlayaraq Yorkşir Dəqiq Elmlər Kolleci
Mançester şəhərində yerləşən Ouens Kolleci
modelinə uyğun olaraq dünyəvi təhsilə üstünlük
verir. Bu kollec Almaniyanın texniki
kolleclərinə müraciət edir, onların elmi
nailiyyətlərindən proqressiv və praqmatik nümunə
kimi istifadə edir. Yorkşir Dəqiq Elmlər
Kollecində eksperimental fizika, riyaziyyat,
geologiya, dağ-mədən sənayesi, kimya və
biologiya, sonradan isə mühəndislik və toxuculuq
texnologiyası sahələri tədris edilir. Kollecdə
klassika, müasir ədəbiyyat və tarix ixtisasları
tədris edildikdən sonra təhsil müəssisəsinin adı
dəyişdirilərək Yorkşir Kolleci olur. 1874-cü
ildə Yorkşir Kolleci və Lids Tibb Məktəbi
birləşdirilir, burada orta təbəqənin və
ticarətçilərin övladları təhsil alır. 1887-ci
ildə Yorkşir Kolleci Lids Tibb Məktəbi ilə birgə
Viktoriya Universitetinin tərkibinə qatılır.
Həmin dövrdə Viktoriya Universitetinin
tələbələri London Universiteti tərəfindən elmi
dərəcələrlə təltif olunurdu.
Yorkşir Kolleci və Lids Tibb Məktəbində qızların
təhsil almasına heç vaxt qadağa qoyulmayıb.
Kollecə qəbul edilən ilk qız tələbə Müasir
ədəbiyyat və pedaqogika fakültəsində təhsil alan
Lilias Enni Klark olur. 1903-cü ildə əldə
olunmuş Kral Nizamnaməsinə əsasən ilk olaraq
Liverpul Universiteti Viktoriya Universitetinin
tərkibindən çıxaraq müstəqil fəaliyyət
göstərməyə başlayır. Bir il sonra kral VII
Edvardın imzaladığı Nizamnamə ilə Lids Kolleci
də Viktoriya Universitetinin tərkibində deyil,
müstəqil Lids Universiteti kimi fəaliyyət
göstərir. 2004-cü ilədək Viktoriya Universiteti
Viktoriya Mançester Universiteti kimi tanınır.
2004-cü il oktyabrın 22-də Böyük Britaniya
kraliçası II Yelizavetanın fərmanına əsasən
Viktoriya Mançester Universiteti və Mançester
Elm və Texnologiya İnstitutu rəsmən
birləşdirilərək Mançester Universiteti adı
altında fəaliyyətlərini davam etdirirlər.
Büdcəsi
və təhsil haqqı
2009-2010-cu tədris ilində Lids Universitetinin
tədqiqat gəlirləri 119 milyon funt-sterlinq olub.
2011-2012-ci tədris ilində Lids Universitetində
bakalavr səviyyəsində təhsil haqqı 10500-25000,
magistratura səviyyəsində 11000-15000,
doktorantura səviyyəsində isə 11500-20000 funt-sterlinq
təşkil edir.
Lids Universitetində bir tədris ilində tələbəyə
təhsil haqqını çıxmaq şərti ilə 10000 funt-sterlinqə
qədər vəsait lazım gəlir. Bu məbləğə yataqxana,
qidalanma, daxili nəqliyyat, kitab, dəftərxana
ləvazimatları, avadanlıq və digər lazımi əşyalar
daxildir. Tələbənin seçdiyi həyat tərzindən
asılı olaraq sərf olunan vəsait dəyişə də bilər.
Universitet bu gün
Lids Universiteti Lids şəhərində ümumilikdə 498
hektar (1230 akr) ərazini əhatə edir.
