Harvard
Universitetinin Dövlət İdarəçiliyi fakültəsinin
Xəzər Araşdırmalar Mərkəzinin qərarı ilə
Azərbaycan Dillər Universitetinin 1 nömrəli
ingilis dili fakültəsinin dekanı, professor
Əfqan Abdullayevin adı mərkəzin "Ən çox inkişaf
edən məzun" adlı universitet lövhəsində yazılıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Dillər
Universitetinin 1 nömrəli ingilis dili
fakültəsinin dekanı, professor Əfqan Abdullayev
2002-ci ildə Penzoil və Exon Mobile firmalarının
maliyyə dəstəyi ilə Harvard Universitetində
idarəetmə üzrə təhsil alıb. Əməkdaşımızla
söhbətində Ə.Abdullayev bildirmişdir ki,
universitet 1636-cı ildə Con Harvard tərəfindən
Bostonda təsis edilib. Büdcəsi 32 milyard
dollardır. Universitetin 2500 əməkdaşı var.
Tələbələrin sayı isə 21 min 400 nəfərdir.
Bunların 7200-ü bakalavr, 14200-ü isə magistrdir.
Kitabxana fondunda 16 milyon kitab var. Hazırda
universitet 375 illiyini qeyd edir.
Xəzər Araşdırmalar Mərkəzi Harvard
Universitetinin Dövlət İdarəçilik fakültəsinin
nəzdində fəaliyyət göstərir. Mərkəz əsasən Xəzər
regionu üzrə xüsusilə Azərbaycana aid
araşdırmalar aparır. Regionlardan, o cümlədən
Azərbaycandan tələbələr mərkəzə dəvət edilir.
Xəzər regionu ilə ən çox təmasda olan professor
Brenda Şafferdir.
Universitetə yerlərdən tələb olunan sayda
təqdimatlar olur. Ancaq son 10 il ərzində
həmin mərkəzin məzunları arasında ən çox inkişaf
edən kimlər olub, bu məsələdə seçimi universitet
özü edir. Nəticədə məlum olur ki, azərbaycanlı
bir alimin reytinqi daha çoxdur və qərara
gəlirlər ki, professor Ə.Abdullayevin adı kitaba
yazılsın.
Biz də azərbaycanlı alimin bu sevincinə
qoşularaq ona daha yeni uğurlar arzulayırıq.
Rəşad ZİYADOV |