Bu gün ölkəmizdə çox əlamətdar və tarixi bir
gündür. Bu gün Bakıda Dövlət Bayrağı Meydanı
açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan
xalqını ürəkdən təbrik edirəm. Dövlət Bayrağı
Meydanının açılışı, həqiqətən, tarixi və
unudulmaz bir hadisədir. Bu meydan özlüyündə
gözəl bir memarlıq abidəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin
Dövlət Bayrağı Meydanının açılışı və Dövlət
Bayrağının
təntənəli qaldırılması mərasimindəki nitqindən
Ötən
il respublikamızda bir çox əlamətdar hadisələr
baş vermişdir. Belə hadisələrdən biri də Bakıda
Dövlət Bayrağı Meydanının açılışıdır.
Dövlət Bayrağı Meydanının təməli 2007-ci ilin 30
dekabrında Bakının Bayıl qəsəbəsində - Hərbi
Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulub.
Amerika Birləşmiş Ştatlarının "Trident Support"
şirkətinin hazırladığı layihəni Azərbaycanın "Azenko"
şirkəti icra edib. Nəzərə çatdıraq ki, dünyanın
ən uca bayrağı Bakıda Dövlət Bayrağı Meydanında
dalğalanan üçrəngli Azərbaycan bayrağıdır. İnşa
olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin
diametri 3,2, bünövrənin üst hissəsinin diametri
1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur.
Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi
sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən
350 kiloqramdır.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü
ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə
əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr
Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və
bu bayram ölkədə qeyri-iş günü olan bayramların
siyahısına daxil edilir.
Dövlət Bayrağı Meydanının açılışı və Dövlət
Bayrağının təntənəli qaldırılması 2010-cu il
sentyabrın 1-də Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev tərəfindən həyata keçirilmişdir.
Mərasimdə ölkə ictimaiyyətinin nümayəndələri və
xarici ölkə səfirləri iştirak etmişlər. Dövlət
Bayrağımız Azərbaycan Respublikasının Dövlət
himninin sədaları altında təntənəli surətdə
qaldırılmış və bu mənzərə iştirakçılar
tərəfindən heyranlıqla müşahidə olunmuşdur.
Sonra iştirakçılar Dövlət Bayrağı Meydanına
baxış keçirmiş və belə abidənin yaradılmasını
təqdirəlayiq hal kimi qiymətləndirmişlər.
Tarixi
Azərbaycan Respublikasının Dövlət Bayrağı
haqqında ilk hökumət qərarı 1918-ci il iyunun
24-də verilib. Həmin qərarda göstərilib:
Azərbaycan bayrağını qırmızı materialdan,
üstündə ağ aypara və qırmızı fonda ağ
səkkizguşəli ulduzun təsviri verilmiş bayraq
kimi qəbul etmək. Bu qərar qəbul edilərkən
Azərbaycan hökuməti hələ Gəncə şəhərində
yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün
idi. Azərbaycan hökuməti Bakıda yalnız 15
sentyabr - şəhər türk qoşunlarının köməyi ilə
düşmən qüvvələrdən təmizləndikdən sonra
fəaliyyət göstərə bildi. Göründüyü kimi, ilk
dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət
bayrağı formasında olub. Azərbaycan Xalq
Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından
az sonra bayraq haqqında ikinci qərar qəbul
edildi. Qərara alındı ki, göy, qırmızı və yaşıl
rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq
ulduzdan ibarət olan bayraq milli bayraq hesab
edilsin.
Simvolları
Azərbaycan Respublikasının dövlət bayrağı
bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı
zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl
rəngdədir. Qırmızı zolağın ortasında bayrağın
hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli
ulduz təsvir edilmişdir. Bayrağın eninin
uzunluğuna nisbəti 1:2-dir.
Göy rəng -
Azərbaycan xalqının türk mənşəli olması,
türkçülük ideyası ilə bağlıdır. Türklərin göy
rəngə üstünlük verməsi ilə bağlı müxtəlif
izahlar da mövcuddur. Orta əsrlərdə İslam
dinində olan türkdilli xalqların yaşadığı
ərazilərdə saysız-hesabsız qədim abidələr
tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə
olub. Bu baxımdan göy rəng həm də simvolik məna
daşıyır.
Qırmızı rəng -
müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf
etdirmək, bir sözlə, müasirləşməni, inkişaf
istəyini ifadə edir. Məlum olduğu kimi, XVIII
əsrin sonlarında Fransa burjua inqilabından
sonra kapitalizmin inkişafı ilə bağlı Avropa
ölkələrində böyük irəliləyişlər baş verib. Həmin
dövrdə proletariatın kapitalizm quruluşuna qarşı
mübarizəsi olub. Bu illərdə qırmızı rəng
Avropanın simvoluna çevrilirdi. Əli bəy
Hüseynzadə yazırdı: "Avropalaşalım,
firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey
oxucu), müraciətdən müraciətə fərq vardır. Biz
avropalıların ədəbiyyatına, sənayelərinə, ümum
və maariflərinə, kəşfiyyat və ixtiralarına
müraciət etmək istəyiriz, özlərinə degil! Biz
istəriz ki, İslam ölkəsinə onların beyinləri,
dimaqları girsin!". Qırmızı rəngin üzərində
ortada aypara və səkkizguşəli ulduzun təsviri
verilib.
Yaşıl rəng -
İslam sivilizasiyasına, İslam dininə mənsubluğu
ifadə edir. Böyük mütəfəkkir Ə.Hüseynzadə "Qırmızı
qaranlıqlar içində yaşıl işıqlar" əsərində yaşıl
rəngin geniş izahını verib.
Bayrağımızın üzərindəki ay-ulduzun mənası nədir?
Üçrəngli bayrağımızın rəngləri ilə bağlı
fikirlər məlum olsa da, bayrağın üzərindəki
aypara və səkkizguşəli ulduzun mənaları Xalq
Cümhuriyyəti dövründə açıqlanmayıb. Alimlərin
araşdırmalarına görə, ay-ulduz türk simvolları
hesab olunur. Belə ki, qədim türk mifologiyasına
görə, ulduzların sayı həmin xalqların taleyində
rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə,
həmin xalqın taleyində xoşbəxt hadisə baş verib.
Ay-ulduz xoşbəxtlik rəmzi hesab olunur.
Bəli, hər bir Azərbaycan vətəndaşı üçün
bayrağımızın yüksəklərdə dalğalanması
qürurvericidir. Arzu edək ki, üçrəngli
bayrağımız daim uca zirvələrdə, Qarabağımızın
zirvəsi olan Şuşada, hər bir azərbaycanlının
qəlbində dalğalansın.
Niyazi RƏHİMOV |