İnsan
hüquqlarının öyrədilməsi ibtidai sinif
şagirdlərinin şəxsiyyətinə və ləyaqətinə hörmət
olunmasına, istək və arzularına diqqət
göstərilməsinə, onlarda öz qüvvələrinə, təbii
imkanlarına, bilik və bacarıqlarına, gələcəkdə
cəmiyyət üçün yararlı olmalarına inam
yaranmasına, müstəqillik, prinsipiallıq və
qətiyyətlilik kimi xüsusiyyətlərin
formalaşdırılmasına etibarlı zəmin yaradır.
İnsan hüquqlarının öyrədilməsi sahəsində
məktəblərin, müəllimlərin üzərinə böyük
məsuliyyət düşür. Çünki məktəbə uşaqlar sosial
vəziyyəti, mənəvi dəyərləri eyni olmayan
müxtəlif ailələrdən gəlir və bir yerdə oxuyurlar.
Burada onlar biliklərə yiyələnməklə yanaşı,
həmçinin bir şəxsiyyət və vətəndaş kimi
formalaşırlar. İnsan hüquqlarının tədrisinin
məqsədi şagirdlərdə yeni dünyagörüşü
formalaşdırmaqdır. Buna da yeni vərdişlərin və
həyata şəxsi baxışların yaranması ilə nail
olunur.
Dünyada insan hüquqları fəlsəfəsi insan
ləyaqətinə əsaslanır. Öz ləyaqətini dərk etmək
hər bir şəxsdə özünə inam və hörmət hissini
artırır, başqalarının hüquqlarına hörmət və
sosial dözümlülük yaradır. Bütün bunlar yeni növ
mədəniyyətin-insan hüquqları mədəniyyətinin
əsasını təşkil edir.
İnsan hüquqlarına riayət olunması üçün hər kəs
öz hüquq və vəzifələrini bilməli, cəmiyyətin
bütün təbəqələrində insan hüququ mədəniyyəti
yaradılmalıdır.
Qeyd etmək lazımdır ki, bütün mədəni dəyərlərin
yaranmasında təhsilin rolu əvəzsizdir. Təhsil
prosesində şagirdlər mövcud müsbət dəyərləri
saxlamaqla yanaşı, yeni dəyərlər mənimsəyirlər.
İnsan hüquqları mədəniyyəti şəxsi ləyaqət
tərbiyəsinə və azadlıq hisslərinin
formalaşmasına yönələn, humanist prinsiplərə
əsaslanan təhsil tələb edir.
İnsan hüquqları dərslərində nə öyrədilir? Müasir
məktəbin əsas vəzifələrindən biri gənc nəsli
inkişaf etməkdə olan demokratik həyata
hazırlamaq, gələcəyimiz üçün layiqli vətəndaş
yetişdirməkdir. İbtidai siniflərdə insan
hüquqları dərsləri məktəblilərin ümumi
vətəndaşlıq tərbiyəsinin bir hissəsidir və bu
dərslərin məqsədi kiçikyaşlı məktəblilər
tərəfindən sonrakı təlim prosesində hüquqi və
mənəvi biliklərin mənimsənilməsinə zəmin
yaratmaqdır.
Psixoloji tədqiqatlar göstərir ki, ibtidai sinif
şagirdlərində nəinki bacarıq və vərdişlər
formalaşır, eyni zamanda onlarda qavrama
qabiliyyəti inkişaf edir. Bundan başqa təhsil
prosesində şagirdlə cəmiyyət arasında əsas
ünsiyyət münasibətləri (özünə, dünyaya,
cəmiyyətə münasibət) formalaşır. Buna görə də
insan hüquqlarının məhz bu yaş dövründə
öyrədilməsi məqsədəuyğundur. Bu mərhələdə
nəzəri biliklərə nisbətən az yer verilir, əsasən
özünüdərketmə ehtiyaclarını müəyyən etmə,
əməkdaşlıq, sülhsevərlik və dostluq yaratma
vərdişlərinin təşəkkülünə daha çox diqqət
yetirilir.
Aşılanan biliklər nəticəsində hər bir şagird
bilməlidir ki, o, beynəlxalq sənədlərlə
təsdiqlənmiş uşaq hüquqları haqqında xüsusi
qanunlarla istismardan, fiziki zorakılıqdan,
şərəf və ləyaqətinin alçalmasından müdafiə
olunur; dövlət tərəfindən reallaşmasına
təminat yaradılan hüquqlara malikdir;
qanunların hamısı bütün uşaqlara eyni
dərəcədə şamil edilir.
Bu biliklərin öyrədilməsi ilə yanaşı şagirdlərdə
bir sıra mənəvi dəyərləri də formalaşdırmaq
lazımdır.
Lakin həyatda layiqli yaşamaq üçün yalnız
mənəvi dəyərlər haqqında müəyyən biliklərə
yiyələnmək kifayət deyildir. Şagirdlərdə
həmçinin aşağıdakı bacarıq və vərdişlərin
də yaradılması zəruridir:
- Dinləmək bacarığı, əməkdaşlıq etmək, ünsiyyət
yaratmaq bacarıq və vərdişləri, hüquqlarını
qorumaq bacarığı, münaqişələri həll etmək,
kompromis variantlar axtarıb tapmaq bacarığı.
Mənəvi məsələlərin müzakirəsində müəllimlərdən
aşağıdakılar tələb olunur:
a) Şagirdlərə düşünmək üçün vaxt vermək;
b) Fikirlərini əsaslandırmaq üçün imkan yaratmaq;
v) Diskussiya zamani müdaxilə etməmək;
q) Zəruri olduqda müzakirəni istiqamətləndirmək;
d) Bütün fikirlərə diqqətlə yanaşmaq;
e) Əgər şagirdlər yalnız "mən" nöqteyi-nəzərdən
danışırlarsa onları "mən və ətrafımızdakılar"
istiqamətinə yönəltmək.
Bütün dərslərdə olduğu kimi insan hüquqları
dərslərində də əməkdaşlıq mühiti olmalıdır.
Hər bir müəllim bilməlidir ki, sinifdə
mövcud olan qaydalar hər bir şəxsiyyətin
hüquqlarının qorunmasına yönəlməli, şəxsi
maraqlara görə başqasının hüquqlarının
məhdudlaşdırılmasını qadağan etməlidir. Bu, çox
vacib məsələdir. Çünki sinif cəmiyyətin kiçik
modellərindən biridir.
İnsan hüquqlarının tədrisi prosesində interaktiv
təlim metodlarının tətbiqi şagirdlərdə müstəqil
düşünmək, sərbəst rəy söyləmək, hər hansı bir
problem barədə başqasının fikrinə münasibət
bildirmək, digər fərqli nöqteyi-nəzəri təsdiq,
yaxud inkar etmək, çoxluğun qərarını qəbul etmək,
yaxud öz qərarının üstündə durmaq və s.
xüsusiyyətlərin formalaşmasına bilavasitə kömək
göstərməklə təfəkkürün tənqidiliyi, müstəqilliyi
və çevikliyinə zəmin yaradır.
Gülşən MƏMMƏDOVA,
Bakıdakı 17 nömrəli tam orta
məktəbin ibtidai sinif müəllimi |