Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl,
göyçək, istedadlı balaları, övladları var. Fəxr
edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl
təməl əsasında qurulur. Siz bugünkü həyatınızla,
təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə
Azərbaycanın gələcəyinin binasını qurursunuz,
böyük binanı qurursunuz.
Heydər ƏLİYEV
Haqqında
Ümummilli
lider Heydər Əliyev gənclərin hərtərəfli,
ahəngdar inkişafında təhsilin imkanlarını yüksək
qiymətləndirir, millətin, müstəqil dövlətin
təməli olan təhsilə xüsusi qayğı göstərirdi.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı,
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev gənclərdə vətəndaşlıq mövqeyinin
formalaşmasına, xüsusi istedada malik olan
gənclərin üzə çıxarılmasına önəm verir. Bunun
təsdiqidir ki, 17 aprel 2006-cı il tarixdə ölkə
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Xüsusi
istedada malik olan şagirdlərin (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə Dövlət
Proqramı (2006-2010-cu illər)" qəbul edilmişdir.
Bu proqrama uyğun olaraq, Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel
Məhərrəmovun təşəbbüsü və təhsil naziri Misir
Mərdanovun müvafiq əmri ilə 2007-ci ildə BDU-nun
nəzdində "Gənc istedadlar" liseyi fəaliyyətə
başladı.
Azərbaycan təhsilində özünün xüsusi dəst-xətti
ilə seçilən, yaranmasından az müddət keçməsinə
baxmayaraq bir çox uğurlar əldə edən liseyin
başlıca vəzifəsi milli amallara xidmət edəcək
gənc istedadları üzə çıxarmaq, onların
inkişafına hərtərəfli şərait yaratmaq,
potensiallarını düzgün istiqamətləndirmək, dərin
biliyə, həmçinin yüksək mənəvi keyfiyyətlərə
malik gənclər yetişdirmək, Azərbaycan
Respublikasının inkişafı naminə fədakarlıqla
çalışan ləyaqətli vətəndaş tərbiyə etməkdən
ibarətdir.
Liseydə təlim-tərbiyə prosesinin ahəngdarlığını
və səmərəliliyini artırmağa, pedaqoji
kollektivin normal fəaliyyətinə, müəllimlərin
yaradıcılıq, işgüzarlıq fəallığının yüksəlməsinə
nail olmaq məqsədilə təhsilin idarəedilməsinin
metodlarından düzgün istifadə olunur.
İstedadlı şagirdlər, onların inkişafı liseyin
əsas tədqiqat obyekti, ən başlıca məqsədidir.
Onlar lisey tərəfindən böyük qayğı və diqqətlə
əhatə olunur, hüquqları qorunur.
Maddi-texniki baza
Lisey
BDU-nun balansında olan beşmərtəbəli binanın bir
hissəsində yerləşir. Liseydə geniş sinif
otaqları, fənn kabinetləri, informatika otağı,
kimya laboratoriyası, idman və akt zalları
mövcuddur. Lisey müasir avadanlıqlarla təchiz
olunub. Bununla yanaşı, liseyin zəngin
kitabxanası və qiraət zalı müəllim və
şagirdlərin ixtiyarına verilib. Şagirdlərin
sağlam böyüməsi üçün nəzərdə tutulan yeməkxana
gigiyenik cəhətdən standartlara cavab verir.
Liseyin tərkibində tibb kabineti fəaliyyət
göstərir ki, bu da müəllim və şagirdlərin
sağlamlığını təmin etmək üçün nəzərdə
tutulmuşdur. Liseydə ümummilli lider Heydər
Əliyevin həyat və fəaliyyətini əks etdirən
fotoşəkillərdən və kitablardan ibarət "Heydər
Əliyev guşəsi" yaradılmışdır ki, bu da ulu
öndərin siyasi kursunu dərindən mənimsəməkdə
şagirdlərə kömək edir.
Tədris və təlim-tərbiyənin təşkili
Lisey birnövbəlidir. Burada tədris Azərbaycan və
rus dillərində aparılır. Liseyin strukturu V-XI
siniflərdən ibarətdir. Qiymətləndirmə 5 ballıq
sistemlə aparılır. Tədris ili iki yarımilə
bölünür. I və II yarımilin sonunda şagirdlər
yekun imtahanı verirlər. Şagirdlərin liseyə
qəbulu V sinifdən, test üsulu və müsabiqə yolu
ilə həyata keçirilir. Liseyə qəbul BDU-nun
rektoru, akademik A.Məhərrəmovun müvafiq əmri
ilə yaradılmış qəbul komissiyası tərəfindən
aparılır. Qəbul zamanı ayrı-ayrı fənlərdən
imtahan suallarının hazırlanmasında BDU-nun
müəllimləri yaxından iştirak edirlər.
