Azərbaycan xalqının gələcəyi, müstəqil
Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları
bilik, təhsil və tərbiyədən asılıdır.
Heydər ƏLİYEV
Son 20 ildə respublikamızın ictimai-siyasi
həyatında, o cümlədən təhsil sistemində də böyük
inqilabi dəyişikliklər baş vermişdir.
Müstəqillik yollarında sürətlə irəliləyən
ölkəmizdə ali məktəblərə qəbul hazırda test
üsulu ilə həyata keçirilir, müasir avadanlıqlar,
əyani-texniki vasitələrlə təchiz olunan yeni
ümumtəhsil məktəblərimizin sayı sürətlə artır,
köhnə məktəblər yeni məktəblərə bərabər şəkildə
dəyişmişdir. Dünya təhsil sisteminə inteqrasiya
etdiyimiz, ənənəvi təlim üsulları ilə yanaşı,
fəal təlim metodlarından da geniş
bəhrələndiyimiz bir vaxtda Azərbaycan dili və
ədəbiyyat müəllimləri hələ də XX əsrin 70-ci
illərində hazırlanmış "Ümumtəhsil məktəblərində
şagirdlərin yazı işlərinin aparılması və
dəftərlərinin yoxlanmasına verilən vahid
tələblər"lə işləyirlər. Bu tələblər isə son dəfə
20 il bundan qabaq "Ana sözü" jurnalında təkrar
çap olunmuşdur (1991, ¹4-6, səh. 85-86). Böyük
dəyişikliyə ehtiyacı olan bu sənədi elə olduğu
kimi də qəbul etmək olar. Bəlkə də 40 il bundan
əvvəl qəbul olunan bu sənəd öz aktuallığını
itirməmişdir. Bu başqa bir məqalənin mövzusu
olsa da həmkarlarımız üçün faydalı olduğunu
nəzərə alaraq təkcə o "Tələblər"də əksini tapan,
lakin müasir proqramlarda (dərsliklərlə düz
gəlməyən və dəqiqləşmələrə ehtiyacı olan "Ümumtəhsil
məktəblərinin V-XI sinifləri üçün Azərbaycan
dili proqramı" 2002-ci, "Ümumtəhsil
məktəblərinin V-XI sinifləri üçün ədəbiyyat
proqramı" isə 2003-cü illərdə nəşr olunmuşdur,
metodik ədəbiyyatda xatırlanmayan və şagirdlərin
inşa yazmaq vərdişlərinin inkişaf etdirilməsində,
tədqiqatçılıq qabiliyyətlərinin
formalaşdırılmasında müstəsna rol oynayan ev
inşaları haqqında məlumat verməyi lazım bilirik.
Etiraf etmək lazımdır ki, hazırda ali məktəblərə
qəbul zamanı test üsulundan istifadə olunduğu
üçün şagirdlərin inşa yazmaq həvəsi və maraqları
çox zəifləmişdir. (Bunun əsas günahkarı
şagirdlər yox, məktəb rəhbərləri və fənn
müəllimləridir). X-XI sinif şagirdlərinin 5-6
səhifə əvəzinə, 2-3 səhifə inşa yaza bildikləri
bir vaxtda ev inşalarından söz açmaq, bəlkə də
yersiz görünə bilər. Lakin unutmaq olmaz ki,
ixtisasından, cinsindən asılı olmayaraq bütün
Azərbaycan vətəndaşları doğma dilimizdə doğru,
düzgün danışmağı, savadlı və gözəl yazmağı, öz
fikirlərini yazı ilə ifadə etməyi bacarmalıdır.
Bu mühüm problemi isə ümumtəhsil məktəblərində
əvvəl ibtidai sinif, sonralar isə fənn
müəllimləri həyata keçirirlər.
Hazırda ümumtəhsil məktəblərində uğurla həyata
keçirilən təhsil islahatının qarşısında duran
əsas problemlərdən biri də yeni insan
şəxsiyyətinin formalaşdırılması, bütün təlim-tərbiyə
proseslərinin onun hərtərəfli inkişafı
məsələlərinin həllinə yönəldilməsidir.
Şagirdlərin inşa yazmaq vərdişləri isə onların
hərtərəfli inkişaf etdirilməsində mühüm rol
oynayır.
