Sosialist
Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı,
general-leytenant Kərim Kərimov bütün həyatını
sovet kosmonavtikasına, kosmosa və raket
texnikasına həsr etmişdi. Sovet kosmik elmini
azərbaycanlı general Kərim Kərimovsuz təsəvvür
etmək çox çətindir. 50 il ərzində sovet kosmik
aparatlarının və raket texnikasının yaradılması
ilə məşğul olmuş Kərim Kərimov bu sahənin
pionerlərindən hesab olunur. Kərim Kərimovun
raket texnikası sahəsində işləri hələ "soyuq
müharibə" dönəmində Amerika tərəfdə də ciddi
maraq doğururdu. General Dövlət Komissiyasının
sədri kimi öz həyatında Yuri Qaqarinin kosmosu
fəthi, Makarovun faciəli ölümü kimi hadisələri
yaşamışdı... Həyatının son günlərinə qədər
sovet və Rusiya kosmik gəmilərinin uçuşları ilə
bağlı ən problemli məsələlər onun yaxından
iştirakı ilə həll olunub. O, öz əməyinin
bəhrəsini görməyi sevərdi. Bütövlükdə isə onun
bütün həyatı işə tabe idi. Generalın sonadək
Vətənə sədaqət nümunəsi olan həyatı olduqca
gözəl və təəccüb doğuracaq dərəcədə maraqlıdır.
Bakıdan Baykonura uzanan yol
Kərim Kərimov 1917-ci il noyabrın 14-də Bakıda
neftçi-texnoloq Abbasəli Kərimovun ailəsində
dünyaya göz açıb. Onun atası Sankt-Peterburq
Texnologiya İnstitutunu bitirərək Bakıya dönüb
və Sürəyya xanımla ailə qurub. Yüksək ixtisaslı
neftçi-mühəndis olan Abbasəli tezliklə öz
karyerasında irəliləyib. Onun xanımı, Bakıdakı
elitar gimnaziyanın məzunu isə ev qayğıları ilə
əhatə olunub. Ailədə 3 oğlan uşağı doğulub -
Kərim, Süleyman və Mustafa. Lakin tezliklə
bədbəxtlik baş verib. 1925-ci ildə Sürəyya xanım
qəfil xəstəlik keçirib və tez bir vaxtda
dünyasını dəyişib. Abbasəli ikinci dəfə
evlənməyib və uşaqların tərbiyəsi ilə məşğul
olub. Ona bu işdə mərhum xanımının valideynləri
də kömək ediblər. Bəlkə də ailədə hökm sürən
ümumi xeyirxah münasibət və bir çox cəhətdən
qarşılıqlı anlaşma və qarşılıqlı yardım gənc
Kərimin xarakterini müəyyən etmişdi. O, artıq
yuxarı siniflərdən işləməyə başlamışdı. Hələ 4-cü
sinifdə oxuyarkən o dövrdə həddən artıq sirli və
maraqlı hesab olunan radiotexnika ilə
maraqlanır, çoxsaylı kitablar oxuyur,
radioqəbuledicilər yaradır və hətta zavod
istehsalı olan radio avadanlıqlarını təmir
edirdi. Məktəbi bitirdikdən sonra Azərbaycan
Sənaye İnstitutuna qəbul olunur. Oxumaqla yanaşı,
K.Kərimov ailəsini dolandırmaq üçün həm də
işləyirdi.
Birinci kursda ailə qurmuş, 1937-ci ildə
doğulmuş qızına mərhum anası Sürəyyanın adını
qoymuşdu.
Sonra
isə... Uzun illər K.Kərimovun başı üzərində
qalın məxfilik pərdəsi asılıb... Müharibə
başlayan zaman bir çoxları kimi o da ön cəbhəyə
can atıb, lakin onu cəbhəyə yaxın buraxmayıblar.
O dövr üçün K.Kərimovun seçdiyi ixtisas olduqca
nadir və qapalı idi.
1941-ci ildə kiçik qardaşı, müharibəyə könüllü
yollanmış Süleyman həlak olub. Digər qardaşı
Mustafa isə döyüş yollarında itkin düşüb.
Əfsanəvi general
1942-ci ildə ali məktəbi bitirən K.Kərimov
döyüşən orduya yox, artilleriya akademiyasına
göndərilir. K.Kərimov sonuncu kursa qəbul
olunur. Bir il sonra akademiyanın rəhbərliyi
kursantların təhsil müddətini bir il uzadır.
