2011-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının fəaliyyətə başlamasının 90 illiyi
tamam olur.
Şərqdə ilk ali musiqi təhsili ocağı kimi
fəaliyyətə başladığı vaxtdan etibarən Bakı
Musiqi Akademiyası ötən müddət ərzində zəngin
bir yol keçmiş və milli mədəniyyətimizin
çoxəsrlik tarixinə yeni parlaq səhifələr
yazmışdır. Ölkəmizdə görkəmli bəstəkarlar və
ifaçılar nəslinin yetişdirilməsində onun xüsusi
yeri vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
ölkəmizdə professional milli musiqiçi kadrların
hazırlanması və musiqi mədəniyyətinin inkişaf
etdirilməsi sahəsində mühüm xidmətləri olan
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının 90 illik yubileyinin dövlət
səviyyəsində keçirilməsini təmin etmək məqsədi
ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi ilə birlikdə Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının 90 illik yubileyinə
həsr olunmuş tədbirlər planını hazırlayıb həyata
keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 oktyabr 2011-ci il |