Təhsil sistemi
Konstitusiyalı
monarxiya olan Avstraliya İttifaqı 6 ştatdan
ibarət federativ dövlətdir.
Təhsil və elmi-tədqiqat sahəsinə xüsusi diqqət
ayıran Avstraliyada mövcud olan məktəblərin
tarixi 200 il əvvələ gedib çıxır. İlk məktəblər
Yeni Cənubi Uelsdə təşəkkül tapıb. XIX əsrin
ortalarından ilk universitetlər fəaliyyətə
başlayıb. Erkən uşaqlıq təhsili və ilkin
məktəbəqədər təhsil müəssisələri isə daha gec
inkişaf edib.
XIX əsrin sonlarında Avropa səyyahlarının və
ictimai-siyasi baxımdan fəal şəxslərin təşəbbüsü
ilə dünya təhsilində baş verən yeniliklər
Avstraliyada tətbiq olunmağa başlandı. Bu
məqsədlə müvafiq komissiya yaradıldı.
Müasir dövrdə ölkənin təhsil siyasəti daha güclü
və ədalətli Avstraliyanın qurulmasına xidmət
edir. Bu siyasət iqtisadi inkişafa, səmərəliliyə
və yüksək səviyyəli cəmiyyət quruculuğuna təkan
verir və regionda Avstraliyanın lider rolunu
daha da artırır.
Məktəbəqədər təhsil müəssisələri, əsasən dövlət
və ərazi hökumətləri tərəfindən idarə olunur.
Viktoriya, Cənubi Avstraliya və Yeni Cənubi
Uelsdə isə yerli şuralar, özəl təşkilatların
icma qrupları məktəbəqədər təhsil müəssisələrini
idarə edirlər. Məktəbəqədər təhsil
müəssisələrinə 3-5 yaşlı uşaqlar cəlb edilir.
Ştatlardan asılı olaraq məktəbəqədər təhsil
müəssisələrinə uşaqların cəlb olunma faizi
fərqli olsa da, bu göstərici təxminən 85,7 faizə
bərabərdir.
2008-ci
ilin statistik məlumatlarına görə, ölkə üzrə
məktəbəqədər təhsil müəssisələrində, ibtidai və
orta təhsil pillələrində təhsil alanların ümumi
sayı 3,7 milyon nəfərdən çox olub.
Avstraliya hökuməti təhsil islahatlarını həyata
keçirərkən insanların bilik və bacarıqlarının
inkişafı, innovasiyalara əsaslanan
iqtisadiyyatın tələblərinə cavab verən
mütəxəssislərin yetişdirilməsi məsələlərini
prioritet istiqamətlər kimi önə çəkir. Bu
baxımdan xalqın müəyyən bir qismi üçün deyil,
hamı üçün bərabər təhsil imkanlarının
yaradılması təhsil sisteminin əsas hədəfidir.
Ölkədə ali təhsil, əsasən, Böyük Britaniya
təhsil sisteminə əsaslanır. Ali məktəblər yüksək
təhsil keyfiyyəti ilə seçilir, tələbələrin
müstəqilliyi və elmi-tədqiqatlara
istiqamətləndirilməsi ilə xarakterizə edilir.
Digər inkişaf etmiş ölkələrdə olduğu kimi,
Avstraliyada da yaşlıların təhsilinə xüsusi önəm
verilir. Təhsil, Elm və Təlim Departamenti,
dövlət, eləcə də özəl müəssisələr tərəfindən
maliyyələşən təhsil kursları vasitəsilə
yaşlıların bilik və bacarıqlarını inkişaf
etdirməsinə şərait yaradılır.
Məktəbəqədər təhsil
Avstraliyanın
bir sıra ştatlarında məktəbəqədər təhsil icbari
xarakter daşımır. Uşaqlar, əsasən qayğı
mərkəzləri və yaxud da valideynlərin təşkil
etdiyi oyun qruplarında təhsil alırlar. Bu,
rəsmi məktəbəqədər təhsil hesab olunmur.
Ölkənin bəzi ərazilərində məktəbəqədər təhsil
ibtidai təhsildən ayrıdır. Qərbi Avstraliya və
Kvinslend ştatlarında isə məktəbəqədər təhsil
ibtidai təhsilin bir hissəsidir.
Avstraliyada erkən uşaqlıq dövründə uşaqların
hərtərəfli inkişafına xüsusi diqqət yetirilir.
Odur ki, məktəbəqədər təhsilin icbari olmadığı
ştatlarda da uşaqların qayğı mərkəzlərinə
verilməsi geniş yayılıb. Bütün bunlar
məktəbəqədər təhsil əsasnaməsi ilə tənzimlənir.