1943-cü ildə K.Kərimov minaların istehsalı üzrə
diplom işini "əla" qiymətlərlə müdafiə edir.Və
texnik-leytenant rütbəsində o, Baş İdarənin
sərəncamına göndərilir. Məhz burada müharibənin
taleyini həll etmiş məşhur "katyuşa"lar
istehsal olunurdu. Qeyd olunmalıdır ki, "katyuşa"
istehsalı heç də asan başa gəlməmişdi. "Katyuşa"ların
vaxtından əvvəl partlayışlar törətməsi onun
kütləvi istehsalına başlanmasına imkan vermirdi.
Bu problemin həlli çoxlu qurbanlar hesabına başa
gəlmişdi. Lakin Kərim Kərimov və onun
əməkdaşlarının gərgin əməyi nəticəsində bu
problem həll olunmuş, almanların Şərqə doğru
irəliləməsinin qarşısı alınmışdı. Bir fakt da
qeyd olunmalıdır ki, "katyuşa" istehsalına
Lavrenti Beriyanın idarəsi nəzarət edirdi.
K.Kərimovun bu sahədə xidmətləri onunla
nəticələnmişdi ki, müharibə qurtaran kimi onun
növbədənkənar hərbi rütbəsi artırılmış və "Qızıl
ulduz" ordeni ilə təltif olunmuşdu. Bundan əlavə,
sovet hərb sənayesi üçün perspektiv vəd edən
K.Kərimov müharibədən dərhal sonra SSRİ Müdafiə
Nazirliyinin mərkəzi aparatına göndərilmişdi.
Onun bioqrafiyasında əsaslı dönüşün başlanğıcı
1946-cı ildə qoyulub. Stalinin göstərişi ilə
K.Kərimov bir qrup mütəxəssislə alman raket
texnikasını öyrənmək üçün Almaniyaya -
Nordxauzen şəhərinə ezam olunub. K.Kərimov
burada "Fau-2" ballistik raketlər üzərində
işləyib. Müharibədən sonra dağıdılmış alman
raket texnikasının qalıqları SSRİ-yə gətirilib
və burada yoxlanılıb. Lakin Almaniyanın hərbi
arsenalında olan raket texnikasını tədqiq etmək
üçün xüsusi vasitələr tələb olunurdu. Məhz bu
məqamda Kərim Kərimovun uşaqlıqdan maraq
göstərdiyi sahə - radiotexnika köməyə gəldi. Heç
30 yaşı belə tamam olmayan, lakin SSRİ Müdafiə
Nazirliyinin ən məsuliyyətli şöbələrindən
birinin rəisi olan K.Kərimov tabeliyində olan
mütəxəssislərlə birlikdə
o
zaman üçün unikal radioteleölçü - "Don"
sistemini yaratdı. Bu sistem uzun illər sovet
raket texnikasına müvəffəqiyyətlə xidmət
etmişdir. Və tezliklə K.Kərimovun zəhməti sovet
rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib,
o, 1950-ci ildə Stalin mükafatına layiq görülüb.
1960-cı ilin sentyabrında K.Kərimov Raket
Qoşunları Baş İdarəsinin rəisi təyin olunub. 60-cı
illərin ortalarına kimi o, qitələrarası
ballistik raketlərin yaradılması üzərində
isləyir, günlərlə vaxtını strateji təyinatlı
raketlərin sınaq poliqonunda keçirirdi. Tezliklə
general K.Kərimov strateji təyinatlı raket
qüvvələrində ən aparıcı fiqura çevrilib. General
"Zenit" kəşfiyyat peyklərinin buraxılmasına
şəxsən nəzarət edib. "Zenit" raket-kosmik
kompleksinin tətbiqinə görə K.Kərimov Lenin
mükafatına layiq görülüb. Daha sonra ona kosmos
sahəsində işləməyi təklif edirlər. "Bu təkliflə
az qala xətrimə dəydilər. Yüksəkməxfi
qitələrarası raketlərlə məşğul olurdum və birdən
mənə tanış olmayan kosmos barədə təklif aldım"-deyə
general sonralar xatırlayırdı. Lakin bir qədər
sonra K.Kərimov kosmosun fəthində ilk
pionerlərdən biri olmasına görə taleyinə
minnətdarlıq edirdi. 1964-cü ildə yenicə
yaradılmış kosmik vasitələrin Mərkəzi İdarəsinə,
1965-ci ildən isə raket və kosmik texnikanın
yaradılması ilə məşğul olan SSRİ Maşınqayırma
Nazirliyi Baş Kosmik İdarəyə rəhbərlik edib. Bu
vəzifədə fəaliyyətini davam etdirməklə yanaşı,
K.Kərimov pilotlu uçuşların həyata keçirilməsi
üzrə Dövlət Komissiyasının sədri təyin olunub və
bu vəzifədə fasiləsiz olaraq tam 25 il çalışıb.
