Bu
günlərdə Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman) Elmira
Süleymanovanın təşəbbüsü ilə "Azərbaycan Uşaq
Hüquqları Aylığı"na həsr olunan tədbir
keçirildi. Tədbiri giriş sözü ilə açan
ombudsman Azərbaycanda uşaq hüquqlarının
müdafiəsi istiqamətində çox işlər görüldüyünü
qeyd etdi. Qayğıya ehtiyacı olan uşaqların
problemlərinin həlli istiqamətində Heydər
Əliyev Fondunun gördüyü işlər xüsusi vurğulandı.
Bildirildi ki, uşaqların sağlam həyat tərzi
sürməsi, cəmiyyət üçün yararlı vətəndaş kimi
yetişməsi dövlətimizin daim diqqət mərkəzindədir.
Bu gün gələcəyimiz olan uşaqların hüquqi
nöqteyi-nəzərdən maariflənməsinə daha çox
diqqət yetirilməlidir. Son illər uşaq
hüquqlarının müdafiəsi ilə bağlı bir neçə
qanun layihəsi hazırlanıb Milli Məclisə təqdim
olunmuşdur.
Qeyri-Hökumət Təşkilatları Alyansının
koordinatoru Nabil Seyidov öz çıxışında
ombudsmanla içtimai birliklərin birgə
fəaliyyətindən bəhs etdi. Bildirdi ki, aylıq
çərçivəsində xeyli tədbirlər keçirmək nəzərdə
tutulur.
Milli Valideyn - Müəllim Assosiasiyasının
direktoru Təranə Şərifova çıxışında bu işə
dəstək verən qeyri- hökumət təşkilatlarına
minnətdarlığını bildirdi və onların gördüyü
işləri yüksək dəyərləndirdi.
Sonra ombudsman Elmira Süleymanova mətbuat
nümayəndələrinin suallarını cavablandırdı.
Vurğuladı ki, Avropada "Uşaqlar üçün yararlı
dünya" devizi altında keçirilən uşaq hüquqları
aylığının Azərbaycanda da keçirilməsi eyni
mahiyyət kəsb edir. Aylığın əsas məqsədlərindən
biri cəmiyyətin hər bir üzvünü uşaqların
problemlərinin həllinə cəlb etməkdən ibarətdir.
Sonra "Park Bulvar"da "Şirin rənglər"
festivalı ilə "Azərbaycan Uşaq Hüquqları
Aylığı"na rəsmi start verildi. Açılışdan sonra
müxtəlif uşaq evlərinin sakinləri bu aksiyaya öz
yaradıcılıq nümunələri ilə qatıldılar.
Sifai SƏFƏROVA |