Deyirlər
ki, səadət insanın öz əlindədir. Bu deyim nə
qədər həqiqətəuyğun olsa da bəxt, uğurlu tale,
alın yazısı, şans deyilən bir həyat həqiqətinin
də olduğuna inanmamaq mümkün deyil. Xoş bir
təsadüf nəticəsində "Qaraca qız" filmində bəy
qızı Xədicə roluna çəkilən Leyli Axundova da
belə bəxtli, şanslı, taleyi uğurlu
insanlardandır. İlahi həm də ona filmdə seyr
etdiyiniz kimi gözəl bir sima bəxş edib. Hələ
üstəlik ilahi ona gözəl bir ad da bəxş edib.
Leyli!
Bəli, Leylinin çəkildiyi, ekran ömrünün ilk
günündən milyonların rəğbətini qazanan "Qaraca
qız"ın indi 45 yaşı var. Təbii ki, bu illər
ərzində çox şey dəyişib. Dəyişməyən təkcə 45 il
öncə Ağca xanımın - Leylinin o uşaq səmimiliyi
idi. Leyli xanım o səmimiliklə də 45 ilin kövrək
xatirələrini bizimlə bölüşdü:
- Leyli xanım, əvvəlcə istərdik ki, özünüz,
valideynləriniz, təhsiliniz haqqında qısaca
məlumat verəsiniz.
- Mən Bakıda ziyalı ailəsində dünyaya gəlmişəm.
Ailənin yeganə övladı olmuşam. Atam İsmət
Axundov tanınmış rəsam, anam Ləman ixtisasca
kimyaçı olsa da işləməyib. Bakıdakı 134 nömrəli
məktəbdə orta təhsil almışam. Asəf Zeynallı
adına Musiqi Məktəbinin fortepiano sinfini
bitirmişəm. Ailə həyatı qurduqdan sonra Moskvada
Xalq İncəsənət Universitetinin rəssamlıq
fakültəsini də bitirmişəm. Bakıdakı 23 nömrəli
musiqi məktəbində dərs demişəm. Hazırda düz 11
ildir ki, Bakı Xoreoqrafiya Məktəbində
fortepianodan dərs deyirəm. İki övladım və iki
nəvəm var.
- Necə oldu ki, sizi "Qaraca qız" filminə
çəkdilər?
-
Öncə deyim ki, zəngin mədəniyyətə malik
Azərbaycan öz filmləri ilə də öyünə bilər.
Azərbaycanda çoxlu sayda film istehsal olunub.
Bu filmlərin arasında uşaq kinosu da əsas
yerlərdən birini tutur. Həmin uğurlu uşaq
filmlərindən biri də "Qaraca qız" filmidir.
1966-cı ildə istehsal olunmuş bu film Süleyman
Sani Axundovun eyniadlı hekayəsi əsasında
ekranlaşdırılıb. Tutu (Sevil Zeynalova) adlı
xeyirxah və cəsarətli yetim bir qızın faciəli
talieyindən bəhs edən bu film Şamaxıda,
Çuxuryurd kəndində çəkilib. Filmin ssenari
müəllifi və quruluşçu rejissoru Şamil
Mahmudbəyov, rejissoru isə Arif Nərimanbəyov
olub.
O ki qaldı mənim filmə çəkilməyimə, deyim ki,
onda mənim 9 yaşım var idi. İkinci sinifdə
oxuyurdum. Bir gün dərsdən sonra valideynlərim
məni sahil bağına gəzməyə aparmışdılar. Birdən
bir kişi atama yaxınlaşaraq dedi ki, biz "Qaraca
qız" adlı bir film çəkirik. Qızınız oradakı
Xədicə obrazına çox uyğun gəlir. Atam mənim
filmə çəkilməyimə tərəddüd etdiyindən o, atamın
harada işlədiyi ilə maraqlandı və kibrit
qutusunun üstünə ev telefonumuzun nömrəsini
yazdı. Sən demə, həmin adam "Qaraca qız"
filminin quruluşçu rejissoru Ş.Mahmudbəyovun
köməkçisi Rəşid müəllim imiş. Aradan bir neçə
gün keçdi. Təsadüfdən televizoru açanda belə bir
elan eşitdik: "Qaraca qız" filmində Xədicə
roluna çəkilmək üçün seçilmiş qızın ev telefonu
yazılan kağız itdiyi üçün valideynlərindən
kinostudiyaya gəlməsini xahiş edirik". Bu elanı
atam eşitsə də, əhəmiyyət vermədi... Biz
ailəliklə istirahət üçün Kislovodskiyə getdik.
Bir müddət keçəndən sonra rəhmətlik dayım Ramiz
bizə teleqram göndərdi: "Çox xahiş etdilər ki,
sən Leylini də götürüb Bakıya dönəsən...". Sən
demə, rejissor köməkçisi kibrit qurutusunu
itirsə də, yaddaşının köməyi ilə atamın iş
ünvanını əldə edibmiş. Atama Mədəniyyət
Nazirliyi adından məktub göndərilmişdi ki, artıq
çəkilişlər başlanıb, qız mütləq filmə
çəkilməlidir. Beləliklə də istirahətimizi
yarımçıq qoyub Bakıya qayıtdıq.