Universitetin əsas kampusu Lids şəhərinin
mərkəzindən 1,6 km şimalda yerləşir və 40 hektar
ərazidən ibarətdir. Kampus əsasən qotik, art
deko, brutalist və postmodern üslublarda inşa
edilmiş binalardan ibarətdir. Kampusun əsas
girişi Parkinson binasının yaxınlığındakı
Vudhaus Leyndir. Kampusda yerləşən möhtəşəm
binalardan universitetin Parkinson, Biznes
Məktəbi, Qret Holl, Rocer Stivens və s.
tikililərini qeyd etmək mümkündür. Lids
Universitetinin kampusu müxtəlif üslublarda inşa
edilmiş binalarla yanaşı yaşıllığı ilə də
diqqəti cəlb edir. Yaşıl parklar, təbii ot
örtüyü universitetə gələnlərin gözünü oxşayır və
tələbələrin istirahət etdiyi əsas yerlərdəndir.
Lids Universitetində dekanlar tərəfindən idarə
olunan, 560 bakalavr, 300 magistr və doktorluq
kursları təklif edən 9 fakültə fəaliyyət
göstərir.
İncəsənət fakültəsinə İngilis Dili, Tarix,
Humanitar Elmlər, Müasir Dillər və Mədəniyyətlər
məktəbləri, Müstəmləkə və Müstəmləkədən Sonrakı
Tədqiqatlar, Lids Humanitar Tədqiqatlar və Orta
Əsrlər Tədqiqatları institutları daxildir.
Biologiya fakültəsi bakalavrlar üçün ayrı,
magistr və doktorantlar üçün isə digər Biologiya
Elmləri məktəblərindən, Membran və Sistem
Biologiyası, Molekulyar və Hüceyrə Biologiyası,
İnteqrativ və Korporativ Biologiya
institutlarından ibarətdir.
Biznes fakültəsində Mühasibat və Maliyyə,
İqtisadiyyat, Beynəlxalq Biznes, Menecment,
Marketinq, Fəaliyyət və İşgüzar Əlaqələr
məktəbləri fəaliyyət göstərir.
Təhsil, sosial elmlər və hüquq fakültəsinə
Pedaqogika, Hüquq, Siyasi və Beynəlxalq
Tədqiqatlar, Sosiologiya və Sosial Siyasət
məktəbləri aiddir.
Mühəndislik fakültəsinə Vətəndaş Quruculuğu,
Hesablama, Elektronika və Elektrik Mühəndisliyi,
Maşınqayırma, Proses, Ekoloji və Material
Mühəndisliyi məktəbləri daxildir.
Ətraf mühit fakültəsi nəzdində Yer və Ətraf
Mühit, Coğrafiya məktəbləri, Nəqliyyat
Tədqiqatları İnstitutu fəaliyyət göstərir.
Riyaziyyat və fizika elmləri fakültəsində Kimya,
Qida Elmləri və Düzgün Qidalanma, Riyaziyyat,
Fizika, Astronomiya məktəbləri fəaliyyət
göstərir.
Tibb və sağlamlıq elmləri fakültəsi Səhiyyə,
Tibb məktəblərindən, Lids Stomatologiya,
Genetika, Sağlamlıq və Terapiya, Sağlamlıq
Elmləri, Tibbi Təhsil, Molekulyar Tibb,
Psixologiya Elmləri institutlarından ibarətdir.
Universitetin Tibb Məktəbi Avropanın ən nüfüzlu
təhsil ocaqlarından biridir. 2010-2011-ci
illərdə bu məktəb "The Guardian" dərgisi
tərəfindən ölkənin 11 ən yaxşı tibb məktəbindən
biri kimi dəyərləndirilib.
İfaçılıq, təsviri incəsənət və kommunikasiya
fakültəsi Kommunikasiya Tədqiqatları, Dizayn,
İncəsənət, İncəsənətin Tarixi və
Mədəniyyətşünaslıq, Musiqi, İfaçılıq və
Mədəniyyət məktəblərinə bölünüb.
Lids Universitetinin kitabxanası 3 milyona yaxın
kitab, 26000-dən çox çap olunmuş və elektron
jurnal, 850 verilənlər bazası, 6000 elektron
kitab və digər materiallara sahiblik edərək
ölkənin ən böyük kitabxanaları sırasındadır.
