Münhen
Lüdviq-Maksimilian Universiteti (Ludwig-Maximilians-Universitat
(LMU) München) Almaniyanın Münhen şəhərində
yerləşir. 500 ildən artıq tarixə malik bu
universitet tələbələrinin sayına görə ölkənin ən
böyük ikinci ali təhsil ocağı hesab edilir.
Münhen Lüdviq-Maksimilian Universiteti dünya
universitetləri arasında özünəməxsus yer tutur.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Münhen
Lüdviq-Maksimilian Universiteti 100 ən yaxşı ali
məktəb arasında 98-ci yerdə olub. "Times Higher
Education World University Rankings"in
2010-2011-ci illər üzrə dünyanın ən nüfuzlu
universitetləri arasında apardığı araşdırmaya
əsasən, Münhen Lüdviq-Maksimilian Universiteti
61-ci, "QS World University Rankings"in
açıqlamasına görə isə 66-cı yerdə qərarlaşıb.
"Times Higher Education World University
Rankings"in 2011-2012-ci tədris ili üzrə
açıqladığı reytinq cədvəlinə əsasən universitet
45-ci, "QS World University Rankings"in
reytinqində isə 62-ci yerdə dayanır.
Münhen Lüdviq-Maksimilian Universiteti Avropa
Tədqiqat Universitetləri Liqasının, Vyana
Beynəlxalq Universitetinin, Almaniya Akademik
Mübadilə Xidmətinin (DAAD) və Bavariya
Beynəlxalq Akademik Mərkəzinin təsisçi üzvüdür.
Universitet, həmçinin Avropa Birliyinin
maliyyələşdirdiyi Erasmus Mundus proqramında
fəal iştirak edir.
Tarixi
Münhen
Lüdviq-Maksimilian Universiteti 1472-ci ildə
İnqolştadt şəhərində Roma Papasının dəstəyi ilə
bavariyalı Hersoq Lüdviq tərəfindən təsis edilib.
İlk olaraq təhsil ocağının tərkibində dörd
fakültə - İncəsənət (hazırkı Fəlsəfə fakültəsi),
Tibb, Hüquq və İlahiyyat fakültələri fəaliyyət
göstərib. Universitet islahatlar dövründə Martin
Lüter və onun tərəfdarlarına qarşı mübarizədə
böyük rol oynayıb. Sonralar universitet 200
ildən çox Yezuitlər ordeninin təsiri altında
olub.
1800-cü ildə Kral I Maksimilianın qərarı ilə ali
məktəb Almaniyanın Landshut şəhərinə köçürülüb.
Universitetin köçürülməsində əsas məqsəd ali
məktəbi yezuitlərin təsirindən azad etmək və
yezuitlərə meyilli müəllim heyətini digərləri
ilə əvəzləmək olub. 1802-ci ildən universitet
bavariyalı Hersoq Lüdviq və Kral I Maksimilianın
şərəfinə Lüdviq-Maksimilian Universiteti kimi
tanınıb. 1825-1826-cı illərdə universitetin
tələbələrinin sayı artaraq təxminən min nəfərə
çatıb.
1826-cı ildə Kral I Lüdviqin əmri ilə bu ali
təhsil müəssisəsi Münhen şəhərinə köçürülüb. XIX
əsrin ikinci yarısında ali məktəbin həyatında
dəyişikliklər baş verir. Universitetdə keçirilən
məşğələlərin sayı artırılır və buraya yüksək
ixtisaslı müəllimlər cəlb edilir. 1840-cı ildə
universitet hazırda yerləşdiyi binaya köçürülür.
1900-cü
ildə şotlandiyalı Mariya Qordon və Aqnes Kelli
Münhen Lüdviq-Maksimilian Universitetinin
doktorluq dərəcəsini alan ilk qadın alimləri
olublar.
Münhen Lüdviq-Maksimilian Universitetinin
aspirantı adını almış ilk alman qadını isə Adel
Hartman olub.