Şagird nailiyyətlərinin monitorinqi və
qiymətləndirilməsi liseydaxili yoxlamalar,
Təhsil Nazirliyinin və TQDK-nın sınaq
imtahanları, həmçinin digər qurumların
keçirdikləri bilik yarışları vasitəsilə həyata
keçirilir. Lisey pedaqoji şurasının qərarı,
valideynlərin razılığı ilə riyaziyyat, fizika və
kimya fənlərindən şagirdlərin biliyi yazılı,
digər fənlərdən isə şifahi yoxlamalar yolu ilə
qiymətləndirilir. V, VI, VII siniflərdə
şagirdlərin ifadə, yuxarı siniflərdə isə inşa
yazılarına xüsusi diqqət yetirilir. Bu da
onların təfəkkürünün, nitq mədəniyyətinin
inkişafına və öz fikirlərini lazımi şəkildə
ifadə etmələrinə kömək edir.
Dərslərdə
müasir təlim metodlarından səmərəli istifadə
edilməklə şagirdlərə bilikləri müstəqil əldə
etmək öyrədilir. Şagird-müəllim münasibətləri
qarşılıqlı hörmət və əməkdaşlıq zəminində
qurulmuş liseydə təlimin tərbiyəedici
funksiyasından geniş istifadə edilir.
Təlim-tərbiyə işinin səviyyəsini yüksəltmək,
qabaqcıl pedaqoji təcrübənin nailiyyətlərini
tətbiq etmək, iş planlarını müzakirə və təsdiq
etmək, hesabatları dinləmək, kollegial rəhbərlik
prinsipini həyata keçirmək üçün liseydə Pedaqoji
Şura fəaliyyət göstərir. Tədris işinin bəzi
məsələlərini operativ həll etmək məqsədilə lisey
direktorunun yanındakı müşavirənin imkanlarından
istifadə olunur. Fənlərin tədrisinin vəziyyəti
müvafiq komissiya tərəfindən öyrənilir və
liseyin Pedaqoji Şurasında müzakirə olunur.
Təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması
sahəsində işlər tədris planları və
proqramlarının hazırlanması, pedaqoji
kollektivlə, şagird və valideynlərlə, həmçinin
ictimai qurumlarla iş istiqamətlərində aparılır.
Lisey öz fəaliyyətində Azərbaycan Respublikası
Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş
tədris planlarını əsas götürməklə yanaşı, BDU-nun
Elmi Şurasının tövsiyələrini də nəzərə alır,
təhsil və tərbiyə haqqında müasir pedaqogikanın
son nailiyyətlərindən faydalanır. 2008-ci ildə
lisey Pedaqoji Şurasının iclasında rektor Abel
Məhərrəmovun tövsiyələrinə əsasən yeni tədris
planı hazırlanmış və bu tədris planı Təhsil
Nazirliyi tərəfindən təsdiq edilmişdir.
Şagirdlərin
vətənpərvərlik ruhunda tərbiyə olunması, onların
öz hüquq və vəzifələrini dərk etmələri,
liseyçilərdə ekoloji şüurun və mədəniyyətin
formalaşdırılması məqsədilə müxtəlif tədbirlər
keçirilir. Liseydə mütəmadi olaraq əlamətdar və
tarixi günlərə dair tədbirlər, "açıq dərs"lər
təşkil olunur.
