Misir
Mərdanov qonağı səmimi salamlayaraq onu Təhsil
Nazirliyində görməkdən məmnunluğunu ifadə edib.
Avstraliya ilə Azərbaycan arasında mövcud olan
əlaqələrdən söz açan nazir təhsil sahəsində
ölkələrarası əməkdaşlığın daha da inkişaf
etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.
Müstəqilliyimizin bərpasının 20-ci ildönümünün
qeyd edildiyi ərəfədə Azərbaycanın BMT-nin
Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilməsinin ölkəmiz üçün əlamətdar hadisə
olduğunu vurğulayan Misir Mərdanov son illər
respublikamızda aparılan quruculuq işləri,
xüsusilə təhsil sahəsində qazanılmış uğurlar
barədə də məlumat verib.
Nazir ölkə Prezidentinin sərəncamı ilə təsdiq
olunmuş "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"na əsasən azərbaycanlı gənclərin
dünyanın nüfuzlu universitetlərində təhsil
aldığını bildirib. Təhsil naziri həmin proqrama
uyğun olaraq təsdiq olunmuş "Azərbaycan
gənclərinin xaricdə təhsil almaları məqsədi ilə
seçilmiş ali təhsil müəssisələrinin siyahısı"na
21 Avstraliya universitetinin daxil edildiyini
vurğulayıb və hazırda azərbaycanlı gənclərin
Avstraliyanın bir neçə universitetində təhsil
aldığını qeyd edib. Misir Mərdanov həmçinin
Avstraliya universitetlərinin ölkəmizdə daha
yaxından tanıdılması imkanlarından söz açıb və
bu işin Avstraliyanın ali məktəblərində təhsil
alacaq azərbaycanlı gənclərin sayının artmasına
müsbət təsir edəcəyini söyləyib. Nazir iki ölkə
arasında təhsilin müxtəlif pillə və sahələri
üzrə əməkdaşlıq edilməsinin, qarşılıqlı
səfərlərin təşkilinin münasibətlərə töhfələr
verəcəyinə, eyni zamanda bu görüşün yüksək
əhəmiyyəti olacağına inamını ifadə edib.
Avstraliya İttifaqının Azərbaycanda akkreditə
olunmuş səfiri Yan Biqqs səmimi qəbul üçün
təhsil naziri Misir Mərdanova təşəkkür edib.
Səfir Avstraliya ilə Azərbaycan arasında təhsil
sahəsində əlaqələrin inkişaf etdirilməsinin və
bu sahədə səmərəliliyin daha da artırılmasının
əhəmiyyətindən danışıb. Azərbaycanlı gənclərin
müvafiq Dövlət Proqramı çərçivəsində Avstraliya
universitetlərində təhsil almasını yüksək
dəyərləndirən Yan Biqqs bunun ikitərəfli təhsil
əlaqələrinin möhkəmləndirilməsində mühüm rol
oynayacağını qeyd edib. Qonaq
universitetlərarası əməkdaşlığa, mütəxəssislərin
qarşılıqlı səfərlərinə xüsusilə üstünlük
verdiyini açıqlayıb.
Görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın digər
istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
|