Hazırda
cəmiyyətimizin bütün sahələrində baş verən
dinamik proseslər insan fəaliyyəti və onun
yaradıcılığının inkişafı problemini ön plana
çıxarır. Ölkənin inkişafının aktual
problemlərini isə qeyri-ordinar və yaradıcı
düşünən insanlar həll edə bilər.
"Azərbaycan Respublikasında ümumi təhsilin
Konsepsiyası (Milli Kurikulum)"nda şagirdlərin
fəaliyyətinin formalaşdırılması və təmin
olunması, onun bir subyekt kimi inkişafı üçün
lazımi şəraitin yaradılması vacib faktor kimi
gözdən keçirilir.
"Azərbaycan Respublikasında ümumi təhsilin
Konsepsiyası (Milli Kurikulum)"nda təhsilin
forma və metodları demokratik və humanist
prinsiplərə əsaslanır. Bu, böyüməkdə olan nəslin
yaradıcılıq qabiliyyətinin inkişafı üçün böyük
imkanlar yaradacaq.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev çıxışlarının birində demişdir: "Bu gün
bizim təhsilimizin məqsədi uşaqlara və gənc
nəslə bilik vermək, onları gələcəyə
hazırlamaqdır. Lakin bununla bərabər ən başlıca
məqsəd Azərbaycan cəmiyyətinin layiqli üzvünü,
Azərbaycan vətəndaşını formalaşdırmaqdır". Bu
sətirləri oxuyarkən müəllimlərin, xüsusən də
ibtidai sinif müəllimlərinin üzərinə necə də
vacib və məsuliyyətli vəzifənin düşdüyünü başa
düşürük.
İntellektin əsasları və onun bütün mənəvi aləmi
başlıca olaraq məktəbəqədər və aşağı məktəb
yaşlarında yaranır və formalaşır, baxmayaraq ki,
onun nəticələri sonralar üzə çıxır. Deməli,
müəllimlərin qarşısında uşaqların, onların
yaradıcılıq imkanlarının inkişaf etdirilməsi
vəzifəsi durur.
Həyat getdikcə mürəkkəb və rəngarəng olur. O,
daha artıq fəal təfəkkür, daha tez oriyentasiya
tələb edir. Məhz bütün bu keyfiyyətlər
Azərbaycan Respublikasında ümumi təhsilin Milli
Kurikulumunda yaxşı inkişaf etdirilir.
Yaradıcılıq - bu, psixi fəallığın ən ali forması,
nəsə orijinal bir şeyi yaratmaq qabiliyyətidir.
Müəllimin işinin səmərəliliyi təlim-tərbiyə
prosesinin hər bir şagirdin yaradıcılıq
qabiliyyətinin inkişafını nə dərəcədə təmin
etməsi, yaradıcı şəxsiyyəti formalaşdırması ilə
müəyyən olunur.
Məktəbə müxtəlif inkişaf səviyyələri ilə
gəlirlər. Uşaqların çoxunun qabiliyyəti onların
daxilində gizlənib. Onların aşkara çıxarılması
və inkişaf etdirilməsi istiqamətində əsas iş
müəllimlərin üzərinə düşür. Məşhur ixtiraçı
Edison deyib: "Dahi - bu bir faiz ilham, doxsan
doqquz faiz isə tər tökməkdir". Buna görə də
əməksevərlik tərbiyəsi vacibdir.
Yaradıcılıq qabiliyyətlərinin inkişafı
şəxsiyyətin inkişaf mərhələlərindən keçir,
təşəbbüskarlıq, qərarların qəbulunda müstəqillik,
özünü azad ifadəetmə vərdişləri, özünəinam
oyadır.
Əlbəttə, bütün bunlar o halda baş verir ki,
şagird özünü tədris prosesinin tamhüquqlu üzvü
kimi hiss etsin. Azərbaycan Respublikasının
Milli Kurikulumunda buna xüsusi diqqət yetirilir.
Maraqlı oyunlar şəraitində qruplarla iş zamanı
rəngarəng biliklər, bacarıq və vərdişlər daha
müvəffəqiyyətlə inkişaf edir, uşaqların əqli,
estetik, mənəvi tərbiyəsi həyata keçirilir.
Qruplarla iş gedişində uşaqların kommunikativ
bacarıqlarının inkişafı baş verir və xoş
əhvali-ruhiyyə yaranır. Milli Kurikulum
qruplarla işə böyük diqqət ayırır.
Şagirdlərin yaradıcılıq qabiliyyətinin
formalaşdırılmasına biz ümumi təhsil prosesinin
ayrılmaz tərkib hissəsi kimi baxırıq.
Yaradıcılıq fəallığını formalaşdırmaq üçün
şagirdləri yaradıcı fəaliyyətə cəlb etmək və
onların yaradıcılıq fəallığını inkişaf etdirmək,
tədris prosesində problemli məsələlər qaldırmaq
və yaradıcı təfəkkürün inkişafına nail olmaq
lazımdır.
Şagirdlərin yaradıcılıq qabiliyyətini aşağıdakı
prinsiplərin köməyi ilə həyata keçirmək
mümkündür:
- yaradıcı fəaliyyətə motivasiyanın inkişaf
etdirilməsi prinsipi;
- özünütəhsil və özünütərbiyə bacarıqlarının
inkişaf etdirilməsi prinsipi;
- pedaqoji prosesin şagirdlərin fərdi
xüsusiyyətləri ilə uyğunlaşdırılması prinsipi;
- şagirdlərin yaradıcılığını və müstəqilliyini
təmin edən tədris formalarının seçilməsi
prinsipi.
Şagirdlərin hər bir yaradıcı fantaziyasını
həvəsləndirmək lazımdır. Uşaqların istənilən
mövzu üzrə nümunəvi sərgilərinin təşkili çox
vacibdir.
Hər bir uşaqda qabiliyyət və istedad var.
Uşaqlar təbiətən hər şeylə maraqlanır və oxumağa
can atırlar. Onların öz istedadlarını nümayiş
etdirmələri üçün düzgün rəhbərlik lazımdır.
Beləliklə də kiçik məktəb yaşlarında uşaqların
yaradıcı təsəvvürlərinin inkişafı onların
təcrübəsinin mütəmadi olaraq zənginləşməsi, bu
təcrübənin gerçəkliyin müxtəlif sahələrinə aid
yeni biliklərlə dolğunlaşması ilə getməlidir.
Qeyd etmək lazımdır ki, davamlı maraqların
yaranması üçün uşaqların yeni fəaliyyət sahəsi
ilə tanışlığı kifayət deyil. Uşaqlarda yeniliyə
qarşı müsbət emosional münasibət baş
qaldırmalıdır. Əmək fəaliyyəti dövründə uşağın
bütün fərdi xüsusiyyətləri inkişaf edir. Hər
hansı əşyanı öz əlləri ilə düzəldən zaman
uşaqlar diqqət və yaddaşlarını inkişaf etdirir,
səliqəliliyə və səbirli olmağa vərdiş edir, ən
əsası müstəqil surətdə qərar qəbul edirlər.
Uşaqlarda yaradıcılıq qabiliyyətinin
formalaşdırılması şəxsiyyətin hərtərəfli və
harmonik inkişafının vacib tərkib hissəsidir.
Bizim vəzifəmiz vətənimiz Azərbaycan naminə bu
cür şəxsiyyət tərbiyə etməkdir.
Nailə MƏMMƏDOVA,
İlyas Əfəndiyev adına "Elitar"
Gimnaziyanın ibtidai sinif müəllimi |