Naftalanda Azərbaycanın dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümü təntənə ilə qeyd
edilib. Mərasim iştirakçıları öncə şəhərin
mərkəzi meydanına gələrək ümummilli liderin
abidəsini ziyarət edib, önünə gül dəstəsi
qoyublar. Sonra Heydər Əliyev Mərkəzində ulu
öndərin həyat və fəaliyyətini əks etdirən
fotoşəkillərə baxış keçirilib.
Mərasim şəhər icra hakimiyyətinin iclas
salonunda "Heydər Əliyev və milli mənəvi
dəyərlərimiz" mövzusunda elmi-praktik
konfransla davam etdirilib. Konfransı giriş
sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı
Natiq Abbasov tədbir iştirakçılarını
əlamətdar bayram münasibətilə təbrik edərək
qeyd edib ki, Heydər Əliyevin zəngin xidmətləri
və uzaqgörən siyasəti nəticəsində ölkə nəinki
sabitliyə, eyni zamanda iqtisadi inkişafa nail
olub. Xalqın xilaskarı olan ulu öndər Heydər
Əliyevin nurlu ideyaları bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilir.
Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru
Elman Alıyev "Heydər Əliyev və milli mənəvi
dəyərlərimiz" mövzusunda geniş məruzə ilə çıxış
edib.
Sonra şəhər 1 və 2 nömrəli orta məktəblərinin
şagirdlərinin müstəqilliyimizin 20 illiyinə
həsr etdikləri ədəbi-bədii kompozisiya
nümayiş olunub. "Müstəqilliyimiz qürur
mənbəyimizdir" mövzusunda keçirilən inşa yazı
müsabiqəsinin qaliblərinə diplom və qiymətli
hədiyyələr verilib.
S.SƏFƏROVA |