Büdcəsi və təhsil haqqı
2010-2011-ci tədris ilində Münhen
Lüdviq-Maksimilian Universitetinin illik büdcəsi
482,4 milyon avro olub. Ali məktəbin
gəlirlərinin 303,2 milyonu dövlət yardımlarının,
117,6 milyonu isə xarici maliyyə mənbələrinin
payına düşüb. Universitetin xərclərinin 27,2
milyonunu təhsil haqqı, 21,1 milyonunu əməliyyat
xərcləri, 12,3 milyonunu təmir və tikinti,
qalan 1 milyonunu isə digər məsrəflər təşkil
edib.
Universitet bu gün
Münhen Lüdviq-Maksimilian Universiteti XX əsrdə
əsaslı şəkildə genişlənməyə başlayır.
Universitetin ərazisində yeni fakültələr (baytarlıq,
pedaqoji və s.) yaradılır. Universitetdə Avropa
ərazisində yeganə olan Biotexnologiya Mərkəzi,
astronomiya və aqrofizika elmi-tədqiqat
institutları və aynalı teleskopu olan rəsədxana
fəaliyyət göstərir.
Münhen Lüdviq-Maksimilian Universitetinin
institutları və tədqiqat mərkəzləri Münhendə və
ona yaxın qəsəbələrdə yerləşir. Universitetin
əsas binaları əsasən Qeşvister-Şol-Plaç
ərazisində yerləşir. Digər binalar - Hay-Tek
Kampusu, Pedaqogika və Psixologiya fakültəsinin
yerləşdiyi Şvaynxenbau binası, universitetin
klinikaları, kimya və biotexnologiya kampusları
və s. Qrosxarden rayonu ərazisində fəaliyyət
göstərir.
Hazırda universitetdə 18 fakültə və 41
tədqiqat mərkəzi fəaliyyət göstərir.
Katolik İlahiyyat fakültəsi universitetin ilk
fakültələrindəndir. Fakültənin tərkibinə Martin
Qrabman adına Orta Əsrlər İlahiyyatı və
Fəlsəfəsi üzrə Elmi-Tədqiqat, Ekumenik
Tədqiqatlar (əsasən müxtəlif xristian kilsələri
arasında dialoqun təşkili məsələləri ilə məşğul
olur) və Münhen Pravoslav institutları daxildir.
Protestant İlahiyyat fakültəsi 1968-ci ildə
təsis edilib. Yarandığı gündən fakültə
almandilli ölkələr arasında ilahiyyat elminin
tədqiqi ilə məşğul olan ən güclü elmi tədqiqat
fakültələrindən birinə çevrilib.
Hüquq fakültəsində xüsusi sahələr üzrə çoxlu
sayda kurslar təklif edilir, həmçinin ilk dövlət
imtahanını verənlərə beynəlxalq və Avropa biznes
hüququ sahəsində təhsilini davam etdirmək imkanı
yaradılır. Bundan əlavə, elmi dərəcəsi olan
əcnəbi tələbələr alman hüququ üzrə dərəcə də ala
bilər.
Biznesin İdarə olunması fakültəsi Münhen
İdarəetmə Məktəbi kimi də tanınır. Fakültə
Almaniyanın ən yaxşı biznes məktəblərindən biri
hesab edilir. Fakültədə xeyli sayda milli və
beynəlxalq idarəçilik (master) proqramları
mövcuddur.
İqtisadiyyat fakültəsi 2010-2011-ci tədris
ilindən başlayaraq öz tələbələrinə ingilis
dilində ikiillik magistr proqramları təqdim edir.
Bu proqramlar əsasən universitetin İqtisadi
Tədqiqatlar Mərkəzinə dəvət edilmiş beynəlxalq
tədqiqatçılar tərəfindən tədris edilir.
Tibb
Fakültəsi tibb üzrə Almaniyanın cənub ərazisində
mövcud olan ən böyük təhsil müəssisəsidir. Onun
tərkibinə Münhen Hospital Universiteti daxildir.