2009-cu ilin aprel ayında BDU-nun yaradılmasının
90 illik yubileyi münasibətilə liseyin bazasında
"Müasir şəraitdə orta ümumtəhsil məktəblərində
tədrisin keyfiyyətini yüksəltmək yolları"
mövzusunda I Respublika elmi-praktik konfransı
keçirilmişdir. Konfransı keçirməkdə başlıca
məqsəd müasir dövrün xüsusiyyətləri, şərtləri
nəzərə alınmaq, qabaqcıl təcrübəni öyrənmək və
təcrübə mübadiləsi etməklə orta ümumtəhsil
məktəblərində tədrisin keyfiyyətinin
yüksəldilməsinə təsir edən amilləri
müəyyənləşdirməkdən ibarət idi. Konfransda Bakı
şəhərindən, eləcə də respublikamızın müxtəlif
bölgələrindən olan iştirakçıların 91 məruzəsi
dinlənilmişdir. Üç bölmədə (humanitar elmlər,
təbiət elmləri, riyaziyyat və informatika
elmləri) aparılan iclaslara BDU-nun
professorları rəhbərlik etmişlər. Yekun iclasda
iştirakçılar konfransın işini, konfransda irəli
sürülən təklifləri yüksək qiymətləndirmişlər.
Liseydə cari ilin noyabr ayında II Respublika
konfransının keçirilməsi nəzərdə tutulub.
Pedaqoji kollektiv
Liseyin
fəaliyyətində əsas aparıcı qüvvə müəllimlərdir.
Liseydə 71 nəfər müəllim fəaliyyət göstərir ki,
onlardan 1 nəfəri - liseyin direktoru Qasım
Hüseynov elmlər doktoru, professor, 17 nəfər
elmlər namizədi, 2 nəfər respublikanın əməkdar
müəllimi, 18 nəfəri isə dissertantdır. Bununla
yanaşı, liseydə ali kateqoriyalı və "Qabaqcıl
təhsil işçisi" döş nişanı ilə təltif olunmuş
müəllimlər də var. Liseyə müəllimlər müsabiqə
yolu ilə seçilir, əmək müqaviləsi ilə fəaliyyət
göstərirlər. Müsabiqədə orta və ali məktəblərin
müəllimləri, elmi tədqiqat institutlarının
əməkdaşları iştirak edirlər. Liseyə pedaqoji
işçilər təyin edilərkən onların elmi-nəzəri,
metodik hazırlığı, peşə ustalığı, uşaqlarla
işləmək qabiliyyəti, intizamı və məsuliyyəti
təkcə liseyin müdiriyyəti tərəfindən deyil, BDU-nun
müvafiq kafedraları və universitetin rəhbərliyi
tərəfindən də ciddi surətdə nəzərə alınır.
Müəllimlərin fəaliyyəti liseyin Pedaqoji Şurası
tərəfindən öyrənilib, qiymətləndirilir.
Hazırda müstəqillik yolu ilə zəfərlərlə
irəliləyən respublikamız üçün müxtəlif
ixtisaslar üzrə dərin biliyə malik, vətənpərvər,
informasiya və kommunikasiya texnologiyalarını
mükəmməl bilib, onu tətbiq etməyi bacaran
mütəxəssislər tələb olunur. Belə mütəxəssislərin
biliyinin təməli isə ümumtəhsil məktəblərində
qoyulur.
2009-cu ildə liseyin müəllimlərinin 1 dərs
vəsaiti, 30 elmi və elmi-metodiki məqaləsi, 23
tezisi, 2010-cu ildə isə 3 dərs vəsaiti, 1 şeir
kitabı, 32 məqaləsi, 25 tezisi çap olunmuşdur.
Liseyin müəllimlərindən 5 nəfəri Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının ekspertidir.
Liseyin
pedaqoji kollektivi tərəfindən ibtidai sinif
şagirdləri və fənn müəllimləri üçün tədris
proqramı və dərsliklər əsasında Azərbaycan və
rus dillərində vəsait hazırlanmışdır. Vəsaitdə
ana dili, riyaziyyat və ingilis dili fənləri
üzrə 935 test tapşırığı verilmişdir.Testlərin
tərtibində məntiq və düşüncə tələb edən suallara
üstünlük verilmişdir.
Lisey fəaliyyətə başladığı ilk tədris ili ilə
müqayisədə müəllimlərin sayı 2 dəfə artıb,
onların arasında daha savadlı və təcrübəli
müəllimlər çoxluq təşkil edir.
Müəllimlərin pedaqoji və psixoloji ədəbiyyatı
müntəzəm öyrənməklə onun nəticələrindən istifadə
etmələri, peşə-ixtisas səviyyələrini daim
yüksəltmələri, təlim-tərbiyə prosesini istedadlı
şagirdlərin hərtərəfli inkişafının həllinə
yönəltmələri həmişə diqqət mərkəzindədir.
