Oktyabrın
29-da Təhsil Nazirliyində Akkreditasiya
Şurasının növbəti iclası keçirilib.
İclasda Astara Pedaqoji Kolleci, Bakı Dövlət
Rabitə və Nəqliyyat Kolleci və Mingəçevir Turizm
Kollecinin akkreditasiyasının nəticələri
müzakirə olunub. İclasda həmçinin "Ümumi təhsil
müəssisəsinin fəaliyyətinin dövlət təhsil
standartlarının tələblərinə uyğunluğunu
müəyyənləşdirən meyarlar"a baxılıb.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü
ilə açaraq ali və orta ixtisas təhsili
müəssisələrinin akkreditasiyadan keçirilməsi
sahəsində görülmüş işlərin əhəmiyyətini qeyd
edib.
Nazir Astara Pedaqoji Kollecində aparılmış
akkreditasiyanın nəticələri barədə məlumat
vermək üçün sözü həmin müəssisə üzrə
komissiyanın sədri, Bakı Humanitar Kollecinin
Xarici dil fənn komissiyasının sədri Sədaqət
Qafarovaya verib. S.Qafarova Astara Pedaqoji
Kollecinin fəaliyyətinin dövlət təhsil
standartlarının tələblərinə və statusuna
uyğunluğunu müəyyənləşdirən meyarlar barədə
danışıb. Komissiya sədri təhsil müəssisəsinin
fəaliyyətinin dövlət təhsil standartlarının
tələblərinə uyğunluğunu müəyyənləşdirən
meyarlardan müəssisənin idarə olunması, təhsil
proqramları üzrə hazırlığın məzmunu və strukturu,
tədris prosesinin təşkili, statusuna uyğunluğunu
müəyyənləşdirən meyarlar üzrə isə bu müəssisədə
çalışan ali təhsilli, elmi dərəcəsi və elmi adı
olan müəllimlərin sayı, məzunların ixtisasları
üzrə işlə təmin olunması və digər göstəricilərlə
bağlı nəticələrdən söz açıb.
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin
akkreditasiyasını keçirmiş komissiyanın sədri,
Azərbaycan Texniki Universitetinin Kommutasiya
sistemləri və poçt rabitəsi kafedrasının müdiri
Elçin Gözəlov akkreditasiyaya təqdim edilmiş
ixtisaslar üzrə təhsil proqramlarının məzmununun
müvafiq göstəricilərə uyğun olduğunu bildirib və
qeyd olunan müəssisədə aparılmış araşdırma
barədə geniş məlumatı şura üzvlərinin diqqətinə
çatdırıb. E.Gözəlov təqdimat məruzəsində bu
təhsil müəssisəsində çalışan müəllim heyəti, son
beş ildə müəllimlərin hər on nəfərinə düşən
qriflə nəşr olunmuş tədris vəsaitləri, kollecin
İnternetlə təminatı və digər məsələlərə də
toxunub.
Mingəçevir Turizm Kolleci üzrə keçirilmiş
akkreditasiyanın nəticələri barədə Akkreditasiya
Komissiyasının sədri, Azərbaycan Müəllimlər
İnstitutunun pedaqoji fakültəsinin dekanı Razim
Məmmədov çıxış edərək kollecin ümumi fəaliyyəti
və komissiyanın bununla bağlı gəldiyi qənaətlə
iştirakçıları tanış edib.
Sonra hər üç kollec üzrə iclas iştirakçılarını
maraqlandıran suallar cavablandırılıb, bir sıra
rəy və təkliflər səsləndirilib.
İclasda Akkreditasiya Şurası kollec statusu üçün
müəyyənləşdirilmiş meyarın müvafiq göstəriciləri
üzrə tələb olunan 100 baldan Astara Pedaqoji
Kollecinin 70, Bakı Dövlət Rabitə və Nəqliyyat
Kollecinin 61, Mingəçevir Turizm Kollecinin 65
bal topladığını nəzərə alaraq, onların hər
üçünün fəaliyyətini "kafi" qiymətləndirib və
müvafiq ixtisaslarının akkreditə olunması barədə
qərar qəbul edib.
Akkreditasiya Şurasının iclasında "Ümumi təhsil
müəssisəsinin fəaliyyətinin dövlət təhsil
standartlarının tələblərinə uyğunluğunu
müəyyənləşdirən meyarlar" əsasən bəyənilib və
bir sıra təkliflərin nəzərə alınması qeyd
olunub. |