Oktyabrın 24-də "Park İNN" otelində Avropanın
Memar Tələbələr Assambleyasının (EASA) milli
əlaqələndiricilərinin mövsümarası görüşünün 30-cu
qurultayı işə başlamışdır.
AzərTAc xəbər verir ki, Gənclər və İdman
Nazirliyinin dəstəyi, Azərbaycan Memarlıq və
İnşaat Universitetinin (AMİU) təşkilatçılığı ilə
keçirilən tədbir Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr
olunmuşdur.
Əvvəlcə qurultay iştirakçıları Fəxri xiyabana
gələrək xalqımızın ümummilli lideri, müasir
müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla
anmış, məzarı önünə əklil və gül dəstələri
qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyevanın da xatirəsi yad edilmiş, məzarı
üzərinə tər güllər düzülmüşdür.
Avropanın müxtəlif ölkələrindən 60-dan çox memar
tələbənin iştirak etdiyi qurultayın açılış
mərasimində AMİU-nun rektoru, Milli Məclisin
deputatı, professor Gülçöhrə Məmmədova
bildirmişdir ki, beynəlxalq tədbirin Bakı
şəhərində keçirilməsi haqqında qərar 2010-cu
ildə Danimarkanın Kopenhagen şəhərində
Mövsümarası görüş zamanı AMİU-nun təşəbbüsü ilə
hazırlanmış təqdimata baxışdan sonra
Assambleyanın üzvləri tərəfindən qəbul
edilmişdir.
EASA-nın fəaliyyəti barədə məlumat verən
G.Məmmədova qeyd etmişdir ki, 1981-ci ildən
etibarən Avropa ölkələrindən 400-dən çox memar
tələbə hər yay Avropanın bir şəhərində toplaşır.
Onlar yay tədbiri zamanı debatlar aparır, həmin
şəhərin memarlığı ilə ətraflı tanış olurlar.
G.Məmmədova qeyd etmişdir ki, qurultay
çərçivəsində avropalı qonaqlar Azərbaycanın
memarlıq abidələri və tarixi irsimizlə tanış
olacaq, respublikamızın inkişafı və reallıqları
barədə ətraflı məlumat alacaqlar.
Gənclər və idman nazirinin müavini İntiqam
Babayev, təhsil nazirinin müavini Qulu Novruzov
və başqaları ölkəmizdə gənclərə, onların
təhsilinə göstərilən dövlət qayğısından
danışmış, tədbirin əhəmiyyətini vurğulamışlar.
Qurultay oktyabrın 31-dək davam edəcəkdir.
EASA-nın 1-ci qurultayı 1981-ci ildə
İngiltərənin Liverpul şəhərində keçirilmişdir.
|