Bununla belə, müəllimlər təlim-tərbiyə
prosesinin təkmilləşdirilməsinə yönəldilən və
müasir tələblərə cavab verən metodik məqalələrin
sayının artırılmasına çalışırlar.
Pedaqoji kollektiv təlim-tərbiyə prosesinin
bütün mərhələlərində-şagirdlərin elmlərin
əsaslarına yiyələnmələrində, onlarda yüksək
mənəvi-əxlaqi keyfiyyətlərin tərbiyə edilməsində
və s. valideynlərin köməyindən istifadə edir.
BDU-lisey münasibətləri
Liseyi
digər təhsil müəssisələrindən fərqləndirən əsas
amillərdən biri də BDU-nun nəzdində fəaliyyət
göstərməsidir. Respublikamızın qədim və nüfuzlu
universiteti ilə birgə fəaliyyəti liseyə əlavə
üstünlüklər verir. Bu baxımdan təlim-tərbiyə
prosesini inkişaf etdirmək və təkmilləşdirmək,
müəllimlərin peşə ustalığını yüksəltmək
sahəsində BDU-nun rəhbərliyinin, müvafiq
kafedraların professor-müəllim heyətinin diqqət
və qayğısını xüsusi qeyd etmək lazımdır. Lisey
BDU-nun professor-müəllim heyətinin pedaqoji
təcrübəsindən məharətlə istifadə edir. Belə ki,
BDU-nun professor-müəllimləri müxtəlif vaxtlarda
liseydə nümunəvi dərslər keçirlər. BDU-nun
rektoru, akademik Abel Məhərrəmov 2008-ci il
yanvar ayının 29-da X sinifdə "Üzvi
birləşmələrdə kimyəvi rabitələrin elektron
təbiəti" mövzusunda nümunə dərsi keçmişdir.
Akademik A.Məhərrəmovun qoyduğu bu ənənə bu gün
də universitet müəllimləri tərəfindən davam
etdirilir. Belə dərslər şagirdlərin yaradıcı
təfəkkürü və müstəqilliyinin inkişafında xüsusi
əhəmiyyət kəsb edir. BDU-nun müvafiq
kafedralarının əməkdaşları mütəmadi olaraq
dərslərdə iştirak edir, müəllimlərə elmi-metodiki
məsləhətlər verir, şagirdlərin bilik
səviyyələrinin yoxlanılmasında yaxından iştirak
edirlər.
Rektor Abel Məhərrəmovun göstərişinə əsasən
liseyin istedadlı şagirdlərindən 33 nəfəri,
onların meyil və maraqları nəzərə alınmaqla,
yaradıcı potensiallarının daha da inkişaf
etdirilməsi məqsədilə müxtəlif fənlər üzrə BDU-nun
professor-müəllim heyəti tərəfindən nəzarətdə
saxlanılır. Bu baxımdan "Sabahın alimləri"
devizi altında elmin sirlərini öyrənən
şagirdlərin cari tədris ilində elmi-praktiki
konfranslarının keçirilməsi nəzərdə tutulub.
Qeyd olunanlarla yanaşı, liseydə şagirdlərin
siyasi, ekoloji mədəniyyətinin formalaşdırılması,
vətənpərvərlik, əxlaqi və estetik tərbiyəsinin
təşkili, onlara mənəvi-iradi keyfiyyətlərin
aşılanması məqsədi ilə keçirilən tədbirlərdə BDU-nun
müəllimləri yaxından iştirak edirlər.
BDU-nun tələbələri də liseylə sıx əlaqə
saxlayırlar. Artıq dördüncü tədris ilidir ki,
müvafiq fakültələrin tələbələri pedaqoji
təcrübəni liseydə keçirlər. Liseyin müəllimləri
tələbələrə diqqət və qayğı ilə yanaşır, onlara
metodiki məsləhətlər verir, müasir təlim
metodlarını izah edirlər. Bir qayda olaraq,
pedaqoji təcrübələr başa çatdıqdan sonra BDU-nun
müvafiq fakültə dekanları və kafedra
müdirlərinin, pedaqoji təcrübə rəhbərlərinin,
metodistlərin və lisey müəllimlərinin iştirakı
ilə yekun konfransı keçirilir, pedaqoji
təcrübənin nəticələri təhlil olunur.