Məktəbəqədər təhsil kurikulumlarında uşaqların
hərtərəfli formalaşması, onların düzgün inkişafı
üçün müxtəlif oyunlar zəruri vasitə kimi
istifadə edilir. Tədqiqat vasitəsilə öyrənmə,
məşğuliyyət, sorğu-sual, araşdırma, praktik
həyat təcrübələri və problemi həll etmə
imkanlarının yaradılması kimi məsələlər də
məktəbəqədər təhsilin əsas istiqamətlərindəndir.
Erkən uşaqlıq dövrünə dair kurikulumlarda
uşaqların oxu və riyazi bacarıqlarının inkişafı
xüsusi yer tutur. Bu, yalnız uşaqların məktəbə
hazırlıq dövrü üçün çərçivə sənədi hesab olunur.
İbtidai təhsil
Avstraliyada
ibtidai təhsil icbaridir. Ştatların və ərazinin
qanunvericiliyinə uyğun olaraq ibtidai təhsil
5-6 yaşdan 15-17 yaşa qədər olan dövrü əhatə
edir. Şagirdlərin təxminən 65 faizi dövlət
məktəblərində, 34 faizi isə katolik və ya
müstəqil məktəblərdə təhsil alır.
Ölkədə icbari təhsilin təşəkkülü XIX əsrin
ikinci yarısına təsadüf edir. Avstraliya
vətəndaşları üçün dövlət məktəbləri pulsuzdur.
Katolik və müstəqil məktəblərdə isə təhsil
pulludur. Bu təhsil müəssisələrində dərs
ləvazimatları, məktəbli formaları, məktəb
düşərgələri üçün və digər xərclər valideynlərin
üzərinə düşür. Katolik və müstəqil məktəblərdə
birillik təhsil xərci təxminən 300-350
Avstraliya dolları arasında dəyişir.
Tipindən asılı olmayaraq bütün məktəblərdə eyni
kurikuluma əməl olunması tələb oluna bilər.
Tədris proqramlarında dünyəvi fənlər əsas yer
tutsa da, bununla belə, dini fənlərin də tədrisi
mümkündür. Məktəblərin əksəriyyətində vahid
məktəbli formasından istifadə olunur.
Orta təhsil
Avstraliyada
müxtəlif orta məktəblərdə müəyyən seçmə fənlər
tədris edilir. İbtidai və orta təhsil dövrü
birlikdə 12 il davam edir. Orta təhsil pilləsini
başa vuran məzunlara dövlət tərəfindən attestat
verilir. Bu sənəd Avstraliyanın bütün
universitetləri, peşə və təlim məktəbləri
tərəfindən tanınmaqla bərabər, xarici ölkələrin
bir sıra universitetləri tərəfindən də qəbul
olunur.
Orta təhsil müəssisəsinin 90 faizində standart
orta məktəb kurikulumundan əlavə olaraq, peşə
təhsili də verilir. Orta təhsil səviyyəsində
tədris olunan əsas fənlərə ingilis dili,
riyaziyyat, cəmiyyət və ətraf mühit, təbiət
elmləri, texnologiya, tibb və fiziki tərbiyə
fənləri daxildir. Orta məktəblər beşgünlük dərs
həftəsi ilə işləyir və birnövbəlidir.
Bir sıra orta məktəblər kollec adlandırılır.
Belə kolleclərdə tədris olunan proqramlar
vasitəsilə məzunlar universitetlərə daxil ola və
dərəcəli ixtisas ala bilərlər.
Ali təhsil
Avstraliyada 40 universitet və 350 kollec
fəaliyyət göstərir. Universitet və kolleclərdə
verilmiş diplomlar bütün dünyada tanınır.
Qeyd
etdiyimiz kimi, ölkənin ali təhsil sistemi Böyük
Britaniyanın ali təhsil sistemi ilə oxşardır.
Tələbələrə tədris prosesində tam müstəqillik
verilir və onların elmi-tədqiqatlara qoşulması
üçün hər cür şərait yaradılır. Avstraliyada
elmi-tədqiqatlara hər il böyük məbləğdə dövlət
vəsaiti ayrılır.
Ali məktəblər Dövlət Təhsil, Elm və Təlim
Departamentinin nəzarəti altında fəaliyyət
göstərirlər. Tədris proqramlarının müddəti 3-4,
tibb təhsili 6 ildir. Ölkədə məşhur
universitetlərə daha çox tələbat duyulur. Ölkə
vətəndaşları üçün birillik təhsil xərci 14-21
min Avstraliya dolları arasında dəyişir.