1975-ci ildə "Soyuz-Apollon" Sovet-Amerika birgə
gəmisinin uçuşunu hazırlayıb. 1979-cu ildə
pilotlu orbital stansiyanın uğurlu uçuşlarını
təşkil etdiyinə görə Dövlət mükafatı alıb,
1987-ci ildə "Mir" çoxmodullu orbital
stansiyanın yaradılmasına görə ona Sosialist
Əməyi Qəhrəmanı adı verilib. 1991-ci ildə 74
yaşında K.Kərimov istefaya çıxıb, lakin son
günlərinə qədər uçuşların həyata keçirilməsi
üzrə Dövlət Komissiyasının elmi məsləhətçisi
işləyib. General həftədə 2-3-dəfə mərkəzə baş
çəkər, orbital stansiyada baş verənlərlə bağlı
məlumatları qəbul edib, onları təhlil və
sistemləşdirər, əməkdaşlarına dəyərli
tövsiyələrini verərdi.
K.Kərimovun fəaliyyətində planetlərarası
stansiyalar, Mars, Venera və kometaların
öyrənilməsi kimi xüsusi layihələr də var. Bütün
bunlar sovet kosmonavtikasının 50 illik tarixini
əks etdirir və bütün bu layihələr Kərim
Kərimovla sıx bağlıdır.
"Yoldaş Dövlət Komissiyasının Sədri!"
On illər ərzində general-leytenant Kərim
Kərimovu bu cür adlandırıblar.
"Uçuşa icazə verirəm". Bu əmri verən şəxsin
çiyinlərinə son dərəcə ağır məsuliyyət yükü
düşürdü. Yalnız və yalnız o, son qərar qəbul
edirdi. Onun iki kəlmə sözü onlarla, yüz
minlərlə insanın üzunillik zəhmətinə yekun vurur.
İnsan düşüncəsinin taleyi, ağlasığmaz maddı
xərclər və hətta insan həyatı məhz ondan asılı
idi.
Baxmayaraq ki, o, kino-televiziya ekranlarının
qəhrəmanı idi, onu çox az adam tanıyırdı. Onu
yalnız arxa plandan çəkməyə icazə verirdilər.
Onun səsini isə yalnız məşhur Levitanın səsi ilə
müqayisə etmək olardı. Sovet dövründə
Baykonurdan kosmonavtların üçüşundan hazırlanan
bütün birbaşa yayımlarda bir azdan kosmosa
yollanacaq gəmi heyətinə üz tutan, lakin üzü
görünməyən bu general "Sizə uğurlu uçuş proqramı
həyata keçirməyi və sağ-salamat doğma Yerə
qayıtmağı arzulayıram" deyirdi. Bu səsin sahibi
Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz
olaraq kosmik, planetlərarası və pilotlu uçuşlar
üzrə xüsusi Dövlət Komissiyasının sədri
vəzifəsində çalışıb.
Həyatda olduqca səmimi olan general Kərimovu "gizli
oyunlar" çox üzürdü. Onlardan biri Aya ilk
pilotlu proqram üzrə uçuşun təşkili ilə bağlıdır.
O, bu layihənin həyata keçirilməsinə uzun illər
bilik, enerji, var-qüvvəsini sərf etmişdi.
K.Kərimovun layihəsi uğurlu sonluğunu gözləyirdi.
Lakin... Bu barədə K.Kərimov sonralar öz
xatirələrində bildirirdi:
-1961-ci ildə mənim rəhbərlik etdiyim
Maşınqayırma Nazirliyinin Baş İdarəsi qarşısında
olduqca mürəkkəb və böyükhəcmli vəzifə
qoyulmuşdu. Başlıca vəzifə Günəş sistemi
planetinə və Aya avtomat və pilot göndərmək idi.
O vaxt Sergey Korolyovun rəhbərlik etdiyi
konstruktor bürosu digər sifarişlərdən azad
olunmuşdu və yalnız raket və kosmik tədqiqatlar
üçün gəmilərin yaradılması ilə məşğul olurdu.
Ay və planetlərin öyrənilməsi üçün ağırlığı 2
min ton olan güclü N-1 raketinin yaradılmasına
çalışırdıq. Lakin Nikita Xruşşov kosmik
tədqiqatlar üçün nəzərdə tutulmuş vəsaitləri
digər istiqamətlərə xərclədi. Nəticədə bu layihə
baş tutmadı...