Təhsil sahəsində tərəflərin əlaqələrinin
inkişafı və möhkəmləndirilməsində, qabaqcıl
təcrübənin öyrənilməsində maraqlarını nəzərə
alaraq 2007-ci ilin dekabrında XXI əsr
Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ilə,
2008-ci ildə isə "Bağça-məktəb-lisey" kompleksi
ilə BDU arasında əməkdaşlıq barədə müqavilə
imzalanmışdır. Müqavilələrə əsasən təhsil
işçilərinin peşəkarlıq səviyyəsi və hazırlığının
daha da yüksəldilməsi üzrə ikitərəfli konfrans
və seminarların, təcrübi məşğələlərin və digər
bu kimi tədbirlərin təşkili və həyata
keçirilməsi, təhsil sahəsinə aid məlumatların
mübadiləsi aparılır. Şagirdlərin bilik və
dünyagörüşlərinin artırılması məqsədilə qeyd
olunan tədris müəssisələri ilə müxtəlif
fənlərdən nümunəvi dərslər, bilik yarışları və
müxtəlif mövzuları əhatə edən konfranslar
keçirilir.
Qazanılan uğurlar
Yaranmasından qısa müddət keçməsinə baxmayaraq,
"Gənc istedadlar" liseyi qazandığı uğurlar və
əldə etdiyi yüksək nəticələrə görə ictimaiyyət
arasında böyük nüfuza malikdir. Bu
nailiyyətlərin əsası tədris müəssisəsinin
Azərbaycanın ən qabaqcıl ali təhsil
müəssisələrindən olan BDU-nun nəzdində fəaliyyət
göstərməsi, onun imkanlarından geniş istifadə
etməsi və lisey kollektivinin öz işinə
məsuliyyətlə yanaşmasıdır.
Liseydə təhsil alan hər bir gəncin başlıca
məqsədi orta məktəbi bitirdikdən sonra seçdiyi
ixtisas üzrə ali məktəbə qəbul olmaqdır. Hazırda
liseyi bitirən məzunlar respublikamızın və
xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil alırlar.
2009-cu ildə liseyi 24 nəfər bitirmiş və hər
biri ali məktəbə daxil olmuşdur. Onlardan 4
nəfəri 600-dən, 12 nəfəri isə 500-dən çox bal
toplamışdır. 2010-cu ildə liseyi bitirən 18
nəfərdən 5-i 600-dən, 7 nəfəri isə 500-dən çox
bal toplamışdır. 2011-ci ilin nəticələrinə
gəldikdə isə liseyi bu il 19 şagird bitirmiş,
onlardan 7 nəfəri 600-dən, 12 nəfəri isə 500-dən
çox bal toplayaraq respublikamızın və xarici
ölkələrin nüfuzlu ali məktəblərinə daxil olub.
Ümumiyyətlə 3 il ərzində liseyi bitirən 61
məzundan 16 nəfər 600-dən, 21 nəfəri isə 500-dən
çox bal toplayıb. Məzunlardan Rəcəb Rəcəbov və
Orxan Həsənli Prezident təqaüdünə layiq
görülmüşdür. Hazırda liseyin məzunlarından 22
nəfəri BDU-da təhsillərini davam etdirir.
TQDK-nın açıqladığı statistik məlumata görə
2010-cu ildə lisey orta bala və müxtəlif fənlər
üzrə cavabların faizinə görə respublikada ən
yüksək nəticə göstərmişdir.
Pedaqoji kollektiv elmi-pedaqoji nailiyyətləri,
yeni təlim metodları və texnologiyalarını
öyrənib tədris prosesində tətbiq etməyə çalışır.
Tədris prosesində şagirdlərin bilik və bacarıq
səviyyəsinin daha da artması üçün test
yoxlamaları və olimpiadaların, inşa yazı
müsabiqələrinin, əlavə məşğələlərin təşkilinə,
mühüm tarixi gün və əlamətdar hadisələrin qeyd
olunmasında şagirdlərin fəal iştirakına xüsusi
diqqət yetirilir. Bütün bunların nəticəsidir ki,
liseyin şagirdləri respublika fənn
olimpiadalarında, müxtəlif bilik və idman
yarışlarında bir sıra uğurlar qazanmışlar.
Şagirdlərdən Elvin Eyvazlı 2009-cu ildə tarix
fənni, 2011-ci ildə Orxan Həsənli fizika fənni,
Sona Quluzadə isə kimya fənni üzrə keçirilən
respublika fənn olimpiadalarının qalibləri
olmuşlar. Bununla yanaşı, Rəcəb Rəcəbov
respublika fənn olimpiadasında riyaziyyat fənni
üzrə 2008-ci ildə III, 2009-cu ildə isə II yerə,
Aytac Bayramlı isə 2011-ci ildə kimya fənni üzrə
III yerə layiq görülmüşlər.