Baytarlıq Tibb fakültəsi də Almaniyanın
cənubunda yerləşir. Fakültə bu ərazidə mövcud
olan yeganə baytarlıq təlimi və tədqiqatı
mərkəzidir. Fakültənin tədris proqramında qida
gigiyenası və baytarlıq səhiyyəsi ilə yanaşı,
kliniki və parakliniki təlimlərin keçirilməsi də
nəzərdə tutulur.
Tarix və Sənətşünaslıq fakültəsi cənubi Almaniya
ərazisində incəsənət elmlərinin tədrisi üzrə
təxminən 25 proqram təqdim edən yeganə təhsil
ocağıdır. Onun tərkibinə İncəsənət Tarixi,
İncəsənət Pedaqogikası, Musiqi Pedaqogikası,
Musiqişünaslıq institutları və Münhen Teatr
Akademiyası daxildir.
Fəlsəfə, Elm Nəzəriyyəsi və Dinşünaslıq
fakültəsində təhsil əsasən fəlsəfə ixtisası üzrə
dərəcə proqramları istiqamətində aparılır.
Burada həmçinin dini proqramların da tədrisi
həyata keçirilir.
Psixologiya və Pedaqogika fakültəsi üç
institutdan ibarətdir. Fakültədə pedaqogika,
Təhsil və Sosiallaşma, Məktəb və Təlim üzrə
Tədqiqat, Profilaktika, Reabilitasiya və
İnteqrasiya üzrə Tədqiqat institutları fəaliyyət
göstərir.
Mədəniyyətşünaslıq
fakültəsində Cənubi, Cənub-Şərqi Avropa və Asiya
ölkələrinin mədəniyyətlərini öyrənmək üçün
filoloji, arxeoloji, antropoloji və sosioloji
vasitələri tətbiq edən fənlər tədris olunur.
Dilçilik və Ədəbiyyatşünaslıq fakültəsi
tələbələrin sayına görə universitetin ən böyük
fakültələrindəndir. Fakültə müxtəlif
institutları və əlavə departamentləri özündə
birləşdirən üç şöbədən ibarətdir.
Birinci şöbə Alman Filologiyası, Müqayisəli
Ədəbiyyat, Nordik Filologiyası və Alman Dili
institutlarını əhatə edir. İkinci şöbə yunan və
latın filologiyası, roman dilləri filologiyası,
italyan filologiyası, slavyan filologiyası, dil
və kommunikasiya və Albanologiya proqramlarını
təqdim edir. Üçüncü şöbəyə İngilis filologiyası
və Amerika institutları daxildir.
İctimai Elmlər fakültəsi tələbələrinin sayına
görə üçüncü yerdə dayanır. Fakültədə sosiologiya,
politologiya, jurnalistika və kommunikasiya
sahələri üzrə 10 əsas və ikinci dərəcəli
proqramlar əsasında tədris aparılır.
Riyaziyyat, İnformatika və Statistika fakültəsi
bakalavr, magistr səviyyələri və diplom
verilməsi üzrə proqramlar təklif edir. Fakültə
riyaziyyat, informatika və statistika
şöbələrindən ibarətdir.
Fizika fakültəsi universitetin nüfuz
qazanmasında xüsusi rol oynayan fakültələrdəndir.
2010-cu ildə "Times Higher Education World
University Rankings"in reytinq cədvəlinə əsasən
universitet fizika sahəsi üzrə Almaniyanın ən
yaxşı ali təhsil müəssisəsi hesab edilib.
Almaniya Tədqiqat Fondundan (DFG) maliyyə
dəstəyi alan fakültənin xeyli sayda tədqiqat
mərkəzləri var.
Kimya və Əczaçılıq fakültəsinə Biokimya və
Əczaçılıq şöbələri daxildir. Fakültə Hay-Tek
kampusunda yerləşir.
Biologiya
fakültəsi iki şöbədən ibarətdir. Şöbələrdən
birində botanika elmi üzrə kurslar təklif edilir.
Burada biologiya elminin prinsipləri, genetika,
mikrobiologiya, sistematik zoologiya, həmçinin
sistematik botanika və mikologiya elmləri
tədris olunur. Digər şöbə isə antropologiya,
insan genetikası və zoologiya elmləri ilə məşğul
olur.