Avstraliya universitetlərinə qəbul zamanı son
iki ili ingilisdilli ölkələrdə təhsil alanlara
üstünlük verilir. Əks halda, universitetlərin
nəzdindəki kollecdə müvafiq proqram üzrə xüsusi
kurs keçmək lazımdır.
Öz ölkəsində universitetin birinci və ya ikinci
kursunu bitirən, 18 yaşı bitmiş tələbələr də
IELTS imtahanında 6,5 bal toplayaraq Avstraliya
universitetlərinin müvafiq kursunda oxuya
bilərlər. Digər ölkələrdə ali məktəbi bitirən
şəxslər isə Avstraliyada təhsil almaq üçün
diplomunu təqdim etməli və IELTS imtahanında ən
azı 6,5 bal toplamalıdırlar. Bir çox hallarda
MBA proqramı üzrə daxil olmaq istəyənlərdən 3
illik iş təcrübəsi tələb edilir. Əcnəbilər üçün
təhsil haqqı 9-36 min dollar civarındadır. Onu
da qeyd edək ki, Avstraliya ali məktəblərində
təhsil haqqı bir çox inkişaf etmiş ölkələrdən
xeyli aşağıdır.
Tələbələr həftədə 20 saatdan çox olmayaraq
işləyə bilərlər. Ölkədə iki il yaşayan tələbə
ilyarımlıq iş vizası, 5 il yaşayan isə daimi
yaşayış vizası almaq imkanı qazanır.
Ali təhsilə yanaşmada hamı üçün bərabər
imkanların yaradılması, təhsil haqqını ödəmə
qabiliyyətinə görə deyil, bacarıq və biliyə
əsasən universitetə
qəbul, akademik muxtariyyət, elmi-tədqiqat
sahələrinin genişləndirilməsi kimi prinsiplərə
üstünlük verilir. Ali təhsildə adambaşına
maliyyələşdirmə sistemi tətbiq olunur. Hökumət
dörd ildən bir ali təhsil və tədqiqat sektoruna
5,4 milyon dollar məbləğində əlavə maliyyə
vəsaiti ayırır.
Ölkənin daha xoşbəxt gələcəyinin təmin oluması
baxımından ali təhsilin qarşısında bir sıra
mühüm məqsədlər dayanır. Yüksək ixtisaslı
mütəxəssislərin hazırlanması, çoxsaylı iş
yerləri, ümumi inkişaf səviyyəsinin
yüksəldilməsi bu baxımdan qəbul olunmuş əsas
prinsiplərdir.
Ali məktəblər geniş ixtisas seçimi təklif edir.
Avstraliyada 38 dövlət və 2 özəl universitet
fəaliyyət göstərir. Bütün ölkə üzrə 180-dən çox
universitet kampusu var. 340000 əcnəbi tələbə
hər il təhsil almaq üçün Avstraliyaya gəlir.
Avstraliyada mühüm akademik müvəffəqiyyət
göstərmiş məzunlara fərqlənmə ilə bakalavr
dərəcəsi verilir. Bunun üçün daha bir il əlavə
təhsil almaq lazımdır. Bu dərəcəyə sahib olan
məzunlar növbəti təhsil proqramına daxil olarkən
və ya işə düzələrkən bir sıra üstünlüklərdən
istifadə edə bilərlər.
Magistratura proqramı üzrə təhsilin müddəti
bakalavrlar üçün 2 il və bakalavriatura
pilləsini fərqlənmə ilə bitirənlər üçün isə 1 il
nəzərdə tutulub. Avstraliyada peşəkar
ixtisaslaşdırma, dissertasiya müdafiəsi və
dissertasiya müdafiəsi ilə birgə tədqiqat işini
əhatə edən magistratura proqramları təklif
olunur.
Ali təhsil piramidasının zirvəsində doktorantura
proqramları durur. Doktorantura proqramları
tədqiqat və kurs işindən ibarətdir. 3 illik
tədqiqat işini müdafiə edən şəxs fəlsəfə doktoru
(PhD) dərəcəsi alır. Kurs işi isə tətbiqi
xarakter daşıyır və daha çox araşdırmanın
nəticələrinin həyata keçirilməsi ilə əlaqəlidir.
Ali
təhsilin keyfiyyətinə nəzarət edən Ali Təhsilin
Keyfiyyəti və Standartlar Agentliyi 2010-cu ildə
yaradılıb. Bu qurumun 2013-cü ildən etibarən
texniki peşə təhsili və təlim təşkilatlarının da
fəaliyyətinə nəzarət etməsi planlaşdırılır. Ali
Təhsilin Keyfiyyəti və Standartlar Agentliyinin
dördillik büdcəsi 57 milyard dollardır.