Şagirdlər beynəlxalq müsabiqə və yarışlarda da
liseyi şərəflə təmsil edirlər. Belə ki, 2011-ci
ildə Bakıda keçirilmiş "Ətraf Mühitin Mühafizəsi"
Beynəlxalq Layihə Olimpiadasında şagirdlərdən
Fidan Qurbanova və Nicat İsazadənin təqdim
etdikləri iş III yerə layiq görülmüşdür. 2011-ci
ilin may ayında Türkiyənin İstanbul şəhərində
keçirilən 20-ci Beynəlxalq Tədqiqatlar
Layihələri sərgisində liseyin şagirdləri Aygül
Həsənli və Teymur İsazadənin təqdim etdikləri
layihə "orijinal və elmi yeniliyi olan layihə"
kimi fərqləndirildi və kuboka layiq görüldü.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının
ildönümü münasibətilə 2008 və 2009-cu illərdə
Müasir Təhsil Kompleksində 35 komandanın
iştirakı ilə keçirilmiş intellekt yarışlarında
liseyin şagirdləri I, XXI əsr Beynəlxalq Təhsil
və İnnovasiya Mərkəzi tədris müəssisəsində
2008-2010-cu illərdə keçirilmiş intellekt
yarışlarında isə I-III yerləri tutmuşlar.
"Araz" kurslarının təşkil etdiyi
məktəblilərarası ənənəvi bilik yarışlarında
şagirdlərin əksəriyyəti yüksək nəticələr
göstərmiş, Bakı məktəbləri arasında lisey III
yerə layiq görülmüşdür.
Liseyin şagirdləri idman yarışlarında da uğurla
çıxış edirdlər. Pərizad Quliyeva idmanın
akrobatika növü üzrə Azərbaycan çempionudur.
Aqil Pirverdiyev isə 2010-cu ildə Yunanıstanda
şahmat üzrə gənclər arasında keçirilən Avropa
çempionatının qalibi olmuşdur. Liseyin X-XI
sinif şagirdlərindən ibarət komandası 2011-ci
ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin
təşkilatçılığı ilə keçirilən güllə atıcılığı
yarışında I yeri tutmuşdur.
Liseyin pedaqoji kollektivi fəaliyyətlərini daha
da genişləndirməyi və Azərbaycan Respublikasına
layiqli vətəndaş yetişdirməyi qarşısına məqsəd
qoyur və bunun üçün var gücü ilə çalışır.
* Liseyin müəllimlərindən 1 nəfəri elmlər
doktoru, 17 nəfəri elmlər namizədi, 2 nəfəri
respublikanın əməkdar müəllimi, 18 nəfəri isə
dissertantdır.
* Liseyi bitirən 61 məzunun hər biri tələbə
adını qazanıb. Onlardan 16 nəfəri 600-dən çox
bal toplayıb.
* Liseyin məzunlarından Rəcəb Rəcəbov və Orxan
Həsənli Prezident təqaüdçüsüdür.
* TQDK-nın açıqladığı statistik məlumata görə,
2010-cu ildə lisey orta bala və müxtəlif fənlər
üzrə düzgün cavabların faizinə görə respublikada
ən yüksək nəticə göstərmişdir.
* Liseyin şagirdləri Elvin Eyvazlı 2009-cu ildə
tarix, Orxan Həsənli 2011-ci ildə fizika, Sona
Quluzadə isə kimya fənni üzrə keçirilən
respublika fənn olimpiadalarının qalibləri
olmuşlar.
* Liseyin şagirdlərindən Fidan Qurbanova və
Nicat İsazadənin "Ətraf Mühitin Mühafizəsi"
Beynəlxalq Layihə Olimpiadasında təqdim
etdikləri iş III yerə layiq görülmüşdür.
* Liseyin şagirdi Pərizad Quliyeva idmanın
akrobatika növü üzrə Azərbaycan çempionudur.
* Liseyin şagirdi Aqil Pirverdiyev şahmat üzrə
gənclər arasında keçirilən Avropa çempionatının
qalibi olmuşdur.
Niyazi RƏHİMOV |