Bu
gün böyüməkdə olan gənc nəsil iyirmi il əvvəlki
şagirdlərdən istər dünyagörüşünə, istərsə də
maraq dairəsinə görə kəskin fərqlənir. Artıq 20
ildir ki, Azərbaycan Respublikası özünün
müstəqilliyini elan edib və bu müstəqilliyi
qoruyub saxlaya bilib. Bu illər ərzində təhsil
sahəsində nailiyyətlər çox olub. "Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat
Proqramı" qəbul edilib. "Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulumu)" hazırlanıb, I-IV siniflərdə artıq
tətbiq olunur, V-XI siniflərdə isə gələn ildən
başlayaraq tədricən tətbiq olunacaq.
Mən VI-XI siniflərdə tətbiq olunacaq biologiya
fənn kurikulumu haqqında danışmaq istəyirəm.
Əvvəllər biz VI sinifdə şagirdlərə Botanika
bölməsində yalnız bitkilər, VII-VIII sinifdə
Zoologiya bölməsində yalnız heyvanlar haqqında,
IX sinifdə yalnız İnsan anatomiyası,
fiziologiyası və gigiyenası haqqında məlumat
verirdiksə, yeni layihədə VI sinifdən başlayaraq
həm bitkilər, həm heyvanlar, həm də insan
orqanizmi haqqında elementar anlayışlar
öyrədilməyə başlanılacaq. Təkamül yolu ilə
sadədən mürəkkəbə doğru get-gedə bu proses VII,
VIII, IX, X və XI siniflərdə də davam
etdiriləcək. Bu yeni layihənin üstün cəhəti odur
ki, burada şagirdin tədqiqatçılıq bacarığı
artacaq, şagird kəşf edən, tədqiqatçı, müəllim
isə bələdçi-fasilitator olacaq.
Yeni layihədə praktiki, laboratoriya işləri daha
çox üstünlük təşkil edir. Şagirdlər bioloji
varlıqlarda baş verən dəyişiklikləri müşahidə
etmək üçün təcrübələr aparacaq, nəticələri
ümumiləşdirib, onları şifahi və yazılı təqdim
edəcəklər.
Bitkilərin əkilməsi, becərilməsi, ev
heyvanlarının, quşların və digər heyvanların
bəslənməsi və onlardan məhsul alınması
texnologiyasını məişətdə tətbiq edəcəklər.
Zədələnmələr zamanı ilk tibbi yardım göstərib,
xəstəliklər zamanı profilaktik tədbirlər
görəcəklər.
VI sinfin sonunda şagird canlılar aləmini
öyrənən elm sahələrini fərqləndirir, canlıların
quruluşunu, təsnifatını, rol və əhəmiyyətini
izah edir, biologiyaya dair laboratoriya
avadanlıqlarını fərqləndirir, canlıların
təsnifat sistemində insanın yerini
müəyyənləşdirməklə onu digər canlılardan
fərqləndirir, sağlamlığın qorunmasında bitki və
heyvanların rolunu izah edir, dərman bitkilərini
fərqləndirir və s.
VII sinfin sonunda şagird canlılar aləmini
öyrənən elm sahələrini, onların müxtəlifliyini
şərh edir, sistematik kateqoriyaları
fərqləndirir, insanı digər məməlilərlə müqayisə
edir, onun ali sinir fəaliyyətini izah edir,
virus, bakteriya, göbələk və heyvanların
törətdiyi xəstəlikləri təsvir edir, dərman
bitkilərini qruplaşdırır, canlıların qorunmasına
dair müşahidələr aparır, respublikanın xüsusi
mühafizə olunan təbiət ərazilərini fərqləndirir
və s.
VIII sinfin sonunda şagird insanı öyrənən elm
sahələrini, onun orqanizminin təşkil
səviyyələrini şərh edir, canlıların quruluşunu
öyrənmək üçün təcrübələr aparır, canlıların
nəsil ağacını tərtib edir, sağlamlığın qorunması
qaydalarını izah edir və s.
IX sinfin sonunda şagird canlıları öyrənən elm
sahələrini (sitologiya, histologiya, biokimya)
xüsusiyyətlərini, canlıların kimyəvi tərkibini,
mikrotəkamülü, müasir laboratoriya
avadanlıqlarından istifadə qaydalarını izah edir,
irsi xəstəlikləri, onların qarşısının alınması
yollarını, sağlam həyat tərzinin əhəmiyyətini
izah edir və s.
Tam orta təhsil səviyyəsi (X - XI siniflər) üzrə
şagird bioloji varlıqların yaranması və
inkişafını, habelə canlı orqanizmlərdə gedən
bioloji prosesləri şərh və izah edir, insanın
əmələ gəlməsi, irqlərin yaranması, irsiyyət,
qlobal ekoloji problemlərin başvermə səbəbləri
və aradan qaldırılması yolları və s. barədə
materiallar toplayır, sistemləşdirir, müqayisə
və təhlil edərək qiymətləndirir, irsiyyətin
qanunauyğunluqlarını məsələ həlli yolu ilə
əsaslandırır və nəticələrini şərh edir.
Seleksiyanın nailiyyətlərinin ayrı-ayrı
sahələrdə əhəmiyyətini və tətbiqi yollarını izah
edir və s.
Yaxşı haldır ki, son zamanlar elm və təhsildə
gedən inkişaf biologiya fənni üzrə dərsliklərin
hazırlanmasında da özünü göstərir.
Məsələn, 2011-ci ildə yeni nəşr olunmuş VII və
VIII siniflər üçün "Zoologiya" dərsliyi özünün
tərtibatı, məzmunu və dizaynı ilə diqqəti cəlb
edir. Təqdirəlayiq haldır ki, həmin dərsliklərdə
son illəri əhatə edən məlumatlara da geniş yer
verilmişdir.
Biologiya fənni kurikulumu layihəsini "kurikulum.az"
saytından əldə etməklə mən öz dərslərimdə bunu
tətbiq etməyə çalışıram. Həqiqətən də yuxarı
siniflərdə biologiya fənninin tədrisində
kurikulumun tətbiq edilməsi şagirdlərin
intellektinin daha da inkişafına təkan verir.
Təranə ALIŞOVA,
Bakıdakı Zaur Məmmədov
adına 171 nömrəli tam orta
məktəbin biologiya müəllimi |
|