Dağıstan
Muxtar Respublikasının paytaxtı Mahaçqala
şəhərində Avrasiya Universitetləri Həmkarlar
İttifaqları Assosiasiyasının 24-cü qurultayı
keçirilib. Qurultayı Assosiasiyanın prezidenti,
Moskva Dövlət Universitetinin Həmkarlar İttifaqı
Komitəsinin sədri, professor İqor Kotlobovski
açıb. Qurultayın işində Dağıstan Dövlət
Universitetinin (DDU) rektoru Murtuzəli
Rabadanov, Dağıstan hökumətinin sədri Məhəmməd
Abdullayev, Dağıstan Həmkarlar İttifaqları
Komitəsinin sədri Abdulla Məhəmmədov və digər
rəsmi qonaqlar iştirak ediblər.
Qurultayda müzakirə olunan əsas məsələ elm və
təhsilin millətlərarası münaqişələrin və
terrorizmin həllində rolu ilə bağlı olub.
Qurultayın işində Azərbaycan tərəfindən Bakı
Dövlət Universitetinin Həmkarlar İttifaqı
Komitəsinin sədri, dosent Fikrət Şiriyev iştirak
edib. Avrasiya Universitetlərinin Həmkarlar
İttifaqı Assosiasiyasının İdarə Heyətinin üzvü
F.Şiriyev plenar iclasın əvvəlində "Avrasiya
məkanında etnik qruplar, xalqlar və dinlərarası
münaqişələrin aradan qaldırılmasında cəmiyyətin
maarifləndirilmə prosesinin moderatoru olan
ziyalıların rolu" məruzəsi ilə çıxış edib.
Qurultay iştirakçıları tərəfindən böyük maraqla
dinlənilən çıxışa bir neçə dəfə istinad olunub.
Səfər çərçivəsində Fikrət Şiriyev Dağıstan
Dövlət Universitetinin 80 illiyi münasibətilə
Mahaçqalanın Rus Dram Teatrında keçirilən
təntənəli tədbirdə də iştirak edib. Tədbirə
Dağıstan Respublikasının prezidenti
Məhəmmədsalam Məhəmmədov və digər dövlət
rəsmiləri də qatılıb. BDU-nun rektoru, akademik
Abel Məhərrəmovun adından təbrik nitqi ilə çıxış
edən HİK sədri, dosent Fikrət Şiriyev
universitetlərin cəmiyyət həyatında oynadığı
roldan, DDU ilə BDU arasında əlaqələrin
möhkəmlənməsindən və xalqlar arasında
münasibətlərin daha da yaxşılaşmasında dövlət
başçılarının əvəzsiz xidmətlərindən danışıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi
|