Universitetin Brazerton kitabxanasında incəsənət,
sosial elmlər və hüquq sahələrini əhatə edən
kitablar toplanıb. Tibb, stomatologiya və
səhiyyə sahələrinə aid kitablar Uorsli binasında
yerləşən Sağlamlıq Elmləri kitabxanasında, dəqiq
elmlər, mühəndislik sahələrinə aid kitablar isə
Edvard Boyl kitabxanasında saxlanılır. Eyni
zamanda universitet kitabxanası XV əsrdən XX
əsrədək tarixi əhatə edən xüsusi kolleksiyaya,
Amadeus Motsartın və Lüdviq van Bethovenin
musiqi əsərlərinə, Şekspirin 1623-cü ildə nəşr
edilmiş əsərlərinə və digər kolleksiyalara
sahiblik edir.
Lids Universitetində Universitet Məhkəməsi,
Şurası və Senatı fəaliyyət göstərir.
Universitetin hazırkı kansleri cənab Melvin Braq,
vitse-kansleri isə professor Maykl Arturdur.
7645 nəfər əməkdaşı olan Lids Universiteti
ölkənin ən çox işçi qüvvəsinə malik ali
məktəblərindən biridir. Universitetdə çalışanlar
arasında 97 millətin nümayəndəsi vardır.
Lids Universitetində ümumilikdə 33002 nəfər
tələbə təhsil alır. Onların 25000 nəfəri
bakalavr, 8000 nəfəri isə magistr və
doktorantlardır. Tələbələrin 29015 nəfəri əyani,
3987 nəfəri isə qiyabi təhsil alır.
Universitetdə dünyanın 142 ölkəsindən minlərlə
əcnəbi tələbə oxuyur.
Lids Universitetinin Tələbə Təşkilatı ölkənin ən
böyük tələbə birliyindən biridir. 3000-dən çox
klub, cəmiyyət və birlikdən ibarət olan
universitetin Tələbə Təşkilatı tələbələrin asudə
vaxtlarının təşkili, onların yataqxana və işlə
təmin olunması məsələlərinə nəzarət edir.
Universitetdə yerli, əcnəbi tələbələri,
tədqiqatçıları, əməkdaşları yerləşdirə biləcək
yataqxanalar fəaliyyət göstərir. Yataqxanaların
4-ü (Moris
Holl, Henri Prays, Ellersli Holl və Liddon Holl)
kampus daxilində, digər yataqxanalar isə
kampusdan kənarda fəaliyyət göstərir. Bu
yataqxanalar Karr Mils, Klarens Dok, Ceyms Beyli
Park, Leodis, Lupton, Montaqu Barton, Nort Hill
Kart, Opal 3, Oksli, Sentinel, Tenneri, Şimmin
və Sent Marksdır. Lids Universitetinə qəbul
olunan bütün birinci kurs tələbələrinə
yataqxanada otaqla təmin olunmaları haqqında
zəmanət verilir. Yataqxanada otaqla təmin oluna
bilməyən tələbələr özəl şirkətlərin təklif
etdiyi yataqxanalardan da yararlana bilərlər.
Lids Universiteti təlim və tədqiqat sahəsində
qazandığı nailiyyətləri bölüşmək üçün dünyanın
bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq
edir. Avropanın bir çox ali məktəbi kimi Lids
Universiteti də Erasmus Mundus proqramında
iştirak edir, tələbə mübadiləsi proqramını
həyata keçirir və qlobal tədqiqatlar aparmaqla
dünyanın diqqətini özünə cəlb edir.
Universitetin məşhur məzunları
|
Bekele Geleta |
Monqolustanın sabiq prezidenti |
|
|
Cek Strou |
Böyük Britaniyanın sabiq dövlət katibi |
|
|
Mark Biford |
BBC-nin baş direktorunun müavini |
|
|
Nikolas Uitçel |
BBC-nin xəbərlər üzrə müxbiri |
|
|
Uilyam Henri Breq |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Corc Porter |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Pyers Sellers |
NASA-nın astronavtı |
|
|
Kris Payn |
amerikalı Hollivud aktyoru |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |
|