Bu
günlərdə Türkiyə Respublikasının İğdır Dövlət
Universitetinin rektoru professor-doktor İbrahim
Hakkı Yılmazın rəhbərliyi altında 11 nəfərlik
nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində
olmuşdur. Tələbə şəhərciyi ilə əyani tanışlıq
zamanı qonaqlara universitet ərazisində
aparılan genişmiqyaslı yenidənqurma işləri,
istifadəyə verilən yeni korpuslar haqqında
ətraflı məlumat verilmişdir.
Qarşılıqlı fikir mübadiləsi zamanı Naxçıvan
Dövlət Universitetinin rektoru, akademik İsa
Həbibbəyli NDU-nun fəaliyyət göstərdiyi 45 il
ərzində keçilən inkişaf yolundan, tədris
prosesində tətbiq olunan yenilik və
dəyişikliklərdən, gələcək perspektivlərdən
danışmışdır. Ali məktəbin dünyanın 50-dən çox
universiteti ilə mövcud sıx əlaqələrindən söz
açan rektor qardaş Türkiyə Respublikasının
Elazığdakı Fırat, İzmitdəki Kocaeli, Kayseridəki
Erciyez, Erzurumdakı Atatürk, Van 100-cü il,
Qars, Ankara kimi universitetləri ilə möhkəm
təməllər üzərində qurulmuş əməkdaşlıq
münasibətlərini xüsusi vurğulamışdır. Rektor
İğdır Universiteti ilə də uzunmüddətli
əməkdaşlığın qurulacağına əminliyini
bildirmişdir.
İğdır Universitetinin rektoru bütün
azərbaycanlıları tarixi əhəmiyyətli bayram -
dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü
münasibətilə təbrik etmişdir. Rəhbərlik etdiyi
təhsil ocağında tədris olunan fənlər, kadr
hazırlığı işi haqqında məlumat verən qonaq qeyd
etmişdir ki, ilk olaraq İğdır texnikumu kimi
fəaliyyətə başlamış, 1995-ci ildə Qafqaz
Universitetinin nəzdində "Menecment" ixtisası
üzrə fəaliyyət göstərən universitetdə həmin il
16 müəllim və 2 texniki işçi ilə 20 tələbəyə
təhsil verilmişdir. 2006-cı ildə İğdırda Qafqaz
Universitetinin nəzdində Kənd təsərrüfatı
fakültəsi qurulmuşdur. 2008-ci ildən 30 tələbə
ilə təhsilə başlayan fakültə 2008-2009-cu tədris
ilindən "İğdır Universiteti" adı altında
fəaliyyətə başlamışdır.
Görüşdə iki universitet arasında sosial, mədəni
və elmi tədqiqat işlərinin aparılması
sahələrində əməkdaşlığa dair protokol
imzalanmışdır. Sənədə əsasən 5 il müddətində
universitetlərarası qarşılıqlı magistrant,
doktorant və müəllim mübadiləsi həyata
keçiriləcək.
Rəsmi görüşdən sonra türkiyəli qonaqlara ali
məktəbin konservatoriyasında konsert proqramı
təqdim olunmuşdur. Musiqili tədbirdə
Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun "Arazbarı",
xarici tələbələrdən ibarət "Dostluq" vokal
qrupunun ifasında Azərbaycan xalq mahnısı "Bəri
bax", Tofiq Quliyevin "Vals"ı, türk mahnısı "Məmləkətim"
və digər ifalar səslənmiş, həmçinin Tələbə Teatr
Studiyasının "Yallı" qrupunun rəngarəng rəqsləri
nümayiş olunmuşdur.
Sonda simvolik hədiyyələr təqdim olunmuş,
xatirə şəkli çəkdirilmişdir.
Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı
|