Hökumətin ali təhsil üzrə perspektiv inkişaf
strategiyasına əsasən, 2025-ci ilə qədər 25-40
yaşında olan bütün əhalinin 40 faizi bakalavr və
daha yuxarı dərəcəyə malik olacaq. Bir qayda
olaraq, ali təhsil müəssisələri ödənişli
əsaslarla fəaliyyət göstərir. Buna baxmayaraq,
əksər tələbələrin maliyyə xərcləri dövlət
tərəfindən ödənilir. Ali Təhsil Kredit
Proqramına (HELP) Dövlət Təhsil, Elm və Təlim
Departamenti, eləcə də Vergi İdarəsi (ATO)
rəhbərlik edir.
Bundan əlavə, xüsusi istedadlı tələbələr
Gənclərə Yardım və Avstraliya Təhsil Ödənişi
Xidmətinin imkanlarından istifadə edə bilərlər.
Tələbələrə köməklik məqsədilə müvafiq təqaüdlər
də ayrılır.
Avstraliyanın kolleclərində əsasən əmək
bazarında tələb olunan peşə təhsili ilə bağlı
proqramlar tədris olunur. Avstraliya
kolleclərinin çox az bir qismində müəyyən elmi
dərəcələr verilir.
Kollec adı altında bir sıra ali təhsil
müəssisələri də fəaliyyət göstərir. Belə
kolleclərə tibb və incəsənət məktəblərini misal
göstərmək olar.
Əcnəbi tələbələr yalnız ödənişli təhsil ala
bilərlər. Onlar dövlətdən hər hansı bir təhsil
krediti götürə bilməzlər. Bununla belə əcnəbi
tələbələr üçün bir sıra beynəlxalq təqaüd
proqramları nəzərdə tutulur.
Texniki peşə təhsili
Ölkənin texniki peşə təhsili zəngin və tarixi
ənənələrə malikdir. Texniki peşə təhsilinin
təşəkkül tarixi XIX əsrin sonlarına təsadüf edir.
Peşə təhsili və təlimi (VET) istənilən yaşda
olan ölkə vətəndaşlarını iş həyatına hazırlamaq,
çalışan insanların bilik və bacarıqlarının
təkmilləşdirilməsi məqsədlərinə xidmət edir.
Texniki peşə təhsili orta və ali məktəblərdə
oxuyanlara, eləcə də istehsalat sahələrində
çalışanlara əlavə imkanların yaradılması
baxımından olduqca əhəmiyyətlidir.
Son 20 ildə ölkədə peşə təhsili və təlimi üzrə
iki milli strategiya həyata keçirilib. Bu isə
dünya əmək bazarında Avstraliyanın fəallığının
artırılması, texniki peşə təhsili sahəsində
uğurlu nəticələrin əldə edilməsi, təlim
sahəsində dövlət investisiya qoyuluşunun
stimullaşdırılması üçün əlverişli zəmin yaradıb.
Texniki ali məktəblərdə biznes və idarəetmə,
dizayn və qrafika, ünsiyyət, istirahət, icma
xidmətləri, sağlamlıq, turizm və turizm
xidmətləri, bağçılıq və torpaqların idarə
edilməsi, kompüter sahəsində müxtəlif peşələr
verilir.
Texniki peşə məktəblərində təhsil 4 aydan 36 aya
qədər davam edir. Məzunlar I dərəcəli
sertifikatı 4-6, II dərəcəli sertifikatı 6-8,
III dərəcəli sertifikatı 12, IV dərəcəli
sertifikatı isə 12-18 aya ala bilərlər. Xüsusi
diplomun alınması üçün 24-36 ay müddətində peşə
tədris kursunda hazırlıq keçmək tələb olunur.
Qeyd etdiyimiz kimi, Avstraliyanın əksər orta
məktəblərində (təxminən 90 faiz) standart məktəb
kurikulumuna uyğun peşə təhsili proqramları
təklif edilir. Bu proqramlar çərçivəsində
şagirdlərə müvafiq bilik və bacarıqlar aşılanır.
Elmi-tədqiqatlar
Avstraliyada elmi-tədqiqat sahələrinin
inkişafına xüsusi diqqət göstərilir.
Universitetlərin və digər müvafiq müəssisələrin
elmi-tədqiqat fəaliyyətinə investisiya qoyuluşu
prioritet məsələlərdən biri kimi qəbul olunub.