Ümumtəhsil məktəblərində müxtəlif öyrədici imla,
ifadə, inşa yazılardan istifadə şagirdlərdə
yoxlama inşa yazmaq vərdişlərinin yaradılmasında
böyük əhəmiyyətə malik olur. Haqqında söz açılan
ev inşaları isə həm öyrədici, həm də yoxlama
inşalara bənzəyir. Lakin onlar həm də
şagirdlərin tədqiqatçılıq vərdişlərinin
formalaşdırılmasına daha çox xidmət edir. Çox
təəssüfləndirici haldır ki, bu vaxta qədər
metodik ədəbiyyatda bu inşaların aparılması
üsulu, yoxlanması, qiymətləndirilməsi və
qiymətlərin jurnala yazılması haqqında müəyyən
məlumatlara təsadüf edilmir. Vaxtilə Moskva
qəzetlərində ev inşaları haqqında müəyyən
məqalələrə təsadüf olunduğu üçün Azərbaycan
məktəblərində ev inşalarının aparılması haqqında
müvafiq ənənə yaranmışdı. Lakin bəzi gənc
müəllimlərimiz hazırda bu inşalar haqqında
məlumata malik deyillər.
Adətən, ev inşaları həm sərbəst mövzulara, həm
də təlim prosesində öyrədilən əsərlərə həsr
oluna bilər. Əvvəllər ümumtəhsil məktəblərində
ədəbiyyatdan hər rübdə iki inşa yazıldığı halda,
indi hər yarım ildə iki yoxlama inşa yazdırılır.
Bu vəziyyət ev inşalarının aparılmasına olan
ehtiyacı zərurətə çevirir. Demək, ev inşaları
üçün təlim prosesində öyrədilən əsərlərdən ən
ümumi (çünki konkret mövzular sinifdə yazdırılan
yoxlama inşalara həsr olunur) mövzuları əhatə
etməlidir. Məsələn, 1. X.Şirvani və M.Gəncəvi
Azərbaycan intibahının ilk nümayəndələri kimi;
2. N.Gəncəvi və Azərbaycan intibahı; 3. Nizami
yaradıcılığında əməkçi insan surətləri; 4.
N.Gəncəvi yaradıcılığında ədalətli hökmdar
problemi; 5. N.Gəncəvi yaradıcılığında qadın
surətləri; 6. Nizami ədəbi məktəbinin
davamçıları haqqında; 7. Nizaminin mütərəqqi
ideyaları bu gün; 8. "Dədə Qorqud" qəhrəmanlıq
dastanıdır; 9. Alban-Aran ədəbiyyatı. Ərəb və
fars dilli Azərbaycan ədəbiyyatı; 10.
Q.Təbrizinin həyat və yaradıcılığı. Divan
ədəbiyyatının yaranması və onun janrları; 11.
Azərbaycandilli ədəbiyyatın yaranması. İzzəddin
Həsənoğlu. "Dastan-Əhməd Harami" və s.
"Ümumtəhsil məktəblərində şagirdlərin yazı
işlərinin aparılması və dəftərlərinin
yoxlanılmasına verilən vahid tələblər"də il
ərzində V-XI siniflərdə Azərbaycan dili və
ədəbiyyatdan yoxlama yazı normaları ilə yanaşı,
ev inşaları haqqında da məlumat verilmişdir:
V-VI siniflərdə il ərzində onların sayı 1,
VII-VIII siniflərdə 2, IX-XI siniflərdə isə
3-dür.
Əgər ev inşalarının sayı yoxlama yazı normaları
ilə birlikdə verilirsə, bu onları yoxlama
inşalarına daha çox yaxınlaşdırır. Məsələnin bu
cür qoyuluşu müəllimlərimizin ev inşalarının
icrası ilə əlaqədar məsuliyyətini daha da
artırmalıdır.
Hər bir inşa yazı şagirdin elmi əsəridir.
Müəllimlər çox gözəl bilirlər ki, inşalar
hazırda ümumtəhsil məktəblərində çox geniş
yayılan "İnşa" kitablarından köçürülməməlidir.
Bu yazılar onların mövzu ilə əlaqədar
yiyələndikləri nəzəri biliklərin yazıda ifadəsi
olmalıdır. Bu zaman şagirdlərin bilikləri
möhkəmlənir və uzun müddət onların hafizələrində
yaşayır. Buna görə də müəllimlər bütün inşa
yazılarının aparılmasına xüsusi qayğı,
tələbkarlıq və məsuliyyətlə yanaşmalıdırlar.
Məlumdur ki, X sinifdə il ərzində üç ev inşası
yazdırılmalıdır. Birinci inşanın mövzusunu
irəlidə göstərilən qədim dövr Azərbaycan
ədəbiyyatına həsr etmək olar. Bu zaman onları
digər sərbəst və ədəbi mövzularla da
zənginləşdirmək olar. Bu qayda ilə ikinci və
üçüncü inşalar üçün də ümumi mövzular hazırlana
bilər.
