Misir
Mərdanov qonaqları səmimi salamlayaraq onları
Təhsil Nazirliyində görməkdən məmnunluq
duyduğunu bildirib. Azərbaycana yeni təyin
olunan səfiri bu münasibətlə təbrik edən nazir
ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir Böyük Britaniya ilə Azərbaycan arasında
mövcud olan əlaqələrdən danışıb, bu ölkə ilə
təhsil sahəsindəki əməkdaşlığın inkişafı
istiqamətində həyata keçirilən tədbirləri
diqqətə çatdırıb. Azərbaycanın orta
məktəblərində ingilis dilinin öyrənilməsinə
böyük maraq olduğunu deyən Misir Mərdanov eyni
zamanda bildirib ki, hər iki ölkə arasında
faydalı və səmərəli təhsil əlaqələrinin
yaradılmasında "British Council" təşkilatının
mühüm rolu vardır. "British Council"in ölkəmizdə
reallaşdırdığı çoxsaylı və uğurlu layihələrdən
söz açan təhsil naziri bu təşkilatın işini
yüksək dəyərləndirib. Misir Mərdanov Təhsil
Nazirliyi ilə "British Council"in birgə işinin
müsbət nəticələrini, müvafiq layihələrin
reallaşdırılmasında proqramlar üzrə menecer
Gülşən Hüseynovanın yaxından iştirakını xüsusi
qeyd edib. Nazir həmçinin Azərbaycan İngilis
Dili Müəllimləri Birliyinin (AzETA) bu
əlaqələrin inkişafına xidmət edən layihələrini
və birliyin regionlarda fəaliyyətinin
genişləndirilməsinin məqsədəuyğunluğunu
vurğulayıb.
Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Piter Beytmen səmimi qəbul
üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib.
Səfir Azərbaycanla Böyük Britaniya arasındakı
əlaqələrdən söz açıb, təhsil sahəsində
əməkdaşlığın daha da inkişaf etdirilməsi
istiqamətində görülən işlərin uğurla davam
etdiriləcəyini qeyd edib. Piter Beytmen gələn
ilin yanvarında Böyük Britaniyada keçirilməsi
nəzərdə tutulan Dünya Təhsil Forumu və onun
əhəmiyyəti barədə də məlumat verib.
Sonra çıxış edən "British Council" təşkilatının
Azərbaycan üzrə direktoru Pol Klementson nazirə
ölkəmizdə həyata keçirdikləri layihələrdə dəstək
göstərdiyi üçün təşəkkürünü bildirib. Pol
Klementson rəhbəri olduğu təşkilatla Təhsil
Nazirliyi arasında mövcud olan əməkdaşlığın
genişləndirilməsi istiqamətlərindən söz açıb və
ölkəmizdə yeni layihələr həyata keçirmək
niyyətində olduqlarını qeyd edib. "British
Council" təşkilatının Azərbaycan üzrə direktoru
onu da əlavə edib ki, bu layihələr ingilis dili
müəllimlərinin işinin təkmilləşdirilməsinə
xidmət edəcək.
Görüşdə qarşılıqlı təhsil əlaqələrinin inkişafı
ilə bağlı digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb. |