| 
								
								 Noyabrın 
								9-da "Təhsil" Respublika İdman Mərkəzinin 
								Respublika İxtisaslaşdırılmış Olimpiya 
								Ehtiyatları  Uşaq-Gənclər Şahmat Məktəbində 
								Azərbaycan  Respublikasının dövlət 
								müstəqilliyinin bərpasının 20-ci  ildönümünə 
								həsr olunmuş açıq şahmat turnirinin açılış 
								mərasimi keçirildi. 
								
								Mərasimi giriş sözü ilə "Təhsil" Respublika 
								İdman Mərkəzinin direktoru Cəfər Hümbətov açaraq 
								dövlət müstəqilliyimizin bərpasının 20-ci  
								ildönümünün respublikanın hər yerində təntənə 
								ilə qeyd olunduğunu diqqətə çatdırdı. Bildirdi 
								ki, bu bayram münasibəti ilə bütün təhsil 
								ocaqlarında mütəmadi olaraq tədbirlər keçirilib. 
								"Təhsil" Respublika İdman Mərkəzində də 
								müstəqilliyimizə həsr olunmuş bir sıra idman 
								yarışları təşkil olunub.  Bu gün isə Təhsil 
								Nazirliyinin rəhbərliyi ilə məktəbli 
								şahmatçıların birinciliyi keçirilir.  
								
								Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov 
								çıxış edərək şahmat turnirinin açılışı  
								münasibəti ilə gənc şahmatçıları, məşqçiləri, 
								müəllimləri və tədbirin digər iştirakçılarını 
								təbrik etdi. Qeyd etdi ki, bu gün gənc 
								şahmatçıları burada görmək çox sevindirici 
								haldır. Şahmat turnirinin  Azərbaycanın dövlət 
								müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr 
								olunması çox təqdirəlayiqdir. Ölkəmizdə şahmatın 
								inkişaf tarixinə nəzər saldıqda  son 20 il 
								ərzində bu müdrik oyunun inkişafı  yolunda çox 
								ciddi addımların atıldığının şahidi olmuş olarıq. 
								Xüsusilə Azərbaycanda şahmat məktəblərinin,  
								şahmata cəlb olunan şagirdlərin sayının artması 
								və şahmatda olan uğurlar, ölkəmizin idman ölkəsi 
								kimi tanınması çox sevindiricidir. Təkcə onu 
								demək kifayətdir ki, Azərbaycan Respublikası 
								Prezidentinin iştirakı ilə son illər 10-dan 
								artıq şahmat məktəbinin açılışı olmuşdur. 
								Azərbaycanda bu gün geniş şahmat məktəbləri 
								şəbəkəsi yaranmışdır. 2009-cu ildən 2014-cü ilə 
								qədər Azərbaycanda şahmatın inkişaf proqramı 
								həyata keçirilməkdədir. Proqramda  şahmatın 
								inkişafı və kütləviliyinin təmin olunması hədəf 
								götürülmüşdür.  Bu gün çoxlu sayda turnirlər 
								keçirilir, qaliblər mükafatlandırılır. Hər yeni 
								tədbirdə biz şahmatın daha kütləvi xarakter, 
								turnirlərin daha geniş  miqyas aldığını görürük. 
								Hazırda respublikanın 42 rayon və şəhərindən 
								350-yə yaxın şahmatçı bu turnirə cəlb olunmuşdur. 
								Q.Novruzov gənc  şahmatçılara uğurlar arzuladı.
								 
								
								Dövlət himni səsləndirildi. Nazir müavini şahmat 
								məktəbi ilə yaxından tanış oldu, şahmatçılarla 
								söhbət etdi.    
								
								
								Rəşad ZİYADOV  |