Qafqaz Universitetində hər dərs ilində xüsusi
plan əsasında təşkil olunan və tələbələrin
dünyagörüşünün genişləndirilməsini hədəfə alan,
ölkəmizdən və xaricdən tanınmış dövlət
xadimlərinin, hökumət rəsmilərinin,
siyasətçilərin, elm və mədəniyyət işçilərinin,
iş adamlarının, şirkət rəhbərlərinin məruzəçi
kimi iştirak etdikləri aylıq seminarlara start
verilib. Oktyabrın 21-də universitetin akt
zalında silsilə seminarların bu tədris ili üzrə
növbəti məşğələsi keçirilib. Universitetin
iqtisadiyyat və idarəetmə fakültəsinin Sosial-İqtisadi
Tədqiqatlar Mərkəzinin təşkil etdiyi seminarda
Türkiyə Respublikası prezidentinin baş müşaviri
cənab Durmuş Yılmaz "2008-ci il qlobal maliyyə
böhranı, bu böhrandan çıxarılan dərslər və yeni
maliyyə böhranına qarşı görülən tədbirlər"
mövzusunda məruzə edib.
Seminarda öncə qonaq universitetin müəllim və
tələbə heyətinə təqdim olunub, onun həyat
yolundan, karyera irəliləyişindən söz açılıb və
prezidentin baş müşaviri təyin olunmazdan əvvəl
Türkiyə Milli Bankının rəhbəri işləmiş cənab
Durmuş Yılmazın iqtisadiyyat-maliyyə sahələrində
nəinki ölkə daxilində, habelə xaricdə yaxşı
tanınan nüfuzlu mütəxəssis olduğu bildirilib.
Seminar iştirakçılarının maraqla dinlədikləri
məruzədə böhran anlayışının mahiyyəti açıqlanıb,
2008-2010-cu illərdə dünyanı bürümüş qlobal
maliyyə böhranının səbəbləri, onun ayrı-ayrı
ölkələrə, o cümlədən bütövlükdə dünya
iqtisadiyyatına vurduğu böyük ziyan və onun
mənfi nəticələrinin aradan qaldırılması üçün
görülən tədbirlər, lokal böhranlarla qlobal
böhranların fərqi, hazırda dünyada yaranmaqda
olan yeni qlobal maliyyə böhranı, gözlənilən
böhranın mənfi təsirlərini neytrallaşdırmaq üçün
görülməsi nəzərdə tutulan işlər barədə geniş
məlumat verilib.
Sonra Türkiyə prezidentinin baş müşaviri tələbə
və müəllimlərin mövzu ilə bağlı çoxsaylı
suallarını cavablandırıb. Seminar cənab Durmuş
Yılmaza Qafqaz Universitetinin plaketinin təqdim
olunması ilə başa çatıb.
Yusif ƏLİYEV |
|