50 il dövlət sirri altında
Əfsanəvi şəxsiyyət, sovet kosmik proqramlarının
əsas yaradıcılarından biri, general Kərim
Kərimovun bütün həyatı kosmosla bağlı olub.
1966-cı ildən 1991-ci ilə kimi Baykonurdan
kosmonavtların uçuşlarına şəxsən xeyir-dua
vermiş və onları qarşılamışdır. Kosmonavtlar
məhz ona tapşırıqların yerinə yetirilməsi barədə
məruzə etmişlər, lakin televiziya verilişlərində,
kinoxronikalarda biz onun üzünü görməmişdik.
Yalnız 1987-ci ildən sonra Moskvada nəşr olunan
"Pravda" və "Sovetskaya Rossiya" qəzetləri
general K.Kərimovun şəxsiyyəti barədə
ictimaiyyətə açıqlama vermişdi. Kərim Kərimov
özü məxfilik şəraitində fəaliyyətini belə şərh
etmişdi: "Özümü çox pis hiss edirdim. Mən hətta
məşğul olduğum işin adını belə söyləyə bilməzdim.
Lap gülünc idi. Makinaçı mətni yığırdı, mətndəki
"reaktiv" sözünü isə buraxırdı, bu sözü sonradan
qələmlə mətnə daxil edirdilər. Çox vaxt lazım
olan sənədi əldə etmək üçün nə qədər səy
göstərmək tələb olunurdu! Mən hətta bu barədə
sakitliklə də danışa bilmirəm. Əminəm ki, bizim
məxfilik sistemimiz texnika sahəsində ABŞ-dan
geridə qalmağımızın əsas faktorlarından biri idi"
("Novaya qazeta").
Kərim Kərimovun işləri okeanın o tayında -
Amerikada da diqqətlə izlənilirdi. Generalın
əməyinin bəhrəsi olan "Mir" stansiyası
istifadəyə verildikdən sonra Amerika mətbuatı
yazırdı ki, ruslar amerikalıları 10 il
qabaqladılar və indi kosmosa nəzarət edirlər.
Kərim Kərimovun haqqında "Novıye izvestiya"
qəzeti 12 aprel 2005-ci il sayında yazırdı: "Azərbaycanlı
general Kərim Kərimovun adı tam 25 il ərzində
mətbuat üçün qapalı idi, onu üzdən yalnız keçmiş
SSRİ-nin rəhbərliyi tanıyırdı. Bu insanın
fəaliyyəti Amerikanın NASA kosmik agentliyinin
də diqqət mərkəzində idi, ABŞ-ın Mərkəzi
Kəşfiyyat İdarəsi K.Kərimovla əlaqə qurmağa
uğursuz cəhdlər edirdi".
Kərim Kərimovun sevincli anları
Kərim Kərimovun həyatında bir çox xoşbəxt və
sevincli anlar olub. Bunlar təkcə kosmosla bağlı
olmayıb. General Kərimov zahirən, ola bilsin,
olduqca az diqqət cəlb edirdi, lakin çox
səmərəli ictimai iş aparırdı. O, istedadlı
azərbaycanlı gənclərin Rusiyanın ali
məktəblərində təhsil almalarına, Azərbaycanda
kosmik elmin yaradılmasına kömək edirdi,
azərbaycanlıların Rusiyadakı "Azerros" federal
milli-mədəni muxtariyyətinin fəal iştirakçısı
idi.
...K.Kərimov öz arxivindəki şəkillərə baxmağı
sevərdi. Bu şəkillər arasında onun üçün ən
qiymətlisi generalın xeyir-duası ilə kosmosu ilk
dəfə fəth etmiş Yuri Qaqarindən aldığı "kosmosun
atasına" yazılı avtoqrafdır.
2001-ci ildə Rusiya prezidenti Vladimir Putin
Rusiya kosmonavtikasının inkişafındakı şəxsi
xidmətlərinə görə Kərim Kərimovu "Vətən
qarşısında xidmətlərinə görə" 4-cü dərəcəli
ordenlə təltif edib. Adı sovet və dünya
kosmonavtika tarixində şanlı iz buraxmış, hər
bir azərbaycanlının fəxr etdiyi general Kərim
Kərimov 2003-cü il martın 29-da vəfat edib.
Moskvada azərbaycanlıların da təhsil aldığı 157
nömrəli orta ümumtəhsil məktəbinə əfsanəvi
generalın adı verilib.
Hazırladı: Oruc MUSTAFAYEV
|