Respublikamızın
bütün fəaliyyət sahələrində olduğu kimi, təhsil
sahəsində də bir çox islahatlar hazırlanıb
həyata keçirilmişdir. Belə ki, 2008-ci ildə "Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası
(Milli Kurikulumu)" qəbul olunmuş, I-IV siniflər
üçün fənn kurikulumları hazırlanaraq təsdiq
olunmuşdur. 2008-2009 -cu dərs ilində bu
prosesin təməli qoyuldu. Respublikamızın
ümumtəhsil məktəblərində yeni model ruh
yüksəkliyi ilə qarşılandı.
Ölkəmizdə qabaqcıl dünya təcrübəsini əks etdirən
yeni ümumi təhsil modelinin tətbiqinə imkan
verən V-XI siniflər üçün yeni fənn
kurikulumlarının layihəsi hazırlandı və pedaqoji
içtimaiyyətin müzakirəsinə verildi. Bütün
pedaqoji kollektivlər kimi bizim məktəbdə də bu
layihənin müzakirəsi keçirildi. Azərbaycan dili
və ədəbiyyat fənnindən dərs deyən bir müəllim
kimi məni buradakı bir çox xüsusiyyətlər cəlb
etdi. Belə ki, şagirdlər tam sərbəst şəkildə
müxtəlif kanallardan əldə etdiyi biliyi
dərslikdəki ilə əlaqələndirib, audio-videomateriallar,
İnternet resurslardan istifadə etməklə qavramanı
çox asanlaşdırırlar.
Ənənəvi təlimdə şagirdlərin yaradıcılıq
qabiliyyətləri üzə çıxmır, intellektual
səviyyəsi özünü göstərə bilmirdi. Amma yeni
kurikulumun istinad etdiyi təlim
texnologiyalarından istifadə şagirdin bütün
bacarığını üzə çıxarır.
V-XI siniflər üçün Milli Kurikulum ədəbiyyat
fənninin yaradıcı şəkildə təliminə imkan verir.
Ədəbiyyat-tarix-coğrafiya fənləri arasında əlaqə
yaratmaq şagirdin bilik və vərdişlərinin
möhkəmlənməsinə kömək edir. Bu metod şagirdin
müstəqil qərarlar qəbul etməsinə, cəmiyyətin
inkişafının əsas hərəkətverici qüvvəsi olan
insanın formalaşmasına zəmin yaradır.
Bugünkü gənclər müstəqil Azərbaycanın sabahı və
gələcəyidir. Demək Milli Kurikulum həm də yeni
nəslin hərtərəfli inkişafı deməkdir. Ümummilli
liderimiz Heydər Əliyev "Gənclər bizim
gələcəyimizdir" deməklə məhz hərtərəfli
hazırlanan yüksək səviyyəli mütəxəssisləri
nəzərdə tuturdu.
Bütün bu müsbət xüsusiyyətlərinə görə V-XI
siniflərdə tətbiq olunacaq fənn kurikulumlarını
dəstəkləyir və onun həyata keçirilməsinə
hazırlaşırıq.
Bahar HÜSEYNOVA,
Bakıdakı 257 nömrəli
orta məktəbin müəllimi |