Yer və Ətraf Mühit Elmi fakültəsi coğrafiya, yer
və ətraf mühit elmləri bölmələrindən ibarətdir.
Fakültənin devizi "Qlobal, regional və lokal
dəyişikliklərin tədqiqi, anlaşılması və
planlaşdırılması"dır.
Ali məktəbin tədqiqat mərkəzlərindən olan Reyçel
Karson adına Ətraf Mühit və Cəmiyyət Mərkəzi
Münhen Universiteti ilə Alman Muzeyinin birgə
təşəbbüsü əsasında yaradılıb. Mərkəz Almaniyanın
Tədqiqat və Təhsil Nazirliyi tərəfindən
dəstəklənir. Mərkəzin məqsədi ətraf mühitin
qorunması üzrə aparılan siyasi və elmi
debatlarda bəşəriyyətin rolunu gücləndirmək
məqsədilə tədqiqat və müzakirələrin
aparılmasıdır.
Digər əsas mərkəz kimi Tətbiqi Siyasi
Tədqiqatlar Mərkəzinin adını çəkmək olar.
1995-ci ildə yaradılan mərkəz Almaniyada Avropa
və beynəlxalq məsələlər üzrə fəaliyyət göstərən
siyasi tədqiqatlar institutlarındandır.
Universitetdə həmçinin Yaponiya, Beynəlxalq
Səhiyyə, Nanoelmlər, Neyroelm-Beyin və İdrak
mərkəzləri və s. fəaliyyət göstərir.
Münhen
Lüdviq-Maksimilian Universitetində mükəmməl
kitabxana sistemi mövcuddur. Məktəbin kitabxana
sistemi əsas və 130-a qədər kiçik kitabxanaya
bölünür. Burada ümumilikdə təxminən 6,5 milyon
cild kitab mövcuddur. Universitetin əsas
kitabxanasında 2,4 milyon cild kitab, 3 mindən
çox qədim əlyazma və 1900-cü ilə məxsus 4 minə
yaxın qədim şəkillər saxlanılır. Kitabların
böyük əksəriyyətinin elektron versiyası
yaradılıb. Bundan əlavə, ali məktəbin müəllim və
tələbələri Bavariya Dövlət Kitabxanasından,
Münhen Texniki Universitetinin kitabxanasından,
həmçinin digər yerli və dövlət kitabxanalarından
istifadə etmək imkanına malikdirlər.
2002-ci ildən etibarən universitetin prezidenti
Bernd Huberdir. Universitetdə ümumilikdə 14 minə
yaxın əməkdaş çalışır. Onların 714 nəfərini
professor-müəllim heyəti təşkil edir.
Münhen Lüdviq-Maksimilian Universitetinin
müəllimləri arasında 1918-ci ildə fizika üzrə
Nobel mükafatına layiq görülən kvant
nəzəriyyəsinin banisi Maks Plankın adını çəkmək
olar. Ümumilikdə universitetin fizika, tibb və
kimya sahələri üzrə 13 Nobel mükafatı laureatı
var.
2011-2012-ci tədris ili üzrə Münhen Lüdviq-Maksimilian
Universitetində 48857 tələbə təhsil alır.
Onlardan 6615 nəfəri əcnəbi tələbələrdir. Hər il
təxminən 5 min gənc mütəxəssis Münhen Lüdviq-Maksimilian
Universitetinin məzunu olur. Universitetdə
təhsil almaq istəyən əcnəbi tələbələr üçün irəli
sürülən ilk və əsas şərtlərdən biri alman dilini
mükəmməl bilməkdir. Bu məqsədlə universitetin
tərkibində əcnəbilər üçün alman dili kursu
təşkil edilir. Məşğələlər əsas hazırlıqla
paralel, həmçinin tətil vaxtları keçirilir.
Alman dili kursu 6 səviyyəyə bölünür. İlk
səviyyələrdə dərs yükü həftədə 13-20 saat,
sonuncu səviyyələrdə isə 4-20 saat təşkil edir.