Ölkənin təhsil konsepsiyasının əsas
komponentindən biri olan Təhsil İnvestisiya
Fondunun əsas vəzifəsi Avstraliya
iqtisadiyyatının inkişaf etdirilməsi üçün ali
təhsildə tədqiqatı dərinləşdirməkdən, strateji
cəhətdən kapital infrastrukturuna dəstək olacaq
müasir, məhsuldar, rəqabətədavamlı və elmi
əsaslar üzərində qurulmuş iqtisadiyyatın
yaradılmasından ibarətdir. Təhsil İnvestisiya
Fondu məqsədyönlü investisiyalar vasitəsilə gənc
nəslin bilik və tədris bacarıqlarını artırmaq,
ölkənin yüksək elmi potensialı olan
mütəxəssislərə tələbatını ödəmək, həmçinin
Avstraliyanın innovasiya imkanlarını
gücləndirmək baxımından ciddi uğurlara imza atıb.
Təhsil İnvestisiya Fondunun fəaliyyətinin
səmərəliliyini artırmaq üçün 650 milyard dollar
Davamlı İnkişafla bağlı vəsaitin ayrılması
nəzərdə tutulub. Bu, ali təhsil mühitinin əsaslı
şəkildə canlanmasına və yeni texnologiyaların
tətbiqinə imkan verəcəkdir.
2009-cu ildə ölkə hökuməti Dördillik Milli
Texnologiyaya İmkan yaradan Strategiyanı (NETS)
qəbul edib. Bu strategiya nanotexnologiya və
yeni texnologiyaların Avstraliyada daha geniş
tətbiqi məsələlərinə təkan verəcəkdir.
Təsadüfi deyil ki, elm sahəsində Nobel
mükafatçıları sırasında bir sıra avstraliyalı
elm xadimlərinin də adlarını çəkmək olar. Fizika
üzrə Vilyam Lorens Braq (1915), fiziologiya və
tibb sahəsində Frank Makfarlan Burnet (1960),
kimya üzrə Con Kornfors (1975), fiziologiya və
tibb sahəsində Peter Doherti (1996), fiziologiya
və tibb üzrə Beri Marşal və Robin Varren (2005)
Nobel mükafatına layiq görülüblər.
Beynəlxalq əməkdaşlıq
Ölkənin təhsil üzrə xarici yardım proqramları
Avstraliya Beynəlxalq İnkişaf Agentliyi (AusAİD)
tərəfindən idarə olunur. Beynəlxalq əməkdaşlıq
sahəsinə xüsusi diqqət ayıran Avstraliya
İttifaqı Dünya Bankı və Avstraliya Beynəlxalq
İnkişaf Agentliyi ilə birgə müxtəlif tədqiqat
layihələrini maliyyələşdirir.
Avstraliyanın səkkiz universiteti (G08) və
Almaniya Akademik Mübadilə Xidməti (DAAD)
arasında səmərəli əməkdaşlıq yaranıb. İmzalanmış
müqaviləyə əsasən, Avstraliyanın səkkiz
universitetindən olan tədqiqatçılar Almaniyanın
tərəfdaş institutlarında tədqiqat işləri
aparırlar. Hər iki ölkə 2012-2013-cü illərdə
reallaşdırılacaq elmi-tədqiqat layihələrini
birgə maliyyələşdirəcək.
Avstraliya təhsil sisteminin dünya arenasındakı
nüfuzunun nəticəsidir ki, ilbəil bu ölkənin ali
məktəblərini seçən əcnəbi tələbələrin sayı
artmaqdadır. Statistik məlumatlara əsasən,
2007-ci ildə Avstraliya İttifaqında təhsil alan
əcnəbi tələbələrin böyük əksəriyyəti Çin
(107071), Hindistan (63604), Koreya (34674),
Tailand (19987), Malayziya (19874), Honq-Konq
(19742), Yaponiya (16077), İndoneziya (14919),
Braziliya (12545) və ABŞ (11822)
vətandaşlarından ibarət olub.
Son illər Avstraliya İttifaqı və Azərbaycan
arasında da təhsil sahəsində əlaqələrin uğurlu
inkişafı müşahidə olunmaqdadır. "Azərbaycan
gənclərinin xaricdə təhsil almaları məqsədi ilə
seçilmiş ali təhsil müəssisələrinin siyahısı"na
21 qabaqcıl Avstraliya universiteti daxil
edilib.
Bəşarət MƏMMƏDOV,
Dilrubə BAYRAMOVA
Yazının hazırlanmasında Avstraliya Dövlət Təhsil,
Elm və Təlim Departamentinin rəsmi
məlumatlarından istifadə olunub. |