Xarici
dil kurikulumu şagird, müəllim, valideyn və
cəmiyyətin digər üzvləri üçün maraq doğuran
konseptual bir sənəd olub, xarici dil təliminin
məqsədlərini, bu məqsədlərə nail olmaq üçün
bütün fəaliyyətləri əhatə edir. Bu sənəd hər bir
şagirdin maraq və meyilləri nəzərə alınmaqla
onların nitq - dil bacarıq və vərdişlərini
inkişaf etdirməyi nəzərdə tutur, qazandığı yeni
dil bacarıqlarını real həyatda kommunikativ
bacarıqlarla əvəz olunmasına xidmət edir.
Fənnin standartları tələb edir ki, xarici dil
müəllimi ünsiyyət yaratmaq, problemli situasiya
qurmaq, tədqiqatlar və müqayisələr aparmaq,
problemlərin həllində dəyərli faktlar gətirmək
bacarığına malik olsun.
Xarici dil fənn kurikulumları çərçivəsində
tərtib edilən standartlar fənnin tədrisində
aşağıdakı suallara cavab verməyi tələb edir:
Nəyi öyrətməliyik?
Necə öyrətməliyik?
Necə təşkil etməliyik?
Necə dəyərləndirməliyik?
Göründüyü kimi, standartlar artıq yeni məzmunu
əhatə edərək özündən sonra təlimin məqsədlərini,
yeni dil mühitini, təlimin prosesini, təlimin
təsirini, nəticəni və yeni yaranacaq təfəkkürü
ifadə edir. Standartlara əsaslanan müasir xarici
dil dərsləri dilin tədrisində iki üsulu
reallaşdırır:
1. Dil sistemlərinin öyrənilməsini.
2. Dil bacarıqlarının qazanılmasını.
Dil sistemi dildə fonoloji sistemdən - səslərdən,
sözlərin düzgün tələffüz olunmasından, cümlə
quruluşu, sözlərin ayrı-ayrı mənaları, qrammatik
cəhətdən sözlərin bir-biri ilə bağlılığı və
cümlədə hansı funksiya daşımasından ibarətdir.
Dil bacarıqları isə dinləyib-anlama, danışıq,
oxu, yazıdan ibarətdir. Məhz xarici dilin məzmun
xətləri də bu dil bacarıqlarına əsaslanaraq,
standartları müəyyən edir və bu standartlar
məzmun və fəaliyyət baxımından təhlil edilir.
Xarici dilin standartlarında göstərilən kodlar
ilk öncə məzmun xəttini, əsas standartı və alt-standartı
müəyyən edir. Məzmun xətti və əsas standart
dövlət tələbi kimi nəticəyə əsaslanır və
dəyişilmədən tətbiq edilir. Alt-standartlar isə
təlim prosesində məqsədyönlü şəkildə daim
dəyişilir. Standartlar xarici dil fənn
kurikulumunda təlim məqsədlərinin
müəyyənləşdirilməsində, təlim nəticələrinin
reallaşması üçün xüsusi metodikaların
seçilməsində mühüm rol oynayır.
Standart iki hissədən ibarətdir: bilik və
fəaliyyət. Standart biliyin fəaliyyətdə tətbiqi
və sosial bacarıqlar şəklində əldə olunmasını
tələb edir.
Xarici dil standartlarına əsasən, əsas
standartın funksiyası fənlər üzrə müəyyən olunan
təlim nəticələrini məzmun xətləri üzrə ümumi
şəkildə ifadə etmək, sinif və fənlər üzrə
summativ qiymətləndirmənin aparılmasını təmin
etməkdir.
Alt-standartın funksiyası isə:
* Təlim məqsədlərinin dəqiq müəyyən olunması
üçün etibarlı zəmin yaradır;
* Təlim strategiyalarının düzgün seçilməsində
mühüm rol oynayır;
* Təlimdə inteqrativliyi təmin edir;
* Təlimin məzmununun davamlı inkişafını təmin
edir.
Ənənəvi dərsdə müəllimin əsas məqsədi şagirdə
deklarativ bilik vermək idisə, müasir dərsdə
daha çox prosedual və kontekstual biliklərə
yiyələndirməkdir.
Xarici dil fənn kurikulumunun strukturunda əsas
və alt-standartların funksiyaları, məzmun
standartlarının quruluşu, məzmun standartlarının
komponentləri üzrə təsnifatı, biliyin
kateqoriyaları və fəaliyyətin növləri, təlim
məqsədlərinin müəyyən edilməsi əsas yer tutur.
Biliyin aşağıdakı kateqoriyaları vardır:
Deklarativ bilik (fakt və məlumatlar), prosedual
bilik (fəaliyyətin icrasına dair prosedur
qaydaları əhatə edən biliklər), kontekstual
bilik (problemin həll edilməsi yolu ilə əldə
olunan yeni biliklər).
Xarici dil kurikulumu dil və sosial-mədəni
biliklər əsasında kommunikativ nitq
bacarıqlarının formalaşdırılmasını əhatə etməklə
nəticəyönümlü məzmun standartlarına uyğun olaraq
sadədən mürəkkəbə, asandan çətinə prinsipləri
əsasında qurulur, şagird nailiyyətlərini
izləməyə və qiymətləndirməyə imkan yaradır.
Xarici dilin tədrisində standartlar
dinləyib-anlama bacarıqlarından danışmağa, sonra
isə oxu və yazı vərdişlərinin yaranmasına xidmət
edir ki, bu da sadə fəaliyyət növlərinin
getdikcə mürəkkəb fəaliyyət növləri ilə əvəz
olunması və dilin yaradıcı şəkildə ünsiyyət
vasitəsinə çevrilməsi ilə nəticələnir.
Siniflər üzrə standartlar sadədən mürəkkəbə
doğru sıralanır və müəllimin plan tutmasında
ardıcıllıq yaradır.
Məzmun standartları müəyyən edilərkən idraki,
informativ-kommunikativ və yaradıcı fəaliyyətlər,
düşüncə, emosional və psixomotor bacarıqların
formalaşdırılması əsas götürülür.
Bu gün fənnin tədrisində standartların tətbiqi
ümumi təlim nəticələrinin nə şəkildə özünü
doğrultmasına, təlimin məqsəd və vəzifələrinin
müəyyən edilməsinə əsas verir.
Xarici dilin məzmun standartları həmçinin
qiymətləndirmə standartlarının yaranmasına
asanlıqla zəmin yaradır. Biliyin və fəaliyyətin
kəmiyyət və keyfiyyət ölçüsü olan qiymətləndirmə
təlim prosesinin davamlı və inkişafyönümlü
olmasının əsas meyarıdır. Təlimin məqsədlərindən
qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi
standartın tam ödənilməsinə gətirib çıxarır.
Bu gün əldə etmək istədiyimiz nəticə şagird
nailiyyətlərinin düzgün qiymətləndirilməsi və
davamlı təlimin təşkilində daha yeni
standartların tətbiqinə nail olmaqdır. Müasir
dərs standartdan məqsədə, sonra təlim prosesinin
yaranmasına və yekunda problemin qoyuluşu və
həllinə gətirib çıxarır. Bu isə təfəkkürün
fəallaşması, yəni şagird fəallığı - kəşf edən,
tədqiqatçı mövqe tutan, yaradıcı təfəkkürə malik
şagird nailiyyəti ilə nəticələnir.
Nahidə BAĞIROVA,
S.C.Pişəvəri adına Humanitar Fənlər
Gimnaziyasının
ingilis dili müəllimi |