Oktyabrın 28-də Bakı Dövlət Universitetində
Qafqaz Universiteti, BDU və Türkiyənin Özyegin
Universitetinin birgə təşkilatçılığı ilə "İnformasiya-kommunikasiya
texnologiyaları və şəxsiyyət hüquqları"
mövzusunda II Beynəlxalq Türkiyə-Azərbaycan elmi-praktiki
simpoziumu keçirilib. Açılış mərasimində BDU-nun
rektoru, Milli Məclisin deputatı, akademik Abel
Məhərrəmov çıxış edərək qeyd edib ki,
simpoziumun keçirilməsində məqsəd Azərbaycanda
hüquq elminin davamlı inkişafını təmin etmək,
qardaş Türkiyənin hüquqşünas alimləri ilə elmi
əməkdaşlığı genişləndirmək və informasiya-kommunikasiya
texnologiyalarının hüquq elminin müxtəlif
sahələrinə, xüsusilə şəxsiyyət hüquqlarına
təsiri ilə bağlı problemlərə dair elmi
tədqiqatların müzakirəsini aparmaqdır.
Cəmiyyətin tərəqqisində elmin, təhsilin önəmli
rolunu vurğulayan akademik A.Məhərrəmov
ölkəmizdə bu sahələrin inkişafına böyük diqqət
göstərildiyini söyləyib.
Simpoziumda Qafqaz Universitetinin prorektoru,
professor Cihan Bulut, Özyegin Universitetinin
hüquq fakültəsinin dekanı, professor Yener Ünver
və BDU-nun hüquq fakültəsinin dekanı, professor
Əmir Əliyev çıxış edərək müasir dünyada İKT-nin
hüquq elminə tətbiqinin xüsusiyyətləri və
faydasından, şəxsiyyət hüquqları sahəsində hər
iki ölkədə toplanmış müsbət təcrübədən söz açıb,
həmin təcrübənin bölüşülməsinin faydalı
olacağına əminlik ifadə ediblər.
Simpoziumun birinci iş günündə BDU-da keçirilən
3 iclasında insan hüquqları, cinayət hüququ və
inzibati hüquq, ikinci iş günündə Qafqaz
Universitetində keçirilən 3 iclasında isə mülki
hüquq: şəxsiyyət hüquqları, ailə hüququ-mülki
proses, ticarət hüququ məsələlərinə dair
türkiyəli və azərbaycanlı hüquqşünas alimlərin
20-dən çox məruzəsi dinlənilib. Mərzuzələr
ətrafında müzakirələr aparılıb, iştirakçıları
maraqlandıran suallar cavablandırılıb.
İki gün davam edən simpoziumun bağlanışı
oktyabrın 29-da Qafqaz Universitetində olub.
Həmin gün bu təhsil ocağında həm də Türkiyə
Cümhuriyyətinin yaranmasının 88-ci ildönümü qeyd
olunub. Universitetin "Gənc akademiya klubu"nun
hazırladığı bayram tədbirində Qafqaz
Universitetinin professor-müəllim, tələbə
heyətlərinin nümayəndələri ilə yanaşı qardaş
Türkiyədən II Beynəlxalq Türkiyə-Azərbaycan
simpoziumuna gəlmiş alimlər də iştirak ediblər.
Mərasimdə Qafqaz Universitetinin prorektoru,
professor Cihan Bulut, Türkiyənin Özyegin
Universitetinin hüquq fakültəsinin dekanı,
professor Yener Ünver çıxış edərək bayram
münasibəti ilə zala toplaşanları təbrik edib,
müstəqillik uğrunda mübarizənin tarixindən söz
açıb, müasir Türkiyənin banisi Mustafa Kamal
Atatürkün qardaş türk xalqının azadlıq
mücadiləsindəki rolundan, cümhuriyyətin
möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən
danışıblar.
Sonra tanınmış incəsənət ustaları və tələbələrin
ifasında konsert proqramı təqdim olunub.
Yusif ƏLİYEV |