Təhsil ocağında tədris ili iki semestrə bölünür.
Fakültələr üzrə qəbul müxtəlif vaxtlarda həyata
keçirilir. Qış semestri oktyabrın ortalarında
başlayır və fevralda başa çatır. Yay semestri
apreldən iyul ayına qədər davam edir. Qış
semestrində təhsil üçün ərizələr oktyabrın, yay
semestrində isə aprelin əvvəlinə qədər qəbul
edilir.
Münhen Lüdviq-Maksimilian Universitetində 1400
alim doktorluq dərəcəsi almaq və təxminən 100
nəfər isə universitetdə çalışmaq hüququ əldə
etmək üçün dissertasiya müdafiə edib. Ali
məktəbdə dərslər 150 istiqamət üzrə aparılır.
Burada demək olar ki, bütün humanitar fənlər, o
cümlədən riyaziyyat və təbiət elmləri tədris
olunur. Universitet hüquq, iqtisadiyyat,
ilahiyyat, tibb, psixologiya, pedaqogika,
sosiologiya, tarix və filologiya elmləri
sahəsində mütəxəssis hazırlığı ilə məşğul olur.
Eyni zamanda ali məktəbdə Albaniya və Misir
tarixi, mədəniyyəti, Cənub-Şərqi və Şərqi Avropa
ölkələrinin iqtisadiyyatı kimi nadir ixtisaslara
da yer verilib. Bununla yanaşı, universitetdə
tibb üzrə elmi-tədqiqat işlərini həyata keçirən
klinika fəaliyyət göstərir.
Münhen şəhərində 42 tələbə yataqxanası var. Bu
yataqxanalar 9 min tələbə üçün nəzərdə tutulub.
Lakin şəhərdə 9 universitetin fəaliyyət
göstərdiyini, ümumilikdə həmin universitetlərin
100 min tələbəsinin olduğunu nəzərə alsaq (bunun
48 mini Münhen Lüdviq-Maksimilian
Universitetinin payına düşür), yataqxanaların
yetərli sayda olmadığı aydın görünür. Məhz buna
görə də tələbələrin əksəriyyəti əsasən mənzil
kirayələyirlər.
Bu gün Münhen Lüdviq-Maksimilian Universiteti
Almaniyanın ən tanınmış elmi tədqiqat
mərkəzlərindən biridir. Universitet öz
fəaliyyətində şəffaflıq, yaradıcı yanaşma və
novatorluq prinsiplərinə üstünlük verir. Ali
məktəb apardığı elmi tədqiqat işləri ilə nəinki
Almaniyada, eləcə də bütün Avropada böyük nüfuz
qazanıb və yüksək nailiyyətlərə imza atıb.
Universitetin məşhur məzunları
|
Teodor Henş |
fizika üzrə Nobel mükafatı
laureatı |
|
|
Qerd Binninq |
fizika üzrə Nobel mükafatı
laureatı |
|
|
Verner Qeyzenberq |
fizika üzrə Nobel mükafatı
laureatı |
|
|
Maks fon Lauz |
fizika üzrə Nobel mükafatı
laureatı |
|
|
Vilhelm Konrad Rentgen |
fizika üzrə Nobel mükafatı
laureatı |
|
|
Vilhelm Vin |
fizika üzrə Nobel mükafatı
laureatı |
|
|
Konrad Lorenz |
tibb
üzrə Nobel mükafatı
laureatı |
|
|
Karl Ritten fon Friş |
tibb
üzrə Nobel mükafatı
laureatı |
|
|
Feodor Linen |
tibb
üzrə Nobel mükafatı
laureatı |
|
|
Adolg Butennadt |
kimya
üzrə Nobel mükafatı
laureatı |
|
|
Henrix Viland |
kimya
üzrə Nobel mükafatı
laureatı |
|
|
Rixard Vilştetter |
kimya
üzrə Nobel mükafatı
laureatı |
|
|
Adolf fon Bayer |
kimya
üzrə Nobel mükafatı
laureatı |
|
Hazırladı:
Leyla HEYDƏROVA |