Müəllim mövzuları şagirdlərə paylayanda hərəyə
bir, ya da iki şagirdə bir mövzu da verə bilər.
Hər mövzu ilə əlaqədar şagirdlərə fərdi
məsləhətlər və istifadə olunan ədəbiyyatın
siyahısı da verilir. İnşalar xüsusi dəftərlərdə
20-30 gün müddətində yazılır. İnşaların həcmi
isə ən azı 6-10 və daha çox səhifədən ibarət
olur...
İnşalar hazır olandan sonra müəllim onları
yoxlayır və qiymətləndirir. Bu işi hər sinfin öz
şagirdlərinə (yəni şagirdlər bir-birinin
dəftərlərini yoxlayırlar), həm də yuxarı sinif
şagirdlərinə (hərəsinə 1-2 dəftər verməklə) də
gördürmək olar. Təcrübə göstərir ki, bu zaman
şagirdlər inşaların yoxlanılmasına çox böyük
məsuliyyətlə yanaşırlar. Onlar səhvləri
müəllimlər kimi qırmızı qələmlərlə qeyd edir və
yazıları qiymətləndirirlər. Lakin bu yazıları
müəllimlər özləri də yoxlayırlar. Bu zaman həm
yazıda olan səhvləri, həm də yoxlayanın yol
verdiyi nöqsanlar qeyd olunur.
Metodik ədəbiyyatda ev inşalarının aparılması
haqqında müəyyən fikrə təsadüf edilmədiyi kimi,
onların uçotunun aparılması barədə məlumatlara
da rast gəlinmir. Odur ki, bir çox məktəblərdə
ev inşaları yazdırılmır, ev inşaları yazdırılan
məktəblərdə isə onun uçotu aparılmır. Lakin bizə
elə gəlir ki, müəllim həyata keçirdiyi bütün
işlərin, o cümlədən ev inşalarının da uçotunu
aparmağa borcludur.
Məlumdur ki, ümumtəhsil məktəblərinin ədəbiyyat
proqramlarında VI sinifdə sinifdənxaric oxu üçün
ildə 4, V və VII-IX siniflərdə isə 8 saat vaxt
ayrılmış və dərslikdə də bununla əlaqədar
materiallar mövcuddur. Zənnimizcə, V-IX
siniflərdə sinifdənxaric oxu ilə əlaqədar
keçirilən ev inşalarının qiymətləri də hər yarım
ildə sinifdənxaric oxu ilə əlaqədar tədris
olunan mövzuların yazıldığı xanalarda
yazılmalıdır.
X-XI siniflərin proqramlarında isə sinifdənxaric
oxu üçün xüsusi saat ayrılmamışdır. Lakin
əvvəllər "Ədəbiyyat" dərsliklərində
sinifdənxaric oxunulacaq əsərlərin adları qeyd
olunurdu. İndi onlara da təsadüf olunmur.
Ədəbiyyat dərslərində seçmə saatlardan geniş
istifadə olunduğu üçün müəllimlər X və ya XI
sinifdə oxunması lazım olan əsərlərin siyahısını
müəyyənləşdirir və dərs ilinin sonunda o
əsərlərin adını şagirdlərə yazdırır və yayda
oxumalarını tapşırır.
Qabaqcıl və təcrübəli müəllimlər bu siniflərdə
sinifdənxaric oxu üçün jurnalın sonunda xüsusi
bir səhifə ayırırlar. Sinifdənxaric məşğələlərdə
oxunulmuş əsərlərin uçotu məhz bu səhifədə
aparılır. Həmin məşğələlərin keçirildiyi günlər,
mövzuların adları, oxunulmuş əsərlər haqqında
məlumat verən şagirdlərin qiymətləri də məhz bu
səhifədə qeyd olunur.
Ümumi bilik səviyyələrinin inkişaf etdirilməsi
ilə yanaşı, şagirdlərin tədqiqatçılıq
qabiliyyətlərinin də formalaşmasında mühüm rol
oynadığını nəzərə alaraq müəllimlər ev
inşalarının təşkilinə xüsusi qayğı və
tələbkarlıqla yanaşmalıdırlar.
Aydın PAŞAYEV,
Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunun dosenti,
filologiya üzrə fəlsəfə doktoru,
Ofelya SEYFƏDDİNOVA,
Bakı Slavyan Universiteti Məktəb-Lisey
Kompleksinin
Azərbaycan dili və ədəbiyyat müəllimi |