Atam
qəlbən istəməsə də, məni kinostudiyaya apardı.
Şamil müəllim məni görən kimi dedi ki, bax, bu
əsl Xədicədir...
Bir həftə sonra biz Çuxuryurd kəndinə getdik.
Burada düz 18 gün məşq etdik. Çəkilişə Moskvadan
konsertmeyster Yelena Aleksandrovna və "Rodmen"
teatrının aktyorları dəvət olunmuşdular. Onlar
əsl qaraçı idilər. Oradakı ayı və ilan da
Moskvadan gətirilmişdi.
- Çəkiliş prosesini, xüsusi ilə Xədicəni ilan
vuran səhnəni necə xatırlayırsan?
- Həmin filmdə Xədicəni ilan vuran səhnə
kinostudiyanın köhnə binasında - "Hökumət
evi"nin yanındakı bağda çəkilmişdi. Onu da deyim
ki, bütün çəkilişlər zamanı valideynlərim
yanımda olurdular. O kadrın çəkilişi vaxtı isə,
rejissor onları bir bəhanə ilə həmin yerdən
uzaqlaşdıra bildi. Təbii ki, anam bilsəydi, heç
cür razı olmayacaqdı.
Həmin kadrların çəkilişi başlayanda ilanı
ayağımın altına atdılar. Yaman qorxdum. İlan da
dərhal sürüşüb aradan çıxdı. Amma kadr Şamil
müəllimin xoşuna gəlmədi. Səhnəni yenidən çəkmək
qərarına gəldilər. Mən isə Allaha yalvarırdım ki,
kaş çəkməyəydilər. Yenidən çəkilişə az qalmış
gördük ki, qutunun ağzı yaxşı bağlanmadığından
ilan yoxa çıxıb. Buna görə də çəkiliş olmadı.
Rejissor bərk hirslənmişdi, mənim isə sevincimin
hədd-hüdudu yox idi. İlanın itməsinə görə
rejissor zooparka 200 rubl cərimə ödədi. Mən
həqiqətən ilandan qorxmuşdum. Üç gün qızdırma
içində yatdım. Anam isə aldadıldığına görə
möhkəm hirslənmişdi.
Rejissor isə məcbur olub əvvəlcə çəkdiyi
kadrlardan istifadə etdi.
- Qaraca qızın ölüm səhnəsi çəkiləndə həqiqətən
ağlayırdınız, yoxsa, hansısa bir priyomdan
istifadə etmişdilər?
- Mən həqiqətən ağlayırdım. Özü də ürəkdən
ağlayırdım. Məni ağlatmaq üçün bir bəhanə
fikirləşiblər. Anam mənim təbiətimə bələd olduğu
üçün bilirdi ki, məni ağlatmaq asan olmayacaq.
Beləliklə də qərara gəldilər ki, Qaraca qızı -
Tutunu gizlədib mənə göstərməsinlər. Kimdən də
soruşdum, xəstədir dedilər. Nə isə, mən onu
üç-dörd gün görmədim.
Bir gün isə mənim əlimdən tutub bir təpənin
üstünə gətirdilər. Piri baba çox qəmgin halda
bir qəbrin yanında əyləşib dərin fikrə dalmışdı.
Mənə dedilər ki, bax bu Qaraca qızın qəbridir, o
ölüb. Bu bəd, gözləmədiyim xəbərdən özümü
saxlaya bilmədim, başladım ağlamağa. Piri baba
da, rejissor da, operator da ağlayırdı. Çəkiliş
qrupu məni sakitləşdirə bilmirdi. Sən demə, biz
ora gəldiyimiz andan çəkiliş gedirmiş. Çəkiliş
başa çatandan sonra Tutunu mənə göstərdilər və "ağlama,
o sağdır, biz kino təbii alınsın deyə, belə
etmişik" dedilər. Məni aldatdıqlarına görə
küsdüm, üç gün çəkilişə getmədim. Amma "əgər
belə etməsəydik, həmin səhnə inandırıcı
alınmazdı" deyə məni dilə tutub inandırdılar.
- Filmdə çəkildiyinizə görə sizə məvacib
verdilərmi?
- Əlbəttə, verdilər. Özü də mənə Sevildən çox -
təxminən 1680 rubl verdilər.
- Bəs, Sevilə niyə az pul verdilər?
- Ona görə ki, Qaraca qız - Tutu roluna 2 nəfər
çəkilmişdi.
- Sevillə indi əlaqə saxlayırsınızmı?
- Çox az əlaqəmiz olur. Ona görə ki, iş, ailə
qayğısı, nəvələr... Amma bilirəm ki, Sevilin də
iki övladı var. Özü isə indi Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində çalışır.
- "Qaraca qız" filminin ilk premyerası hansı
kinoteatrda oldu?
- Filmin ilk premyerası "Nizami" kinoteatrında
oldu. Həmin gün mənim sevincimin hədd-hüdudu yox
idi. Amma "Vətən" kinoteatrında keçirilən
premyera məni yaman ağlatdı. Film sona yetəndə
məndən əvvəlki sırada əyləşmiş bir uşaq: "O
ifritəyə görə Qaraca qız öldü" deyib dərindən
köks ötürdü. Özümü anamın qucağına ataraq
ağlamağa başladım... "Axı, mən pis deyiləm".
Anam məni sakitləşdirərək dedi ki, o səni demir,
kinodakı Xədicəni deyir.
- "Qaraca qız" filmində Xədicə roluna
çəkilməyinizin gələcək həyatınızda nə kimi
müsbət rolu oldu?
- Doğrusunu deyim ki, bu rolda elə bil mən öz
həyatımı oynayırdım. Çünki mən də ailədə xüsusi
tərbiyə almışam, Xədicə də. Həmçinin Xədicə də
öz yaşıdlarından fərqlənir, mən də. Ərköyün,
şıltaq olmağım da ki, öz yerində. Ailənin yeganə
övladı olduğum üçün hər cür qayğı ilə təmin
olunmuşdum.
O ki qaldı kinonun mənim həyatımdakı
əhəmiyyətinə, həqiqətən böyük rolu olub. O kino
məni tanıtdırıb, məşhur edib. Bu gün də böyükdən
kiçiyə bütün Azərbaycan ailəsi Sevili də, məni
də tanıyır, sevir. Hətta hərdən yol polisləri
mənim idarə etdiyim maşınımı saxlayanda belə,
məni tanıyıb hörmət edirlər.
- Rəhmətlik atanız sizə kinoya çəkilməyə icazə
vermirdi, bəs filmə baxandan sonra onda hansı
hisslər yaşanırdı?
- Həqiqətən atam filmə baxandan sonra mənimlə
qürur duyurdu, fərəhlənirdi.
- Film ekranlara çıxandan sonra rejissorlardan
yeni filmlərə çəkilmək barədə təkliflər
aldınızmı?
- Xədicə obrazı mənim kinoda ilk və son rolum
oldu. Film ekranlara çıxandan sonra mən
Moskvanın, Ukraynanın bir çox
kinostudiyalarından saysız təkliflər alsam da,
atam razılıq vermədi. Sonralar "Nizami"
kinosunun çəkilişlərinə dəvət aldım. Onda da
həyat yoldaşım etiraz etdi. Bəlkə də aktrisa
olsaydım, həyatda daha çox uğur qazana bilərdim...
- Filmə baxanda hansı hissləri keçirirsiniz?
- Mən hər dəfə "Qaraca qız" filminə baxanda
ağlayıram...
- Siz 134 nömrəli məktəbin şagirdi idiniz. "Qaraca
qız" filmindən sonra sizə münasibət necə idi?
- Doğrusu, günbəgün rəfiqələrimin sayı artırdı.
Hamı mənimlə yaxınlıq etmək istəyirdi. Əlbəttə,
paxıllıq edənlər də var idi.
- O məktəb illərində baş vermiş maraqlı bir
hadisəni xatırlayırsınızmı?
- Məktəb illərində olan maraqlı hadisələri
danışmaqla qurtarmaz. Amma mən filmə çəkiləndən
sonra 132 nömrəli məktəbin oğlanları mənim
dalımca gəlirdilər. Bizim məktəbin oğlanları isə
bunu qəbul etmirdilər.
Bir gün eşitdim ki, bizim 134 nömrəli məktəbin
oğlanları ilə 132 nömrəli məktəbin oğlanları
arasında dava gedir. Döyən kim, döyülən kim...
Məsələyə məktəb rəhbərləri qarışdılar... Aydın
oldu ki, bu dava mən Ağca xanımın üstündə imiş.
Onlar da mənimlə tanış olmaq istəyirlərmiş...
- Leyli xanım, söhbətimizin sonunda bir daha
qeyd edək ki, bu gün də tərbiyəvi əhəmiyyətə
malik olan "Qaraca qız" filmi uşaqlarda dostluq
hissi aşılayır. Filmin çəkilişindən 45 il
keçməsinə baxmayaraq, indi də "Qaraca qız"
filminə maraqla baxır, zavallı Tutunun taleyinə
acıyır, ögey anaya isə nifrət bəsləyirik. Bütün
bunlar sizlərin hər birinizin uğurlu əməyinin
nəticəsidir... Sizə də, Sevil xanıma da həyatda
daha böyük uğurlar diləyirik...
- Çox sağ olun, mən də jurnalistlərin hamısına
təşəkkür edirəm. Ona görə ki, onlar bu filmin
qəhrəman rollarının ifaçıları olan Sevili də,
Leylini də unutmurlar. Bu, mənim üçün ən böyük
xoşbəxtlikdir.
Söhbətləşdi: Ədalət DAŞDƏMİRLİ |